Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:22

«Mən hökumətdən izahat tələb edirəm»


Hikmət Hacızadə
Hikmət Hacızadə
«NƏSƏ SAZİŞ HAZIRDIR VƏ İCTİMAİYYƏTİ HAZIRLAYIRLAR»

«Mən hökumətdən, prezidentdən izahat tələb edirəm».

İzahat tələb edən «İşdən sonra»nın qonağı, politoloq Hikmət Hacızadədir. O deyir ki, son günlər prezidentlərin görüşü ərəfəsində ziyalıların qarşılıqlı səfəri, İlham Əliyevin açıqlaması bəzi məqamlardan xəbər verir:

«Görünür, hansısa saziş hazırdır və ictimaiyyəti ona hazırlayırlar. Belə başa düşmək olar. İlham Əliyev də planı bir az açıqladı. Prezident açıqlama verdi ki, beş rayon qaytarılır, beş ildən sonra isə iki rayon - Laçınla Kəlbəcər qayıdacaq. Ondan sonra da status müzakirə olunacaq. O plan çoxdan stolun üstündəydi. Amma bu dəfə İlham Əliyevin tonu başqaydı, daha optimist danışırdı. Həmsədrləri bu dəfə tərifləyirdi, amma adətən onlardan narazı olardı. Əliyev Rusiyanı da təriflədi. Ola bilsin nəsə dəyişib. Rusiya və Minsk Qrupunun üzvləri razılığa gəliblər və qərarlaşdırıblar ki, tərəflərə təzyiq etsinlər. Xüsusən də Ermənistana. Nəsə yaxınlaşır. Ona görə paralel olaraq ictimaiyyəti də hazırlayırlar, səfirlər gedir-gəlir, ictimai xadimlər görüşür və sairə…»

«TƏK SİLAHI – BLOKADANI DA ƏLDƏN VERSƏK…»

Politoloqa görə, görünən budur ki, Azərbaycan güzəştə gedir:

«Bundan narahatıq. Və biz izahat istəyirik. Beş rayon verilir, iki rayonun qaytarlıması üçünsə daha beş il gözləyirik. Bu məqamda suallarım var. Bu beş rayonun verilməsi elə-belə deyil. Axı beş rayon qaytarılandan sonra biz də, Türkiyə də sərhədi açacağıq, blokada aradan qalxacaq. Sonra Qərblə Rusiya çalışacaq ki, Ermənistanı enerji layihələrinə qoşsun. Ermənistan da bu halda azad nəfəs alacaq. Bundan sonra Qarabağla Dağlıq Qarabağ arasına sülhməramlı qüvvələr yerləşdiriləcək. Kimdir bu sülhməramlılar? Biz bilmək istəyirik…Beş il sonrakı bu vəziyyəti təsəvvür edək, Ermənistan artıq azad nəfəs alır, inkişaf edir və deyir ki, vermirəm Kəlbəcəri. Onda biz neyləcəyik? Bizim əlimizdə heç bir silah yoxdur. Bircə silah vardı, o da blokadaydı, onu da əldən verdik. Beynəlxalq aləmdə belə cığallıqlar çox olur. Sənədə kimdir baxan? Bizim üçün torpaq çox əzizdir, çox narahatıq. Biz neyləcəyik? Bax belədir vəziyyət. Bax, mənə cavab versin Azərbaycan hökuməti, prezidenti».

«BİZƏ ŞUŞADAN XƏBƏR VERİN!»

Hikmət Hacızadə daha bir məsələylə bağlı izahat tələb edir:

«Mən həm də soruşmaq istəyirəm, Şuşanın taleyi necə olacaq? Şuşa necə idarə olunacaq, nə olacaq axırı? Şuşadan bizə xəbər versinlər? Nə olacaq o müqəddəs şəhər?»

«QƏRBLƏ RUSİYA RAZILAŞIBLAR»

Hikmət Hacızadə deyir ki, ABŞ prezidentinin Rusiya səfəri zamanı istər Barak Obama, istər Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsi haqda mətbuata heç nə demədilər. Amma ola bilsin başqa səviyyədə, qapalı danışıqlarda bu məsələ müzakirə edilir:

«Bunu da biz İlham Əliyevin optimist tonunda görürük. Qərblə Rusiya arasında danışıqlar gedir. Nəsə razılığa gəliblər yəqin. Bu məsələdə əsasən Rusiyanı razı salmaq lazımdır. Çünki Ermənistan müstəqil dövlət deyil, Moskvadan asılıdır. Danışıqlar da Rusiya ilə gedir. Görünür, Rusiya qərara gəlib ki, proses başlansın, beş rayon da verilsin. Səbəbini dəqiq bilmirəm. Amma ola bilsin bunun səbəbi Ermənistanın Rusiya-Gürcüstan münaqişəsindən sonra düşdüyü vəziyyətdir. İstəyirlər Ermənistana yardım etsinlər».
XS
SM
MD
LG