Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:30

«Serdyukov Qəbələyə sadəcə RLS-i görmək üçün gedib»


Qəbələ RLS
Qəbələ RLS
Avqustun 1-də Rusiyanın müdafiə naziri Anatoli Serdyukov işgüzar səfərlə 2 günlük Bakıya gəldi. Son günlər regiondakı vəziyyət, yəni Gürcüstan ətrafında gərginliyin artması barədə, eləcə də Rusiya-NATO münasibətlərinə dair səslənən fikir və mülahizələrin fonunda cənab Serdyukovun Bakıya gəlməsi siyasi dairələrdə diqqəti daha da cəlb etdi. Müdafiə nazirliyi rusiyalı qonağın niyə gəlməsi barədə məlumat yaysa da bu, səfərin pərdəarxası məqamları barədə fikirlərin ortaya çıxmasına mane ola bilmədi.

ƏVVƏL MƏSƏLƏNİN RƏSMİ İZAHI BARƏDƏ

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev deyir ki, Anatoli Serdyukov səfərin ilk günü Qəbələ RLS-ə baş çəkib. Bundan sonra isə o azərbaycanlı həmkarı Səfər Əbiyevlə danışıqlar aparıb:

«Görüşdə Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Səfər Əbiyev bildirib ki, münaqişənin nizamlanması prosesinə Rusiyanın göstərdiyi səylər təqdirəlayiqdir və ümidvericidir. Bununla yanaşı münaqişə dinc şəkildə həll edilmədiyi halda hərbi vəziyyətin yaranacağı qaçılmazdır».

Mətbuat xidmətinin əməkdaşı Serdyukovun Azərbaycana təşrif gətirməsi barədə bundan artıq bir şey deyə bilməyəcəyini söyləyir.

RUSİYA ÇALIŞIR Kİ…

Siyasi İnnovasiya və texnologiyalar mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə deyir ki, hazırda Rusiya üçün hərbi sahədə daha çox strateji məsələlər gündəlikdədir. Rusiya çalışır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı NATO-ya bənzər bir hərbi siyasi blok olsun.
Mübariz Əhmədoğlu
Yəni vaxtı ilə mövcud olmuş Varşava Hərbi Müqaviləsini əvəz etsin. Bu mənada Rusiyanın arzusudur ki, Azərbaycanla öz arasında strateji baxımdan hərbi əməkdaşlıq olsun. Anatoli Serdyukovun Bakıda hərbi təhsillə bağlı qabartdığı məsələ də bunu təsdiqləyir:

«Həm indiki hərbçilərin Rusiyada hazırlıq keçməsi, həm də Rusiyanın hərbi məktəblərində azərbaycanlıların təhsil alması məsələsi onu göstərir ki, hədəflər stratejidir. İkinci məsələ isə regional təhlükəsizlik məsələləridir. Yəni Qafqazda artıq Rusiyanın yeganə müttəfiqi Azərbaycan ola bilər. Bu birmənalıdır. Çünki Ermənistan tamamilə Rusiyanın hərbi bazası olsa da heç yerə çıxışı olmayan bir dövlətdir. Gürcüstan Rusiya münasibətləri isə hamıya bəllidir».

Mübariz Əhmədoğlu hesab edir ki, bütün bunlara rəğmən Cənubi Qafqazda hərbi təhlükəsizlik məsələlərinin necə qurulması Rusiyanı qayğılandırır. O ki, qaldı Rusiya-Gürcüstan münasibətlərinə, əgər bu gərginlik yenidən hərbi müstəviyə keçərsə, ona Azərbaycan qarışmasa yaxşıdır. Yəni rəsmi Bakının bu işdə Moskvanın və ya Tbilisinin yanında olması məsələnin mahiyyətinə heç bir təsir etməyəcək. Ona görə də arzulamaq lazımdır ki, belə vəziyyət yaranmasın.

POLİTOLOQ DEYİR Kİ, NARAHAT OLMAĞINA DƏYMƏZ

Politoloq Vəfa Quluzadə isə deyir ki, narahat olmağına dəyməz. Rusiya Gürcüstana hücum etməyəcək. Çünki bu, dünyada vəziyyəti gərginləşdirə, Rusiya-Amerika arasında əsgəri toqquşmaya gətirib çıxara bilər. Bunu keçən dəfə ki hücumdan sonra ABŞ-ın müdafiə naziri də bəyan etmişdi.

Vəfa Quluzadə
O ki, qaldı Rusiya müdafiə nazirinin Azərbaycana gəlməsinə, bu regiondakı vəziyyəti müzakirə etmək üçün deyil. Rusiyanın Gürcüstan və ya başqa məsələni Azərbaycanla müzakirə etməyə ehtiyacı yoxdur. Rusiya məmnuniyyətlə Azərbaycana külli miqdarda silah satmaq istəyərdi. Serdyukov da Bakıya buna görə gəlib.

«Məsələn, ən yeni silahlardan təklif edə bilər. Çünki maddi vəziyyəti çox gərgindir Rusiyanın. Azərbaycanın özü də bütün dünya kimi böhran vəziyyətindədir. Nə qədər indi bu silaha ehtiyacı olacaq onu da demək çətindir. Amma ümumiyyətlə, mən hesab edirəm ki, Serdyukovun Azərbaycanda danışdığı məsələlər ikinci dərəcəli məsələlərdir. Çünki Azərbaycan prezidenti bu yaxınlarda Moskvada olub, bütün birinci dərəcəli məsələlər danışılıb».

Vəfa Quluzadə hesab edir ki, Serdyukov Qəbələyə sadəcə RLS-i görmək üçün gedib. Çünki Qəbələ RLS necə deyərlər onun inventarıdır. Serdyukov hərbçi deyil, sivil adamdır. Gedib baxsın ki, bu stansiya necə görünür. Başqa bir şey yoxdur burada. Olsaydı prezidentlər tez-tez keçirilən at yarışlarında, qeyri rəsmi sammitlərdə özləri danışardı.

O ki, qaldı Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına dəvət edilməsinə, Vəfa Quluzadənin fikrincə, bu da istisnadır. Çünki rəsmi Bakı hələ Heydər Əliyev zamanında bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək bu təşkilata üzv olmaq barədə düşünməyəcək.
XS
SM
MD
LG