İyulun 1-dən abonentlər daha bir kubmetr qaz üçün 4 qəpik yox, 10 qəpik ödəyəcəklər. «Qaynar xətt»ə müraciət edən Səkinə İbadova deyir ki, Tarif Şurasının qərarından artıq bir neçə gün keçib, onlar isə hələ ki, ötən ayın qaz pulunu verməyiblər. Sayğac isə qərarı «eşitməyib», elə fırlanır. Ötən ayla yeni tariflə hesablanan bu ayın qaz pulunun göstəriciləri bir-birinə qarışıb. Onu necə ayıracaqlar, necə biləcəklər ki, nə qədər 4 qəpiklə, nə qədər də 10 qəpiklə hesablanmalıdır?: «Müfəttiş gəlməyib, neçə gündür gözləyirik ki, gəlib sayğacın göstəricisini yazsın. Artıq pul niyə ödəməliyəm ki?» Həmçinin oxu: - Biz Tarif Şurasının qərarını yerlərdəki şöbələrimizə göndərmişik. Sayğacın göstəricisini qeydə almışıq. Göstəricilər dolaşa bilməz. Qərar ayın əvvəlində verilib. Ötən ayın axırına olan göstərici əsasında da köhnə tariflə ödəniş aparılacaq. - 1 milyon qaz abonenti var. Sizin nə qədər müfəttişiniz var ki, bir, uzağı iki gün ərzində sayğacın sonuncu göstəricisini yaza bilsin? - Mən bilirəm ki, 1 milyon abonentimiz var. İnzibati ərazi bölgəsinə görə, Bakıda 11, bölgədə 56 idarəmiz var. Göstəriş verilib onlara. Ola bilsin ki, dolaşıqlıq yaransın, onda abonentlərimiz bizə müraciət etsinlər, problemi yoluna qoyacağıq. Bu ay qiyməti iki dəfədən çox qalxan təbii qaz həftənin əsas müzakirəsi oldu. Azərbaycan qazı Türkiyə və Gürcüstana 120 dollara, ölkə vətəndaşına isə 125 dollara satılır. Bundan narazı vətəndaşların rəy və fikirlərini «Qaynar xətt»in radio-forumundan dinləyə bilərsiz. Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng edin. Ya da efir@azadliqradiosu.az ünvanına yazın. |