Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:02

Növbə «nurçulara» çatdı


«Nurçular»ın lideri Fətulla Gülən hesab olunur
İyulun 24-də Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsi əməkdaşları 3-cü mikrorayon ev 13-də yaşayan Elmir Mehdiyevin mənzilində «Nurçuluq» dini təriqətini təbliğ etdikləri üçün bir qrup şəxsi tutublar.

DİN-İN DİNƏ MÜDAXİLƏSİ

Bu barədə «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib. O deyir ki, tədbir qonşuların müraciətinə əsasən həyata keçirilib:

«Polisdə məlumat olub ki, bir qrup şəxs evlərə yığışaraq dini təriqətlərin təbliği ilə məşğuldurlar. Digər tərəfdən qonşular polisə zəng edib evə şübhəli insanların yığışmasından narahatçılıqlarını bildirirlər. Bu iki əsasa görə polis tədbir keçirir və məlumat öz təsdiqini tapır ki, həqiqətən də vətəndaş Elmir Mehdiyevin evində 10-15 nəfər şəxs yığışaraq qanunla qadağan olunmuş dini təriqətin təbliği ilə məşğuldurlar».

Məlumata görə, təxminən 11 nəfər saxlanılıb. Onların üçü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib olunub məhkəməyə göndərilib, qalanları isə izahatları alındıqdan sonra buraxılıblar.

E. Zahidov əlavə edir ki, ölkədə kriminogen durum və qayda-qanunun mühafizəsi daim nəzarətdədir. O cümlədən, bu məsələlər - bir qrup şəxsin hər gün bir mənzilə yığışaraq təbliğatla məşğul olması sözsüz ki, polisin diqqətindən yayına bilməz.

QANUNİLƏŞMİŞ QADAĞA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional bürosunun şöbə müdiri Firdovsi Kərimov vaxtı ilə Gəncədə «Nurçuluq» təriqətinə aid iki dini icma olduğunu bildirir. Deyir ki, təxminən iki il əvvəl onlara təklif edilən nizamnaməyə uyğun olaraq qeydiyyatdan keçmədikləri üçün bu təşkilatların fəaliyyətlərinə xitam verildi:

«Amma məlumatlar var ki, icma üzvləri haradasa xəlvəti toplaşırlar. Halbuki Dini Etiqad Azadlığı haqqında qanuna edilən dəyişikliklərə müvafiq olaraq qeydiyyatsız heç bir dini icma fəaliyyət göstərə bilməz».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılovun sözlərinə görə, onlarda «nurçuluq» adlı bir təriqət qeydiyyatdan keçməyib. Komitə yalnız dini icmaları, mərkəzləri və idarələri qeydiyyata alır. Evlərdə toplaşan və 5 nəfərdən artıq olan dini qrupların hamısına müraciət olunub ki, qeydiyyatla bağlı bütün məsələlərdə onlara köməklik göstərməyə hazırdırlar:

«Biz açıq şəkildə prinsipimizi deyirik. Amma bunlardan indiyədək bir dəfə də olsun kimsə müraciət etməyib ki, evdə fəaliyyət göstərirdim, icazə verin, bunu qeydiyyatdan keçirim. Yaxud da indi gedib məsciddə, bu icmada fəaliyyət göstərmək istəyirəm. İndiyə qədər belə bir hal olmayıb. «Dini etiqad azadlığı haqqında» Qanuna edilmiş dəyişikliklərdən biri də ondan ibarətdir ki, dini icma yalnız qeydiyyatdan keçdiyi hüquqi ünvanda fəaliyyət göstərə bilər. Qeydiyyatı yoxdursa dini icmanın evdə, ofisdə fəaliyyət göstərməsi imkansızdır».

Konkret olaraq polisin müdaxiləsi məsələsinə gəlincə, Gündüz İsmayılov deyir ki, Azərbaycanda indiyədək kimsə hətta zərərli dini ədəbiyyat oxuduğuna görə də həbs olunmayıb və ya barəsində inzibati tədbir görülməyib. Polis yalnız hansısa zərərli dini ədəbiyyat paylananda, yaxud da qanunsuz olaraq hansısa dini fəaliyyətlə məşğul olanda müdaxilə edir.

Onun sözlərinə görə, bu yaxınlarda Qax rayonunda da evlərdə, kirayə tutulmuş ofislərdə qeyri-qanuni təbliğatla məşğul olunanlar saxlanmışdı. Onda da «nurçuluq» dini təriqətinin adı hallanırdı.

«BU, KONSTİTUSİYANIN POZULMASIDIR»

Dini məsələlər üzrə ekspert Elşad Miri deyir ki, «nurçu» adlandırılan camaatın nə vaxtsa dinc yolla, sivil qaydada hakimiyyətə gələcəkləri barədə fikirlər var. Bu da bəzi insanların onlara münasibətində qıcıq yaradır.

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzi –DEVAM-ın rəhbəri İlqar İbrahimoğlu isə hesab edir ki, hər bir halda bu hadisə insanların konstitusion hüquqlarının pozulmasıdır.

«Bu insanların konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının çox ciddi tapdanmasıdır. Burada söhbət həm sərbəst toplaşma azadlığından, həm vicdan azadlığının təminindən, həm də fərdi və birgə ibadət etmə azadlığından söhbət gedir».

İlqar İbrahimoğlu deyir ki, dünyəvi dövlətdə belə hal yolverilməzdir. İnsanlar özləri müəyyənləşdirirlər ki, onlar harada və neçə nəfər yığışıb ibadət edə və ya başqa işlə məşğul ola bilərlər.

İslamda «nurçuluq» təriqətinin banisi Səid Nursi hesab olunur. Onun fikirləri «Nur» risaləsi kitabında əksini tapıb.
XS
SM
MD
LG