Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 19:27

İtkin düşənlərlə bağlı məlumatlar niyə fərqlidir?


Azərbaycanda Qarabağ münaqişəsi zamanı 4211 nəfər itkin düşüb
Azərbaycanda Qarabağ münaqişəsi zamanı 4211 nəfər itkin düşüb. Bu, iyulun 1-nə olan son məlumatdır. Məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası verib. Komissiyanın rəsmi saytında yerləşdirilən məlumata görə, həmin itkinlərdən 30-nun sağ olduğu, işğal olunmuş ərazilərdə saxlandığı müəyyənləşdirilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) məlumatı isə bir qədər fərqlidir. Onların məlumatına görə, itkin düşən Azərbaycan vətəndaşlarının sayı 3500 nəfərdən çoxdur, amma bölgədə itkin düşənlərin sayı 4500 nəfəri ötür. Onlardan mindən çoxu milliyyətcə ermənidir. Komitənin sözçüsü Gülnaz Quliyeva deyir ki, Dövlət Komissiyası ilə onların siyahısı arasındakı fərq təsadüfi deyil:

SİYAHILAR NİYƏ FƏRQLİDİR?


«Bizim siyahı ailələrin Komitəyə müraciəti əsasında hazırlanıb. Dövlət Komissiyasının siyahısı isə təkcə ailələrin yox, dostların, uzaq qohumların müraciəti əsasında hazırlanıb. Bizim siyahımıza əsasən deyirik ki, regionda münaqişə nəticəsində 4500-dən artıq insan itkin düşüb».

Gülnaz Quliyevanın sözlərinə görə, onların siyahısı günü-gündən dəyişir. Son bir neçə ayda təxminən 500 nəfər itkinin adını siyahıya əlavə eləyiblər. Gələcəkdə bu rəqəmin artacağı da istisna edilmir. Zaman keçdikcə onlarla Dövlət Komissiyasının siyahısı arasındakı fərq də azalır.

17 İLİN HƏSRƏTİ

Müharibə dövründə itkin düşənlərdən biri də Natiq Məmmədovdur. Onun ailəsi 17 ildir yol gözləyir. Qardaşı Vaqif deyir ki, Natiqin yolunu bu gün yaşlı anası həsrətlə gözləyir:

«Ümidimizi üzmürük, ümidimiz var ki, girovluqdadır, bəlkə bir gün gələr. Anam deyir ki, bircə oğlumu görəydim, ondan sonra öləydim. Bircə biləydim balam sağdı…»

28 yaşında cəbhədə itkin düşən Natiq Məmmədovun taleyinə Dövlət Komissiyası və ya Beynəlxalq Qırmızı Xaç Komitəsi yaxınlarda aydınlıq gətirə biləcəkmi?

Demək çətindir. Amma Dövlət Komissiyası tək onunla yox, bütün itkinlərlə bağlı araşdırmaları davam etdirdiyini bildirir. Komissiya yalnız bu yaxınlarda 1991-ci ildə Kərkicahanda itkin düşmüş Fərhad Atakişiyevin əsirlikdə öldürülməsini müəyyənləşdirib. Fərhad Atakişiyevin üzərində 72 işgəncə izi aşkarlanıb. Ötən il isə Fərhad Atakişiyev kimi daha 33 itkinin döyüşlərdə həlak olduğu məlum olub. Onların meyitləri əldə edilərək dəfn edilib.

Dövlət Komissiyasına yardım məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsi itkin düşənlərlə bağlı ətraflı məlumat toplamağa başlayıb. Artıq bir qədər əvvəl bu məlumatların toplanması Bakıda və Sumqayıtda başa çatıb. 1400 itkinlə bağlı bilgilər toplansa da, 290-a yaxın itkinin ailəsi tapılmadığından onlarla bağlı məlumat əldə etmək mümkün olmayıb. Axtarışlar rayonlarda davam etdiriləcək və onun gələn il başa çatacağı gözlənir.

Gülnaz Quliyeva deyir ki, onlar topladıqları məlumatları Dövlət Komissiyasının bilgiləri ilə tutuşduracaqlar, mümkün olsa vahid siyahı hazırlayacaqlar. Bu isə axtarışlarda komissiyaya yardımçı olacaq:

«Biz bunu nəyə görə edirik? İnşallah münaqişə başa çatıb, bölgəyə sülh gələndə məzarlar tapıla bilər. O zaman itkinlərlə bağlı bu geniş məlumatlar köməyə gələcək. Orada itkinlərin fiziki əlamətləri, hətta stomatoloji göstəriciləri, məşğuliyyəti haqda məlumatlar da yığılıb».

İTKİNLƏR HƏFTƏSİ…

Amma ətraflı məlumatın toplanıb, vahid siyahının hazırlanması birinci mərhələdir. Bölgəyə sülh gələndən sonra itkin düşənlərin axtarışını sürətləndirmək, onların eksqumasiya və identifikasiyasını aparmaq üçün də indidən hüquqi baza yaratmaq lazımdır. Buna görə də komitə hökumətə model qanun təklif edib. Onlar hesab edirlər ki, bu, Dövlət Komissiyasına böyük kömək ola bilər.

Milli Məclis rəhbərliyi isə deyir ki, bununla bağlı Ermənistan da eyni qanun qəbul edəndən sonra danışmaq olar.

Bu həftə Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşəbbüsülə Azərbaycanda «İtkinlər həftəsi» elan olunub. Məqsəd itkinlərin və onların yaxınlarının problemlərinə hökumətin və cəmiyyətin diqqətini cəlb etməkdir.

Avqustun 30-u isə bütün dünyada itkin düşənlər yad edilir.
XS
SM
MD
LG