Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:09

Müxalifət çətin seçim qarşısında…


Bələdiyyə seçkiləri ərəfəsində müxalifət partiyaları çətin bir seçim qarşısında qalıblar. Bu dəfə seçkiləri boykot etməyən, hətta yerlərdə hakimiyyəti götürməyə iddialı olan müxalifətin dərdi başqadır. Seçkilərə namizəd müəyyənləşdirmək bir qədər çətinləşib. Səbəb də ekspertlərin izahına görə, son illər paytaxtda və bölgələrdə qərargahsız qalan, təqiblə-təzyiqlə üzləşən, ard-arda seçkiləri boykot edən, seçkilərə ümidini itirən müxalif düşərgəsində sıraların seyrəlməsidir.

Hər halda, Ümid Partiyasının sədri İqbal Ağazadə də etiraf edir ki, bu dəfə müxalifət partiyaları yaxşıların yaxşısını seçə, onları namizəd kimi irəli sürə bilmirlər.

«Tolerant» Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu: «Əlbəttə, son illər müxalifətin elektoratı daraldılıb və resurslardan məhrum olunub. Maliyyə, insan resursundan məhrum olunmuş, qərargahsız qalan, elementar fəaliyyət üçün şəraiti olmayan siyasi qurumun seçkilərə qatılıb uğur əldə etməsi nonsens kimi səslənir».

«TƏKBAŞINA OLSAYDIQ…»
Yeri gəlmişkən, bu dəfə bələdiyyə seçkilərinə Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan altı partiya bir yerdə qatılır. Hərəkata Müsavat, Xalq Cəbhəsi, Demokrat, Ümid, Liberal, Vətəndaş və İnkişaf partiyaları daxildir. Və onlar hələ ki, seçkilərə vahid siyahı ilə getməyi planlaşdırırlar. İqbal Ağazadə:

«Təkbaşına olsaydıq, ümumən bələdiyyələri əhatə etmək, 16 min namizəd vermək çətin olardı. Yaxşı namizədlərin verilməsi üçün 16 min yerə ən azı 40 min namizəd olmalıydı ki, biz onların içindən seçəydik. Amma təəssüflər olsun ki, ictimai-siyasi vəziyyət, hakimiyyətin partiyalara, aktiv insanlara münasibəti ona gətirib çıxarıb ki, biz sadəcə, namizədlərin sayı qədər və ya ondan az namizəd irəli sürürük. Rəqabət prinsipi aşağı düşüb».

HƏR PARTİYADAN 2300-DƏK NAMİZƏD
Görünür, buna görə də Müsavat Partiyası bələdiyyə seçkilərində daha çox böyük şəhərlərdə namizədlərin verilməsinə diqqət yetirəcək. Bununla belə, Müsavatın icra aparatının rəhbəri Arif Hacılı deyir ki, onların demək olar, bütün bölgələrdə namizədləri var…
İqbal Ağazadənin sözlərinə görə, Ümid iki rayonda Qusarda və Ordubadda ümumiyyətlə namizəd verməyəcək. Eləcə də AXCP-nin Ağcabədi rayonunda namizədi yoxdur və sairə. Odur ki, seçkilərə birgə qatılmaq bir qədər seçim imkanlarını artırır. İndi hər partiya ümumilikdə bələdiyyə üzvlərinin sayı qədər - 16 min yox, 2300-dək namizəd irəli sürməlidir. Hərçənd bəzən partiyalar üçün istisnalar da ola bilər, kimi az, kimi çox namizəd verə bilər. İqbal Ağazadə:

«Elə yerlər var ki, orda müttəfiqlərimizdən bəzilərinin rayon şöbələri, özəkləri yoxdur. Məsələn, elə yer var ki, bizim namizədimiz yoxdur, başqaları namizəd verəcək, elə yer var müttəfiqlərimizin namizədi yoxdur, biz namizəd irəli sürəcəyik».

Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli isə deyir ki, partiyanın bütün dairələr üzrə siyahısı hazırdır. Bayaq dediyimiz kimi, partiyanın yalnız Ağcabədi dairəsi üzrə namizədi yoxdur. Amma sədr müavininin dediyinə görə, indilik siyahını açıqlamaq mümkün deyil.
«Əgər biz seçkilərə Qarabağ və Respublika Uğrunda Hərəkatın vahid siyahısı ilə qatılsaq, tərəf müqabillərimizə güzəştə getməyə məcburuq. Bu zaman siyahıda dəyişilik labüddür…»

«SƏMİMİ OLMAQ LAZIMDIR, BU QƏDƏR RESURS YOXDUR…»
Elə bu yerdə iqtidardan yox, elə müxalif düşərgədən iradlar gəlir. Aparıcı müxalifət partiyaları yalnız bir neçə rayonda namizəd verə bilməyəcəklərini desələr də, Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunmayan Milli İstiqlal Partiyasının rəhbərliyi başqa qənaətdədir. Partiyanın katibi Əli Orucova görə, səmimi olmaq lazımdır, bu partiyalardan heç birinin təkbaşına minlərlə namizəd irəli sürmək imkanı yoxdur.
«Azərbaycanda hardasa 2 minə yaxın bələdiyyə var, bu bələdiyyələrin hər birinə orta hesabla on namizəd irəli sürəndə iyirmi min nəfər edir. Seçkilərə bu qədər insan resursu cəlb etmək heç bir partiyanın gücündə deyil. Hətta YAP da bununla bağlı çətinlik çəkdiyini bildirib».

Amma «Tolerant» Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu deyir ki, hər şey müxalifətin seçkilərə gətirəcəyi yeni texnologiyalardan, yanaşmadan, yerlərdəki narazı elektoratı səfərbər edib-etməyəcəyindən asılıdır.

…Avqustun 19-da altı müxalifət partiyasının birləşdiyi Qarabağ və Respublika Uğrunda Hərəkatın liderləri bələdiyyə seçkiləri ilə bağlı qərar vermək üçün toplanacaqlar. Partiyalar dəqiqləşdirəcəklər ki, seçkilərə vahid, yoxsa bir neçə siyahı ilə getsinlər.
XS
SM
MD
LG