Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:57

«Azəriqaz»ın ARDNŞ-a verilməsi ilə qaz ucuzlaşa bilər


«Qazın qiyməti hansı məntiqlə qaldırılır?»
«Qazın qiyməti hansı məntiqlə qaldırılır?»
Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, «Azəriqaz»ın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə verilməsi əhaliyə satılan təbii qazın qiymətinin aşağı düşməsinə səbəb olmalıdır. Çünki artıq qazı istehsal edən şirkət onu əhaliyə özü satacaq.

İndiyə qədər «Azəriqaz» əhaliyə satılan qazın qiymətinin baha olmasını qazı ARDNŞ-dan daha baha qiymətə alınması ilə izah edirdi. İyulun 1-dən isə «Azəriqaz» artıq ARDNŞ-ın tabeliyindədir. Bir ay müddətində Nazirlər Kabineti bununla bağlı bütün məsələləri tamamlamalıdır.

DÖVLƏT NEFT ŞİRKƏTİ RƏQƏMİ NİYƏ AÇIQLAMIR?

«Azadlıq» radiosuna müsahibəsində «Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirib ki, təbii qazı ARDNŞ-dan 42 manata alıb onu əhaliyə təxminən 47 manata satıblar. İndi isə bu rəqəm 100 manata qədər artırılıb.

İlham Şaban isə deyir ki, ARDNŞ-ın qaz tarifləri ilə bağlı açıqladığı son rəqəm 2008-ci ilə qədər olan dövr üçündür. Bundan sonra Dövlət Neft Şirkəti bu rəqəmi açıqlamır.

ARDNŞ-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə qurumun «Azəriqaz»a qazı neçəyə satması ilə bağlı onda dəqiq rəqəmin olmadığını deyir:

- Hər bir müqavilədə oradakı informasiyaların ictimaiyyət üçün açıq olub-olmadığı göstərilir. Bu haqda məndə dəqiq informasiya yoxdur.

Nizaməddin Quliyev informasiya almaq üçün rəsmən müraciət etməli olduğumuzu bildirdi.

«BİZ ÖZÜMÜZÜ KİMİNLƏ MÜQAYİSƏ EDİRİK?»

Tarif Şurası ictimaiyyət üçün açıqlamasında yaxın müddətə qədər Azərbaycanda təbii qazın əhaliyə region ölkələri ilə müqayisədə 6 dəfə ucuz satıldığını bildirmişdi. Ekspert İlham Şaban isə bu analogiyanın hansı ölkə ilə aparıldığını anlaşılmaz sayır. Onun sözlərinə görə, təbii qaz Rusiyada 70, Qazaxıstanda 55, Özbəkistanda 40 dollara satılır. Regionun iri qaz istehsalçısı olan ölkələri İran və Türkmənistanda isə qaz əhaliyə son dərəcə ucuz verilir. Özü də bəlli bir limiti istifadə edəndən sonra. Azərbaycan regionda qazı əhaliyə yalnız Gürcüstandan ucuz satır ki, bunun da səbəbi Gürcüstanın qazı ixrac etməsidir:

- Biz özümüzü kiminlə müqayisə edirik? Bəlkə Avstriya ilə, Almaniya ilə, Britaniya ilə, Norveçlə müqayisə edirik? Orada kommunal xərclər insanların gəlirlərinin 25 faizini aşmır. İnkişaf etmiş ölkələrdə vətəndaşlar gəlirlərinin 10 faizini ərzağa xərcləyir. Görün insanların təhsilə, turizmə xərcləmək üçün nə qədər vəsaitləri qalır. Bizdə isə rəsmi statistikaya görə, insanların qazancının 70 faizi ərzağa xərclənir. Belə olan halda qazın qiyməti hansı məntiqlə qaldırılır?

SİYASİ PARTİYALAR AKSİYALARA HAZIRLAŞIR


Bu arada siyasi partiyalar qazın qiymətinin artırılması ilə bağlı etiraz aksiyalarına başlayacaqlarını bildiriblər. Siyasilər bildirirlər ki, bir çox dövlət müəssisələrində kütləvi ixtisarlar aparıldığı, əhalinin gəlirlərinin azaldığı bir vaxtda hakimiyyətin belə bir addım atması vətəndaşların sosial durumuna ciddi zərbədir və qərara yenidən baxılmalıdır. «Ümid» Partiyasının sədri İqbal Ağazadə deyir ki, indi siyasi partiyalar etiraz metodları üçün ən optimal variantları axtarmaqdadırlar:

- Hakimiyyət siyasi-ictimai aktivlik üçün bütün imkanları ən son həddə qədər daraldıb. Elə repressiv üsullara əl atıb ki, siyasi qurumlar yetərincə zəifləyiblər. İnsanların etiraz etmək istəkləri var, ancaq təşkilatların buna hazırlığı çox aşağıdır. Hakimiyyət bilərəkdən siyasi qurumları xalqdan çox uzaqlaşdırıb ki, onların birləşərək daxildən gələn etirazları idarə etmək imkanları olmasın. İndi biz bu təşkilatlanmanın optimal variantlarını axtarırıq.

İqbal Ağazadənin sözlərinə görə, hakimiyyət bilərəkdən qazın qiymətinin artırılması üçün yay aylarını seçib. Çünki yayda siyasi aktivlik həddi minimuma enir.
XS
SM
MD
LG