Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:17

Molotov- Ribbentrop razılaşmasının gizlinləri


Yoahim Ribbentrop Mosckvada pakta imza atır - 23 avqust 1939
Yoahim Ribbentrop Mosckvada pakta imza atır - 23 avqust 1939
SÜRPRİZ RAZILAŞMA

1939-cu il avqustun 24-də səhər yuxudan oyanan insanlar biləndə ki, dünən gecə Hitlerin Almaniyası ilə Stalinin Sovetlər İttifaqı arasında pakt imzalanıb, şoka düşdülər. Elan olunan sənəddə qeyd edildiyinə görə, dünənə qədər bir-biri ilə hədə ilə danışan bu iki dövlət daha bir-birinə hücum etməyəcək.

Hitlerlə Stalinin arsında razılaşma ona görə çox adama sürpriz oldu ki, birincinin bolşevizmə açıq-aşkar ikrahı var idi. Onun bir neçə çıxışında «alman xalqına Sovet İttifaqının şərq hissələri lazımdır» deməsi Kremlə yaxşı məlum idi. Hitler 1936-cı ildə Nürünburqda partiyasının qurultayında deyirdi:

«Saysız-hesabsız xammal yataqları, mədənləri olan Ural dağları, ucsuz-bucaqsız meşələri olan Sibir, böyük taxıl tarlaları olan Ukrayna mənim olsa, Almaniya və Milli Sosialist rəhbərliyi bolluq içərisində üzərdi».

Bu fikirlərin sahibi ilə Stalinin nədəsə razılığa gəlməsi olduqca sürpriz hadisə idi.

Moskvada həmin sənədi imalayıb geri dönmüş Almaniyanın Xarici İşlər naziri Yoahim Ribbentropu Adolf Hitler qəhrəmanlar kimi qarşılamışdı:

- Partiya yoldaşımızın, Xarici İşlər naziri Ribbentopun adını Almaniya və alman xalqı həmişə anacaq.

Y.Ribbentropun Sovetlərin Xarici İşlər naziri Vyaçeslav Molotovla birgə hazırlayıb imzaladıqları bu pakt Hitlerə «Polşa problemini həll etməyə» və lazım olsa, Sovetlərdən təhlükə gözləmədən Polşanın müttəfiqləri olan Britaniya və Fransa ilə döyüşməyə imkan verirdi.

Stalinin fikrincə də bu sənəd ona ordusunu möhkəmləndirmək üçün vaxt qazanmağa imkan verirdi.

AVROPANI BÖLÜŞDÜRMƏ PLANI

Molotov Berlində - 14 noyabr 1940-cı il
Amma elan olunan paktdan savayı Almaniya ilə Sovetlər bir gizli razılaşma da imzalamışdılar. Bu razılaşma da tərəflərin Şərqi və Şimali Avropada təsir zonalarının yaradılması haqqında idi.

Bu razılaşma haqqında məlumatlar olsa da, ortada konkret nələrin yazıldığı müttəfiqlərin Almaniya arxivlərini ələ keçirməsinə qədər məlum deyildi. Buna baxmayaraq, 1989-cu ilə qədər Sovetlər həmin sənədin mövcud olduğunu inkar edib, Almaniya arxivindən tapılan sənədin qurama bir kağız olduğunu deyirdi. Amma həmin ildən sonra Rusiya arxivdən rəsmi protokolu çap etdi.

Molotov-Ribbentrop paktının imzalanmasından az sonra – 1939-cu il sentyabrın 1-də Almaniya qüvvələri Polşaya hücum etdi. Sentyabrın 17-də də Stalinin Qırmızı Ordusu Polşanın cənub hissələrinə soxuldu. Polşanın Brest-Litovsk şəhərində Almaniya və Sovet əsgərlərinin birgə paradı da keçirildi.

Noyabr ayında Stalin gizli protokolda Sovetlərin təsir dairəsi kimi göstərilmiş Finlandiyaya hücum etdi. 1940-cı ilin iyununda protokolda onun «payı»na düşmüş Baltik ölkələrində zorla hakimiyyətləri dəyişdirdi. Az keçməmiş həmin ölkələrin yeni hakimiyyətləri Sovetlərə birləşmək üçün müraciət etdilər.

İyunun sonunda Stalin Rumıniyanın Bessarabiya və Şimali Bukovina regionlarını tutdu.

İKİ DİKTATORU BU PROTOKOLA RAZI SALAN NƏ İDİ?

Ribbentrop və Stalin Kremldə – 23 avqust 1939-cu il
Sonradan Sovetlər iddia edirdilər ki, onlar Şərqi Avropada kollektiv təhlükəsizlik razılaşmalarının imzalanması ilə Hitleri cilovlamağa çalışıb. Amma Britaniya və Fransa buna biganə qalıb.

Exter Universitetinin tarix professoru Riçard Overi bildirir ki, bu fikir hələ də Rusiya dairələrində hakimdir. Halbuki, o zaman Sovetlər Hitlerlə Britaniya və Fransanın əli ilə döyüşmək istəyirdi.

Molotov-Ribbentrop paktının necə meydana gəldiyini müzakirə edən Rusiya tarixçiləri həmin hadisədən az əvvəl baş verən bir hadisəni də xüsusi vurğulayırlar.

Onlar qeyd edirlər ki, 1938-ci ildə imzalanan Münhen razılaşması ilə Britaniya və Fransa Almaniyanın Çexoslovakiyanı işğal etməsinə imkan yaratmışdı. Rəsmi sovet tarixçiliyi bu sənədi Hitlerin Sovet İttifaqına hücum etməsini təşviq edən gizli razılaşma adlandırırdı.

Əksinə, Qərb tarixçiləri də bu iddiaya sonra baş verən hadisələrlə cavab verirlər. Onlar deyirlər ki, Münhen razılaşmasından sonra Polşa Almaniya ilə Sovetlər arasında bölüşdürüldü, Şərqi Avropa onların arasında təsir zonalarına çevrildi.

UDUZAN KİM OLDU?

Sovet İttifaqının diplomatiya tarixçisi Sergey Sluç deyir ki, həm Almaniya, həm də Rusiya Birinci Dünya müharibəsində uduzmuşdu. Molotov-Ribbentrop razılaşmasının da kökündə bu məqam dayana bilər:

- Bildiyiniz kimi, Sovet Rusiyası və Almaniya Birinci Dünya müharibəsinin əsas məğlub tərəfləri idi. Rusiyada gedən dərin iqtisadi-siyasi dəyişikliklər də onu dünyanın axarına tərs qoyurdu. Ona görə də bu iki ölkə arasında əlaqələr olduqca xüsusi xarakterdə idi. Onların bir-birinə qarşılıqlı iddiları var idi. Amma ən əsası Sovet Rusiyasının dünya ilə heç bir əlaqələrinin olmaması idi.

Bu cür faktorlar iki diktatoru razılaşmaya sövq etdi. Amma artıq bəlli olduğu kimi, 1941-ci ilin iyununda Hitler razılaşmanı pozub Sovetlərə hücum etdi. Bu müharibənin nəticəsi isə hər iki tərəf, xüsusilə də Sovetlərə olduqca ağır oldu. Sovetlər bu müharibədə 20 milyon adam, müharibədən əvvəlki əhalisinin 14%-ni itirdi. Almaniya isə müharibədən əvvəlki əhalisinin 9%-ni itirdi.

Polşa - Alman və Sovet qoşunları "Sülh Sərhədi" adlandırılmış yerdə - 1939-cu ilin sentyabrı

















Vyaçeslav Molotov pakta imza atır. Arxada duranlar isə Ribbentrop və Stalindir - Moskva, 23 avqust 1939-cu il




























Pakta qol çəkdikdən sonra Berlinə qayıtmış Yoahim Ribbentrop Reyxstaqda Adolf Hitlerlə danışır – 1939-cu ilin avqustu


















Ribbentrop, Stalin və Molotov Kremldə – 23 avqust 1939

















XS
SM
MD
LG