Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:24

«Müqəddəs Honduras konstitusiyası»


Hondurasda prezident sarayı qarşısında etirazlar, 28 iyun 2009
Hondurasda prezident sarayı qarşısında etirazlar, 28 iyun 2009
«Yeni Müsavat»: «Hondurasda əbədi prezidentliyə imkan verilmədi. Solçu prezident Manuel Selaya bu ölkənin konstitusiyasını dəyişdirmək istəyirdi. Məqsəd isə yenidən hakimiyyətdə qalmaq idi. Axı konstitusiya yalnız bir dəfə prezident olmaq imkanı verir. Selaya bu məhdudiyyəti götürmək istəyirdi. Yəqin ki, əbədi prezident olmaq və solçu padşaha çevrilmək istəyirdi. Zatən dünya indi solçu padşahlarla da doludur». Şahvələd Çobanoğlu «Müqəddəs Honduras konstitusiyası» sərlövhəli köşə yazısında belə yazır.

«Manuel Selaya məqsədinə çata bilmədi. Onun «YAP»ları konstitusiyanı dəyişmək təbliğatı apardığı müddətdə hərbçilərlə əlbir olan qüvvələr bu niyyətin qabağını almaq üçün gizli fəaliyyətə girişiblər. Onlar şahlıq iddiasına düşmüş prezidenti iyunun 28-də gecə yatağından durğuzaraq təyyarəyə soxublar və yollayıblar Kosta-Rikaya. Sanki onun yeri oradır. Çox istəyən azdan da qalıb. Hazırda Selaya özünə əl qatıb, qanuni prezident olduğunu və ölkəyə qayıdacağını bəyan edir. Amma ölkə parlamenti onun istefası barədə qarar verib və spikeri müvəqqəti prezident təyin edib. Dövlət çevrilişinin bir şüarı var: «Konstitusiya toxunulmazdır».
Bəlkə də Selayaya ikrahla deyiblər: «Bura sənə Azərbaycan deyil! Niyə də deməsinlər?!
Bu yerdə adam ayağa qalxıb qışqırmaq istəyir: Yaşasın Honduras konstitusiyası!»

«Bizim yol»: ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi jurnalistlərlə söhbətində İranda baş verən hadisələrdən danışıb. İranda insanlara qarşı baş verən zorakılıqların Amerikada hiddət doğurduğunu deyən səfir İran rejiminin insan hüquqlarına riayət etmədiyini deyib:

«Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın da qeyd etdiyi kimi, İranda baş verən hadisələr, insanların döyülməsi, zorakılıq halları bizim də narahatlığımıza və məyusluğumuza səbəb olub. Hər bir günahsız insanın ölüm faktı bizi çox kədərləndirir. Biz hesab edirik ki, iranlılar istənilən dövlətin vətəndaşı kimi bir araya gələrək öz fikirlərini azad şəkildə ifadə etmək hüququna malikdirlər. Ümumiyyətlə, həmişə ədalət səsi ilə danışan, haqq-ədalətin tərəfdarları olan insanlar tarixin düzgün tərəfində duran insanlar olur».

Amerika Birləşmiş Ştatlarının müstəqillik günü ilə bağlı İranın Bakıdakı səfirinə ünvanlanan dəvətin göndərilməməsi məsələsinə toxunan səfir bunu «şərait dəyişməsi» ilə əsaslandırıb.

«Yeni Azərbaycan»: «Azərbaycan-İsrail münasibətlərində yeni mərhələ başlayır. Ölkələr arasında imzalanan sazişlər əlaqələrin dərinləşməsinə və əməkdaşlığın dostluq və strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsinə əhəmiyyətli baza yaradacaq». Hakim partiyanın orqanı İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərini şərh edərkən belə yazıb:

«Rəsmi Tel-Əvivin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi də bəllidir. İsrail münaqişəsinin respublikamızın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qəti şəkildə bəyan edib və işğal olunmuş torpaqların azad edilməsi üçün təxirəsalınmaz addımların atılmasının vacibliyini bildirib. Ölkə əhalisinin hər 8 nəfərindən birinin qaçqın olmasının həddindən artıq ağır və çətin məsələ olduğunu xatırladan Şimon Peres Azərbaycanın sülhün əldə olunması istiqamətindəki səylərini yüksək dəyərləndirib».

«Üç nöqtə»: «İranın Azərbaycandakı səfirini geri çağırması gülüncdür» - politoloq Qabil Hüseynli qəzetə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Azərbaycan İsraillə münasibətlər qurursa, bunun üçüncü dövlətə heç bir dəxli yoxdur: «Əgər bu müttəfiqlik üçüncü dövlətin əleyhinə çevrilsəydi, onda İranın haqqı vardı ki, belə bir addım atsın. Amma biz dəfələrlə bəyan etmişik ki, bu, dövlətin sırf özünün suveren haqqıdır. Azərbaycan İsraillə iqtisadi əməkdaşlığı və bir sıra strateji əhəmiyyət daşıyan zavodların tikintisini nəzərdə tutur. Bunun nəyi pisdir?»
XS
SM
MD
LG