Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:12

Əli və Nigar [2-ci hissə]


General Əliağa Şıxlinski və həyat yoldaşı Nigar xanım Mirzə Hüseyn qızı, 1909-cu il Maqilyov şəhəri

Nə Leyli və Məcnundan, nə Romeo və Cülyettadan, nə Əli və Ninodan danışırıq. Nə Füzulidən, nə Şekspirdən, nə Məhəmməd Əsəd bəydən söz açırıq. Əli və Nigardan danışır, həyatdan söz açırıq.

Uzun-uzun illərdən, bitmək bilməyən ayrılıqlardan sonra birləşən general Şıxlinskinin və məşhur ziyalı xanım Nigar xanım Qayıbovanın ailə dastanını araşdırmaçı jurnalist Şəmistan Nəzirlinin bələdçiliyi ilə vərəqləyirik.

Qazax Əliağa Şıxlinskini böyük təntənəylə qarşıladı

Gedib-gələnlərin ayağı kəsilmirdi. Hamı illərdir görmədiyi Port-Artur qəhrəmanını yaxından görmək, söhbətini dinləmək istəyirdi. Ətraf bölgələrdən də onun görüşünə gəlirdilər.
1-ci hissə
Bir gün Tiflisdən Nigarın böyük qardaşı Bahadır da gəldi. «Anam səni qonaq çağırır» - dedi. «Bəs Müfti çağırmır?» - deyə incikliyini sezdirdi. «O da səni görmək istəyir» - dedi Bahadır. «Özümün də gəlmək fikrim vardı, qoy bir az gedib-gələn seyrəlsin».

...Bu da Tiflis

«Əli və Nigar» dastanının kuliminasiya nöqtəsi burda qoyulacaq, əziz oxucum. Əliağa ilk gəncliyini keçirdiyi şəhəri böyük məmnuniyyətlə gəzdi. 1909-cu il idi. Müfti ona yaxşı bir ziyafət də verdi. Nigarı qonaqlıqda görən Əliağa soruşdu: «Bu niyə burdadır? Bəs əri hanı?». «Əri iki il əvvəl ölüb. Əyyaşlıqdan. Bir uşaqla qalıb. Uşağı da əmisi götürüb Türkiyəyə aparıb, xəbər yoxdur» - dedilər...Ziyafət boyu Əliağa Nigarı nəzərindən qaçırmadı. Nigar heç dəyişməmişdi...Fürsət tapıb özü ilə də danışdı. Onu hələ də unutmadığını söylədi. Hamıya Nigarla evlənmək istədiyini bildirdi. Şıxlinskilər daş atıb başlarını tutdular. «Başına qız qəhətdir?» - dedilər - Qayıbovlar bir qızı da bizə çox gördülər. Qızı dövlətliyə verdilər. Bizi təhqir etdilər». General inadından dönmədi. «Evlənəcəm Nigarla - söylədi - O mənim ilk sevgimdir!..İllərdir onun ucbatından evlənmədim...»

1909-cu il oktyabrın 27-də 44 yaşlı Əliağa Şıxlinski 38 yaşlı Nigarına qovuşdu

Ey sevdiyim, ey dilrüba,
Səbrim, qərarımsan mənim.
Səd mərhəba, səd mərhəba,
Nə türfə yarımsan mənim!

Görən səni, ey nazənin,
Deyər:pəh-pəh, səd afərin!
Dünyada mislin yox yəqin,
Əcəb dildarımsan mənim!

Gözəl zahirdə surətin,
Gözəl batin, təbiətin.
Gözəl, hər işdə qeyrətin,
Namusum, arımsan mənim.

Mənim baharda bülbülüm,
Mənim qızılca sünbülüm.
Gülşənlərdə zərif gülüm,
Bağlarda barımsan mənim.

Səni ziyarət eylərəm,
Sənə ibadət eylərəm.
Həm çox sədaqət eylərəm,
Çün sən Nigarımsan mənim.

Mən aşiqin adı Əli,
Verdin bu dərsi bilməli.
Eşqindən olmuşam dəli,
Sən ahu-zarımsan mənim.

Mən qəsdən şeiri bütöv verdim ki, generalın sevdiyinə duyduğu hissləri öz dilindən eşidəsiniz. Bu şeir, bilirsinizmi, neçənci ildə yazılıb? 1912-ci ildə - evləndiklərindən 3 il sonra Sarskoye-Seloda. General orda xidmətdəydi və elə olur ki, Nigar xanım Tiflisə - atası evinə gedir (həm də uşaq gözləyirmiş Nigar xanım. Amma hər şey yarımçıq qalır. Tale onlara uşaq nəsib etmir). Onun ayrılığına dözməyən general hislərini sətirlərə tökür...

Koroğlunun Nigarı tək...

Düz iyirmi iki il can-bir qəlbdə yaşayırlar. Nigar xanım ağlı, biliyi, dünyagörüşü ilə görkəmli sərkərdənin, doğrudan da, həyat dostu olur. Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşıbmış ki, ora «Şıxlinski xəstəxanası» deyirlərmiş. O, həmçinin1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Məqalələr yazır, dul qadınların, yetim uşaqların, aşağı rütbəlilərin ailələlərinin haqlarını qoruyurdu.

1918-ci ildən Şıxlinskilər Bakıda yaşayırlar - Cəfər Cabbarlı-20-də

1918-ci ildən Ə.Şıxlinski Qafqaza qayıdır və azərbaycanlılardan ibarət Əlahiddə Müsəlman Korpusu yaradır. 1918-ci ilin 13 dekabrında Milli Azərbaycan Ordusunun yaradılması haqqında «Hərbi layihə» hazırlayır. Noyabrın 25-dən Hərbiyyə nazirinin müavini seçilir. 1919-cu il 28 iyulda ona tam artilleriya generalı rütbəsi verilir. 1920-ci ilin martın 9-da onun təşəbbüsü ilə Cümhuriyyətin Qızıl Aypara Cəmiyyəti təsis olunur. Cümhuriyyətin süqutu Ə.Şıxlinskini də çaşqın vəziyyətə qoyur. Onu ölümdən qurtarmaq üçün N.Nərimanov Moskvaya göndərir. Bir müddət Moskva Ali Artilleriya Məktəbində dərs deyir. 1922-ci ildən Azərbaycan Komanda Heyəti Məktəbində işləməyə başlayır, hətta rəis müavini təyin olunur. 1926-cı ildə ilk hərbi lüğət – «Rusca-türkcə qısa hərbi lüğət»i nəşr olunur. «Hərbi bilik» jurnalında məqalələrlə çıxış edir.

Nigar xanım da boş dayanmır. Bakıda çıxan «Yeni fikir» qəzetində Azərbaycan ədəbiyyatına, dilinə aid məqalələr yazır. «Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib Azərbaycan sözlərini işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik». Nigar xanımın məqaləsindən sitat gətirdim...

1929-cu ildə general səhhətinə görə istefaya çıxır

Amma pedaqoji fəaliyyətini davam etdirir. Sonralar sevimli qəhrəmanlara çevrilən general-mayor Həzi Aslanov, polkovnik Həbibulla Hüseynov, polkovnik Aslan Vəzirov və b. onun yetirmələri idilər.

1931-ci il avqustun 15-də generala ağır itki üz verir - Nigar xanım vəfat edir... «Mənim hər şeyim: həm səadətim, həm də səhhətim onunla getdi». Ə.Şıxlinski «Xatirələrində» belə yazır. «Bir yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi» - bu da generalın sözləridir. «Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın» - bu da...

Onun «Ana və onun əziz Nigarına» adlı şeiri də var (Nigar xanımın anası Səadət xanım qızından bir il öncə dünyasını dəyişmişdi. Həm anasının ölümü, həm də bircə oğlunun Türkiyədə itkin düşməsi onun, təbii ki, ömrünü gödəltmişdi):

Fəryada dönmüşdü dənizin səsi;
Ulduzlar sularda yırğalanırdı.
Tənha məhəbbətin qəmli nəğməsi
Qaya-qulaqlarda sırğalanırdı...

General Şıxlinski Nigar xanımdan sonra düz 12 il yaşadı. Hər cümə axşamı Yasamal qəbiristanlığına onun görüşünə getdi. Hər il onun ölüm günündə ehsan verdi. Qoca general elə Nigarının dünya ilə vidalaşdığı ayda - avqustun 18-də də gözlərini əbədi yumdu...

Ölməli vaxt deyildi. 2-ci Dünya Savaşının qızğın çağı idi...Amma General «Ey sevdiyim, ey Nigarım!» deyərək son görüşə tələsirdi...
XS
SM
MD
LG