Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:32

Seçkiqabağı bələdiyyələrin işini niyə yoxlayırlar?


Gəncə şəhər Nizami bələdiyyəsi iş başında
Gəncə şəhər Nizami bələdiyyəsi iş başında
Bakının ən böyük bələdiyyələrindən olan Səbail rayon bələdiyyəsinin sədri Əhməd Hüseynov haqqında vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanandan sonra bələdiyyələrin işində bir narahatlıq yaranıb. 15 bələdiyyə sədrinin işində pozuntuların aşkarlanmasıyla bağlı xəbərlər yayılandan sonrasa bu narahatlıq lap artıb.

«ZƏRBƏ ALTINDA BƏLƏDİYYƏLƏR QALIR»

Bələdiyyələrin işinin monitorinqi ilə məşğul olan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli deyir ki, qanunsuzluq olubsa da, bunu bələdiyyələr təkcə etməyiblər. O bildirir ki, Azərbaycanda bələdiyyələrin müstəqil qurum kimi fəaliyyət göstərməməsi son nəticədə bələdiyyələri zərbə altında qoyur:

«İcra hakimiyyətinin başçılarının, icra strukturlarının elədikləri səhv dolayısıyla gəlib bələdiyyələrə çıxır. Tutaq ki, torpaq alqı-satqısıdır. Qanunvericilik tələb edir ki, bütün məsələlər bələdiyyə vasitəiylə həyata keçirilməlidir. Ancaq elə məqam olur ki, yerli icra hakimiyyətləri – başçıları, ya da digər məsul şəxsləri ya dolayısıyla, ya da birbaşa məsələlərə müdaxilə eləməklə bələdiyyələri məsuliyyət altına qoyurlar. Yoxlama aparılıb üstü açılanda isə zərbə altında bələdiyyə qalır».

Ötən həftə Ədliyyə Nazirliyinin kollegiya iclasında bələdiyyələrin işiylə bağlı müzakirələr aparılıb. Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda bu ilin 6 ayında aparılmış yoxlamalar nəticəsində 15 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları, o cümlədən dövlətə və bələdiyyə mülkiyyətinə 10 milyon manatdan artıq ziyanın vurulması aşkar olunub. 10 bələdiyyə ilə bağlı araşdırma materialları isə cinayət işinin başlanması üçün Baş Prokurorluğa göndərilib.

Rəsmi açıqlama
Araşdırmalar nəticəsində bələdiyyə büdcəsinə Şəmkir rayonu Qaracəmirli Bələdiyyəsi tərəfindən 4,1 milyon manat, Binəqədi rayonu Xocasən bələdiyyəsi tərəfindən 3,6 milyon manat, Sabunçu rayonu Pirşağı Bələdiyyəsi tərəfindən 1,3 milyon manat, Quba rayonu İkinci Nügədi Bələdiyyəsi tərəfindən isə 337 min manat ziyan vurulması və digər ciddi faktlar müəyyən olunub. Bu kimi pozuntular digər yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də, o cümlədən Oğuz rayonu Füzuli və Xalxal, Astara rayonu Ərçivan, Samux rayonu Qiyaslı, Bakı şəhəri Nəsimi və Qaradağ rayonu Sahil bələdiyyələrində də aşkar edilib – deyə məlumatda bildirilir.
Yasamal bələdiyyəsinin sədr müavini Əli Əkbərli isə deyir ki, yoxlamalar, dövlətin nəzarəti onların məsuliyyətini daha da artırır.

Milli İstiqlal Partiyasının seçki və bələdiyyələrlə iş üzrə katibi Elşən Mustafayev isə bildirir ki, bələdiyyə seçkisinə bir neçə ay qalmış araşdırmaların aparılması az-çox müstəqil fəaliyyət göstərən bələdiyyələrin gözünü qorxutmaq üçündür:

«Bələdiyyələr özbaşına deyillər. Onların bütün addımları qeyri-rəsmi müvafiq icra strukturlarının tapşırığı ilə həyata keçirilir. Əsasən torpaq sahəsi olan bələdiyyələrdə pozuntular da, qanunsuz torpaq satışı məsələləri olur. Ancaq seçkiyə bir neçə ay qalmış prosesin başlanması maraqlıdır».

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən isə bildirdilər ki, əhalinin iradları, şikayətləri mütəmadi olaraq araşdırılır. Bu araşdırma da növbəti araşdırmalardan biri olub.

BƏS, VƏTƏNDAŞLAR NECƏ BƏLƏDİYYƏLƏRİN İŞİNDƏN RAZIDIRMI?

Sualımızla bağlı bir neçə Bakı sakininin cavabı belə oldu:

«Mən ümumiyyətlə bələdiyyəm haqqında heç nə bilmirəm;
-Mən heç bilmirəm bələdiyyə harada yerləşir. Nə adını bilirik, nə üzünü görmüşük;
-Bələdiyyənin nə xeyri var? Xeyri olmadığına görə heç vaxt müraciət də eləmirəm;
-Bizim bələdiyyəyə ehtiyacımız yoxdur;
-Bələdiyyənin heç adını tutmuram. Çünki onlar öz ciblərini güdürlər, torpaq satıb pul yeməkdən başqa əllərindən heç nə gəlmir…»

Ekspertlər deyirlər ki, Azərbaycanda bələdiyyələrin əsl müstəqil, dövlət orqanından asılı olmayan, güclü idarəetmə strukturu olması üçün ilk növbədə azad və şəffaf seçkilər keçirilməlidir.

2009-cu ilin dekabrında Azərbaycanda növbəti bələdiyyə seçkisi olacaq.
XS
SM
MD
LG