Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:24

Herkel QHT-lərlə bağlı layihənin ekspertiza edilməsini istəyir


Andres Herkel
Andres Herkel
«QHT-lərlə bağlı qanun layihəsinə təklif olunan dəyişikliklər narahatlıq doğurur».

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna müsahibəsində belə deyib. Herkel bu qanun layihəsinin ekspertizasına ehtiyacın olduğunu deyib:

- Mən təklif etdim ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanun layihəsi Venesiya Komissiyası tərəfindən yenidən ekspertizadan keçirilsin. Müzakirələrin nəticəsində belə bir ekspertizanın vacibliyi ilə bağlı qarşılıqlı anlaşma oldu.

«SƏMƏD SEYİDOV SÖZ VERİB»

Həmməruzəçinin sözlərinə görə, Azərbaycanla bağlı məsələ sentyabr ayının əvvəlində yenidən müzakirə oluna bilər. Bununla belə, Andres Herkel gözləyir ki, tərəflər qarşılıqlı əməkdaşlığa gedəcəklər:

- Səməd Seyidov söz verib ki, ondan asılı olmasa belə, bu məsələni qaldıracaq. Əgər heç bir ekspert olmadığı və ya problemli bir qanunun qəbul edilməsi ilə bağlı vəziyyət yaranarsa, biz sentyabrda bu məsələnin müzakirəsinə yenidən qayıda bilərik. Lakin bunu əməkdaşlıq çərçivəsində eləmək daha yaxşıdır. Mənə elə gəlir ki, Avropa Şurası üzvləri, Venesiya Komissiyasının ekspertlərinin səyi nəticəsində daha yaxşı qanun təqdim oluna bilər.

Andres Herkel bəzi azərbaycanlı rəsmilərin AŞ PA Monitorinq Komitəsinin qərəzli olması ilə bağlı fikirlərinə də münasibət bildirib. Yerli agentliklərdən birinə müsahibəsində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, istər sədr, istərsə də komissiya sədrləri müəyyən müddətə seçildiyi halda, məruzəçilər uzun müddətə bu postu tuturlar. Bu məruzəçilər yaxşı əlaqələri olan ölkələrə dair müsbət hesabatlar hazırlayır. Əks halda hesabatlar tənqidi olur. Andres Herkel deyir ki, məruzəçilərin müxtəlif ölkələrə müxtəlif münasibət bəsləməsi ilə bağlı ittihamları ilk dəfə deyil eşidir:

«STANDART VƏ DƏYƏRLƏR EYNİDİR»

- Monitorinq proseslərinin gedişi ilə bağlı dünən çox maraqlı hesabat oldu. Biz komitə daxilində dövlətlərin müqayisə olunmasının tərəfdarı deyilik. Əlbəttə, həmməruzəçilərin hər birinin özünəməxsus yanaşma tərzi ola bilər, amma standart və dəyərlər eynidir. Ona görə də burada müqayisə aparmaq ki, hansı ölkənin daha çox problemi var - düzgün deyil. Əsas olan üzv dövlətlərin həmin standartlara riayət etməsidir.

O ki qaldı məruzəçilərin təyinatı məsələsinə, Azərbaycan rəhbərliyi Herkeli bu postda hələ bir müddət görməli olacaq. Andres Herkel:

- Təxminən bir ilə yaxındır həmməruzəçiyəm. Mən daha mürəkkəb vəziyyətdəyəm, indiki halda geri çəkilməyim mümkün deyil. Çünki digər həmməruzəçi Bolqarıstanda namizədliyini verməkdən imtina edib. Bizim növbəti hesabatımız da yeni həmməruzəçi təyin olunana qədər təxirə salınıb. Yeni həmməruzəçi ilə regiona səfər edib, hesabat hazırlayandan sonra mən həmməruzəçiliyə son qoymaq barədə düşünə bilərəm. Həmməruzəçilərin işinin nə qədər davam edəcəyi ilə bağlı hər hansı tənzimlənmə mexanizmi yoxdur.

Elə Azərbaycana növbəti səfərini də Andres Herkel yeni həmməruzəçi təyin olunandan sonra reallaşacaq.
XS
SM
MD
LG