Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:26

«O fikri mən deyəndə Azərbaycanı üstümə qaldırdılar...»


Əkrəm Əylisli
Əkrəm Əylisli
Xalq yazıçısı, millət vəkili Əkrəm Əylisli bu həftə «İşdən sonra»nın qonağı olub. Onunla söhbətimiz Qarabağ müharibəsi, prezidentin verdiyi son açıqlamalar ətrafında oldu.

«Faciəmiz ondadır ki, o torpaqları mənəvi ərazilərə çevirə bilmədik»

- Torpaq təkcə coğrafi ərazi deyil, mənəvi əraziyə çevriləndə də insan ordan çıxa bilmir. Bizim bəlkə də faciəmiz ondaydı ki, yaşadığımız torpaqları mənəvi ərazimizə çevirə bilməmişdik. Güllə atan kimi qaçanlar oldu. Bu sözümə görə yəqin məndən inciyənlər də olacaq. Amma oturub mənəvi ərazini qorumaq insanın daha böyük ehtiyacıdır, nəinki coğrafi ərazini.

… Qarabağla bağlı fikirlərimi bəlkə iyirmi ildir ki, deyirəm. 1989-cu ildə Moskvada çıxan jurnallarda söyləmişdim ki, bu müharibəyə getmək lazım deyil, xalqlar arasındakı ədavəti aradan qaldırmaq lazımdır, gec-tez bu iki xalq onsuz da yanaşı yaşamalıdır. Buna görə də mənəvi terrorla üzləşdim. İndi də məndə belə təəssürat var ki, o vaxt müdrik siyasət aparılsaydı, Dağlıq Qarabağ erməniləri bizdən bu dərəcədə üz çevirməzdilər.

- İndiki siyasət necə müdrik siyasətdirmi? İlham Əliyev bir neçə gün öncə münaqişənin həlliylə bağlı bəzi təklifləri açıqladı…

- Bu təkliflərlə bilirsiz nə vaxt razılaşa bilərəm… Axı bu ədavət nə vaxta kim uzanacaq? Beş rayonun beş rayon əhli var. Zaman keçdikcə, o rayon yeni nəslin yadından çıxır. Zaman bizim xeyrimizə işləmir. O rayonlara hələ ki insanların qayıtmaq ehtiyacı varsa, şərait yaratmaq lazımdır.

«İstəyirəm qapı açılsın, hava gəlsin»

- Azərbaycanda bəzi politoloqlar deyirlər ki, İlham Əliyevin danışıqlarla bağlı verdiyi açıqlamalar yarımçıqdır, təklifləri bütöv şəkildə açıqlasın. Siz bir millət vəkili, yazıçı kimi nə deyirsiz?

- Mən şərtləri çox xırdalamaq istəmirəm. Ola bilsin mənim deyəcəklərim siyasətçilərin, xüsusən də patriot siyasətçilərin xoşuna gəlməsin. Mənə məlumdur ki, heç bir böyük dövlət - istər Amerika olsun, ya Fransa, ya da İngiltərə - Qafqazda militarist ovqatlı dövləti qəbul etməyəcək. Biz bu ovqatı hərdənbir nümayiş etdirəndə, mən sıxıntı keçirərəm. Biz üç böyük Qafqaz dövləti vahid ailədə yaşaya bilməsək heç birimizin həyatı müsbət yöndə dəyişməyəcək, demokratiya özü də müdhiş sıxıntılar içində qalacaq. Biri deyəndə ki, münaqişə müharibə yolu ilə həll olunmalıdır, bu adamlara əl çalırlar. Amma deyəndə ki, sülh yolunu seçək, cavabında üz-gözlərini qırışdırır, bir az da keçəndən sonra söyürlər. Demokratik dövlət odur ki, münaqişəni müharibəylə həll edək deyənin də eyni hüququ olsun, mənim də.

- Amma bu gün Azərbaycan cəmiyyətində hər iki fikir də səslənir. Məsələn, deputat həmkarınız Asim Mollazadə radiomuza dedi ki, ən pis sülh müharibədən yaxşıdır.

- O fikri Milli Məclisdə bir dəfə dedim, bütün Azərbaycanı üstümə qaldırdılar, qəzetlər satqın elan etdilər. İndi hava bir az dəyişib. Məşhur bir fikir var: «Müharibədə bir tərəf qazanır, sülh şəraitində hər iki tərəf». Sabiri xatırlayın, əsrin əvvəlində bu haqq-hesab başlayanda «Beynəlmiləl» şerini yazmışdı. Mənim bu dediklərim söz yox ki, deputat münasibətindən çox yazıçı münasibətidir. Mən istərdim xalqlar dost olsunlar, yanaşı yaşasınlar. Çürük söhbətlər, məsələn, o bizim musiqimizi oğurladı, ya nə bilim nə kimi fikirlər aradan qalxsın. Mənəvi sferada bir aydınlıq yaransın, qapı açılsın, hava gəlsin.

«İnsandan qıraqda torpağın nə qiyməti var?»

- Dinləyici soruşur ki, insanmı qiymətlidir, torpaqmı? Bu suala vətəndaş Əylisli nə cavab verər, insan Əylisli nə?

- Əlbəttə insan qiymətlidir. Torpaq da insanla bir yerdə qiymətlidir. İnsan olmayan torpağın nə qiyməti var? Mən həmişə Naxçıvana gedəndə Arazboyu bizim kəndlərə baxıram. O kəndlər bomboş, bərbad gündədir, yay vaxtı adamın ürəyi sızıldayır, ağaclar quruyub… Arzu edərdim ki, bir də o yoldan keçəndə, o kəndlərdə uşaqların qaçdığını görəydim. Ocaq tüstüsü, soba tüstüsü, samovar tüstüsü görəydim. İnsandan qıraqda torpağın nə qiyməti var? İnsan olan yerdə, insan onu abad edən yerdə torpaq gözəldir.

- Bu yazıçı Əkəm Əylislinin yanaşmasıdır yəqin.

- Mənim iki vətənim var. Biri Azərbaycandır, biri ədəbiyyat. Yazıçının vətəni çoxmillətlidir, beynəlmiləl vətəndir. Mənim vətənimdə Tolstoy var, rusdur, Folkner var, amerikalıdır. Mən vətənimdə sərhəd görmürəm. Görəndə də başa düşürəm ki, yazıçılıq burda bitir, tam deputatlığa köklənməliyəm.

«Erməni yazıçı tanıyıram ki, Azərbaycanı möhkəm sevir»

- Yazıçı Əkrəm Əylisliyə deputat Əkrəm Əylisli mane olurmu?

- Əvvəla, məndən aktiv deputat kimi istifadə olunmur.

- Sizdən istifadə etməliydilər ki?

- İstifadə deyəndə ki… O işləri ki mən görə bilərəm onu məndən heç soruşan da yoxdur.

- Hansı işlərdi onlar?

- Lap elə münaqişələrin həllində insanlarla münasibət yaratmaq. Bunun üçün dövlət də şərait yarada bilərdi. Ermənistanda adamlar tanıyıram ki, Azərbaycan əsgərinin ölümü erməni əsgərinin ölümü qədər əzabdır ona. Bəlkə kimsə inanmayacaq, deyəcək, erməni bicliyidir, amma inanın mənə. Bu son illərdə mənəvi mühitimizi o qədər sıxışdırdıq, möhtəkirləşdirdik ki, mənəvi dünyamızı dağıtmağa başladıq. İndi inanmırıq ki, hər hansı erməni Azərbaycanın xoşbəxtliyini istəyə bilər. Erməni yazıçı tanıyıram ki, Azərbaycanı möhkəm sevir, onun torpağına vurğundur. Mənə belə gəlir ki, Dağlıq Qarabağ münaqişəsi bizim mənəvi dünyamıza çox böyük zərbə vurub, yoxsulluq yaradıb. Ona görə bu münaqişə gec-tez həll olunmalıdır.

- Sizin bir fikriniz də var: Qarabağ problemi qaldıqca, nə Azərbaycanda, nə də Ermənistanda demokratiya olacaq. Yaxınlarda münaqişənin həllində irəliləyiş olarsa, sizcə, Azərbaycanda demokratik islahatlar sürətlənəcəkmi?..

- İnanın ki, buna şübhəm yoxdur. Tutaq ki, demokrat azərbaycanlı bir həmfikirini Ermənistanda tapacaq, bir erməni demokrat isə Azərbaycanda və ya Gürcüstanda tapacaq. Bir millət özünə qapanıb demokratiyanı inkişaf etdirə bilməz.

«Dağlıq Qarabağ məsələsi şeytan kimi girdi meydana»

- Ziyalılarla Yerevana getmək istərdizmi? Məsələn, deputat həmkarınız Asim Mollazadə işğal olunmuş ərazilərdə və Yerevanda oldu.

- Asimlə olmasa da, başqalarıyla gedərdim (gülür). Niyə getmirdim. Gedərdim, onların ovqatını öyrənərdim. Beş-üç yazıçıyla, tanışla danışardım, birgə fikirləşərdik ki, neyləyək? İki xalqın ikisi də təzyiq altındadır. Bu Dağlıq Qarabağ məsələsi şeytan kimi girdi meydana, insanların ruhunda xoş niyyət əvəzinə bəd niyyət yaratdı. Dağlıq Qarabağ məsələsi iqtisadi, siyasi, coğrafi məsələdən əlavə böyük mənəviyyat məsələsidir. Bu münaqişənin Azərbaycanın, Ermənistanın mənəviyyatına vurduğu zərbəni hələ çox sonralar təmizləyə biləcəyik. İnsan o zalımlıqda ola bilməzdi. İnsanı şeytan cildində gördüm… Bizdə ideologiya olduqca miskin vəziyyətdədir.

«Hakimiyyət də parıltıya qaçır…»

… Mənim çox xoşuma gəlir, Bakıda evlərin daşını sürtürlər, gözəlləşdirirlər. Amma məncə, bunu az sonra eləmək lazım idi, əvvəlcə evlərin içərisini, içəridəki insanın həyatını, məişətindəki çətinlikləri düzəldib, sonra daşları sürtmək lazım idi.

- Necə deyərlər əvvəl evin içi, sonra çölü…

- O ev insana bir saat xoş gələcək, 23 saat isə evin içində yaşamalıdır axı. Məsələ bundadır ki, xalq olaraq biz parıltıya meylliyik.

- Amma Əkrəm müəllim, həmin dəyişikliyi aparan Azərbaycan hakimiyyətidir axı. Demək ki, hakimiyyət özü də parıltıya qaçır.


- Qaçır… Heyf ki, qaçır...

«Mən mübarizəmi harda aparmalıyam bilmirəm»

- Əkrəm müəllim dinləyici soruşur ki, demokratiya ildən-ilə boğulur. Niyə səsinizi qaldırmırsız?

- Faktiki olaraq mən mübarizəmi harda aparmalıyam bunu bilmirəm… Yazıçı olaraq mən mübarizəmi əsərlərimdə aparmalıyam yəqin ki. O əsərləri də yazıram.

- Amma son illər yazmırsız, ya da çap etdirmirsiz. Məsələn, «Daş yuxular»ı tamamlamısız, nədənsə nəşr etdirmirsiz.

- Hələ ki, çap etdirməyə tələsmirəm.

- Mətbuatdan oxuduğum qədər Azərbaycanda son illər cərəyan edən hadisələrlə bağlıdır.

- Çox ciddi surətdə bağlıdır... Mən bu arada ikinci əsər də yazmışam - «Möhtəşəm tıxac». O əsərimdə də mən zamanı yazmışam. Qəribədir ki, yaşımın bu vaxtında mən çap olunmaqdan çox, yazmağa tələsirəm. Görünür, ürək hiss edir ki, haradasa qırılacaq...

- Əgər əsərlərinizlə mübarizə aparacaqdınızsa, niyə deputat seçildiz?

- Namizədliyimi verəndə bir cavan oğlan dedi ki, Əkəm müəllim, böyük yazıçısız, gedin yazıçılıqla məşğul olun, yəni qoyun biz deputat olaq. Cavab verdim ki, bilsəm mənim yerimə səni seçəcəklər, and olsun bu gün gedərəm… Bu cür oğlanlara deyirəm ki, növbəti seçkilərə möhkəm hazırlaşın. 2010-cu ildə namizədliyimi verməyəcəm. Etiraf edim ki, parlamentdə başa düşdüm ki, mənim sənətim yazıçılıqdır.

- Və dinləyicidən son sual, nədən qorxursuz?

- Gözü yaşlı ananı, ərini itirən gəlini, balası ağlayan atanı görməkdən qorxuram.

- Bəs haqqı tapdanan vətəndaşı görməkdən qorxmursuz?

- Onda mən içimdə ağlayıram.

- Tez-tezmi ağlayırsız o zaman?

- Görünür, sənətim elə ağlamaqdır. Sarsılıram əzab görəndə. Vaxt gəlsin, bu vətən hamımız üçün sevinc mənbəyi olsun, bizə çox mehriban, əziz olsun.
XS
SM
MD
LG