Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:22

Yasemin Bayer: «İsmayıl Şıxlı böyük ustaddır»


İsmayıl Şıxlı
İsmayıl Şıxlı
«Azadlıq» radiosunun «İz» proqramının budəfəki qonaqlarından biri ilə - Türkiyəli ədəbiyyat adamı Yasemin Bayerlə bir neçə ay öncə «Yuğ» teatrında - A.P.Çexovun «Albalı bağı» pyesinin ilk tamaşasında rastlaşmışdım. Xoş-beş-dən, tamaşa barədə fikrini alandan sonra Yasemin xanımdan Bakıda nə qədər qalacağını sordum.

Fikrim onu proqrama qonaq etməkdi. «Hələ burdayım» - söylədi. «Çox önəmli bir işi tamamlamaq üzrəyik. Bir kaç aya bomba partlayacaq» - dedi. Onda mən də dəvəti ertələmək fikrinə düşdüm. «Önəmli işin tamamında görüşərik» - deyə düşündüm. «Önəmli iş» bitdi və mən iyulun 23-də Atatürk Mərkəzinə - görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının «Dəli Kür» romanının Türkiyə türkcəsində nəşrinin təqdimatına dəvət aldım. Mərasimin ertəsi günü romanı Türkiyə türkcəsinə çevirən Yasemin Bayer və ünlü yazıçının oğlu Elçin Şıxlı «Azadlıq» radiosunun «İz» mədəniyyət proqramının qonağıydı.

Yasemin Bayer 1957-ci il aprelin 11-də İstanbulda doğulub. Orta təhsilini elə orda tamamlayıb. 1980-ci ildə Ege universitetinin sosial biliklər fakültəsinin alman dili və ədəbiyyatı şöbəsini bitirib. Ege universiteti nəzdindəki Xarici Dillər Məktəbində dərs deməklə yanaşı, 1985-ci ildə magistratura təhsilini də tamamlayıb. Bağdad Universitetində də çalışıb, İstanbulda özəl məktəblərdə Alman dili üzrə bölmə müdiri olub. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. 2007-ci ildən Yazıçılar Birliyinin «Dünya ədəbiyyatı» dərgisinin idarə heyətinə seçilib. 2007-2008-ci illərdə Bakı Slavyan Universitetində müəllim işləyib. «Atatürk» Mədəniyyət Mərkəzinin fəxri əməkdaşıdır. Saysız kitabların müəllifi olan Yasemin Bayer Türkiyədə çıxan qəzet və jurnallarda da daim çıxış edir. O, həmçinin Bakıda nəşr olunan «Ayna» qəzetinin köşə yazarıdır. Yasemin Bayer evlidir. Bir qızı, bir oğlu var.

- Hər ikinizi xoş gördük! İlk sualım elə hər ikinizədir. Kür çayının məhz Türkiyədən qaynaqlandığının nə vaxtdan fərqindəsiniz? (Gülüşmə)

Yasemin Bayer: - Bəlkə də uşaqlıqdan bilirdim, amma «Dəli Kür» romanını oxuyarkən yenidən xatırladım. Türkiyədən doğuluşunu, Arazdan qaynaqlandığını yadıma saldım.

Elçin Şıxlı: - Kürün Azərbaycanın ən böyük çayı olduğunu, həm də Türkiyədən qaynaqlandığını, təbii ki, orta məktəbdən bilirdim. Amma Kürün nə demək olduğunu sonralar anladım...

- Yasemin xanım, Türkiyədəki Kürə nə dərəcədə «dəli» demək olar ?

-Məncə, orda da dəli demək olar. Türkiyə türkcəsinə uyğunlaşdıranda, coşqun Kür demək daha düzgündü. Ancaq türk oxucusu olayları daha yaxşı, daha yaxından anlaya bilsin deyə, romanın adını dəyişdirmədik.

- İsmayıl Şıxlı həmişə türkcə yazıb. «Dəli Kür»ün məhz Anadolu türkcəsində nəşrə hazırlanması kimin təşəbbüsüydü?

- Mən İsmayıl Şıxlını çox gec tanıdım. Lap dəqiqi, 2 iyul 2007-ci ildə «Namərd gülləsi» adlı təsirli hekayəsini oxuyandan sonra. Bu hekayəni «Hazar kıyısında yerlə göy» adı ilə hazırladığım ilk Azərbaycan antologiyasında böyük bir qürurla birinci sıraya qoyaraq Türkiyədəki oxucularla görüşdürdük. Ardından «Dəli Kür»ü oxuyanda, bu romanın mütləq Türkiyədəki oxucuya çatdırılmasına inandığım üçün onun üzərində çalışmağa başladım. Yəni «Dəli Kür»ü oxuyarkən elə məqamlar oldu ki, mənə çox təsir etdi və Türkiyə türkcəsinə uyğunlaşdırmaqdan əl çəkə bilmədim. Sonra da Elçin Şıxlıdan izn istədim, o da «məmnuniyyətlə» söylədi və beləcə roman üzərində çalışmağa başladım...

- Elçin bəy, «Dəli Kür»ün necə doğulduğu ilə bağlı bəlkə özəl bir xatirəniz var? Xatırlayırsınızmı romanın yazılışını?

- Romanın yazılışını xatırlamıram desəm, yalan söyləmiş olmaram. Çünki roman kitab şəklində çıxanda - 1967-ci ildə mənim cəmi 10 yaşım var idi. Mən o məqamları tam duya və görə bilməzdim. Ancaq onu bilirdim ki, atam var və o yazıçıdır. Ondan artığını anlamırdım. Ancaq filmin ssenarisinin yazılışını, çəkiliş prosesini yaxşı xatırlayıram. Filmin rejissoru rəhmətlik Hüseyn Seyidzadə bizə gəlib-gedirdi. Hətta məni filmdə kütləvi səhnələrdə xırda bir rola da çəkiblər.

- Filmə baxanda özünüzü görə bilirsinizmi? (Gülüşmə)
- Görürəm... «Əqrəb» deyə qışqıran mənəm! Sözümün canı odur ki, o vaxtlar ağlım kəsmirdi. Ona görə də, həmişə sual olunanda, deyirəm ki, İsmayıl Şıxlının sonuncu romanı «Ölən dünyam»ı mən sevirəm, gözümün qabağında yazılıb, içimdən gəlib keçib. O roman haqqında çox şey danışa bilərəm, çünki ağlım kəsirdi...

- Yasemin xanım, tərcümə üzərində iş necə keçdi? Nələr sizə çətinlik törətdi?
- Roman üzərində işləyəndə elə məqamlar oldu ki, gözlərimin dolmasına əngəl ola bilmədim. Məsələn, Zərnigar xanımın üstünə günü gətirilən zaman keçirdiyi sarsıntılı səhnələr, Şahnigar xanımı Cahandar ağanın vurmağa apardığı səhnələr, Mələyi düşünəndə hirslənməmə rəğmən, yenə də ona acımam və onun duyğularını paylaşmam və s. Hər nə qədər Zərnigar xanıma haqq versəm də, olayların içində bir çox məqamlar oldu ki, tərcüməyə gələndə mən çətinliklər çəkdim. Məsələn, mən Qazax ləhcəsində danışa bilmirəm...

- Amma biz danışa bilirik, deyilmi, Elçin bəy?
-Hə, bilirik...(Gülüşmə)
«Dəli Kür»ün türkcəyə çevrilmiş üz qabığı


Elə kəlmə və sözlər oldu ki, orda, təbii ki, çətinlik çəkdim. Məsələn, «Başını orda islat, burda qırxdır», «Ayə, savax-savax harya gedersən?», «Ölöm», «Ay qağa», «Ay dədə», «Dərdin alem» və s... Onları da sağ olsun Elçin bəyin köməklyiylə tərcümə etdik, yoxsa mən bacarmazdım.

- Türkiyə türkcəsinə keçəndə çoxmu dəyişdi bu sözlər?

- «Gədə» və «qağa»nı, bir də «ayə»ni saxladım. Onlardan başqa bir çoxu dəyişdi. Məsələn, «anasının əmcəyini kəsənlər» ifadəsini belə uyğunlaşdırdım: Anasının məməsini kəsənlər. Altından da açıqlama verdim ki, qəddar, acımasız insan mənasındadır. Bu roman üzərində işlərkən M.F.Axundov kitabxanasına getdim, onunla bağlı nəşr olunan əsərləri oxudum. Bu qərara gəldim ki, İsmayıl Şıxlı ölkəsini, torpağını, insanını ehtirasla sevən, böyük bir ürəyi olan, baxışları adamın içinə nüfuz edən, özündən əmin və vüqarlı duruşu ilə seçilən fərqli bir yazıçı imiş. Əslində, o sadəcə yazıçı olmayıb, çünki yazarkən öyrədir, öyrədərkən də sevərək mesaj göndərir. Prof. Nizami Cəfərovun da dediyi kimi, İsmayıl Şıxlı bilgin, müdrik bir adamdır və onun davranışları, yaşayış biçimi, yazdığı əsərlər, etdiyi söhbətlər, düşünürəm ki, dünyasını dəyişməsinə baxmayaraq, Azərbaycan insanının ürəyində daim yaşayacaq. Çünki o çox böyük bir ustaddır!

- Yasemin xanım, İsmayıl Şıxlını hansı türk romançısına bənzətmək mümkündür?

-«Dəli Kür»ü sizlərin yaxşı tanıdığına inandığım Yaşar Kamalın “Ağrıdağ əfsanəsi”nə bənzədirəm. Çünki “Dəli Kür”də də Cahandar ağanın möhtəşəm atı Qəmər var, ona insandan daha yaxındır, sahibinin həp yanındadır, ona dəstək olur. Eyni şəkildə “Ağrıdağ əfsanəsi”ndə də bir at var, bu at qır atdır. Hər iki at insanların qədim inanclarını, mifolji düşüncələrini üzə çıxarmaq baxımından gözəl bir örnəkdir. Həm İsmayıl Şıxlı, həm də Yaşar Kamal yaşadığı bölgənin ləhcəsinə, folkloruna, gələnək-görənəklərinə sıx bağlılıq baxımından da ortaqdırlar. Zatən, bilirsiniz ki, at kultu türk ədəbiyyatında və mədəniyyətində çox önəmlidir. Bu baxımdan da, İsmayıl Şıxlını Yaşar Kamala çox yaxın bilirəm.

- Elçin bəy, İsmayıl müəllim Türkiyədə olmuşdumu? Mən elə bil neçə illər öncə onun Türkiyədən səfər qeydlərini oxumuşdum...

- Hə, ilk dəfə 1967-ci ildə getmişdi. Onun dayılarının ikisi Türkiyədə mühacirət həyatı yaşayırdı. Bizim indi orda xeyli əqrabalarımız var...

- Nə vaxt getmişdilər, Cümhuriyyət dövründə, ya sonra?
- 1928-29-cu illərdə. Qaçaqlıq edib, sərhədi adlayıblar o tərəfə. Qiyas Bəy Şıxlinski və Hasan Ağa Şıxlinski. İndi o nəsil orda Alkazak soyadıyla tanınır. Atamın çox qəribə və təsirli xatirələri var idi. Türkiyəyə gedən o qrupda Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibəyli, Məsud Əlioğlu, İsa Hüseynov, Qasım Qasımzadə və s. kimi tanınmış adamlar olub. Eyni zamanda, Rusiyadan, Gürcüstandan da qruplar qatılıbmış. Atam orda Saleh Gəncəli adlı bir həmvətənimizlə görüşdüklərini danışırdı. Saleh bəy onları evinə qonaq çağırıbmış. Təbii ki, yanlarında KQB deyilən o yerdən də adam var imiş, onları güdürmüş. Atam danışırdı ki, ona deyirdik, siz bizdən nigaran olmayın, biz burda qalası deyilik. O biri qrupları izləyin. Doğrudan da, rus qrupundan bir fizik ABŞ səfirliyindən sığınacaq istədi... Hə, Gəncəli Saleh bəy onlara böyük qonaqlıq verir. Vəziyyəti yaxşı imiş. Öz şəxsi biznesi var imiş. Qonaqlığın sonunda, bir ovuc vətən torpağı gətirib onlara göstərir... Hamısı ağlaşırlar. Rus KQB-çisi qalır mat-məəttəl ki, bu kişi niyə ağlayır, dolanışığı yaxşı, kefi kök, o bir yana, bəs siz niyə ağlayırsınız? Atam deyir, dedik sən belə şeyləri başa düşməzsən...

- Atanız dayılarını görə bildimi?
- Axtarıb. Kiçik dayısının adresini bilirmiş. Bursada yaşayırmış. Danışırdı ki, həmin ünvana getdim, dedilər ki, Hasan bəy rəhmətə gedib... O biri dayısını - Qiyas bəyi də görə bilməyib. Sonra öyrənib ki, Hasan Ağa sağmış. Sən demə, Qiyas bəyin oğlu Türk Hava Qüvvələrində albay olduğundan, qorxublar kommunistlərlə görüşdən. Sonralar Qiyas Bəy ismarış yollayıbmış ki, «Mən həp İsmayılın ətrafında dolaşırdım, amma üzə çıxmağa qorxdum, oğlum hərbçiydi deyə...» Ancaq mən həm Hasan Ağanın, həm də Qiyas Bəyin nəvə-nəticələrini gördüm. Onlar indi Türkiyənin hər yanına səpələniblər. Söhbət ondan gedir ki, onları atam görmədi...

-Romanın yazılışından 40 ildən çox vaxt keçib. Çağdaş dövrdə bu roman oxuculara hansı mesajı verir?
-Cahandar ağanın həyatdakı prototipi kim idi?
-Yasemin xanım Cahandar ağanı niyə Azərbaycanın simvolu saydı?
-İ.Şıxlının «Ölən dünyam» romanı nəyə həsr olunb?
-Yasemin xanım İsmayıl bəyin doğulduğu Qazaxdan hansı hisslərlə döndü?
-Xanım qonağımız İsmayıl bəyi hansı ünlü Amerika yazıçısına oxşatdı?
-Və nəhayət, İsmayıl Şıxlı sağ olsaydı, romanın Türkiyə türkcəsində çıxmasını necə qarşılardı?

Bütün bu sualların cavabını sağda «Multimedia» bölməsində «İz»i tıklamaqla öyrənə bilərsiniz.
XS
SM
MD
LG