Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11

Yerevanda Azərbaycan filmləri 3 gün nümayiş olunacaq


Qafqaz Sülhyaratma Təşəbbüsü Mərkəzinin direktoru Qeorgiy Vanyan
Qafqaz Sülhyaratma Təşəbbüsü Mərkəzinin direktoru Qeorgiy Vanyan
Bu ilin oktyabrında Yerevanda Azərbaycan filmlərinin festivalı keçiriləcək. Tədbirin təşkilatçısı Qafqaz Sülhyaratma Təşəbbüsü Mərkəzidir. Mərkəzin direktoru Qeorgiy Vanyan AzadlıqRadiosuna müsahibəsində deyir ki, festivalda müxtəlif janrlı filmlər təqdim olunacaq: bədii, sənədli və animasiya. Festivalın proqramına qoşulmağa iddialı 50 filmə baxış keçirilib:

- Festival bu il oktyabrın əvvəlində Yerevanda keçiriləcək. Filmlərin nümayişi 3 gün çəkəcək. Ötən il mart ayında türk filmlərinin festivalını keçirmək kimi bir təcrübəmiz var. Ona görə mümkündür ki, müxtəlif mədəniyyət mərkəzlərinə və gənclər təşkilatlarına festivalı davam elətdirmək təklif olunsun.

- Ermənistanda Azərbaycan filmlərini göstərmək ideyası hardan yaranıb? Bu, bir tamaşaçı tələbatıdır, yoxsa, «xalq diplomatiya»sı ideyasına dəstək nümayişi?
- Filmə baxan tamaşaçının bugünkü Azərbaycanla bağlı informasiya boşluğunu doldurmaq tələbatıdır. Festival keçirmək ideyası özlüyündə yeni deyil. İstənilən festival mədəniyyətə daxil olmanın yarısıdır. Biz bu festivalla cəmiyyətlərimizi bölən divarda balaca bir dəlik açmaq istəyirik.

- Hansı filmlərin göstərilməsi nəzərdə tutulub? Yəni seçim hansı kriteriyalarla aparılacaq?
- Tamaşaçı simpatiyasını müəyyən etmək üçün müsabiqə proqramına müxtəlif janrlarda qısametrajlı filmlər daxil olacaq. Filmlərin seçimində əsas kriteriya müəllif humanistliyi və filmin bədii dəyəridir.

- Filmləri hardan alacaqsınız? Nümayiş üçün Azərbaycan hökumətindən icazə alacaqsınızmı? Axı, Azərbaycanda filmlərin çoxunun sahibi dövlətdir.
- Bir neçə illik Cənubi Qafqaz layihələrində bizdə kifayət qədər nüfuzlu film kolleksiyası yığılıb. Həm də müxtəlif beynəlxalq festivallar, kino mütəxəssislər və rejissorlar vasitəsilə filmlər tapmışıq. Bu axtarışımız hələ də davam edir. Proqram hazır olandan sonra biz filmlərin müəlliflərinə müraciət edəcəyik.

- Maraqlıdır, Qarabağ müharibəsindən bəhs edən filmləri də göstərəcəksinizmi?
- Proqram hələ hazır deyil. Bizdə mövzu məhdudiyyəti yoxdur.

- Azərbaycan filmlərinin nümayişi zamanı tamaşa zalı boş ola bilərmi? Əgər belə olarsa, atacağınız addım nə olacaq?
- Mən uğursuzluğu istisna etmirəm, amma dolu tamaşaçı zalı gözləyirəm.

- Sizcə, bu festival erməni ictimai rəyində nəyi dəyişə bilər?
- Azərbaycanlı yazıçı Seymur Baycan demiş, bizim ölkələrimizdə ictimai rəy yoxdur. İctimai institutların yaranması – bu, gələcəyin işidir. Bizim festival müəyyən bir təbəqəyə – Yerevan tamaşaçısına ünvanlanıb.

- Yeri gəlmişkən, bu ideyanız Ermənistan ictimaiyyətində necə qarşılandı?
- Ermənistan ictimaiyyəti hələ reaksiya verməyib. Amma qəzetlərdə və veb saytlarda məlumatlar yayılıb. Festival barədə mətbuatdan xəbər bilən dostlar və tanışlar isə ideyanı dəstəkləyiblər.
XS
SM
MD
LG