Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:03

Sutəmizləyici qurğular nə tez sıradan çıxdı?


Suyun təmizlənmədən içilməsi müxtəlif xəstəliklərə səbəb olur
Suyun təmizlənmədən içilməsi müxtəlif xəstəliklərə səbəb olur
Kür və Araz çayı boyunca yaşayan əhalinin içməli su ilə təmin olunması üçün 2007-ci ilin ortalarından indiyə qədər quraşdırılan 122 su təmizləyici modul stansiyalardan çoxu artıq işləmir. Bəzi rayonlarda hətta bu qurğulardan kəndlərə çəkilən su kəmərləri çoxdan oğurlanıb, krantlar qırılıb.

ÇİRKLİ SUYU TƏMİZ SUYA ÇEVİRƏN PULLAR

Su təmizləyici qurğuların quraşdırılmasına prezidentin 20 iyun 2007-ci il sərəncamından sonra başlanılıb. İndiyə qədər Kür və Araz çayları boyunca 122 kənddə quraşdırılıb. Bu qurğular ümumilikdə 224 min adamın təmiz suyla tələbatını ödəməyə qadirdir. Həmin modul su təmizləyici stansiyaların quraşdırılmasına büdcədən 15,5 milyon manat vəsait ayrılıb. Bunun 3,4 milyon manatı vergi və digər rüsumlara ödənilib, qalan vəsaitin hamısı sırf qurğuların quraşdırılmasına xərclənib. Bir qurğuya təqribən 99 min manat pul düşür.

HƏDƏF ƏHALİYƏ TƏMİZ SU VERMƏKDİR

Bundan əlavə daha 188 kəndə su təmizləyici stansiyaların quraşdırılması nəzərdə tutulur. Bu 125 min əhalinin təmiz su ilə təminatına hesablanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə deyir bu il 60 kənddə su təmizləyici qurğular quraşdırmağı nəzərdə tuturlar. 2009-cu ilin dövlət büdcəsindən bu məqsədlə 10 milyon manat ayrılıb. Rasim Səttarzadə deyir hədəf Aran rayonlarında və ümumiyyətlə çirkli su mənbələri olan ərazilərdə yaşayan əhalini tamamilə təmiz içməli suyla təmin etməkdir.

ÇİRKAB SULARDA BOĞULAN DÜNYA MARKALARI

Sutəmizləyici qurğuların mənşəyinə gəlincə, Rasim Səttarzadə deyir qurğular Cənubi Koreya, İsrail və Türkiyənin istehsalıdır. İndiyə qədər quraşdırılan qurğuların çoxu isə Cənubi Koreyadan gətirilmiş qurğulardır.

Kürdəmir sakinləri isə bu qurğulardan şikayətçidirlər. Deyirlər ötən il quraşdırılan su təmizləyici qurğular artıq işləmir.
Rayonun Carlı kəndində quraşdırılan qurğu isə cəmi bir-iki ay adamları sevindirib. Kənd sakini Vaqif Bədəlovun (ad şərtidir) sözlərinə görə, o vaxtdan gəlib maraqlanan da yoxdur ki xeyli büdcə vəsaitinə tikilən quruğu niyə işləmir.

OTUZDAN ÇOX QURĞUNUN İNDİ 5-6-SI İŞLƏYİR

Kürqırağı Salyan və Neftçala rayonlarında quraşdırılan 30-dan artıq sutəmizləyici qurğunun indi 5-6-sı işləyə ya işləməyə. Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun sözlərinə görə, külli miqdarda büdcə pulları xərclənsə də, sakinlər yenə də Kürün çirkli suyunu içməkdədirlər. Emil Məmmədovun sözlərinə görə, həmin sutəmizləyici qurğuların bir çoxu elə açılışdan bir-neçə gün sonra xarab olub və ya baxımsızlıqdan yararsız hala düşüb. O bu barədə Azərbaycandakı ekoloji təşkilatlara dəfələrlə etdiyi müraciətə isə cavab verən olmayıb.

SU KRANTLARI İMKANLI VƏ «DAYI»SI OLANLARIN QAPISINA QURULUB

Salyanın Kürqaraqaşlı kənd sakini Vidadi Bayramov deyir onların kəndində 10 gün əvvəl quraşdırılan qurğu hələ ki normal işləyir və gündə iki dəfə səhər –axşam kəndə təmiz su verilir. Onun əsas iradı həmin qurğuların əhalinin tələblərinə uyğun qurulmamasıdır. Belə ki, həmin qurğudan verilən içməli suyu sakinlər kənddə quraşdırılmış bir neçə kratndan götürə bilirlər. Özü də iddia edir ki, həmin krantlar da adamı və yaxşı imkanı olanların qapısı ağzında qurulub.

Vidadi Bayramov deyir o, bu barədə rayon icra hakimiyyətinə dəfələrlə müraciət edib, həmin krantların sayının çoxaldılmasını istəyib, amma nəticə olmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Məhəmmədhüseyn Müslümov adamların bu cür şikayətlərinin əsasız olduğunu deyir.

RAYONLARDAKI SUTƏMİZLƏYİCİ QURĞULAR BAKIDAN İDARƏ OLUNUR. GÖRƏSƏN NİYƏ?

Məhəmmədhüseyn Müslümov sutəmizləyici qurğularla bağlı problemlərin daha çox iki məsələ ilə bağlı olduğunu deyir. Onun sözlərinə görə, bu qurğulara yerlərdə bələdiyyələrə həvalə edilsə də, onların bir çoxu bu qurğulara lazımı nəzarət edə bilmir. Digər bir problem isə regionlarda elektrik enerjisinin fasilələrlə verilməsilə bağlıdır. Departament direktoruna görə, regionlarda bu qurğulara nəzarət edən bələdiyyələrin bu sahədə təcrübəsinin az olması, ümumiyyətlə laqeyd münasibət bəsləməsi o həddə gətirib ki, həmin qurğuların hamısı Bakıdan idarə olunur. Həmin qurğulardakı xırda problemləri aradan qaldırmaq üçün Bakıdan adam göndərilir:

«Hamısına aid eləmək düzgün olmazdı, amma yerli icra hakimiyyətləri də bizə bu sahədə kömək göstərmirlər. Baxmayaraq bu qurğular bələdiyyələrə tapşırılıb, onlar da bilərəkdən problemlər yaradırlar. Misal üçün bulağın hasısa süzgəci tutulubsa məcburuq burdan gedək rayona onu orda düzəldək və geri qayıdaq».

EKOLOQ VƏTƏNDAŞLARI GÜNAHKAR SAYIR

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov məsələdən xəbərdardır, hətta yaxın vaxtlarda həmin qurğuların monitorinqi aparmağı götür-qoy edir. Bir iki rayondakı vəziyyətlə tanışdı. Amma o, qurğuların dağıdılmasının, bir çoxunun artıq işləməməsinin günahını yerli sakinlərdə görür. «Qurğuların necə işləməsi bələdiyyələrdən və yerli camaatdan asılıdır. Bu qurğuları nazirlik qurub əhalinin təmiz suyla təmin olunması üçün, indi əhali özü onları qorumalıdır ki, daima təmiz su içə bilsin».

YEVLAX VƏ BİLƏSUVARDA İÇMƏLİ SUYUN TƏRKİBİ…

İçməli su ilə bağlı regionlarda çox ciddi problemlər var. Suyun təmizlənmədən içilməsi müxtəlif xəstəliklərə səbəb olur. Məhəmmədhüseyn Müslümovun sözlərinə görə, ən ciddi problem Yevlax və Biləsuvar rayonlarındadır. Bu rayonlardan biri içməli suyu Qarabağ, digəri isə Əzizbəyov kanalından götürür ki, həmin kanallarda da suyun çirklənmə səviyyəsi normadan bir neçə dəfə çoxdur. Departament direktorunun dediyinə görə onların apardığı analizlərə görə, adı çəkilən kanallarda 1 litr suda 1 milyondan çox bağırsaq çöpləri bakteriyaları var. Amma buna baxmayaraq həmin qurğulara adı çəkilən rayonlarda laqeyd münasibət var.

PULSUZ KİM SU TƏMİZLƏYƏR?

Araşdırmalarımızdan məlum oldu ki, laqeyd münasibət əslində həmin qurğunu işlədən və ona texniki xidmət göstərənlərə hər hansı maliyyə vəsaitinin ayrılmamasıyla bağlıdır. Misal üçün Kürdəmir rayonu Carlı kənd bələdiyyəsinin sədri Zeynal Məsimov deyir o həmin qurğunu işlətməyi öz qohumuna həvalə eləsə də, maaş verilmədiyi üçün o həmin qurğunu işlətməkdən imtina edib. Zeynal Məsimova görə, şəhər bələdiyyəsindən fərqli olaraq onlar heç özlərini dolandıra bilmirlər, qaldı ki, kiməsə ayda maaş vermək. Bu səbəbdən də bələdiyyə sədri deyir o dəfələrlə məsələ qaldırıb ki, bu qurğuları işlədən adamlara hansısa məbləğdə maaş verilsin ki, onlar həmin qurğuları atıb getməsinlər.

Məhəmmədhüseyn Müslümovun sözlərinə görə, regionlarda quraşdırılan qurğulara nəzarət etmək üçün nazirlik daxilində 20 nəfərdən ibarət qrup fəaliyyət göstərir.
Salyan, Neftçala və Kürdəmir rayonlarında işləməyən qurğulara gəlincə departament direktoru deyir artıq həmin qurğuların hamısı işə salınıb.
XS
SM
MD
LG