Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:19

Ermənilərin 86 faizi korrupsiyanı ciddi problem sayır


«Fərqli yaşamağın mümkün olduğunu heç olmasa, ziyalılar göstərsin»
«Fərqli yaşamağın mümkün olduğunu heç olmasa, ziyalılar göstərsin»
Ermənistan əhalisinin 86 faizi hesab edir ki, korrupsiya ölkə üçün çox ciddi problemdir. Ancaq insanları daha çox işsizlik, yoxsulluq, qiymətlərin mütəmadi artırılması və başqa iqtisadi problemlər narahat edir.

Bu nəticəyə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) gəlib. Ötən ilin payızında agentlik Ermənistan sakinləri arasında tədqiqat aparıb, əhalinin korrupsiyaya münasibətini öyrənib.

Rəyi soruşulan ermənilərin əksəriyyəti hesab edir ki, hüquq mühafizə orqanları, prokurorluq və Mərkəzi Seçki Komissiyası ən çox korrupsiyaya uğramış qurumlardır.

«Qafqaz tədqiqat resursları mərkəzi»nin direktoru Eqine Manasyan araşdırmanın bəzi məqamlarını təəccüblə qarşılayır. Belə ki, Ermənistanda bir çoxları rüşvət alıb-verməyə görə cəzalandırılmaqdan qorxmur. Məsələ burasındadır ki, müvafiq qanunlar olsa da, onlar işləmir:

«Bir çoxları bundan sonra da rüşvət verməyə meyllidir. Rüşvət problemi həll etmək üçün ən məhsuldar üsul hesab olunur. Bu səbəbdən də insanlar dövlət orqanları ilə bu barədə danışmağa həvəsli deyillər. Yəni, bizim cəmiyyət korrupsiyaya kifayət qədər tolerant yanaşır. Böyük əksəriyyət hökumətin korrupsiya ilə mübarizəni ürəkdən istədiyinə də inanmır».

Həmçinin, rəyini soruşulanların yarıdan çoxu inanır ki, korrupsiya ilə mübarizədə şəxsən onlar heç nə edə bilməzlər.

Beynəlxalq İnsan Haqları Siyasəti Şurasının icraçı direktoru Robert Arçer deyir ki, bu fikri dəyişmək üçün insanları mübarizənin vacibliyinə inandırmaq lazımdır. Bu, həm də dövlət orqanlarının daha məsuliyyətli və həssas olmasını tələb edir:

«İnsanlar korrupsiyanın mənfi təsirini dərk edirlər, ancaq iş görmək üçün onlarda kifayət qədər əminlik yoxdur».

«Transparency International» təşkilatının Ermənistan üzrə rəhbəri Amaliya Kostanyan təəssüflənir ki, insanlar korrupsiya haqqında yalnız özlərinin haqları pozulanda pis düşünürlər.

«İnsanlar əsasən mülkiyyət hüquqları pozulanda, ya da məhkəmə sistemində problemlərlə üzləşdikdə müraciət edirlər».

Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan hesab edir ki, rəsmilər korrupsiyanın qəbuledilməz olduğunu öz nümunələrində göstərsələr, cəmiyyət də problemə tolerant yanaşmaz:

«Yaxşı olardı hökumət rəsmiləri bunu edəydi. Onlar etmirsə, fərqli yaşamağın mümkün olduğunu heç olmasa, ziyalılar göstərsin. Əlbəttə, bu hamıya aid deyil, amma nümunə kimi biz bu gün bahalı maşınları və cangüdənləri görürük».
XS
SM
MD
LG