Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:14

Obama Medvedevi Putindən üstün tutur


Obamanın Medvedevlə görüşü, Moskva, 7 iyul 2009
Obamanın Medvedevlə görüşü, Moskva, 7 iyul 2009
ABŞ mətbuatı prezident Barak Obamanın Rusiyaya son səfərini təhlil etməkdə davam edir. Bu mövzunu işıqlandıran «Vaşinqton Post» iyulun 9-da Ann Applebaumun «Obama Medvedevi Putindən irəli qoyur» başlıqlı məqaləsini dərc edib.

OBAMA PUTİNLƏ «NƏVAZİŞ GÖRÜŞÜ» ÜÇÜN CƏMİ BİR-İKİ SAAT VAXT AYIRIB

Müəllif məqaləni onunla başlayır ki, Obamanın Rusiyaya səfərində ən çox diqqəti cəlb edən nə nüvə razılaşması, nə orada edilən çıxışlar, nə də Mişel Obamaya rusların o qədər də diqqət verməməsi olub. Əsas odur ki, səfər ərzində Barak Obama vaxtının çoxunu Dmitri Medvedevlə müzakirələrdə keçirərək baş nazir Putinlə «nəvaziş görüşü» üçün cəmi bir-iki saat vaxt ayırıb.

Müəllif yazır ki, istənilən digər ölkəyə səfər edəndə normal etiket budur ki, dövlət başçıları öz həmkarları ilə daha çox vaxt keçirirlər. İstisna o ölkələr üçün edilir ki, orada dövlət başçıları əllərində səlahiyyətləri olmayan monarxlar, yaxud digər nominal vəzifə daşıyıcılarıdır. Belə olan halda prezident həmin simvolik dövlət başçıları ilə nəzakət xatirinə qısamüddətli görüş keçirərək yerdə qalan vaxtı baş nazir, ya da kanslerlə görüşə sərf edir. Müəllif yazır ki, sonuncu variant Rusiyada seçilsəydi, gərək ki, ABŞ prezidenti daha çox Rusiyanın baş naziri Vladimir Putinlə görüşəydi, nəinki prezident Medvedevə vaxt sərf edəydi.

Müəllif yazır ki, Medvedev prezident olsa da və Rusiya konstitusiyası ona geniş səlahiyyətlər versə də, «ötən ilin köklü şəkildə saxtalaşdırılmış seçkilərindən sonra (bundan əvvəl Putin onu seçmişdi, sonra isə seçki kampaniyası parodiyası təşkil etmişdi), tam aydın idi ki, Rusiya prezidenti heç nəyi idarə etmir». Ötən ilin avqustunda Gürcüstana təcavüz ediləndə televiziyaya Medvedev deyil, Putin çıxmışdı və səhnəarxası danışıqları da o özü aparırdı. Ukraynada da qaz böhranı olanda Rusiyanın adından danışan şəxs Medvedev deyil, Putin idi. Müəllif yazır ki, bir neçə ay əvvəl Medvedev və Putinlə rəsmi görüş keçirən bir nəfər ona deyib ki, Rusiyanın hər iki dövlət xadiminin iştirak etdiyi həmin görüşdə əsasən Putin danışırdı, Medvedev isə kağızda qeydlər aparırdı.

Son aylar Medvedevin Putinlə müqayisədə daha həssas siyasi fiqur rolu oynamağa cəhd etdiyini yazan müəllif qeyd edir ki, «Medvedev ölkədə mövcudluğunu qorumuş son müxalif qəzetə müsahibə verib, demokratiya və seçki islahatları haqqında xoş sözlər söyləyib, hətta xarici dövlət başçıları ilə çəkdirdiyi şəkillərdə gülümsəyib də». Lakin müəllif onu da qeyd edir ki, bütün bu addımlar Rusiyanın siyasətində hər hansı bir dəyişikliklə nəticələnməyib.

PUTİN QƏZƏBLİDİR

Müəllif yazır ki, belə bir şəraitdə Putinlə yox, Medvedevlə danışmaq qərarı cəsarətli qərar idi, çünki səlahiyyətsiz adamla danışıqlarda çox şey əldə etmək olmaz. Lakin müəllifin fikrincə Obamanın bu addımı soyuq hesablama əsasında atılıb. Belə ki, Vladimir Putin son zamanlar elə bir şikayətçi mövqe tutub ki, onunla nə cür xoş davranılmasından asılı olmayaraq güzəştsiz xətt yeridir.

Belə bir şəraitdə Putinlə əsas problemləri əhatə edən konstruktiv söhbəti onsuz da aparmaq mümkün olmayacaqdı. «Putin onsuz da Gürcüstan sərhədlərindəki hərbi manevrlərdən danışmayacaqdı, Medvedev də onsuz da bu məsələ barədə heç nə edə bilmir. Bu səbəbdən Obama administrasiyası belə hesab edib ki, bu məsələni müzakirə etməyin xeyri yoxdur. Əvəzində daha az ziddiyyət doğuran məsələlər – nüvə silahlarının ixtisarı (əsasən bu onsuz da baş verəcək bir prosesdir) və Əfqanıstanda vuruşan ABŞ qoşunları üçün Rusiya üzərindən uçmaq hüquqları (gözəl, lakin o qədər də vacib olmayan bir məsələ) müzakirə olundu ki, bu məsələləri də Medvedev də həll edə bilər».

Müəllif yazır ki, işlərin bu cür qurulmasının müsbət tərəfi odur ki, Medvedev gücləndirilir, hərçənd ki, buna da ümidlər o qədər çox deyil. Məsələnin mənfi tərəfi odur ki, bu cür görüş formatı Rusiyada əsas güc sahibi Vladimir Putini qəzəbləndirə bilər, «Putin onsuz da ABŞ prezidentinin onunla nə cür yumşaq danışmasından asılı olmayaraq, qəzəblidir və bu səbəbdən də bu narahatlıq əsassız görünür».
XS
SM
MD
LG