Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:51

Müsəlman ölkələrində demokratiya mümkündürmü?


İranda 12 iyun seçkilərinin saxtaşalaşdırldığı bildirənlərə qarşı gözyaşardıcı qazdan və silahdan da istifadə edildi
İranda 12 iyun seçkilərinin saxtaşalaşdırldığı bildirənlərə qarşı gözyaşardıcı qazdan və silahdan da istifadə edildi
DEMOKRATİYA MÜSƏLMAN ÜÇÜN DEYİL?

Müsəlman cəmiyyətlərində demokratiya mümkündürmü? Niyə müsəlmanların çoxluqda yaşadığı cəmiyyətlərdə demokratiya və insan haqlarının müdafiəsi ilə bağlı problemlər yaşanır?

İranda baş verən son olaylardan sonra Qərb mediası iddia eləyir ki, müsəlman cəmiyyətlərində demokratiya ancaq birdəfəlik olur. Bircə dəfə işləyir. Xalq arasında yetərincə populyarlıq qazana bilən islamçıları hakimiyyətə gətirmək üçün. Hakimiyyətə gələndən sonra isə, bu cür qüvvələr tezliklə populyarlığını itirir. Və hakimiyyətdə uzun müddət qala bilmək üçün elə özlərini hakimiyyətə gətirən demokratiyanı boğurlar.

Azadlıq Radiosu və İnternyus Azərbaycanın birgə layihəsi - “İslam və demokratiya” verilişində bu iddalar araşdırılır.

MÜSƏLMANLARIN QEYRİ-DEMOKRATİK QURULUŞLARDA YAŞAMASININ İSLAMA DƏXLİ YOXDUR

“İnkişafa Baxış” Araşdırmalar Mərkəzinin rəhbəri Niyaz Qaraöynəli hesab edir ki, müsəlman dövlətlərində demokratiya ilə bağlı problemlərin İslamla birbaşa əlaqəsi yoxdur.

“Bu, əsasən həmin coğrafi ərazilərin tarixi, vaxtilə o ərazilərdə müstəmləkəçilik meyllərinin güclü olması ilə əlaqəlidir. Məsələn, Əfqanıstana məhz SSRİ-nin müdaxiləsindən sonra orada islamçıların köməyinə ehtiyac yarandı. Qərb dövlətləri özləri müəyyən məqsədlər üçün radikal, siyasi islamçı təşkilatlar yaratdılar. məqsədlərinə çatandan sonra isə, bu təşkilatlar nəzarətsiz qaldı və özlərinə qarşı çevrildi".

İSTƏNİLƏN DİNİ SİYASƏTƏ QATANDA PROBLEMLƏR YARANIR, ONU DA YIXIRLAR DİNİN BOYNUNA

Amma ekspert bildirir ki, bu cür ölkələrdə İslamın birbaşa olmasa da, demokratik məsələlərə müəyyən qədər təsiri olur.

“Xüsusilə də din siyasətə qarışanda. Çünki istənilən din özünü mütləq həqiqətin təmsilçisi hesab edir. Burada alternativ fikirlərə münasibətdə bəzi problemlər yaşanır. Həm də dində ayrı-ayrı siyasi, sosial məsələlərdə subyektivliyə böyük meyllər olur. Hər bir kəs dinin bayrağı altında gizlənib öz maraqlarını irəli sürə bilir. Bu da cəmiyyətdə fəsadlar, qarşıdurmalar yaradır”.

ƏSLİNDƏ İSLAMDA OLAN DEMOKRATİYA HEÇ BİR KÜTLƏVİ CƏRƏYANDA YOXDUR

“Təbliğ” İslam Xeyriyyə Vəqfinin rəhbəri Seyid Camal Əzimli isə deyir ki, ən böyük demokraqtiya mexanizmi elə İslamın özüdür:

“Bu dinin ən böyük tövsiyyəsi insan haqlarına hörmət etməkdir. Lakin İslamın gətirdiyi dəyərlər cəmiyyətə düzgün aşılanmayanda, meydana başqa qüvvələr çıxır. Belə ölkələrdə hakimiyyətə gələnlərin könlündə əsl İslam sevgisi olmur. Onda da narazılıqlar ortaya çıxır”.

Azərbaycana gəlincə, Seyid Camal düşünmür ki, dövlət həqiqi islamçılardan, həqiqi dinə xidmət göstərən güclərdən çəkinir:

“Sadəcə, Azərbaycan bayrağına bağlı olmayan, İslam adı altında maskalanan, digər dövlətlər tərəfindən maliyyələşən, din adı altında dini dözümsüzlüyü törədən qüvvələri zərərsizləşdirmək istəyirlər. Bunu isə “islamçılardan qorxurlar” kimi qələmə vermək düzgün deyil”.

BƏZİ ÖLKƏLƏRDƏ RADİKAL İSLAMÇILARIN HAKİMİYYƏTƏ GƏLMƏSİNİN QARŞISINI ALMAQ ÜÇÜN DEMOKRATİYA BOĞULUR

Beynəlxalq məsələlər üzrə ekpert Elxan Şahinoğlu deyir ki, adətən müsəlman dövlətlərində radikal islamçı qüvvələrin fəaliyyəti ucbatından demokratik rejim qurmaq mümkün olmur. Ekspert misal kimi Misiri göstərir.

“Burada illərdir demokratik seçki keçirilmir. 30 ildir eyni şəxs hakimiyyətdədir. Amma bunun obyektiv səbəbləri var. Çünki ölkədə demokratik seçki keçirilsə, Taliban və ya Həmasa bənzər təşkilatlar hakimiyyətə gələ bilər. İndi Misirdə “Müsəlman qardaşları” kimi radikal bir qrup ictimaiyyət arasında çox populyardır. Və onun hakimiyyətə gəlmək ehtimalı çox böyükdür”.

E.Şahinoğlu deyir ki, bu təhlükə - radikal qruplaşmaların varlığı ortadan qaldırılmayınca, İslam dövlətlərinin bir çoxunda demokratiyanın tam bərqərar olmasını gözləmək mümkün deyil”.

BU GEDİŞLƏ AZƏRBAYCANDA DA SİYASİ İSLAM YARANA BİLƏR

Azərbaycana gəlincə, ekspert hesab edir ki, burada da islam qüvvələrini hesabdan atmaq olmaz:

“Bizim ölkədə müxalifət partiyaları çox zəifdir. Hakimiyyət müxalifəti zəiflətməklə öz hakimiyyətini uzadır. Amma bu, təhlükəli presedent də yarada bilər. Əgər sivil müxalifət ortadan qaldırılsa, alternativ müxalif qüvvə İslama bağlı qüvvə ola bilər”.

ARAYIŞ

İRAN

Hazırda İslam qanunlarının ən güclü oturuşduğu ölkə İran sayılır. Əsl şəriət qanunları ilə idarə olunan bu ölkədə azad media orqanları yoxdur. Müxalif fikir nümayiş etdirməyə cəhd göstərənlər dərhal həbs edilir, İnternetdən istifadəyə məhdudiyyət qoyulur. Bundan əlavə, İranda yaşayan 20 milyondan çox azərbaycanlının hüquqları da daim pozulur. İyunun 12-də baş tutan prezident seçkisindən sonra İranda qarışıqlıq yaranıb. Seçkidə Mahmud Əhmədinejadın qalib gəldiyi bəyan edildikdən bəri ölkədə kütləvi etiraz aksiyaları, qanlı toqquşmalar baş verib.

ƏRƏB DÖVLƏTLƏRİ

Digər iri müsəlman ölkələrindən Suriya və İordaniyada hakimiyyət vərəsəliklə ötürülür. Suriyanın hazırkı dövlət başçısı Bəşir Əsəd atasının əvəzinə seçilib.

İordaniyada kral üsul-idarəsi hökm sürür və burada ölkə başçısı ömürlük seçilir. Amma Qərbdəki krallıqlardan – İspaniya, Norveç, Böyük Britaniyadan fərqli olaraq İordaniyada krallın mövcudluğu rəmzi məna daşımır. Bütün hakimiyyət həqiqətən də kralın əlində cəmləşir.

Eynilə Küveyt, Səudiyyə Ərəbistanı, Qətər kimi dövlətlərdə də hakimiyyətdə krallar, şeyxlər və ya əmirlərdir. Hakimiyyət başında olan insanların ömürlük seçilməsi, hakimiyyətin ərəsə yolu ilə ötürülməsi bu ölkələrdə demokratiya ilə bağlı vəziyyətin nə yerdə olmasından xəbər verir.

PAKİSTAN

Müsəlman dövlətləri arasında Pakistanda nisbətən demokratik rejimin hökm sürdüyü hesab olunur. Tez-tez dövlət çevrilişlərinin baş verdiyi bu ölkədə son illər ərzində iki dəfə prezident seçkiləri keçirilib. Pakistanın indiki prezidenti – mərhum Bənazir Bhuttonun həyat yoldaşı Asif Əli Zərdarinin özü də vaxtilə korrupsiyada, terrorçuluqda ittiham edilib. Uzun illər Pakistanın müxtəlif bölgələrində Əl Qaidə, Taliban kimi terror təşkilatlarının fəaliyyət göstərib.

TÜRKİYƏ

Hazırda dünyada ən demokratik müsəlman dövləti kimi Türkiyə tanınır. Qonşu ölkədə seçkilərin demokratik keçirildiyi beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur. Lakin Türkiyədə da insan haqlarının müdafiəsinin tam Avropa standartlarına uyğun gəlmədiyi bildirilir. 2004-cü ildən etibarən Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqlara başlanılıb.

XS
SM
MD
LG