Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:40

«Dədə Qorqud»u iki dilə çevirən adam


Hendrix Bushoten
«İz» mədəniyyət proqramının bu həftəki qonağı Mayns universitetinin professoru Hendrix Bushotendir. Bəri başdan söyləyim ki, cənab Bushoten «Kitabi Dədə Qorqud»u həm holland, həm alman dilinə tərcümə edən şəxsdir. Budəfəki gəlişinin səbəbi Bakıda – «Azadlıq» radiosunun Bakı ofisində təcrübə keçən qızı Sofiyanı görməkdir. Belə qiymətli bir mütəxəssisin, hər zaman göz üstündə tutulmalı şəxsiyyətin radiomuza «öz ayağıyla gəlişi» bizi sevindirdi və vaxtı itirməyib, onunla söhbətləşməyə qərar verdik.

- Cənab Bushoten, özünüzü necə tanıdardınız?

- Hollandiyalıyam. Türkoloq kimi yetişdim. İndi Almaniyanın Mayns universitetinin türkologiya kursunda dərs deyirəm. Təbii ki, Almaniyada daha çox Türkiyə dil bilimi məsələləri üzərində çalışırdım. Azərbaycan türkcəsinə son illərdə önəm verməyə başladım. Əslində bu mənim «Kitabi Dədə Qorqud» üzərində çalışmalarımdan qaynaqlanır. Bu istiqamətdə azərbaycanlı alimlərlə çalışırıq, belə olanda Azərbaycan dilinə daha böyük dəyər verirəm.

- Bizim ana kitabımız necə oldu sizi özünə cəlb etdi?

- Gənclikdə xalq dastanlarını sevərdim. Türkcə öyrənməkdən öncə, Avropada tanınan orta çağdan qalma dastanları oxumuşdum. Türkcəni öyrəndikdən sonra «Dədə Qorqud» məni özünə çəkdi. Dastanın dili üzərində bir az çalışdım. Holland dilinə çevirdim. Daha sonra Almaniyada almancaya çevirib «Reklam» nəşriyyatında çap etdirdik. Bax belə...

- İki dilə tərcüməni necə bacara bildiniz?

- Uşaq vaxtı 6 il Almaniyada litseydə oxumuşdum. O üzdən iki dildə də tərcümə edə bilirəm.

- Cənab Bushoten, bəşəri dəyərlər nə dərəcədə demokratik dəyərlərdir? Demokratik dəyərlərin öyrənilməsi baxımından, bizim «Dədə Qorqud» dastanımız hansı imkanları açır?

-Əslində, kitabın təsvir edildiyi topluma ilk baxışdan ilkəl deyə bilərsiniz. Burda bəylər və xanımlar təsvir edilir. Dastanda xalq yoxdur! Ortaya çıxan bir çobandır. Bütün hadisələr, olaylar, savaşlar üst səviyyədə cərəyan edir. Mənə qalırsa, «Dədə Qorqud»un çox dəyərli cəhəti qadın - kişi əlaqəsidir. Dastanda qadınlar son dərəcə cəsur, ağlı başında olan tiplərdir.

- Bəs qadınlara sayğı varmı?

-Var, əlbəttə. Əslində iki ayrı cəmiyyət var - qadın və kişi cəmiyyəti. Özü də ayrı təşkilatlanmış şəkildə. Fəqət, bəzi yerlərdə kişi-qadın arasında, ər-arvad arasında çox ilginc danışıqlar olur, adətən şeir şəklində olan bu danışıqlarda çox incə bir hava var. Üzdə guya bəy xanımı təhdid edir, ancaq bu danışıqda çox incə bir münasibət var və bu dastanda çox romantik bir şəkildə keçir.

- Yeri gəlmişkən, cənab Bushoten, biz öz əcdadlarımıza - dastandakı personajlara nə dərəcədə bənzəyirik?

- Bu bənzəməni kəndlərdə bəlkə də, görə bilərsiniz. Ancaq burda deyə bilmərəm. Sizcə, Bakıda at minənlər çoxdur, yoxsa araba sürənlər?

- Araba sürənlər... (gülüşmə) Yəni at sürənləri heçmi görmədiniz?

- Gördüm, gördüm...

- Sizcə, bu dastan cəmiyyətə nə verir, fərdə nə verir?

- Zövq verir! Ən önəmlisi budur! Çox gözəl kitabdır. Azərbaycan kimi məmləkətlərdə cəmiyyəti bir araya toplaya bilmək üçün önəmli bir vasitə ola bilər. Məsələn, bizim bir layihəmiz var, Bakı Slavyan Universiteti ilə birgə həyata keçiririk. Həmin universitetdən bir müsafirimiz var, Firəngiz Paşayeva, orda dərs deyir. O söyləyir ki, alman millətindən olanlar öz əski dastanlarını bilmirlər, hətta ən tanınmışı olan «Nibelunqlar»ı da. Yəni bilən bir-iki nəfər ola-olmaya. Ancaq Azərbaycanda, hətta alman dilində oxuyan bir öyrənci də, «Kitabi Dədə Qorqud»u bilir, oxuyubdur!

- Bu dastanla çağdaş dövr arasında hansı bağları axtarmaq lazımdır?

Cənab Bushotenin bu suala cavabını eşitmək istəyirsinizsə, yuxarıda, sağda «İz»i tıklamanız yetər. Həmçinin qonağımızın Bakı haqqında təəssüratlarını, ən yeni mədəniyyət xəbərlərini, proqramımızın 4 il öncə Səməd Vurğunun 49-cu xatirə günündən hazırladığı özəl reportajı (Aybəniz xanımın iştirakı ilə) da eşidə biləcəksiniz.

«İz»də hər bazar görüşənədək!
XS
SM
MD
LG