Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:55

«Heç nəyin əzabını çəkmədən yaşamaq olmaz»


Həmidə Ömərova
Həmidə Ömərova
- İlk növbədə dəvətimizi qəbul etdiyinizə görə təşəkkür edirəm. İşləriniz necə gedir?

- Çox sağ olun, pis getmir. Amma heç cür istirahətə başlaya bilmirəm.

- Sizcə, istirahətə başlamaq çox vacibdir?

- Vacibdir. Çünki istirahət eləmədən işləyəndə insan bezir, yorulur və əziyyətli həyata alışır.

- Bəs həyatı əziyyətli edən nədir?

Həmidə Ömərova
  • 1957-ci ildə Bakıda anadan olub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1979-1993-cü illərdə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında, 1992-1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib. «Azərbaycan kinosunda feminizm», «ABŞ kinosu: 1895-1945-ci illər», «Amerika kino tarixi» kitablarının müəllifidir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kinoşünaslıq» kafedrasının dosentidir. 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında «Retro» kinozalının aparıcısı, 2002-ci ildən «Kinoştrix» verilişinin ssenari müəllifidir. 1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb. 2005-ci ildən Azərbaycanın xalq artistidir.
- Məişət problemləri, yaxın adamların qayğısı, xəstələnməsi və s. (Köks ötürür) O qədər problem var ki. Bir də ki, son zamanlar ən böyük problemim vaxtın çatışmazlığıdır. Mən heç nəyi çatdırmıram və yaşa dolduqca belə bir qənaətə gəlirəm ki, xeyli boş vaxt itirmişəm. Çünki mənə elə gəlir ki, günlər, saatlar, saniyələr qısalıb. Gözünü yumub açırsan gün başa çatır. Dünəndən planlaşdırdığın beş işin bu gün ikisini görürsən hava qaralır. Artıq yatmaq vaxtıdır. Bax belə.

- Evin təmiri də bir tərəfdən. Təmir elətdirirsiniz deyəsən?

- Hə, evin təmiri dəhşətli bir problemdir. Mən o qənaətə gəldim ki, evin təmiri qadın işi deyil.

- Digər tərəfdən Siz, qeyri-hökumət təşkilatı olan Peşəkar Aktyorlar Gildiyasına rəhbərlik edirsiniz. Özünüz yaratdınız onu?

- Əslində, Azərbaycanda 1980-ci illərin əvvəlində Rasim Balayevlə mənim kurs yoldaşım Vəliəhd Vəliyev yaratmışdılar belə bir təşkilat. Amma maddi çatışmazlıq ucbatından onlar fəaliyyətlərini dondurdular. Neçə illərdir biz çalışırdıq ki, sırf aktyorların hüquqlarını qoruyan bir təşkilatımız olsun. Nəhayət, 3 il əvvəl belə bir təşkilat yaratdıq. Amma bizə dünya kinoaktyorlar gildiyalarına çıxış imkanı yaradan, Azərbaycana gələn kinematoqrafçıların çəkilişlərə başqalarını yox, yerli aktyorları dəvət etmələrinə şərait yaradan saytımız yox idi. Bu bizim ən böyük arzumuz idi və təşkilatın yaranmasına da bu istək səbəb olmuşdu. 3 il idi hara və kimə müraciət edirdik nəticəsi olmurdu. Sağ olsun dövlət başçısı ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını yaratdı. Biz həmin şuraya sayt haqqında layihəmizi təqdim etdik, layihə qalib gəldi. İndi biz həmin saytı yaratmaq üçün hazırlıq işləri görürük.

- Məsələn, nə edirsiniz?

- Bütün şəhər və rayonlara, əlaqədar təşkilatlara gedib aktyorların şəkillərini çəkirik, barələrində məlumatlar toplayırıq sayta yerləşdirmək üçün. Yəqin ki, oktyabrın sonunadək belə bir sayt yaradılacaq.

- Deməli o çatışmayan vaxtın içinə bu işi də yerləşdirməli olacaqsınız?

- Hə, elədir. Düzdü çox çətindir, amma nə etməli.

- Aprel ayında Bakıda anadan olmusunuz?

- Hə, aprelin 25-də. Krupskaya xəstəxanasında, 2-ci mərtəbə, soldan 2-ci qapı…. Zarafat edirəm a. Bir dəfə bir jurnalistə belə demişdim, o, da hamısını götürüb yazmışdı (Gülür). Anadan olan körpə necə bilər ki, hansı otaqda neçənci mərtəbədə dünyaya göz açıb.

- Yox, narahat olmayın, bizim vaxtımız çox olmadığı üçün həmin xəstəxananın 2-ci mərtəbəsində ləngiməyəcəyik. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna necə gedib çıxdınız?


- Təsadüfən. Əslində, mən heç məktəbi bitirənədək kim olacağımı dəqiqləşdirməmişdim. Amma anam çox istəyirdi ki, həkim olum. Mən də əlaçı idim. Tibb institutuna hazırlaşırdım. Fikirləşirdim ki, bütün qiymətlərim «əla» olsa, bir əsas imtahan verməklə daxil olaram, bu, asandı. Ancaq elə oldu ki, 10-cu sinifdə yazılı imtahandan bir 4 aldım. O 4-ə görə də fikrimi dəyişib getdim filologiyaya. İmtahan verib daxil oldum. 1 il oxudum da. Bir dəfə televizorda rəhmətlik Həsən Seyidbəyli çıxış edirdi. Dedi ki, Azərbaycan kino tarixində ilk dəfədir ki, Moskvada – Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda azərbaycanlı aktyorlar üçün 15 yer ayrılıb. O institutda oxumaq istəyənlər sənədlərini Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasına verə bilərlər. Buradakı qəbul imtahanlarını da bizim gələcək müəllimlərimiz – SSRİ xalq artisti, dövlət mükafatı laureatı, tanınmış rejissor və aktyor Yevgeni Semyonoviç Matveyev və digərləri götürürdülər. Mən də sənədlərimi aparıb verdim və daxil oldum. Anam inanmırdı ki, mən bu instituta daxil olaram. Üç gün üç gecə evdə qırğın oldu. O vaxt valideynlər istəmirdilər ki, övladları Moskvada və məhz aktyorluq üzrə təhsil alsınlar. Xüsusilə də qızların valideynləri. Çünki sənəd verənlərin böyük əksəriyyəti oğlanlar idi. Mənsə ora sənədlərimi bunu çox istədiyim üçün verməmişdim. Sadəcə, mən hiss edirdim ki, universitetdə öz yerimdə deyiləm. Elə bil ki, dəyişmək istəyirdim. Bir də ki, mənim anamın xasiyyəti çox sərt olub. Mən o daimi rejimdən, təzyiqdən çıxmaq istəyirdim, qopmaq istəyirdim.

- Moskvada necə keçdi, uyğunlaşa bilirdiniz?

- Orada hamı özü üçün idi. Məsələn Matveyev etüd quranda tələbələr çalışırdılar ki, özlərinə güclü tərəf müqabili seçsinlər. Mənsə humanitar fənlərdən əlaçı olsam da, çox utancaq idim. Hətta Matveyev deyirdi ki, bu qıza söz deyirsən yanaqları qızarır. Bundan aktrisa olmaz. 3-cü kursda 4 diplom tamaşası hazırlamalı idik. Rolların siyahısı oxunanda gördüm ki, hər qıza 2-3 tamaşada baş obraz verilib, amma mənim adım çəkilmir. Qəhər boğurdu məni, çalışırdım heç kim hiss eləməsin. Adım sonda çəkildi. Şekspirin «İki veronalı» tamaşasında qulluqçu qız - Luçetta obrazını vermişdilər mənə. Çox qəhərləndim və elə oradaca özümə söz verdim ki, aləm dağılsa, yerlə göy birləşsə də, mən aktrisa olacam. Ondan sonra bütün tamaşaların məşqlərində gedib otururdum. Müəllimlər nə deyirdi yazırdım. Elə oldu ki, diploma bir həftə qalmış bizdə bir qız xəstələndi. Matveyev başını itirmişdi. Bilmirdi rolu kimə tapşırsın. Müəlliməmiz Lyudmila Çerkova dedi ki, «Həmidə bütün günü məşqlərdə nəsə yazırdı. Mənə elə gəlir ki, o qız o rolu əzbər bilir». Beləliklə, Molyerin «Zorən təbib»ində baş rolu – Lüsindanı mənə verdilər. Beləliklə müxtəlif səbəblərdən 3 diplom tamaşasında mən əsas rollara məsləhət görüldüm. Və yeganə olaraq fərqlənmə diplomu aldım. Yəni mən sübut elədim ki, insan çox istəyəndə məqsədinə çata bilər.

- Sənətdə uğurlar var, bəs həyatdakı uğurlar necə, tərəzinin digər gözünə qoyulacaq qədər oldu, ya yox?

- Mənim sənətdə bəxtim çox gətirib. Hər barədə. Düzdür, 1993-cü ildə kinostudiyamız başqa sahələrdə olduğu kimi böhrana uğradı və mən digər sənətkarlar kimi yaradıcılıq illərimi itirdim. Bəlkə də mən daha çox itirdim. Çünki özümü daha çox sübut etmək imkanında olduğum vaxt kinomuz olmadı. Əlbəttə ki, bu, yaradıcılıqda mənə böyük bir zərbə idi. O ki, qaldı şəxsi həyatıma, məhz həmin ildə - aktrisa kimi işsiz qalanda, fasilədən istifadə edib ailə həyatı qurdum. Baxmayaraq ki, həmin vaxt Kinematoqrafçılar ittifaqında yaradıcılıq şöbəsinin müdiri, «Retro» kinozalının aparıcısı, İncəsənət Universitetinin müəllimi idim. İndi düşünürəm ki, elə bir fasilə olmasaydı, mən necə ailə həyatı qura bilərdim. Çünki ildə 3-4 filmə çəkilirdim. Şəxsi həyat qurmaq mümkün deyildi. Fasilə yarandı və 1993-cü ildə ailə qurdum, 1994-də oğlum dünyaya gəldi. Həmişə deyirəm ki, qurban olum Allahıma, yəqin bu da bir nemət idi verdi, həyatımı oğluma həsr elədim. O vaxtlar müsahibələrimdə də həvəslə deyirdim ki, daha mənim həyatımın mənası oğlumdur, ən böyük rolum ana roludur, amma yox, sənətkar elə sənətdə ölməlidir.

- Siz bizə müsahibəyə gələndə redaksiyada kimdən soruşdum ki, «Həmidə Ömərova barədə əlavə nə bilirsən», dedi o, çox gözəldir. Bax o fasilə yarandı və Siz ailə qurdunuz. Seçimi necə etdiniz bəs?

- İranda filmə çəkilirdim. Bizə qulluq edən xanım dedi ki, sənin neçə uşağın var? Dedim nə uşaq, mən heç ailəli də deyiləm. Təəccüblə üzümə baxıb dedi ki, bəs sən nə vaxt ailə quracaqsan, uşağın olacaq? Fikirləşdim ki, o, düz deyir. Mən nə vaxt ailə quracam, nə vaxt övladım olacaq? Bakıya qayıdan kimi mütləq ailə quracam. Söz çox təsir eləmişdi. Və Bakıya gələndə 1-2 təklif oldu. Bircə onu deyə bilərəm ki, mən sevib ərə getmişəm və bu qənaətə gəlmişəm ki, təkcə sevgi ilə ailə həyatı qurmazlar (Gülür). Bir dənə ən böyük qazancım o oldu ki, oğlum var.

- Nə gətirdi Sizi bu qənaətə ?

- Ailə həyatıdır da, ailə həyatı. Ən çox sevmədiyim bir mövzu. Amma bir dənə onu deyim ki, ailə həyatım var, vəssalam. Ailəm var, yoldaşım, oğlum, anam… belə.

- Yollarda olmusunuz xeyli, hansı nəqliyyat Sizi daha çox cəlb edir?

- Qatar. Maşın və təyyarə çox yorucudur. Amma qatar, yuxarı qatda uzanırsan, təkərlərin taqqıltısı altında yollara baxırsan, fikirləşirsən, yazırsan. Söhbət edirsən…. Mənimçün qatar çox yaxşıdır.

- Hansı adamlardan xoşunuz gəlmir?

- Təkəbbürlü, özündən razı, paxıl adamlardan. Paxıl adamlardan qorxuram. Çünki paxıllıq insanı ən pis yollara çəkir.

- Çox rastlaşmısınız, deyəsən.

- Yox, təkcə özüm rastlaşmamışam. Elə ətrafımda da görmüşəm ki, paxıllıq insanlara nələr gətirir. Paxıllıq və pul hərisliyi.

- Ssenariləriniz, yazılarınızla tanışam. Qəzetlərdə də əvvəllər rastlaşardım. Amma yemək bişirməyinizdən xəbərim yoxdur. Necə bişirirsiniz?

- Məcburən (Gülür). Mən bişirməliyəm də, ailədir. Anam əvvəllər kömək edirdi. İndi ancaq bütün bu işlər mənim öhdəmdədir. Oğlum da çox yemək xoşlayan oğlandır. Başını yüngül şeylərlə aldatmaq olmur.

- Dərs də deyirsiniz. Maraqlıdır, tələbələrinizdən vurulan olur Sizə?

- Nə vurulmaq, hamısı nəvələrim yaşdadır.

- Nə olsun? Hər halda anlamaq olur da, məsələn biri başqa cür baxır.

- Yox, yox! Elə bir şey görməmişəm, hiss eləməmişəm.

- Bəlkə diqqətsizsiniz?

- Yox. Bilirsiniz, qadın hansı yaşda olursa olsun, həmişə elə şeyi hiss edir.

- Hansı arzunuza çata bilmədiniz?

- Rəhmətlik Ceyhun Mirzəyev sağ olanda …. Bunu heç yerdə deməmişəm. İlk dəfədir deyirəm. O vaxt təsəvvür edin, qaçqınlar barədə komediya yazmışdım. Komik bir obraz. Qaçqın qız idi. Onu özüm oynamaq istəyirdim. Tərəf müqabilim də Ceyhun Mirzəyev idi. Hərdən gedib ona oxuyurdum ssenarini, o, da şaqqanaq çəkib gülürdü. Bilirsiniz. Müharibə illərində həmişə xalqı ruhlandırmaq üçün komediyalar yaradırlar. Bax, o qaçqın qız nə cür əziyyətlərə, əzablara qatlaşır, amma vəziyyətdən çıxmağı bacarır. Möhkəm bir xarakterli obraz idi. Həm də Ceyhunun obrazı mənə çox kömək edirdi ssenaridə. Qismət olmadı. Ceyhun rəhmətə getdi.

- Siz yeni çəkilməyə başlayanda, haqqınızda yazılar gedirdi qəzetlərdə və s. Bunlar Sizi dəyişdirmirdi. Deyirlər belə şeylər adama təsir edir.

- O, insanın xasiyyətinə bağlı olan məsələdir. Mənə elə gəlir ki, mən az dəyişmişəm. Aktyorlar əslində həyatda çox sadə insanlardır. Mən Leyla Bədirbəyli ilə səfərlərdə olmuşam. Həmişə də sadəlik görmüşəm. Ona görə mən də çalışıram özümdən gənc aktrisalarla o cür səmimi olum.

- Nəyi düz eləmədiniz?

- Çox şeyləri düz eləməmişəm. Oğlumu çox ərköyün böyütmüşəm. Hərdən hesab edirəm ki, anam üçün daha çox işlər görə bilərdim. Mən yəqin ömrümün axırınacan anamın haqq sayından çıxa bilməyəcəm. Mən çox istərdim ki, dədə-babalarımızda böyüklərə olan hörmət ki var idi, o, qayıtsın. Çünki indi müasir gənclərdə valideynlərə, böyüklərə, müəllimlərə qarşı tamamilə biganəlik görürəm. Hamısında demirəm, amma var. Düzdür, indiki gənclər daha inamlı, daha məqsədyönlüdülər, mən bunu alqışlayıram. Amma belə şeylərdə diqqətli olsunlar gərək. Mən bu cür münasibətə haqq qazandıra bilmirəm.

- Həmidə xanım, həyatdır da, yaxşısı da var, pisi də. Sizin üçün səfası çox oldu, ya cəfası?

- Mənim hadisəmdə bu, faciədir. Faciə daha çox oldu (Gülür). Amma mən öz faciələrimə Molyersayağı - sarkazmla yanaşmışam. Bir də mən öz çətinliklərimə öyrəşmişəm. Yəqin ki, mən çətinliksiz həyatı qəbul edə bilmərəm. Bir dəfə Finlandiyada oldum. Gördüm gözəl həyatdır, hər şey bol, problem də yox. 4-cü gün elə darıxmışdım Bakı üçün, deyirdim İlahi heç nəyin əzabını çəkmədən yaşamaq olar! Bakıya gələndə, hava limanında az qalırdım torpağı öpəm. Problemsiz də həyat olar?

- Sizin üçün çatışmayan nədir?

- Başa düşülmək. Mən həmişə istəmişəm ki, məni olduğum kimi qəbul etsinlər. Özlərinin düşündükləri, yaxud uydurduqları kimi yox.

- Qəbul olunmusunuz?

- O böyük xoşbəxtlik olardı ki. Yox. Mümkün olan şey deyil.

- Hər halda Siz xoşbəxtsiniz.


- Sizə elə gəlir.

- Tamaşaçılara elə gəlir.

- Qoy tamaşaçılara elə gəlsin. Biz həmişə tamaşaçılar üçün qeyri-adiyik. Halbuki, məndən çox tamaşaçılara yaxın sənət adamı az tapılar. Mən bu yaşıma qədər hələ də ictimai nəqliyyatdan istifadə edirəm. Taksidən çox avtobusu sevirəm. O da mənimçün böyük bir məktəbdir. Əgər imkanım olsa ki, sabah özümə maşın alam, yenə ictimai nəqliyyatdan istifadə edəcəm. Çünki alışmışam. İnsanları müşahidə eləmək bir aktrisa kimi mənim yaradıcılıq bazamı artırır.

- Allaha inanırsınız?

- Bəli, namaz da qılıram anamı itirəndən sonra. Anam sağdır. Amma bir dəfə dayım qızı gilin bağında dincəlirdik. Anam səhər evdən çıxıb qayıtmamışdı. Sonra nə qədər axtardıq tapmadıq. Polisə xəbər verdik. 3 gün tapılmadı. Mən şəhər qonşuma zəng elədim. Namaz qılan cavan bir qadındır. Dedim ki, anam tapılsın namaz qılacam. O da dedi ki, sən Allahla niyə şərt kəsirsən. Namazını qıl da. Mən gəldim şəhərə. 3 il əvvəl - «İmam Əli» filminin dublyajından sonra bizi Məşhəd şəhərinə qonaq dəvət etmişdilər. Orada mənə canamaz bağışlamışdılar. Onu çıxarıb başladım namaz qılmağa. Heç sözlərini də bilmirdim. Surələri harasa yazmışdım. Onu oxuya-oxuya hönkürtü ilə namazımı qıldım. İstəyirsiniz inanın, istəyirsiniz yox, həmin gün mən anamı tapdım, xəstəxanadan. O vaxtdan namaz qılıram.

- Daha nə verdi Sizə namaz?

- Namaz qılandan sonra mənə özünə inam qayıdır. Başqalarına qarşı daha səmimi, açıq oldum. Çox səbirli oldum və mənəvi cəhətdən sakitləşdim. Amma məncə, insan gərək özü gəlib bu məqama çatsın. Başa düşürəm ki, bunu dəbə çevirmək belə düz deyil. Hər bir insanın öz yolu var. O yolun özü gəlməlidir namaza.

- Cansağlığı arzulayıram Sizə.

- Siz daha çox fəlsəfi söhbəti xoşlayırsınız, mən isə daha çox həyati. Həyat özü fəlsəfədir və ən böyük fəlsəfə sadəlikdir. Ən adi anlayışlardır. Ən böyük məhəbbət Allaha məhəbbətdir. Ən böyük hiss sevgidir. Ən böyük səmimiyyət də insanın bir vaxtlar danışa bilmədiyi, hətta özünə etiraf edə bilmədiklərini bir gön özündə cəsarət tapıb etiraf eləməsidir. Mən çox şeylər var ki, bu gün etiraf edə bilmədim. Yəqin ki, ölənədək də etiraf edə bilməyəcəm. Amma əvvəlki müsahibələrimə baxanda, bu gün çox böyük bir tərəqqi getdi məndə (Gülür).

- Hər halda biz də çalışırıq söhbəti həmsöhbətimizin müəyyənləşdirdiyi sərhədlərdən çox da uzaqlaşmadan davam etdirək.

P.S.

- Bir şeyi də deyim, İlqar. Mən həyatda bir sənətkar kimi nəyə nail olmadım? (bu sualı sən mənə vermədin). Hər bir insan (sənətdə) bilir ki, nəyə qadirdir. Məsələn, mən nəyə qadir olduğumu bilirəm. Ona görə həmişə can atmışam sübuta yetirim ki, etdiklərimdən qat-qat artıq potensialım var. Bunu həmişə yalnız müsbət obrazlar yaratmaqla eləmək mümkün deyil. Ona görə də mən istəyirəm ki, bir dənə də xarakter obrazı yaradım. Ümid edirəm ki, heç olmasa, bu yaşımda Allah belə bir obraz qismət edər, oynayaram.

Buna da bax:

XS
SM
MD
LG