Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:54

Kompyuter oyunları: əyləncə, yoxsa əsəb mənbəyi?


Bir neçə dəfə müraciət edilən oyunlar daimi əyləncəyə çevrilir
Bir neçə dəfə müraciət edilən oyunlar daimi əyləncəyə çevrilir
Kompyuter oyunları gənclərin meyl etdiyi əyləncələrdən biridir. Onlar asudə vaxtlarını çeşidli oyunlara sərf etməklə günün qayğısından qurtulmağa çalışırlar. Belə olan halda gənclər kompyuterə aludə olurlar. Bir neçə dəfə müraciət edilən oyunlar daimi əyləncəyə çevrilir.

«MƏNASIZ DƏRSLƏRİ DİNLƏMƏKDƏNSƏ, VAXTINI İNTERNETDƏ KEÇİRMƏK DAHA YAXŞIDIR»

Sahil orta məktəb şagirdidir. Həmyaşıdları kimi o da kompyuter oyunlarına maraq göstərir:

- Bəzən dərsdən çıxıb gedirik. Axır günlər cansıxıcı keçirdi, sinifdə oturmaq olmurdu. Müəllimin mənasız dərslərini dinləməkdənsə, vaxtını internet klubda keçirmək daha yaxşıdır.

Kompyuter oyunları insan psixologiyasına necə təsir edir?

Sahilin fikrincə, bu, nə qədər oynamağından asılıdır:

- Az oynayanda adama elə də təsir etmir. Ancaq bütün işlərin tökülüb qalır, sən də oynamağına davam eləyirsənsə, onda narahat olursan. Bir tərəfdən işlərinin qayğısını çəkirsən, digər tərəfdən də oyundan qaça bilmirsən. Sonra da itirdiyin vaxtın xiffətini çəkirsən. Fikirləşirsən ki, bu vaxt ərzində gör mən nə qədər iş görərdim. Halsız olursan, heç nəyə həvəsin olmur, bir işin qulpundan da yapışa bilmirsən.

Daimi kompyuter oynayanların davranışlarında hansı dəyişikliklər müşahidə olunur? İnternet klubda işləyən Həsən:

- Onlar oynayanda çox sakit olurlar. Diqqətləri yalnız oyunda olur. Kimsə onları yayındırarsa, dərhal reaksiya verirlər, hirslənirlər. Böyüklər təmkinli olurlar, amma uşaqlar bəzən dalaşır, söyüş söyürlər. Elə an olur ki, anaları gəlib aparır, çox əsəbi olurlar. Hiss eləyirsən uşaqlarının bura gəlməyini istəmirlər.

«BİR AZ DA OYNAYIM DURUB GEDƏRƏM»

Bu oyunlara marağın səbəbi nədir? Asudə vaxtını keçirmək, yoxsa əyləncə?

Sahil deyir ki, vaxtının dəyərini yaxşı bilir. İşlərini elə planlaşdırır ki, kompyuterə marağı onu dərslərindən ayırmasın. Amma etiraf edir ki, oyunda prinsip olanda vaxtının necə keçdiyinin fərqində olmur:

- Düzünü desəm elə olur ki, özüm də bilmirəm niyə yarım saat oynamaq istəyirəm, amma bu daha uzun çəkir. Elə olur ki, bunu hiss eləmirəm. Bəzən də özümə təsəlli verirəm ki, bir az da oynayım durub gedərəm. Belə hallar adətən daha güclü rəqiblərlə oynayanda baş verir. Başqa oyunlar var ki, sırf maraq xətrinə oynayıram ki, vaxtım keçsin. Məsələn, «kombat» elə oyundur ki, burda çoxlu kron yığmalısan, silah almalısan, buna da vaxtın və pulun gedir.

«ƏSAS ODUR Kİ, ASILILIQ YARANMASIN»

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz gənclərin kompyuter oyunlarına maraq göstərməsini normal qarşılayır, amma bir şərtlə ki, bu, onlarda asılılıq yaratmasın:

- Kompyuter oyunları gənclərin intellektual səviyyəsini artırır, dünyagörüşünü genişləndirir. Amma valideynlər övladlarına bu məsələdə nəzarət etməlidirlər ki, kompyuterdən asılı olmasınlar.

O.Gündüz deyir ki, Azərbaycan gəncləri kompyuterdən daha çox əyləncə məqsədilə istifadə edir. Bunlar da əksər hallarda gənclərin psixologiyasına təsir edən oyunlardır:

- Daha yaxşı olar ki, milli internet resurslarımız inkişaf etsin. Məsələn, Azərbaycan dilində Qarabağdakı döyüşləri əks etdirən oyunlar yaradılsın.

«BELƏ İNSANLAR HƏMİŞƏ ÖZ DAXİLİ ALƏMİNƏ QAPILIRLAR»

Bəs psixoloqlar nə düşünür?

Psixoloq Dəyanət Rzayev isə deyir ki, kompyuter oyunlarını çox oynayanlarda psixoloji problemlərin yaranmasının əsas səbəbi burada real həyatı virtual aləmin əvəzləməsidir:

- Gənclər ən çoxu bir saat həvəslə oynayırlar. Bundan çox oynayanda artıq əsəb gərginliyi yaranır. Bu da insanlarla hansı tonda ünsiyyət saxlamaqda problem yaradır. Fikir verin, belə insanlar həmişə öz daxili aləminə qapılırlar.

Psixoloqun fikrincə, problemdən çıxış yolu maarifləndirmədədir:

- Əks təqdirdə, kompyuter oyunları, xüsusən döyüş səhnələrinin yer aldığı oyunlar yetkinlik yaşına çatmayan gənclərin tərbiyəsinə mənfi təsir göstərir.
XS
SM
MD
LG