Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:49

«Dünyanın ən gözəl ölüsü»


«Bu yaxınlarda yuxuda gördüm. Gördüm ki, divanda oturub söhbətləşirik. Deyir ki, atama görə narahatam. Oğlu ilə bağlı söhbətin üstündə çox dayanmaq istəmədi»
«Bu yaxınlarda yuxuda gördüm. Gördüm ki, divanda oturub söhbətləşirik. Deyir ki, atama görə narahatam. Oğlu ilə bağlı söhbətin üstündə çox dayanmaq istəmədi»
«Onu «morqa» aparanda Markesin «Dünyanın ən gözəl ölüsü»nü xatırladım. Yolboyu o əsəri cümlə-cümlə təkrarlayırdım. Özümdən asılı olmadan. Əsərdə adamlar dənizdən tapılan gözəl ölünün ətrafına yığışırdılar…Elmar da gözəl insanıydı, nəhəng insanıydı, istedadlı jurnalistiydi…»

«Çap evi» mətbəəsinin direktoru Şahbaz Xuduoğlu dostu, «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlə yetirildiyi günü yada salır və onu «dünyanın ən gözəl ölüsü» ilə müqayisə edir. Deyir ki, onun gedişiylə mətbuatda romantika da bitdi, partizanlıq da…

«NƏHƏNG BİR DOSTUMU ƏLİMDƏN ALDILAR»

- Elmarla bağlı ürək sözlərimi hələ tam şəkildə ifadə edə bilməmişəm. Amma ondan ötrü həddən artıq darıxıram. Bu yaxınlarda yuxuda gördüm. Gördüm ki, divanda oturub söhbətləşirik. Deyir ki, atama görə narahatam. Oğlu ilə bağlı söhbətin üstündə çox dayanmaq istəmədi. Guya heç nə olmamış kimi, guya ondan narahat deyilmiş kimi...Soruşuram ki, özün də görmədin, sənə o gecə kim güllə atdı? Deyir ki, mən bilirəm o kimdir, istəyirsən göstərim. Bu anda yanında bir adam peyda oldu, başında da idman papağı. O papağı çıxaran anda mən yuxudan oyandım…Detektiv filmlərdə adətən olur, kiminsə dostunu öldürürlər, o da yaxşı dostdursa, öldürülənin intiqamını alır… Məni də bir hiss gecə-gündüz rahat buraxmır, əlimdən heç nə gəlmir. Sənin nəhəng bir dostunu əlindən aldılar və sən heç nə bacarmırsan…Elmarı «morqa» aparanda Markesin «Dünyanın ən gözəl ölüsü»nü xatırladım. Yolboyu o əsəri cümlə-cümlə təkrarlayırdım. Özümdən asılı olmadan. Əsərdə adamlar dənizdən tapılan gözəl ölünün ətrafına yığışırdılar…Elmar da gözəl insanıydı, nəhəng insanıydı, istedadlı jurnalistiydi…Əsas odur ki, Azərbaycanı sevən, nəsə etmək istəyən insanıydı. Görünür, Elmar Azərbaycan üçün hamımızdan daha çox nəsə etmək istəyirdi və buna görə də onu öldürdülər.

«İNDİ HƏMİN ROMANTİKA YOXDUR»

- O dövr partizanlıq dövrüydı, «Monitor»un çıxdığı vaxtı deyirəm. Elmar jurnalın çapı üçün gecələr mətbəəyə gəlirdi. Səhərə kimi gözləyirdik ki, hücum-filan olmasın. Burda pis niyyət, düşmənçilik ehtirası yox, romantika varıydı. İndi baxırsan həmin romantika yoxdur. Həqiqətən də partizanlıq səviyyəsində buraxılan «Monitor» yoxdur, yəni indi çapını gizlədən, çapında, yayımında xeyli məhdudiyyət olan ikinci jurnal yoxdur. Bu o demək deyil ki, mühit dəyişib. Sadəcə, qorxu var, özünüsenzura var. Qabaq yazarın gözü önünə yaxşı yazı gəlirdisə, indi daha çox evi-ailəsi gəlir. Əlbəttə, bu fikrin formalaşmasına səbəb azad sözü, demokratiyanı təbliğ edən Avropa ölkələrinin, beynəlxalq təşkilatların Elmar Hüseynovun qətlinə göstərdiyi loyal münasibətdir. Bu təşkilatlar Elmarın istintaqının obyektiv aparılmasında, qatillərin tapılmasında israr etsəydi, bu gün Azərbaycan mətbuatı belə amorf vəziyyətə düşməzdi.

«İSTİNTAQIN GEDİŞİ MƏTBUATA TƏHQİRDİR»

- İstintaqın belə ləng, biganə aparılması, Azərbaycan mətbuatına qarşı təhqirdir. Qoy, bu sözlər pafoslu və ya köpüklü sözlər kimi səslənməsin. Bu, təkcə Elmara qarşı təhqir deyil. Necə yəni, aparıcı jurnalistin qətliylə bağlı istintaq qrupu yaradılır. Amma bu istintaq qrupunun rəhbərliyi və ya sıravi üzvü bir dəfə mətbuat konfransı keçirib demir ki, məsələ nə yerdədir. Bax elə bu anda jurnalistin qanını batırırlar…

… Şahbaz Xuduoğlu ilə bu söhbəti iki il əvvəl etmişdik. Amma reportajım istintaqla bağlı olduğu üçün onu olduğu kimi nə efirə, nə də saytımıza verdim. İndisə Elmar Hüseynovun doğum günündə düşündüm ki, bir dostun xatirələrinin bəlkə də yeri var. O dost ki, onun yoxluğu, onun jurnalistikadakı boş qalmış yeri hələ də Şahbaz Xuduoğlunu göynədir…
XS
SM
MD
LG