Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:28

Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayı artır


Yataqxanadakı məcburi köçkünlər hesab edirlər ki, şəraitləri yaxşılaşsa, artım lap müharibədən əvvəlki kimi olardı
Yataqxanadakı məcburi köçkünlər hesab edirlər ki, şəraitləri yaxşılaşsa, artım lap müharibədən əvvəlki kimi olardı
Dağlıq Qarabağın statusunun referendum yolu ilə həlli barədə fikirlər möhkəmləndikcə bu bölgənin əhalisinin sayı siyasi müzakirə predmetinə çevrilir.

«Rəsmi statistik rəqəmlərə görə, müharibədən əvvəl o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin sayı təxminən 180 minə yaxın olub».

«DAĞLIQ QARABAĞ ƏHALİSİNİN SAYI 65 MİNDƏN DƏ ARTIQDIR»

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov belə deyir. Onun sözlərinə görə, bunun 120 minə yaxınını ermənilər, 52 minə qədərini isə azərbaycanlılar təşkil edib. Qalan əhali isə digər millətlərin nümayəndələri olub. Ancaq aradan keçən bu 18 ildə, ermənilərlə müqayisədə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayı daha çox artıb:

«Dağlıq Qarabağ icmasının qurultayında əldə edilən rəqəmlərə əsasən əhalinin sayı təxminən 65 min nəfərdir. Ancaq sonrakı müşahidələrimiz göstərdi ki, bu əhalinin sayı 65 mindən də artıqdır. Ona görə məlumata malik olmaq üçün yenidən siyahıyaalma aparmaq istəyirik. İndi ermənilər öz saylarının artması barədə çox şey deyə bilərlər. Onlar da nəsə deməlidirlər. Ancaq qayıdarıq öz yerimizə, onda bilinər ki, kimin sayı daha çoxdur».

Bayram Səfərov deyir ki, hələ sovet hökumətinin vaxtında Dağlıq Qarabağda yaşayışın öz çətinlikləri vardı. Müharibənin gətirdiyi problemlər şəraitində orada yaşayışın yaxşılaşması inandırıcı deyil. Əhalinin artım səviyyəsi isə həyat şəraiti yaxşılaşdıqca yüksəlir. Azərbaycan iqtisadiyyatının inkişafının ümumi əhalinin vəziyyətinə müsbət təsir etdiyini bildirən Bayram Səfərov, bundan başqa, məcburi köçkünlərə göstərilən qayğının, onların yeni qəsəbələrə köçürülməsinin də Dağlıq Qarabağın azərbaycanlı icmasının sayının artımına ciddi təsir göstərdiyini düşünür.

15 ildən çoxdur Bakıda - Neft Akademiyasının tələbə şəhərciyində məskunlaşmış məcburi köçkünlər isə vəziyyətlərindən razı olmasalar da, bunun onların artımına mənfi təsir göstərmədiyini də deyirlər. Köçkünlər hesab edirlər ki, müsəlmanın artımı şəraitə baxmır. Necə deyərlər, kasıb nədən də olmasa övladdan bol olur:

- Adım Hüseyndir. Biz gələndə bir ailə idik. Sonra qardaşlar evləndik olduq dörd ailə. Təkcə bizim ailədə gəlinləri saymasaq 7 uşaq var.

- Adım Tamelladır. Buraya gələndə ailədə 9 nəfər idik. İndi 20 nəfərik.

Bir oğlu müharibədə, digəri isə qaçqınçılıqda dünyasını dəyişən Zərnişan arvad isə deyir ki, qalan iki oğlu Bakıda evlənib və indi onun 9 nəvəsi var.

Yataqxanadakı məcburi köçkünlər hesab edirlər ki, şəraitləri yaxşılaşsa, artım lap müharibədən əvvəlki kimi olardı.

«ƏHALİNİN SAYI AMİLİ SİYASİ MÜBAHİSƏ PREDMETİNƏ ÇEVRİLƏ BİLƏR»

Bəzi politoloqlar hesab edirlər ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının sayının artması problemin nizamlanması məsələsində hər halda Azərbaycanın xeyrinədir ki, ziyanına deyil. Çünki Madrid prinsiplərinin əsas mübahisə doğuran şərtlərindən biri məhz Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyən edilməsidir. Səsvermədə isə əhalinin sayı həlledici şərtdir.

Politoloq Rasim Musabəyov isə deyir ki, əgər Dağlıq Qarabağın statusunun müəyyənləşməsində uzun müddətdir haqqında danışılan referendum məsələsi təsdiqlənərsə, onda əhalinin sayı amili siyasi mübahisə predmetinə çevrilə bilər.

Azərbaycanın bu məsələdə əhalinin siyahısını artmış şəkildə təqdim etmək hüququ var. Ancaq eyni hərəkəti qarşı tərəfin də edəcəyinə hazır olmaq lazımdır:

«Bu, müəyyən mənada siyasi məsələ də olacaq. Onlar da sübut etməyə çalışacaqlar ki, hazırda Ermənistanda yaşayan filankəs əslində Dağlıq Qarabağ vətəndaşıdır. Orada anadan olub. Böyüyəndən sonra Ermənistana gedib. Və nəzərə alınsa ki, o dövrün bütün məlumat bazası Dağlıq Qarabağda qalıb, deməli, onların bütün bu məsələlərlə manipulyasiya etmək imkanı daha genişdir».

Rasim Musabəyova görə, əgər ortada say məsələsi varsa və Azərbaycan referenduma razılıq verəcəksə, kimlərsə bundan ehtiyatlanıb artımı bir arqument kimi gündəliyə gətirə bilər. Ancaq hələlik bu barədə danışmaq tezdir. Çünki, hələ ki, həmin referendumun nə vaxt olacağı, hansı suala cavab istəniləcəyi, ümumiyyətlə, kimləri əhatə edəcəyi məlum deyil. Bu məsələ yetişəndə onun cavabı da axtarılıb tapılacaq.
XS
SM
MD
LG