Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:12

Azərbaycan futboluna münasibət dəyişir


«Qarabağ» məşq zamanı
«Qarabağ» məşq zamanı
Azərbaycanın «Qarabağ» və «Bakı» futbol klubları artıq Avroliqa yarışlarının «play off» mərhələsi ərəfəsindədirlər.

«HƏLƏ BÖYÜK ADDIMLARA HAZIR DEYİLİK»

Mütəxəssislər ölkə klublarının Avrokuboklarda bir neçə komandanı yarışdan kənarlaşdırmalarını futbolun inkişafı kimi dəyərləndirirlər.

«Neftçi» komandasının veteranlarından biri – Şakir Qəribov deyir ki, əgər Azərbaycan klubları artıq bir neçə mərhələ keçiblərsə, deməli, bu sahədə bir addım irəli atılıb. Ancaq bundan da artığını əldə etmək üçün əsas şərtlərdən biri arxayınlaşmamaq, daha çox çalışmaqdır:

«Mənə elə gəlir ki, komandaların ikisi də o gücə malikdirlər. Amma bu gün, deyək ki, böyük addımlar atacağıq, hələ ona hazır deyilik».

Şakir Qəribova görə, gələcəkdə bu mərhələləri də keçib heç olmasa qrup yarışlarına çıxmaq üçün hələ çox iş görmək lazımdır.

Avqustun 5-də Sofiyada «Levski» – «Bakı» matçını izləyən Milli komandanın məşqçisi Vaqif Sadıqov hesab edir ki, hər iki komanda qrup yarışlarında iştirak etməyə layiq idi:

«Biz ilk növbədə gözləyəcəyik ki, «Qarabağ» «play off»u da keçib, qrupa vəsiqə qazansın. «Bakı» da püşkatmanı gözləməklə son oyunu təsadüfən uduzduğunu sübut etməlidir və qrup yarışlarına vəsiqə qazanmalıdır. Mən hər iki klubdan bunu gözləyirəm».

«AVROPADA ZƏİF KOMANDA YOXDUR»

Vaqif Sadıxov deyir ki, artıq Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirməyə qadir olan klubları var. Amma ölkə klublarının Avropada öz sözlərini deyə bilməsi bir günün işi deyil, futbol ümumi kompleks şəklində aparılan siyasətin nəticəsidir. Onun fikrincə, bu artıq o deməkdir ki, bir azdan yığma komanda da öz sözünü deyəcək.

Vaqif Sadıxova görə, Avropada zəif komanda yoxdur. Klublar rəqibin kimliyindən asılı olmayaraq hazırlıqlarını aparmalıdırlar. O əmindir ki, azarkeşlərin dəstəyi ilə istənilən nəticə əldə ediləcək.

«Futbol+» qəzetinin yazarı Kənan Həsənov isə deyir ki, Avroliqa yarışlarında zəif rəqiblər getdikcə sıradan çıxdıqları üçün oyunlar daha da çətinləşir. Onun fikrincə, yaxşı olar ki, «Qarabağ» və «Bakı» növbəti püşkatmada İtaliya, Türkiyə, Rumıniya, Belçika kimi ölkələrin güclü komandaları ilə düşməsinlər:

«Rəqib məlum olandan sonra ona uyğun hansısa proqnoz vermək olar. Amma komandalarımız artıq əvvəlki səviyyədə deyil. Bu birmənalıdır. Çünki əvvəl postsovet məkanından sıradan bir komanda gəlib Bakıda da bizi məğlub edirdi. Amma indi bu yoxdur. Hər halda buna sevinmək olar. Və mən inanıram ki, klublarımızın ən azından ikisindən biri Avroliqada mərhələ keçəcək».

Kənan Həsənovun sözlərinə görə artıq Azərbaycanda futbolun böyük biznes olması düzgün başa düşülür. Üstəlik klub rəhbərləri öz komandalarına böyük pullar xərcləməyə başlayıblar. Ona görə də klublardan müsbət nəticə gözləmək imkanları, ümidləri artıb. Bunun təsdiqi kimi Kənan Həsənov stadionlarda son 5-6 ildə müşahidə edilməyən azarkeş fəallığı, davranışı, dəstəyini göstərir.
XS
SM
MD
LG