Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:04

Həmsədrlər: «Ciddi məsələlərin müzakirəsi başlayıb»


Prezidentlər Moskvada, 17 iyul 2009
Prezidentlər Moskvada, 17 iyul 2009
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan iyulun 17-də Moskvada görüşüblər. Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar barədə təəssüratlarını açıqlayıblar:

Metyu Brayza: «Danışıqlar dərin, konkret və ciddi oldu. Mən əlbəttə ki, yeni qərarların qəbul edilməməsindən məyusam. Lakin digər tərəfdən, biz elə mərhələyə çatmışıq ki, çox ciddi və kifayət qədər mürəkkəb məsələlərin müzakirəsi başlayıb».

M.Brayza bildirib ki, prezidentlər ilk dəfə olaraq mürəkkəb məsələləri bu qədər açıq müzakirə edib, fikir mübadiləsi aparıblar:

«Lakin deyə bilmərəm ki, hər şey yaxşıdır və onlar konsensusa gəliblər, yox. Bununla belə, proses davam edir və çox ciddi mərhələdədir».

Yuri Merzlyakov
: «Sankt-Peterburq görüşü ilə müqayisədə prezidentlərin bugünkü görüşündə hansısa uğurun əldə olunması ilə öyünə bilmərik. Bununla belə, bizim fikrimizcə, görüşdə qalan məsələlərlə bağlı nəzərəçarpacaq yaxınlaşma oldu».

Y.Merzlyakov deyir ki, prezidentlərin görüşündə indiyədək toxunulmamış məsələlərin müzakirəsi başlanıb:

«Prezidentlərin də, bizim də təəssüratımız bu oldu ki, qərara gəlmək mümkündür, ona görə də danışıqlar davam etdiriləcək».

Diplomat bildirib ki, amerikalı həmkarı Metyu Brayza avqustda regiona səfər etmək niyyətindədir. Sentyabrın əvvəllərində fransalı həmsədr Bernar Fasyenin, sentyabrın sonunda isə həmsədrlərin regiona birgə səfəri nəzərdə tutulur:

«Bu səfərlərin nəticəsi olaraq oktyabrda yeni görüş təşkil etmək istəyirik».

Y.Merzlyakov Moskva görüşündə separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda iştirakı məsələsinin müzakirə olunmadığını deyib:

«Biz ancaq gündəlikdə olan məsələləri müzakirə etdik ki, bu da baza prinsipləri ilə bağlıdır. Dağlıq Qarabağın danışıqlarda iştirakı isə bugünkü görüşün ümumiyyətlə, gündəliyində olmayıb. Biz hesab edirik ki, Dağlıq Qarabağ təmsilçilərinin prosesdə iştirakına baza prinsipləri razılaşdırıldıqdan sonrakı mərhələdə baxmaq olar».

Bernar Fasye: «Biz iki il əvvəl təklif etdiyimiz «Madrid prinsipləri» ilə bağlı prezidentlərin razılığına nail olmaq üçün iş aparırıq».

Diplomat deyir ki, ötən müddət ərzində xeyli tərəqqiyə nail olunub, lakin bu, hələlik prezidentlərin razılığa gəlməsi üçün kifayət deyil.

B.Fasye Moskva görüşünün ciddi və konstruktiv diskussiya şəklində keçdiyini qeyd edib:

«Prezidentlər və biz geniş əhatəli məsələləri müzakirə etdik. Prezidentlərə bu müzakirələri qiymətləndirmək üçün vaxt lazımdır. Xoşbəxtlikdən bugünkü danışıqları qiymətləndirməyə imkan verəcək pauza olacaq».

Vasitəçi onu da əlavə edib ki, Moskva görüşü 13 ay ərzində keçirilmiş altıncı görüşdür:

«Bu o deməkdir ki, hər iki prezident çox danışıb. Biz indiyə kimi prezidentlərin mürəkkəb məsələlərlə bağlı bu qədər açıq və birbaşa danışdığını görməmişik. Praqa, Sankt-Peterburq və bu görüş belə deməyə əsas verir ki, «Madrid prinsipləri»ni razılaşdırmaq məqamına yaxınlaşmışıq». /APA/

Qeyd edək ki, İlham Əliyev və Serj Sarkisyanın Moskvada başlamış danışıqları iyulun 18-də Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə davam etdiriləcək.
XS
SM
MD
LG