Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:52

Azərbaycanda ikili vətəndaşlıq mümkündürmü?


Azərbaycanda bəzi vətəndaşların ikili vətəndaşlıq daşıması qanunla qəti qadağandır
İKİLİ VƏTƏNDAŞLIQ QADAĞAN DEYİL

«12 ildir Azərbaycanda yaşayıram. Sənədim-kağızım yox, ortada qalmışam. Mənə sənəd lazımdır ki, dəyib-dolaşan olmasın…»

12 ildir Azərbaycanda yaşayan, vətəndaşlıq üçün məhkəməyə müraciət edən İran vətəndaşı İmaməli Nuri belə deyir. O bildirir ki, bura da onun vətənidir. Amma niyə vətəndaşlıq ala bilmir anlamır.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, Azərbaycanda ikili vətəndaşlıq almaq istəyən İran azərbaycanlılarının sayı yetərincədir. Bəs qanun bu imkanı onlara verirmi?

Əslində, Azərbaycanda ikili vətəndaşlıqla bağlı ayrıca qanun yoxdur. Amma 11 il əvvəl qəbul olunan «Vətəndaşlıq haqqında» qanun ikili vətəndaşlığı tanımasa da, qadağan da etmir. Bunu Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq, siyasi sığınacaq məsələləri şöbəsinin məsləhətçisi Nizami Quliyev deyir. O bildirir ki, qanunda ikili vətəndaşlığa qadağa qoyulmamasına görə artıq bundan yararlananlar da var:

«Bununla bağlı fakt var. Eləsi var Rusiyada, Türkiyədə, İranda işləyir, eyni zamanda vətəndaşlığı qəbul edir».

Vətəndaşlıq haqda qanunun 10-cu maddəsinə görə, Azərbaycan öz vətəndaşının başqa dövlətin vətəndaşlığına mənsubiyyətini tanımır. Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş və ya Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Hüquqşünas Əlövsət Əliyev deyir ki:

«Bunun açması odur ki, Azərbaycanla başqa dövlətlər arasında ikili vətəndaşlığın ixtisarı haqda ikitərəfli müqavilə yoxdursa, vətəndaş eyni anda başqa dövlətin vətəndaşlığını əldə edə bilər. Belə bir müqavilə indilik Azərbaycanla heç bir ölkə arasında yoxdur. Yəni Azərbaycan vətəndaşı Amerika, Rusiya, Türkiyə, istədiyi ölkənin vətəndaşı ola bilər».

BƏS QADAĞA KİMLƏRƏ AİDDİR?

Amma bununla belə, Azərbaycanda bəzi vətəndaşların ikili vətəndaşlıq daşıması qanunla qəti qadağandır. Yəni başqa ölkənin vətəndaşı Azərbaycanda yüksək vəzifə tuta, eləcə də hakim və ya vəkil ola bilməz. O cümlədən də prezidentliyə və depuptatlığa namizədlər qeydə belə alınmırlar. Məsələn, son parlament seçkilərində müxalifət liderlərindən biri, ABŞ-da yaşayan Rəsul Quliyevin namizədliyi buna görə qeydə alınmadı.

Dövlət Miqrasiya Xidmətinin məsləhətçisi Nizami Quliyev ona diqqət çəkir ki, əslində, Vətəndaşlıq haqqında Avropa Konvensiyası ikili vətəndaşlığa şərait yaradılmasını tövsiyə etmir:

«Bu, ölkələr üçün konflikt yaradır. Əgər bir nəfər həm Azərbaycan, həm Rusiya vətəndaşıdırsa və iki ölkədən birində cinayət törədibsə, onun ekstradisiyasında problem yaranır».

Nizami Quliyev deyir ki, buna isə qanundakı boşluq rəvac verir və gələcəkdə qanunvericilər bu məsələyə yenidən qayıtmalıdırlar. Elə Əlövsət Əliyev də bu fikirdədir ki, qanunda bəzi məqamlar yenidən işlənməli, ikili vətəndaşlıqla bağlı məqamlara tam aydınlıq gətirilməlidir.

İKİLİ VƏTƏNDAŞLIQ VƏTƏNDAŞA, YOXSA DÖVLƏTƏ PROBLEM YARADIR?

Amma Əlövsət Əliyev ona da diqqət çəkir ki, Azərbaycan Avropa Konvensiyasına qoşulmadığına görə, bəzi üstünlüklər əldə edib:

«Bu gün Rusiyada yaşayan minlərlə Azərbaycan vətəndaşı həm də Rusiya vətəndaşıdır, eyni zamanda, Gürcüstanın vətəndaşı olub Azərbaycan vətəndaşlığı əldə edən yüzlərlə soydaşımız var. Bu, dövlətlər üçün problem deyil. Yəni bu vətəndaşın problemidir ki, bir neçə dövlət qarşısında öhdəlik götürür».

DÖVLƏTLƏR İKİLİ VƏTƏNDAŞLARI NİYƏ HƏDƏLƏYİR?

Azərbaycanda bəzi hüquqşünaslar ondan narahatdırlar ki, bu gün bəzi məmurlar ikili vətəndaşlıqla bağlı məhdud məlumata malikdirlər.

Əlövsət Əliyev: «Bakıya gələn Azərbaycan vətəndaşında ikinci ölkənin pasportunu görən kimi deyirlər ki, bunu verməlisən. Hətta bu sənədi alır, ikinci ölkəyə göndərəcəklərini deyirlər. Əslində, bu pasport başqa ölkənin mülkiyyətidir, bu pasportu almaq qanunsuzdur. Bu yöndə məmurlarla iş aparılmalıdır».

Ə.Əliyevə görə, rəsmi Bakı maraqlı olmalıdır ki, onun vətəndaşı başqa ölkənin vətəndaşlığını qazanıb orda seçkili orqanlarda təmsil olunsun, ölkəylə bağlı həqiqətləri çatdırsın. Məsələn, Gürcüstanda, Rusiyada, hətta Türkiyədə, Avropada buna nail olmaq lazımdır.

Azərbaycanda vətəndaşlıq almaq istəyənlərin isə sayı artıb. Bunu Dövlət Miqrasiya Xidmətinin məsləhətçisi Nizami Quliyev deyir. Bunlar əsasən 1980-90-cı illərdə ölkəni tərk edənlərdir. Amma məsləhətçiyə görə, bəzən həmin şəxslər bilmirlər ki, onların vətəndaşlığı hələ də qorunur. Məsələn, şəxs 1990-cı illərdə ölkədən gedibsə və bu müddətdə əgər prezident onun vətəndaşlığına xitam verməyibsə, o hələ də Azərbaycan vətəndaşı sayılır:

«Azərbaycanda vətəndaşlığın itirilmə halı yoxdur. Bu, yalnız bir halda mümkündür, şəxs vətəndaşlığa qəbul zamanı saxta sənəd təqdim edirsə. İtirilmə halı olmadığına görə, o vətəndaşlığı uzun müddət saxlayır, hətta uzun müddətdən sonra bərpa edə bilir».

Yeri gəlmişkən, Azərbaycan Konstitusiyasına görə, əcnəbi vətəndaşa Azərbaycan vətəndaşlığı verilməsi və ya bu vətəndaşlığa xitam verilməsi məsələsi prezidentin səlahiyyətindədir.

AZƏRBAYCAN NİYƏ İSRAİL VƏ YA ERMƏNİSTAN KİMİ DAVRANA BİLMƏZ?

İndisə qayıdaq yazının əvvəlində haqqında danışdığım İmaməli Nuriyə. Əlövsət Əliyev deyir ki, Azərbaycan İsraildən, Rusiyadan, Ermənistandan fərqli addım atıb, dövlət azərbaycanlı olduğuna görə, kiməsə vətəndaşlıq üçün üstün hüquq verməyb:

«Azərbaycan balaca ölkədir, azərbaycanlıların dünyada sayı isə ermənilərdən, yəhudilərdən çoxdur. Azərbaycan sadələşdirilmiş vətəndaşlıq verməyə başlasa, qorxuram İranda və ya Gürcüstanda azərbaycanlı qalmaya. Ona görə, dövlət bu məsələni siyasi baxımdan həll etməyə üstünlük verir, mən də bunu normal sayıram».

Vətəndaşlıq haqda qanuna görə, Azərbaycanda əcnəbilər iki halda vətəndaşlıq ala bilərlər. Ya Azərbaycan vətəndaşı ilə nikaha girərlərsə və ya burda beş il yaşadıqdan sonra. Hərçənd miqrasiya haqda qanunda bu müddət 7 il göstərilib.

XS
SM
MD
LG