Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:12

Araz Ağalarov sovet hökumətinə qarşı


«… Milyonlarla insanların qanı bahasına başa gələn bu quruluşun mayası qanla tutulduğundan sonrakı hərəkətləri də qanla, vəhşiliklə doludur….»
«… Milyonlarla insanların qanı bahasına başa gələn bu quruluşun mayası qanla tutulduğundan sonrakı hərəkətləri də qanla, vəhşiliklə doludur….»
Bu yazıda söhbət yalnız Araz Ağalarovdan getmir, ümumiyyətlə, sovet hakimiyyətini qəbul etməyib ona dinc yollarla etiraz edən insanlardan - dissidentlərdən gedir.

Heç olubmu Azərbaycanda dissident hərəkatı?

Bu sualın cavabını müasir dövrün tarix dərsliklərində tapmaq mümkün deyil. Tarix elminə də bel bağlamaq sadəlövhlükdür. Bu sual deyəsən, hələ tarixçilərin də araşdırma hədəfinə çevrilməyib. Nə üçün? Dövr maraqlı deyil? Bəlkə mövzu araşdırılsa, indiki siyasi hakimiyyətə toxunan nüanslar ortaya çıxa bilər? Bu sualların cavablarını Azərbaycanın sovet dövrünü tədqiq etmək borcu olan tarixçilər bilər. Biz isə araşdırmağa çalışdıq...

«İLDIRIMÇI»LARIN İLDIRIMLI YOLLARI

80 yaşlı xalq şairi Gülhüseyn Hüseynoğlunun müsahibələrində 1940-50-ci illərdə gizli təşkilatlar barədə söhbət açılır.

Tədqiqatçı Nərmin Kamal yazır ki, Gülhüseyn Hüseynoğlu ona 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq üçün yaratdıqları «İldırım» təşkilatının üç əsas məqsədindən danışıb:

Gülhüseyn Hüseynoğlu
«Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, 1937-38-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq istəyirdik».

Təşkilatın səkkiz üzvü arasında şərqşünas İsmixan Rəhimov, mühəndis Hacı Zeynalov da olub. Bir dəfə Gülhüseyn Hüseynoğlu o vaxt çox məşhur olan bir şairə məktub yazıb ondan dəstək istəmək qərarına gəlir:

«Məktubu İsmixan Rəhimova diktə eləyir, o da çap hərfləriylə yazır. «Dönməzlər» imzasıyla məktubu şairə göndərirlər. 1945-ci ildə İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu və başqaları həbs olunur. Ali Məhkəmə onlara güllələnmə cəzası kəsir. Amma o vaxt güllələnmə cəzasının icrası müvəqqəti dayandırıldığından hökm 25 illik həbslə əvəz olunur və onlar Sibirə sürgün edirlər. Yalnız Stalinin ölümündən bir qədər sonra - 1955-ci ildə işə yenidən baxılır və «İldırım»çılar azadlığa çıxırlar. Bəraət alan Gülhüseyn Hüseynoğlu da aspiranturaya bərpa olunur. Bir yarası isə qaysaq bağlamır: yenicə qurduğu ailə o, sürgündə olan vaxt dağılır, həyat yoldaşı ondan boşanır.

50-Cİ İLLƏRDƏ QIZ QALASININ BAŞINDA DALĞALANAN MİLLİ BAYRAQ

Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov isə bir müsahibəsində xalq hərəkatından danışanda Cahid Hilaloğlu adlı bir rejissorun adını çəkir. Deyir ki, 1950-ci illərdə Cahidin rəhbərliyi ilə mitinq keçirilib. O mitinqdə Cahid milli bayrağı Qız Qalasının başında dalğalandırıb. Bunun üstündə ona 15 il həbs cəzası verilib. Azadlığa çıxanda isə respublikaya buraxılmadığından Ermənistana gedib, İrəvan Dövlət Dram Teatrında işləyir. Təhmasib Novruzov deyir ki, Cahid Hilaloğlu ahıl çağlarında yada salınmamasından, adının heç yerdə çəkilməməsindən çox pəjmürdə olubmuş:

«Qəhərlənirdi, deyirdi ki, mən hər şeyimi bu millət üçün verdim, niyə heç olmasa adımı çəkmirlər?»

SOVET REJİMİNƏ QARŞI «ÜÇLÜK», «BEŞLİK», «YEDDİLİK» QRUPLARI

Azərbaycanda bir çoxları keçmiş prezident Əbülfəz Elçibəyi tanınmış dissident sayırlar. O, tələbələrlə milli-mənəvi dəyərlər barədə söhbət edər, bütöv Azərbaycan ideyasından, türkçülükdən danışarmış.

Əbülfəz Elçibəy, 1989
Elçibəyin həyatı haqqında kitab yazan Ədalət Tahirzadə deyir ki, o, 70-ci illərdə gizli dərnəklər yaradaraq türkçülük ideyalarını təbliğ edib:

«Bu qruplar «üçlük», «beşlik», «yeddilik» adlanırdı. Sonradan bu dərnəklərin üzvlərindən bəziləri Elçibəy yolunu getdi, bəziləri ona dönük çıxdı».

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində dərs deyən Əbülfəz Elçibəyin auditoriyada milli ideyaları yayması dekanlığın diqqətini cəlb edib və ona xəbərdarlıq olunub. 1974-cü ildə isə onunla artıq respublika Dövlət Təhlükəsizlik Komitəsi məşğul olmağa başlayıb. 75-ci ildə həbs olunub və bir ildən çox həbsxanada yatıb. Azadlığa çıxandan sonra işinə qayıda bilməyib. Bir müddət işsiz gəzib-dolaşan Əbülfəz bəy Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. Bu dəfə elmi fəaliyyətini gücləndirib, Yaxın Şərq tarixi üzrə namizədlik dissertasiyasını müdafiə edib, alimlik dərəcəsi alıb.

RESPUBLİKA RƏHBƏRLİYİNİN RƏQİBLƏRİ

60-70-ci illərdə də Azərbaycanda bir çox ziyalı təqiblərlə üzləşib. Politoloq Zərdüşt Əlizadə hesab edir ki, bunun əsas səbəbi onların hakimiyyətə gəlmə şansı, Kremlin diqqətini çəkməsiydi:

«Məsələn, 1960-cı illərdə Şıxəli Qurbanov, komsomolun katibi Maqsud Əlizadə respublikanın birinci katibliyinə ən şanslı namizədlər olduğu üçün onları öldürdülər. Həbsxanaya, psixiatriya xəstəxanalarına salınan ziyalıların da çoxu yerli hakimiyyətdən narazılığını gizlətməyənlər, onları kommunist ideyalarına xəyanətdə suçlayanlar idi. Bəzilərinə də Moskva dəyər verirdi, ya da onların Kremldəki yüksəkvəzifəli şəxslərlə əlaqəsi varıydı. Heydər Əliyev bu adamları özünə rəqib görürdü. O üzdən də onlar müxtəlif ittihamlarla həbsxanaya göndərilirdilər».

Nadir Ağayev
Dünyada tanınan ilk azərbaycanlı siyasi məhbus Nadir Ağayev də danışır ki, düzdür, o, sovet idarəçiliyinin əleyhinə olub, hətta buna görə təzyiqlərlə də üzləşib, işini də itirib. Amma 1960-cı illərdə o vaxtkı birinci katib Vəli Axundova müraciət edəndən sonra üstündən qara buludlar çəkilib. Vəzifəsini də qaytarıblar, hətta elmi fəaliyyətə də başlayıb.

Nadir Ağayev deyir ki, çərxi onda dönüb ki, iki dəfə Heydər Əliyevin sədrlik etdiyi iclasda Moskvadan gəlmiş yüksəkvəzifəli şəxslər onu tərifləyib, bacarıqlı kadr olduğunu söyləyiblər:

«Bundan sonra həyat məndən üz döndərdi. Siyasi baxışlarım yada düşdü. Cinayət işi bir-birinin ardınca qaldırıldı, axırda da psixiatriya xəstəxanasına salındım. Heydər Əliyevin ucbatından ömrümün cavan çağını həbsxanalarda, dəlixanada keçirməli oldum».

DİSSİDENT MƏKTUBLAR

«Alma» qəzeti bir müddət əvvəl Rəşid Hüseynov adlı bir müəllimin məktublarını dərc edib. Rusiyada yaşayan müəllif 1964-cü ildə yazdığı həmin məktublarda dostu Bilala sovet quruluşundan gileylənir, Rusiyanın imperiya olduğundan, iş görməyin vacibliyindən söz açır. Məktublardan bəzi parçaları oxuyaq:

«… Milyonlarla insanların qanı bahasına başa gələn bu quruluşun mayası qanla tutulduğundan sonrakı hərəkətləri də qanla, vəhşiliklə doludur….

Bilal, Xruşşovun bütün əsərlərini, onun vaxtında olan bütün plenumların qərarlarını al və evinizə apar. Bunlar sonra lazım olacaq. Düşməni əzmək üçün öz dilindən tutmalısan. Ancaq Xruşşovun əsərlərini al, çünki o, ağlına nə gəldi danışır… Statistika materiallarını topla, saxla.

Daha nə yazım, ürəyimi ağrıdan şeylərdən bəzilərini yazdım.

Sonrakı məktublarda da bəzilərini yazacağam. Bu barədə heç kimə demə və məktubu saxla. Ancaq iş görmək lazımdır. Ümumi düşmənə qarşı xalq ideya cəhətdən hazır olmalıdır. Söz çoxdur, yazmaqla qurtarmaq olmur. Mən inanıram ki, 1970-1975-ci illərdə Müstəqil Azərbaycan olacaq!...

…Bilal, insan böyüyür, bir də görür ki, onu bir neçə yerdən paslı zəncirlərlə bağlayıblar, hüquqlarını, ixtiyarını, azadlığını alıblar, özü də qorxaq və yaltaq böyüyüb.

Cəmiyyətdə müəyyən qrup adamları tərifləməklə, onlara medal, orden, başqa fəxri adlar verməklə onları müti köpəklərə çevirirlər və bu köpəklər vasitəsilə geniş xalq kütləsini həmişə didirlər, hətta əməkçi insanlar yuxuda da bu köpəkləri görür. Sözdə demokratiya, əməldə isə bu köpəklərin diktaturasıdır».

Bilal müəllim Qazax rayonunda yaşayır, dostunun məktublarını «Alma» qəzetinə də o verib. Bilal müəllim deyir ki, 60-cı illərdə tələbə olanda gizli dərnək yaratmaq istəyiblər, amma hiss ediblər ki, onlardan şübhələniblər, ona görə də dərnək sövdası, sovet hakimiyyətinə qarşı mübarizə aparmaq arzusu baş tutmayıb. Rəşid Hüseynova Azərbaycanın müstəqilliyini də görmək nəsib olmayıb.

«GÜLÜSTAN» POEMASININ SORAĞI

Azərbaycanda dissidentlik mövzusunda danışanda xalq şairi Bəxtiyar Vahabzadənin adı da çəkilir. Bu, onun 34 yaşında yazdığı «Gülüstan» poemasıyla bağlıdır.

Bəxtiyar Vahabzadə
Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov deyir ki, Heydər Əliyev respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan vaxtlarda kimin hünəri vardı ki, sovet hakimiyyətinə qarşı əks-təbliğat aparsın. Amma Stalin öləndən sonra diktaturanı pisləməyə imkan verən ab-hava yarandığından yazarlar bu fürsəti fövtə verməyib sətiraltı mənalarla yazıb-yaradıblar:

«Məsələn, Bəxtiyar Vahabzadə neynirdi? Xarici ölkələrdə olan haqsızlıqlardan yazırdı, sən də oxuyub deyirdin, elə biz də bu gündəyik ki!»

Şirməmməd Hüseynov deyir ki, Azərbaycanda akademik Saxarov, yazıçı Soljenitsın miqyaslı dissidentlər olmayıb:

«Saxarov böyük alim idi, fizik idi, onu bütün dünya tanıyırdı. Bəs bizimkini kim müdafiə edəcəkdi? Belə dissidentlər olmayıb. Biz nə uğrunda mübarizə aparırdıq? Azərbaycan dili ölməsin, ruslaşma həddindən artıq getməsin. Bizim rəhbərlər ruslaşma məsələsində Roma papasından artıq katolikiydilər, yəni onlar daha çox rus millətçisiydilər, nəinki ruslar. 3 ay dərs oxumurduq, pambıq yığmağa gedirdik. Deyirdik, bəs nə vaxt dərs oxuyacağıq».

Şirməmməd Hüseynov deyir ki, onu DTK-ya çağırmasalar da, telefon danışıqlarının izləndiyini hiss edib:

«Bir dəfə Bəxtiyar Vahabzadəylə telefonla danışanda hökumətdəki rəhbərləri söydü. Dedim, ehtiyatlı ol, danışığımızı yazırlar. O da qayıdıb dedi ki, bizə qulaq asan belə-belə olsun. Üstündən 3-4 ay keçmiş DTK-da bir şəkili polkovnik işləyirdi - Arif Bədəlov, mənə dedi ki, o Bəxtiyara de, bizi az söysün».

Tanınmış publisist xatırlayır ki, Bəxtiyar Vahabzadə 1959-cu ildə yazdığı «Gülüstan» poemasını heç yerdə çap etdirə bilmirmiş:

«1960-cı ildə Bəxtiyarla birgə Şəkidə istirahətdəydik. Poemanı da orda oxuduq, mərkəzi mətbuatda bu poemaya yaxın düşmək istəyən yox idi. Əsəri Şəkinin «Nuxa fəhləsi» qəzetinə apardıq. Poema iki nömrədə çap olundu. Bundan sonra Bəxtiyara hücumlar başladı. Hətta bir iclasda dedilər ki, Bəxtiyar Vahabzadə əsərlərini gizli mətbuatda çap etdirir».

«AZADLIĞI İSTƏMİRƏM QRAM-QRAM» VƏ YA «MİLLİ MƏHDUD»


Ötən əsrin 80-ci illərində məşhur olan bu misraların müəllifi Xəlil Rza Ulutürk Lefertova sürgünü yaşayıb. Amma bu sürgün sovet hakimiyyətinin dağıldığı ərəfədə olub. Üzləşdiyi təzyiqlərin tarixi isə daha köhnədir.

Xəlil Rza həyat yoldaşı Firəngiz xanımla. Moskva, 1957.
Həyat yoldaşı Firəngiz xanım deyir ki, 1960-70-ci illərdə Xəlil Rza dərs dediyi institut auditoriyalarında sovet hakimiyyətinin əleyhinə danışırmış, milli azadlıqdan söz açırmış:

«Bir gün rektor çağırdı ki, bu çıxışlara görə başın ağrıyacaq. Gəl, elmi iş götür, onların gözündən uzaq ol. Xəlil razılaşmadı. Bir səhər də işə gələndə işdən çıxarıldığını gördü. Guya proqramı yerinə yetirə bilməyib».

Firəngiz xanım deyir ki, telefonları izlənirmiş, Xəlil Rza xarici ölkələrdən gələn qonaqlara yaxın buraxılmırmış:

«Bir dəfə yazıçı Mirzə İbrahimov zəng vurdu ki, qonaqlar zəng vurub Xəlili soruşacaqlar, sən götür dəstəyi, de ki, evdə yoxdur. Amma mən bunu edə bilmədim. Xəlil dəstəyi götürdü. Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi keçirilirdi. Həmin tədbirdə Xəlilin yanında bir «KQB»-nin adamı, bir də bir şair oturub o danışdıqca ətəyindən çəkirmişlər ki, artıq-əskik danışma. Bir dəfə Heydər Əliyev dedi ki, Xəlil Rzanı dissident olmaqdan qurtarıb».

İşdən çıxarılan Xəlil Rza bir müddət bölgələrə camaatla görüşlərə getməklə ailəsini dolandırmaq istəyib. Rayon rəhbərləri görüşə razılıq versələr də, Xəlil Rza gedəndə zalı boş görürmüş. Niyəsini soruşanda, katiblər minbir bəhanə gətirirmişlər.

Ailənin dolanışığı dalana dirəndiyindən Firəngiz xanım işə düzəlir. Xəlil Rza isə 2-3 il bekar gəzib-dolaşandan sonra çətinliklə əlini bir işə keçirə bilir:

«Ona heç yerdə iş vermirdilər. Çox çətin idi. Vəli Axundov katib olanda ona «milli məhdud» adı vermişdi, yəni öz millətinə vurğun adam. İşsizlikdən, ona qarşı münasibətdən boğaza yığılmışdı. Bir gün Mərkəzi Komitənin katiblərindən olan Cəfər Cəfərliyə zəng etdi, çox sərt danışdı. Mən çox qorxmuşdum onun o cür danışmağına. Amma o zəngin xeyri oldu. Nizami adına Ədəbiyyat Muzeyinə elmi işçi təyin etdilər».

ARAZ AĞALAROV DA SOVET HAKİMİYYƏTİNƏ QARŞI ÇIXIBMIŞ

SSRİ dağılandan sonra çoxları iddia etməyə tələsdi ki, vaxtilə dissident olub və ya heç olmasa bu hərəkata rəğbət bəsləyib. Mətbuat SSRİ dövründə xarici radiostansiyalara qulaq asmaları, qadağan olunmuş ədəbiyyat oxumaları, SSRİ futbol komandasının əleyhinə azarkeşlik etmələri ilə öyünən ictimai xadimlərin etirafları ilə dolu idi.

Milyarder Araz Ağalarov
Eyni qəbilədən olan etiraflardan birini politoloq Zərdüşt Əlizadədən eşitdik. O deyir ki, sovet Azərbaycanında insan hüquqlarının təməl prinsiplərinin pozulmasıyla bağlı dissident hərəkatı olmayıb:

«Ancaq Sovet hökumətindən narazı olan, onun əleyhinə açıq danışan adamlar olub. Bir də əcnəbilərdən pal-paltar alıb satanlar varıydı, onlara o vaxt «farsovşik»lər deyirdilər, indiki dillə desək biznesmenlər. Bu adamlar planlı iqtisadi sistemə qarşı öz əməli işləriylə çıxırdılar. Onların bəziləri tutuldu, məhv oldu. Deyim ki, onların arasında indiki məşhur milyarder Araz Ağalarov da olub. Məndə dəqiq məlumat var ki, onlar tutulanda Lenini, sovet hakimiyyətini söyüb deyiblər ki, bu hakimiyyət xalqa qarşıdır».

Zərdüşt Əlizadə razılaşır ki, bu, pul-biznes mübarizəsi idi. Ancaq onlar özgələri kimi rüşvətxorluq, talançılıq yox, başqa bir iqtisadi sistem əsasında qazanmaq yolunu seçmişdilər. Elə bunun özü sovet hakimiyyətinə qarşı etiraz idi.

İLHAM ƏLİYEV DƏ DİSSİDENTLİKDƏN DANIŞIR

SSRİ-də dissidentlik hərəkatı dedikdə, əsasən 1965-1985-ci illər nəzərdə tutulur. Bu dövrdəki görkəmli dissidentlərin sırasında azərbaycanlıların adı yoxdur. Dövr Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir.

Çıxışlarının birində prezident İlham Əliyev Azərbaycanda dissident hərəkatının olmamasını Heydər Əliyevlə bağlayır. O deyir ki, ötən əsrin 70-ci illərində Azərbaycan mətbuatında cəsarətli yazılar dərc olunurdu. Bəzi vaxtlar bu məqalələr Sovet İttifaqının rəhbərliyində narazılıq yaratsa da, Heydər Əliyev bu narazılığı səngidirmiş:

«Ona görə də Azərbaycanda belə insanlardan heç biri nə həbs edilmiş, nə də təqib olunmuşdu. Belə meyllər var idi, cəmiyyətdə bu əhval-ruhiyyə var idi. Sadəcə olaraq, Heydər Əliyevin milli dəyərlərə olan bağlılığı, münasibəti ideoloji dəyərlərə olan münasibətindən qat-qat yüksək idi».

EPİLOQ ƏVƏZİ

Sovet Azərbaycanında təşkilat yaratmaq və ya iki-üç nəfərlik qrupda birləşib milli ruhlu fikirlər söyləyənlər çox olub. Amma bu fikirlər dar otaqlardan küçələrə axışmayıb. Bu mənada İlham Əliyev haqlıdır, hərəkat olmayıb. Amma «həbslər də olmayıb» sözünü demək mümkün deyil.

Belə həbslər haqqında bildiyiniz, eşitdiyiniz varsa şərh kimi bizə göndərin.
XS
SM
MD
LG