Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:27

2008-ci ildə Gürcüstandakı müharibə haqqında faktlar


Gürcüstan və Rusiyanın Cənubi Osetiya uğrunda müharibəsindən bir il ötür
Gürcüstan və Rusiyanın Cənubi Osetiya uğrunda müharibəsindən bir il ötür
«Reuters» agentliyi

Gürcüstan və Rusiyanın Cənubi Osetiya uğrunda müharibəsindən bir il ötür. Müharibə nəticəsində Rusiya Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.

Rusiyaya meylli Cənubi Osetiya və Abxaziya Sovet İttifaqının dağılması ilə 90-cı illərin əvvəllərində hərbi əməliyyatlar nəticəsində Gürcüstandan ayrıldıqlarını bildiriblər. Bununla belə Gürcüstan gürcülərin məskunlaşdığı Cənubi Osetiyanın paytaxtı Tsxinvali ətrafında və Axalqori regionunda, eyni zamanda Abxaziyadakı Kador dərəsində nəzarəti əlində saxlayırdı.

Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin dövründə bu münaqişə dondurulmuş vəziyyətdəydi. Ancaq 2003-cü ildə «qızılgül inqilabı»ndan sonra hakimiyyətə gələn və Gürcüstanı NATO-ya üzv qəbul etdirməyə, Cənubi Osetiya və Abxaziya üzərində nəzarəti bərpa edəcəyinə söz verən Mixail Saakaşvilinin dövründə bu münaqişə donmuş vəziyyətdən çıxdı.

Moskvayla Tbilisi arasında münasibətlər pisləşməyə başladı. Gürcüstan Rusiyanı hər iki separatçı regionda öz mövqelərini gücləndirməkdə ittiham etdi. Rusiya Cənubi Osetiya və Abxaziyada əhalinin çoxuna Rusiya pasportları verdi. Gürcüstan Cənubi Osetiyadakı gürcü kəndlərinə öz dəstəyini artırmağa başladı, müdafiə xərclərini daha da çoxaltdı.

Rusiyanın etirazlarına baxmayaraq, 2008-ci ilin fevralında Qərbin Kosovonun müstəqilliyini tanıması gərginliyi daha da artırdı. Aprel ayında isə NATO-nun Gürcüstan və Ukraynaya onları öz üzvlüyünə qəbul edəcəyinə söz verməsi Moskvanı lap özündən çıxartdı.

Ötən ilin aprelində Rusiya separatçı rejimlərlə qeyri-rəsmi əlaqələr qurdu. Abxaziyaya əlavə qüvvələr göndərdi, Gürcüstanı hücuma hazırlaşmaqda ittiham etdi.
İyul ayında Rusiya qırıcıları qısa müddətə Cənubi Osetiyadan Gürcüstanın hava sərhədinə soxuldular.

MÜNAQİŞƏ

Avqust ayı Gürcüstanla Cənubi Osetiya qüvvələri arasında atışmalarla başladı. Rusiya silahlı qüvvələri isə sərhəddə - Şimali Qafqazla Gürcüstan sərhədinə toplaşmağa, burada illik hərbi təlimlərə başladılar. Cənubi Osetiya isə atəşkəsin pozulmasına görə qadınları və uşaqları evakuasiya etdi.

Avqustun 7-də intensiv toqquşmalardan sonra Saakaşvili atəşkəs elan etdi. Ancaq bir neçə saat sonra Gürcüstan Tsxinvalinin gürcü kəndlərində atəşkəsə əməl olunmadığını əsas gətirib Tsxinvaliyə qurudan və havadan zərbələr endirməyə başladı.

Rusiya qoşunları Cənubi Osetiyaya daxil oldu və qısa müddətdə gürcü hərbçilərini geri oturtdu. Rusiyanın dəstəklədiyi Abxaziya qüvvələri də gürcü polisini geri çəkilməyə məcbur edərək Abxaziyanın Kador dərəsindəki nəzarəti gürcülərdən aldı. Rusiya qüvvələri Cənubi Osetiyadan və Abxaziyadan Gürcüstan ərazisinə daxil oldular və Tbilisinin 40 kilometrliyinə qədər irəlilədilər.

Avqustun 12-də Avropa Birliyi missiyası vasitəçilik edərək atəşkəsə nail oldu. Avropa Birliyinin 240 nəfərlik monitorinq missiyası oktyabr ayında regiona gəldi. Ancaq onların separatçı Cənubi Osetiya və Abxaziyaya daxil olmasına icazə verilmədi.

Avqustun 26-da Kreml hər iki separatçı regionun müstəqilliyini tanıdı. Rusiya və Gürcüstan öz qoşunlarını müharibədən əvvəlki mövqelərinə çəkmək barədə razılığa gəldilər. Lakin Rusiya indi də həmin ərazilərdə müharibədən əvvəlkindən iki dəfə çox – 7600 əsgərinin olduğunu bildirir və orada hərbi bazalar tikir.

İNSAN TƏLƏFATI

Müharibə nəticəsində Gürcüstan 228 mülki, 184 hərbi qulluqçusunun öldüyünü və ya itkin düşdüyünü bildirib. Rusiya isə 64 hərbi qulluqçusunun və Cənubi Osetiyadan olan 162 mülki şəxsin öldüyünü açıqlayıb.

Hüquq müdafiə təşkilatları müharibə zamanı hər iki tərəfi kaset bombalardan istifadə etməkdə qınayıb. Onlar Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Cənubi Osetiya və Şimali Qafqaz hərbçiləri tərəfindən gürcülərə qarşı aparılmış etnik təmizləməyə görə Rusiyanın cavabdeh olduğunu bildirirlər.

Müharibə nəticəsində hər iki tərəfdən on minlərlə mülki şəxs evlərindən didərgin düşdü. Minlərlə Cənubi osetiyalı evsiz qaldı. 25 minə yaxın gürcü isə Cənubi Osetiyadakı öz evlərinə qayıda bilmədi.

BEYNƏLXALQ REAKSİYA

Qərb Rusiyanı qeyri-adekvat cavab verməkdə ittiham etdi. Avropa Birliyi və NATO Rusiya ilə danışıqları dondurdular. Lakin bir il ərzində Rusiya ilə danışıqlar yenidən bərpa oldu – Rusiya Qərbi Avropanın əsas enerji təchizatçısıdır.

ABŞ Gürcüstana humanitar yardım məqsədi ilə Qara dənizə hərbi gəmilərini göndərdi. Qərb donorları Gürcüstana birbaşa və kredit şəklində 4,5 milyard dollar vəsait ayırdı. Rusiya da öz növbəsində 2009-cu ildə Cənubi Osetiyada bərpa işlərinə 8,5 milyard rubl, yəni, 272 milyon dollar ayıracağına söz verib.

Diplomatlar bildirirlər ki, müharibə nəticəsində Saakaşvilinin Qərbdəki nüfuzuna xələl gəlib. Bu müharibə NATO-nun Gürcüstan və Ukraynanı üzvlüyünə daxil etməsi məsələsində fikir ayrılığını artırıb.
XS
SM
MD
LG