Bu fikri «Panorama» verilişində politoloq Leyla Əliyev dedi. Onun fikrincə, həmsədrlərin hazırkı mərhələdə ən ciddi və mürəkkəb məsələləri müzakirə etdiklərini demələri təsadüfi deyil. Leyla Əliyeva düşünür ki, indi əsasən Qarabağın statusunun necə və hansı vaxt müəyyən edilməsi məsələsi fikir ayrılığı yaradır. O deyir ki, «Madrid prinsipləri»ndə Azərbaycanın mənafeyi baxımından bir sıra narahatlıq doğuran məqamlar var: «Birincisi, söhbət yalnız 5 rayonun azad edilməsindən gedir. İkincisi isə, belə çıxır ki, statusun müəyyən edilməsi iradədən asılıdır. Əgər Azərbaycan güclü ölkədirsə, bu prinsiplərə razılıq verməməlidir. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Mən güclü ölkə deyəndə, elə bir ölkə nəzərdə tuturam ki, bütün icmalar orada yaşamağa can atsın. Güclü vətəndaş, oturmuş demokratiya olsun». «Respublikaçı Alternativ» (REAL) Birliyinin həmtəsisçisi İlqar Məmmədov isə düşünür ki, hakimiyyətin güclü ölkə haqda dedikləri yalançı təbliğatdan ibarətdir. Onun fikrincə, beynəlxalq hörməti olan ölkədən bu qədər güzəşt tələb edilə bilməz: ««Madrid prinsipləri»ndə daha bir narahatlıq doğuran məqam sülhməramlı qüvvələrlə bağlıdır. Sülhməramlılar adı altında hansı qüvvə işğaldan azad edilən əraziyə gətirilsə, bu həmin ərazilərin Azərbaycan üçün itirilməsi demək olacaq…». |