Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:33

«Mən heç nəyi etiraf etməmişəm»


Zahid İsmayılov
Zahid İsmayılov
Səlahiyyətinin əlindən alındığını əsas gətirib mandatını geri qaytaran Naxçıvan Ali Məclisinin deputatı Zahid İsmayılovla bağlı MR Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Zahid İsmayılov Cəhri kəndində yeməkxana kimi istifadə etdiyi mal-qara tövləsində vətəndaşları qumar oynamağa sövq edib.

Nazirliyinin ictimai təhlükəsizlik idarəsinin yaydığı məlumatda daha sonra qeyd edilir ki, millət vəkili adına yaraşmayan əməllərə yol verdiyi Zahid İsmayılovun diqqətinə çatdırılıb. Lakin o, uzun müddətdən bəri qumara aludə olduğunu, hətta sədr olduğu Cəhri bələdiyyəsinin inzibati binasında da dəfələrlə qumar oynadığını etiraf edib.

Zahid İsmayılov isə «Azadlıq» radiosuna deyib ki, o, dindirilmək üçün heç yerə çağırılmayıb və heç nəyi də etiraf etməyib. O, bunu özünə qarşı növbəti təzyiq kimi dəyərləndirir. Zahid İsmayılov bildirir ki, MR DİN-nin yaydığı məlumatla da elə bizim vasitəmizlə tanış olub:

«Cəhri kənd bələdiyyəsi ilə icra nümayəndəliyi eyni binada yerləşir və neçə illərdir ki, həmin binada DİN-nin Post Patrul Xidməti əməkdaşları 24 saat növbə çəkir. Əgər belə bir məsələ var idisə, bəs onda niyə icra nümayəndəsi və polislər buna göz yumublar? Bu, tamam yalandır»

Zahid İsmayılov deyir ki, Ali Məclisin sədri ilə görüşmək niyyətindədir. Məqsədi rəhbərliyi baş verənlərlə bağlı məhz doğru-düzgün məlumatlandırmaqdır.
XS
SM
MD
LG