Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

«Tanrılar» sözünə görə kitabımın çapına icazə vermədilər»


Məhəmməd Rza Ləvai
İran azərbaycanlısı, şair, yazıçı, jurnalist və tənqidçi Məhəmməd Rza Ləvainin idiyədək onlarla şeir, roman və ədəbi tənqid kitabları çap olunub. Bunlardan «Dərinliyimdir dəniz», «Terror və Azadlıq», «Gözlərin doğum günüm», «Günəş səsindir batır», «Gəlirəm mənə inan» (şeirlər toplusu), həmçinin «Arbatan», «Sonra ürəyimi ona verdim» (roman və hekayələr toplusu) və bir neçə ədəbi tənqid kitabının adını çəkmək olar. «Azadlıq» radiosu İran Azərbaycanında ədəbiyyatın durumu, yazarların problemləri və yeni nəsilin Azərbaycan ədəbiyyatı ilə bağlı münasibəti barədə Ləvaidən müsahibə götürüb.

- Ləvai bəy, İran Azərbaycanında ədəbiyyatın hazırkı durumu necədir?

- Burada şeir çox yaxşı inkişaf edir. Şairlər də bir neçə dillə tanış olduğu üçün yaxşı inkişaf edirlər. İran Azərbaycanında xüsusilə modern və sərbəst üslubda yazılmış şeirlər daha çox bəyənilir. Modernizmə böyük həvəs var, yeni məktəblər və üslublar yaranır. Burada ədəbiyyat klassik və ənənəvi mühitdən ayrılıb və buna görə də ədəbiyyatın gələcəyinə böyük ümidlər var.

- Bəs əsərlərinin çapı üçün şərait necədir?

- Çox problemlər və maneələr var. Kitabın çap olunması üçün Mədəniyyət Nazirliyinin icazəsi lazımdır. Bir çox mövzular və ifadələr var ki, Mədəniyyət Nazirliyi ona qadağa qoyur. Yəni bir kitab çap olunanda əmin olun ki, hamısı çap olunmur, bir sıra şeirlər, mətnlər silinir (senzuraya məruz qalır). Bəzən də kibatın özünə çap icazəsi verilmir. Məsələn, mənim «Gözlərin doğum günüm» kitabımın çapına icazə vermədilər. Mən də dedim ki, hər nə etsələr də çap edəcəyəm, çünki, gördüm ki, kitabı onların dediyi kimi çap etsəm, daha kitab olmayacaq. Bəzən sözlərə həssas olurlar. Məsələn, mənim bir kitabımda «Allah birdir» deyə, «tanrılar» sözünə irad tutmuşdular. Mən onlara başa sala bilmədim ki, «tanrılar» sözü mifik bir ifadədir.

- Maliyyə məsələsini necə həll edirsiniz?

- İranın kitab bazarında ümumiyyətlə kasadlıq var, yəni kitab satışının vəziyyəti qənaətbəxş deyil. Yazıçı-şairlər əsərlərinin çap xərcini özləri ödəyir, lakin ödədiyi pul kitabın satışı ilə qayıtmır. Səbəblər çoxdur, məsələn, İran Azərbaycanında şair-yazarların oxucuları da özləri kimi yoxsuldurlar. Başqaları ilə müqayisədə, mənim vəziyyətim hələ yaxşıdır. «Gözlərin doğum günüm» kitabım 9000 tirajla satıldı, yaxud «Arbatan» romanım 6000 sayda satılıb. Bu, mənim özümə, hətta, Mədəniyyət Nazirliyinə də təəccüblüdür. Nazirlik məni çağırıb deyir ki, necə olur ki, sizin kitablarınız satılır, amma Tehranın özündə bir kitab 2000 tirajla satılmır.

- Ləvai bəy, yeni nəsil Azərbaycan dilini qavraya bilirmi?

- Brada nəsr və mətni qavramaqda çətinlik çəkirlər, lakin şeir dilini yaxşı başa düşürlər. Bir az qramatika ilə bağlı problemlər yaşanır. Bakı Təbrizin şeirini məncə mütləq oxumalıdır. Burada çox gizli üslublar və formalar var ki, hələ açıqlanmayıb. Biz əlaqələrimizi daha yaxınlaşdırmalıyıq və təcrübələrimizi bölüşməliyik.

- Sizdə xalq şeir yaxud nəsr əsərlərini yazmağa iş kimi baxır yoxsa?

- Burada baxışlar fərqlidir. Uzağa getməyək, Mədəniyyət Nazirliyinə kitablarımın çapı üçün müraciət edəndə məndən soruşurlar ki, «nə işlə məşğulsan?». Demək istəyirəm ki, Mədəniyyət Nazirliyinin özü şairliyi və yazıçılığı bir iş kimi qəbul etmir. Modern dünyada şairlik və yazıçılıq işdir. Xalqa deyirəm «şairəm», soruşurlar bəs yaxşı, de görək işin nədir? Mən özüm incəsənətə profesional baxıram. Bir zaman qəzetdə də çalışırdım (Təbrizdə yayılan «Şəms Təbrizi» qəzetinə nəzərdə tutur), hakimiyyət bizi bəyənmədi və qəzetimizi bağladı. İndi sırf ədəbiyyatla məşğulam və dünya ədəbiyyatını izləyib, oxuyuram.

- Hazırda hansı əsərlər üzərində işləyirsiz və çap üçün yeni nəyiniz var?


- «Qəzzədə Xocalı» adlı kitabım var, məqalələr toplusudur. «Qırxım çıxdı» «Gəlmədin» adlı digər əsərimi, «Arbatan» romanının ardı kimi hazırlamışam. Bir də, iki şeir toplusu hazırlamışam, amma hələ ad qoymamışam. Həmçinin 850 səhifədən ibarət ədəbi tənqid üzrə kitab hazırlamışam.
XS
SM
MD
LG