Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

Qarabağ erməniləri səfəri bəyəniblər


Qarabağda «Biz - dağlarımız» abidəsi
Azərbaycanın Qarabağ bölgəsində erməni dövləti yaratdığını iddia edən rejimin Xarici İşlər Nazirliyi ötən həftə Azərbaycan və Ermənistandan olan bir qrup ziyalının bölgəyə səfərinə dair məlumat yayıb. İyulun 7-də həmin məlumatda iddia olunur ki, onların tələbilə səfərin marşrutu və Azərbaycan nümayəndə heyətinin tərkibi dəyişdirilib:

«Səfərin marşrutu və orada iştirak edənlərin kimliyi də əvvəlcədən razılaşdırılıb. Qarabağ tərəfinin tələbi ilə Azərbaycan nümayəndə heyətinin tərkibindən ermənilərin əleyhinə çıxışları ilə tanınmış deputat Həvva Məmmədova və Çingiz İsmayılov çıxarılıb».

Həmçinin ermənilər Azərbaycan nümayəndə heyətinin bu səfərini Bakının vasitəçilər olmadan, birbaşa onlarla danışmağa cəhdi kimi qiymətləndirirlər.

Bu səfərlərin onların mənafeyinə uyğun olduğunu düşünən ermənilər fikirlərini bu cür izah edirlər:

«Bu səfər xüsusilə də ona görə təqdirəlayiqdir ki, Azərbaycan nümayəndələri növbəti dəfə bu dövlətlə işləyirlər. Eyni zamanda da bu səfərlər Dağlıq Qarabağ Respublikasının beynəlxalq səviyyədə tanınması üçün gözəl şərait yaradır».

Bunlar Dağlıq Qarabağdakı rejimin iyulun 7-də yayılan məlumatında iddiaları idi.

Millət vəkili Həvva Məmmədova isə ona Qarabağa səfərə getmək təklif olunmadığını bildirir. Millət vəkili qeyd edir ki, gələn səfərlərdə dəvət alsa, mütləq ora gedəcək.

Səfərdə iştirak etmiş millət vəkili Asim Mollazadə isə nümayəndə heyətinin tərkibinin dəyişdirilməsindən xəbəri olmadığını bildirdi. O deyir ki, səfərin marşrutu barədə erməni tərəfinin narazılığını eşidib. Onlar Xankəndinə Azərbaycandan getmələrinə etiraz edirlərmiş. Amma sonradan bu məsələ həll olunub və nümayəndələr Xankəndinə Tərtər rayonundan giriblər.
XS
SM
MD
LG