Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26

Zorakılığın çiçəkləndiyi yer


«Zorakılığın Şimali Qafqazdan kənara çıxması sadəcə bir zaman məsələsidir»
«Zorakılığın Şimali Qafqazdan kənara çıxması sadəcə bir zaman məsələsidir»
Avqustun 24-də «Vaşinqton Post» qəzeti Şimali Qafqazda cərəyan edən son hadisələri təhlil edən yazı dərc edib. Müəllif Maşa Lipman qeyd edir ki, təkcə ötən həftə bir yük maşını dolu partlayıcının polis idarəsinə çırpılması nəticəsində İnquşetiyada bir günün içində 20 polis zabiti öldürülmüş və yüzə qədər mülki əhali yaralanıb. Müəllif yazır ki, İnquşetiyada baş verən terror aktı bütövlükdə regionda zorakılığın artmasından xəbər verir və baş verənlər «yerli idarəçiliyin səriştəsizliyi və Kremlin etinasızlığının nəticəsidir».

Müəllif yazır ki, Şimali Qafqaz Rusiya üçün böyük bir baş ağrısıdır. Region Qara Dənizdən Xəzər Dənizinədək uzanır və bir neçə etnik administrativ respublikalardan ibarətdir ki, bunların da hər birinin işlək olmayan və Rusiyadan gələn dotasiyalara möhtac iqtisadiyyatları var. Bu region kasıblıq, həddən ziyadə işsizlik, cilova gəlməyən cinayətkarlıq və korrupsiyanın oturuşduğu yerdir.

Müəllif yazır ki, indiyə qədər Rusiyanın Şimali Qafqaz siyasəti ondan ibarət olurdu ki, Moskva bu yerlərin liderlərini özü seçirdi, onları maliyyələşdirirdi və həmin liderlərin etdiyi korrupsiyaya göz yumurdu. Əvəzində həmin liderlər regionu cilovda saxlayırdılar və seçkilər vaxtı güclü Moskvapərəst seçki nəticələri təmin edirdilər. Bir sözlə Moskva bu regionda baş verən zorakılığa görə öz üzərinə heç bir məsuliyyət götürmürdü və siyasəti ona yönəlirdi ki, baş verən cinayətlər elə Şimali Qafqazın öz sərhədləri ilə məhdudlaşsın. Ancaq zorakılığın Şimali Qafqazdan kənara dağılması sadəcə bir zaman məsələsidir.

Müəllif Şimali Qafqazın üç respublikasında vəziyyəti təhlil edir:

Çeçenistan
Bu respublikada iki qanlı müharibə aparan Moskva nəhayət ki, öz adamlarını idarəçiliyə yerləşdirdi. Ramzan Kadırov son on il ərzində qəddar idarəçiliyi ilə respublikanı nəzarətdə saxlayırdı. Lakin əldə edilən sabitliyin qiyməti çox bahadır. Təkcə ötən ay ərzində Çeçenistanda iki hüquq müdafiəçisi öldürülüb. Ondan əvvəl isə 2006 və 2008-ci illərdə Kadırovun iki opponenti Moskvada günün günorta çağı qətlə yetirilib. Müəllif yazır ki, regionu cilovda saxlamaq üçün Moskva Kadırova o qədər azadlıq verib ki, hazırda bəziləri iddia edir ki, Ramzan Kadırov Moskvanın müharibə apardığı əvvəlki Çeçen liderlərindən daha müstəqil və daha güclüdür. Regionda isə sabitlik əvvəlki qaydada qoruna bilmir. Təkcə ötən həftə Qroznıda dörd polis zabiti öldürülüb.

İnquşetiya
Müəllif yazır ki, İnquşetiyanın tədbirli və ağıllı bir lideri var idi – Ruslan Auşev. Onun yerli əhali arasında hörməti də çox idi. Lakin Moskva onun populyarlığından və müstəqilliyindən qorxub Auşevi istefaya məcbur etdi və yerinə qatı Moskvapərəst ancaq səriştəsiz bir lider qoydu. Həmin şəxs öz opponentlərini susdurmaq üçün o qədər qəddar metodlardan istifadə etdi ki, yerli əhalini özünə qarşı çevirdi və əvvəllər sakit olan bir respublikada konflikt eskalasiya olundu. Sıxışdırılan yerli əhali polislərə hücum etməyə başladı, yerli hökumət daha çox repressiya apardı və bu da öz növbəsində polislərə yeni hücumlar üçün əsas oldu. Müəllif yazır ki, bir il əvvəl Moskva həmin lideri daha mötədil bir siyasi fiqurla əvəzlədi. Lakin o da ötən iyunda ona edilən hücum nəticəsində ağır yaralanıb.

Dağıstan
Dağıstanda da vəziyyət ürəkaçan deyil. «Nyus Uik» jurnalının Dağıstana bu ay səfər edən jurnalisti yazır ki, siyasi mövqelərdə dominantlıq təşkil edən etnik qrupla rəqib etnik qruplar arasında gedən «etnik müharibədə polislər bomba ilə partladılır, yol kənarında güllələnir və öz yataqlarında öldürülürlər».

Müəllif yazır ki, hələ ki, Rusiya hökuməti Şimali Qafqazda baş verənləri ciddi təhlükə kimi qəbul etmir, onsuz da «rusların çoxu Şimali Qafqaza öz ölkələrinin bir hissəsi kimi baxmırlar və radio müsahibələrində və şəxsi söhbətlərdə tez-tez eşitmək olur ki, Qafqaz respublikalarını azad buraxmaq lazımdır». Lakin bu həll yolu deyil, çünki, «Rusiya dotasiyaları ilə dolanan bu respublikalar əvvəla heç müstəqillik istəmirlər. İkincisi, həmin respublikaların yerləşdiyi yer onların saysız-hesabsız problemlərinin yaratdığı məsuliyyəti Rusiyanın çiyinlərinə qoyur».
XS
SM
MD
LG