Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:55

«Oğurluq şərəf sayılanda»


Zamin Hacı: «Oğurluğun miqyası o qədər böyükdür ki, az qala istənilən namuslu vətəndaşı da şirnikləndirir»
Zamin Hacı: «Oğurluğun miqyası o qədər böyükdür ki, az qala istənilən namuslu vətəndaşı da şirnikləndirir»
«Yeni Müsavat»: «Təsadüfən orta yaşlı bir zəhmətkeşimizlə həmsöhbət oldum. Adam taleyin ağır zərbələrindən şikayətlənirdi, deyirdi avtomobilini, evdə arvad-uşağın qır-qızılını satıb, yaşadığı mənzili də satışa qoyub, ancaq borcun altından çıxa bilmir. Mən bu qəribə, bitib-tükənməz borcun nədən yarandığını soruşdum. Çünki yoldaş heç də oliqarxa-filana, vaxtilə çoxlu pulu havaya sovurmuş şəxsə bənzəmirdi, əlinin qabarı ilə dolanan sadə insan idi. Danışdı, çox maraqlı əhvalat ortaya çıxdı.

Sən demə? bunlar bir neçə qardaşdır, qardaşlardan biri isə yerli bankda çalışırmış. (Yazıda adları ona görə çəkmirəm ki, adam əhvalatı qəzetdə yazmaq üçün danışmamışdı). Və gözünə döndüyüm bu bankir qardaş ona etibar olunan pulları şəxsi pulu kimi sağa-sola dağıdırmış. Bahalı maşınlar, evlər, gəzmək, yemək-içmək... Hətta qardaş yaptokratiyanın təbliğatı üçün çəkilən sarsaq bir filmə sponsorluq da edibmiş. Hamısı da bankda şəxsi hesabı olan vətəndaşların pulu ilə! Təsəvvür edirsinizmi?! Sən banka pul qoyursan, Allah heç qoymasa o pulun il ərzində müəyyən faiz gətirəcəyinə ümid edirsən, amma bankir həmin pulları dədə malı kimi səpələyir. Gəlirsən hesabından pul çıxartmağa, görürsən heç qoz qabığı da yoxdur.
Xülasə, indi həmin vətəndaşların pulları qaytarılmasa qardaşı həbs gözləyir. O üzdən digər qardaşlar bütün əmlaklarını satlığa qoyublar.

Tipik mənzərədir əslində. Son illər bank işçilərinin onlara etibar edilən pulları oğurlaması ilə bağlı bir neçə cinayət işi açılıb. Bu iş uzanıb hətta Mərkəzi Bank (MB) kimi dövlətin pul saxlancına da gedib çıxıb. Hazırda Ağır Cinayətlər Məhkəməsində MB-nin 6 əməkdaşı köhnə manatla 7 milyard pulun oğurlanması üzrə ittiham olunur. Onlardan biri vəkilin «bu pul kütlə etibarilə nə qədərdir» sualına belə qəşəng cavab vermişdi: «İki KamAZ» avtomobilinə yüklənəcək qədər». Əgər ölkənin əsas, mərkəzi, adı dəyişilənə qədərki kimi desək, milli bankından bu qədər pul oğurlanırsa, gör onda hansısa dılğır özəl bank nə kökdədir. Bəs insanlarda oğurluğa - özü də əmanətə xəyanət kimi mentalitetimizə yad şəkildə - meylin səbəbi nədir?

Səbəb çox sadədir: adamlar örnəyi belə görürlər. Görürlər ki, bu ölkəyə rəhbərlik edən adamlar oğurluqla məşğuldur. Bu oğurluğun hesabına super şəraitdə yaşayırlar... Azərbaycanda oğrular hakimiyyət başındadır. Oğurlamaq şərəf sayılır. Camaat daha yaxşı oğrulara həsəd aparır, uşaqlarının onlar kimi böyüməsini arzulayır. Oğurluğun miqyası o qədər böyükdür ki, az qala istənilən namuslu vətəndaşı da şirnikləndirir, cinayətə yönəldir». Zamin Hacı «Oğurluq şərəf sayılanda» sərlövhəli köşə məqaləsində belə yazır.

«Bizim Yol»: «Sərkisyan deyib ki, Ağdam heç vaxt ermənilərin torpağı olmayıb. Buna bir satqınlar sevinər, bir də diletantlar. Bir çox həmvətənlərimiz də bunu tirajlayır; sanki Erməni diktatoru böyük bir kəşf və ya lütf eləyibmiş. Bəli, Ağdam erməni torpağı olmayıb. O, tək Ağdamı demir, elə Füzulinin adını daşıyan Qarabulağı da, Cəbrayılı da, Qubadlını da, Zəngilanı da nəzərdə tuta bilər. Fantastik ehtimalla, Kəlbəcəri və Laçını da. Həmin bölgələrin erməni torpağı olmadığını da deyə bilər. Bizim camaat bunun nəyinə sevinir ki? Bəs Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, qəsəbələrimiz, onlarla kəndimiz. Bunlar məgər erməninin torpağı olub?» Bahəddin Həziyev «Sonuncu sual» məqaləsində belə yazır.

«Elə yazıq olmuşuq ki. Artıq hər deyilən sözə inanırıq, sevinirik. Nəymiş? Ağdam erməni torpağı deyilmiş. Bununla əslində o; «Dağlıq Qarabağ erməni torpağıdır» deyib də. Burda yeni və sevinməli nə var ki? Həm də ən dəhşətlisi bilirsiniz nədir? Biz öz rayonlarımızı sanki bazardan satın alırıq. O deyir: «Üç verirəm», biz deyirik: «Sən məzhəbin, beş dənə ver». O da qayıdıb desin ki: «Yaxşı, baxarıq». Bu, nə söhbətdir belə? Biz öz torpağımızı niyə sədəqə kimi almağa razılaşmalıyıq? «Ya Qarabağ, ya ölüm!» deyən, «Marş irəli, Azərbaycan əsgəri» qışqıran, «Öldü var, döndü yoxdur» hayqıran bizlər deyildik? Nə tez soyuduq? Nə tez yorulduq? Nə tez barışdıq?..»

«Yeni Azərbaycan»: «Azərbaycan dili dünyanın ən geniş yayılmış zəngin dillərindən biridir».
Müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Nizami Cəfərov belə deyib.

1 avqust Azərbaycan əlifbası və Ana dili günü kimi qeyd olunur. Bununla bağlı N.Cəfərov deyib:

«Azərbaycanda böyük ziyalılar təbəqəsinin meydana gəlməsi, elmi mühitin, elmi-mədəni mühitin yaranması, eləcə də, bütün ideoloji məqsədlərə baxmayaraq, Azərbaycan dilli mətbuatın inkişafı 1960-cı illərdə dilimizin inkişafına kömək edib. Azərbaycan dili Azərbaycan Respublikasının formal da olsa, dövlət dili idi. Bununla yanaşı, təbii ki, müəyyən təzyiqlər var idi. Bu təzyiqlər həm Sovet imperiyasının mövcud olması ilə əlaqədar kifayət qədər rəsmi şəkildə də mövcud idi, həm də digər istiqamətlərdə də rast gəlinirdi.

Məsələn, orduda Azərbaycan dilindən söhbət gedə bilməzdi, həmçinin, elmi sahədə praktik olaraq əsas dil rus dili idi. Azərbaycanın mərkəzi şəhərlərində, xüsusən, Bakıda rus dili artıq tədricən məişət dilinə çevrilmişdi. Belə bir vəziyyətdə, Ulu Öndərimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldi. Ümummilli Liderimizin gördüyü bir sıra mühüm işlərin adını çəkmək mümkündür və belə demək mümkünsə, əksəriyyət bu işlər haqqında kifayət qədər məlumatlıdır».
XS
SM
MD
LG