Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:15

«Gün gələcək Elçibəyi yox sayanlar pis vəziyyətdə qalacaq»


Prezident Elçibəy «Azadlıq» meydanında. 23 iyun 2008
Prezident Elçibəy «Azadlıq» meydanında. 23 iyun 2008
“Əbülfəz bəy siyasəti çox gözəl bilirdi. Onunla bağlı irəli sürülən fikirlər – “yox, şair ruhlu idi, yox, siyasəti bilmirdi” – bunlarla qətiyyən razılaşmaq olmaz.

Bəy siyasəti dəqiq bilirdi. Çox uzaqgörən bir insandı. Azərbaycan keçmiş sovet respublikaları arasında rus əsgərinin çıxarıldığı çox az ölkələrdən biridir. Bundan böyük siyasi məharət nə ola bilərdi”.

Azərbaycanda milli azadlıq hərəkatının rəhbəri olmuş mərhum prezident Əbülfəz Elçibəy haqda bu fikirləri Azadlıq Radiosuna danışdığı xatirələrində TRT-nin Yayın və Denetleme Kurulunun üzvü Selcuk Alkın söyləyir.

S.Alkının Ə. Elçibəylə yaxın münasibətləri olub – o öz xatirələrini bölüşərkən Azərbaycanda keçmiş prezidentin doğum gününün rəsmi səviyyədə anılmamasına da təəssüflənib.

“Tarixi dəyişdirmək mümkün deyil. Bəy Azərbaycanın demokratik seçkilərlə seçilmiş ilk prezidenti idi. Azərbaycan xalqı üçün, Azərbaycan türkləri üçün müstəqil dövləti demək olar ki, Bəy qurub.

Əbülfəz Elçibəy Kələkidə. 1996
Onu yox saymaq tarixə qarşı çıxmaqdır. Gün gələcək, onu yox sayanlar özləri çox pis vəziyyətdə qalacaqlar. Xalqın azad iradəsi ilə hakimiyyətə gələn adamı necə yox saymaq olar?

Bunu nəinki siyasətçi, insan kimi də qəbul eləmək mümkün deyil”.
S.Alkın eks-prezidentin türk dünyasının birliyi uğrunda, İrandakı azərbaycanlıların hüquqları uğrunda çalışmalarını da xatırladaraq “bunları da ancaq böyük siyasətçi edə bilərdi” deyir.

S. Alkın “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyasının nümayəndəsi kimi dəfələrlə Azərbaycanda olub – elə Ə.Elçibəyin də son günlərinə qədər onun yanında olub.

S.Alkın Ə.Elçibəylə hələ 1989-cu ildə ilk dəfə Azərbaycanda olarkən – Bakıda müstəqillik uğrunda mitinqlər zamanı tanış olduğunu deyir. “Elə o günlərdən Bəydə insana və millətinə olan böyük sevgini görmüşdüm. Mənim üçün onunla tanış olmaq böyük fəxrdir”.
XS
SM
MD
LG