Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:09

Obama-Medvedev görüşündə Qarabağ probleminin yeri


ABŞ və Rusiya prezidentlərinin London görüşü, 1 aprel 2009
ABŞ və Rusiya prezidentlərinin London görüşü, 1 aprel 2009
Rusiya prezidenti Dmitri Medvedev bu günkü çıxışında ümid etdiyini bildirib ki, Moskvada Amerika prezidenti Barak Obama ilə keçirəcəyi görüş – Rusiya-Amerika sammiti iki ölkə arasında əməkdaşlığın yeni yollarını tapmağa kömək edəcək.

Obama Rusiyaya iyulun 6-da gedir. Kremlin İnternet saytında yerləşdirilən videomesajında Medvedev Obama administrasiyasını tərifləyib.

Onun sözlərinə görə, Obama vəziyyəti dəyişməyə, Rusiya ilə daha effektiv, etibarlı və tamamilə müasir ruhlu əlaqələr qurmağa hazır görünür.

AMERİKA VƏ RUSİYANIN ORTAQ MARAQLARI

Medvedev bildirib ki, iki ölkənin ümumi maraqları var. Məsələn, beynəlxalq terrorçuluğa, narkotik qaçaqmalçılığına, nüvə silahının yayılmasına qarşı mübarizə.

O, amerikalı mühəndislərin vaxtilə Rusiyada dəmiryollarının çəkilməsi və ilk teleqraf xəttinin yaradılmasındakı mühüm rolunu yada salıb. Amma eyni zamanda ziddiyyətlərin 1961-ci ilin Kuba raket böhranını yaratdığını – SSRİ ilə ABŞ-ın müharibənin bir addımlığında olduğunu da yada salıb.

Medvedev deyib ki, indi hər iki ölkəni ümumi dəyərlər, insan həyatına və insan azadlıqlarına hörmət birləşdirir. Prezident bildirib ki, indi kimin bu sahədə problemlərin öhdəsindən daha çətin gəldiyini müzakirə etməyin vaxtı deyil, qüvvələri birləşdirməyin zamanıdır.

Amma Medvedev iki ölkə arasında indi böyük fikir ayrılığına səbəb olan məqamlara toxunmayıb.

Bunlar isə NATO-nun Şərqə doğru genişlənməsi, Amerikanın Şərqi Avropada qurmaq istədiyi raket əleyhinə sistem, Rusiyanın Gürcüstanla münasibətləridir.

RUSİYA GÜRCÜSTAN MƏSƏLƏSİNDƏ GERİ ÇƏKİLƏNƏ OXŞAMIR

Amma xarici siyasət üzrə ekspert Georgi Mirski deyir ki, Rusiya liderlərinin dediyi ilə əməli düz gəlmir. O, indi rus ordusunun Gürcüstanla sərhəddə böyük təlimlər keçirdiyini xatırladır:

«Mən əmin deyiləm ki, Putin, Medvedev kimi adamlar, eləcə də onların ətrafında olanlar Amerikanın siyasi sisteminin necə işlədiyini anlayır, yaxud cənab Obamanın xoş niyyətinə səmimiyyətlə inanır».

Bundan qabaq NATO Xarici İşlər nazirlərinin öz rusiyalı həmkarları Lavrovla görüşündə də alyansla Moskva arasında hərbi əlaqələr bərpa edilsə də, tərəflər hələ də aralarında ciddi fikir ayrılıqlarının olduğunu etiraf etmişdilər.

Lavrov Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq qərarından imtina etmək fikrində olmadıqlarını bildirmişdi.

Amma Amerika-Rusiya sammitindən bəzi müsbət qərarlar da gözləyənlər var.

Məsələn, ola bilər ki, Rusiya öz ərazisi ilə Əfqanistana Amerikadan daha çox hərbi yükün daşınmasına icazə versin. Sovet dövründə rusların Əfqanıstana hücumu uğursuzluqla nəticələnib. Əfqanıstandakı siyasi və hərbi qruplaşmalar arasında Rusiyaya inamsızlıq, bəzi hallarda isə nifrət var. Ona görə də Moskva Amerikanın Əfqanıstandakı əməliyyatlarına dolayısı ilə kömək edə bilər.

OBAMA İLƏ GÖRÜŞDƏN ƏVVƏL BAKIDA HAZIRLIQ

Obama ilə görüşdən əvvəl Rusiya prezidenti Bakıda da oldu. Medvedevin Azərbaycana bu səfəri Obama ilə görüşün gündəmi ilə hansısa formada bağlı ola bilərmi? Politoloq Rasim Musabəyov:

«Cənubi Qafqaz mövzusu mütləq müzakirə olunacaq. Ola bilər ki, bu sahədə ən təhlükəli məsələ Gürcüstanın separatçı regionlarıdır. Amma fərz edirəm ki, Qarabağ problemi də müzakirə mövzusuna çevriləcək və Medvedev özünün Qarabağ probleminin həlli ilə bağlı təkliflərini Obama çatdıracaq».

Rusiya axır bir ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda fəallaşıb. Azərbaycan və Ermənistan prezidentləri Moskvada münaqişənin sülh yoluyla həllinə dair bəyannamə də imzalayıblar. Bəzi məlumatlara görə, Rusiya Azərbaycanı Qarabağ münaqişəsinin həlli çərçivəsində rus sülhməramlılarından istifadənin vacibliyinə inandırmağa çalışır.
XS
SM
MD
LG