Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:35

Fəxri Uğurlu "ŞEYX SƏNAN" (Hekayə)


Gürcü knyazı İrakli Şeyx Sənanın toyuna hazırlıq görürdü. Toyun yeməlisi, içməlisi, bər-bəzəyi at-arabayla, ulaq yükündə, qatır tərkində bir ucdan Tiflisin ayağındakı bağlı-bağatlı, hasarlı-qoruqlu, nökərli-qaravaşlı alt-üst mülkə daşınırdı. Knyaz həm atalıq, həm analıq elədiyi tək qızına bir Tiflisə yox, aranından dağınacan bütün Qafqaza səs salan toy çaldırmaq istəyirdi.

Tamaranın anası ilk doğuşda ölmüşdü, sancısını cəza kimi çəkib ağrıdan geri qayıtmamışdı, canındakı uşaqdan qurtulmağa gücü yetsə də, günahdan qurtulmağa ağrısı azlıq eləmişdi. O gündən knyaz İrakli mələk kimi gözəl, cavan arvadının ölümündə özünü suçlu bilirdi: onun ayğırı hörüyü qırıb, dağların suyu, çiçəklərin qoxusuyla bəslənmiş o gəlinin qızlıq çəpərini basıb keçməsəydi, o gəlin canındakı şirəli toxumları fələyin dəyirmanında üyüdüb bir ovuc toza çıxmazdı. Yazıq knyaz İrakli bunu bilməyinə bilirdi, di gəl, qadına çatmağın ayrı yolunu tanımırdı.

Knyazın sonrakı çağları işlədiyi suçun bayrağı, günahının buyruğu altında keçmişdi, illər boyu o günahın qapısında nökərçilik eləyib ömrünü talamışdı, talayıb, onu öz içində özcə damarından-sinirindən toxuduğu tora salan fələyə bac vermişdi. Tiflisin yetimləri, yesirləri, əlsiz-ayaqsızları, dul arvadlar, dilənçilər, lotular, içki düşkünləri, qırmızıyanaq keşişlər, o gündən sonra bircə yol üz bozartmadığı nökər-qaravaşı bu talanda knyaza yaxından kömək göstərmişdi. Bundan irəli Tiflisin say-seçmə erkəklərindən sayılan knyaz İrakli arvadından sonra tamahını biryolluq axtalamışdı; daha onun ayğırı kimsənin çəpərini adlayıb, qoruğunda otlayıb yiyəsini fələyin divan-dərəsinə salmayacaqdı.

Qızına anasının adını qoyan knyaz arvadını yeni donda diriltməyə, diriltdikcə özünün də qadına baxışını dəyişməyə çalışmışdı: o vaxtdan knyaz İrakli evindəki xanımın ağası yox, köləsiydi. Dovşan kimi səksəkəli, utancaq Tamaranın yurdunda oturan tərs, dalaşqan, xam dayça tək ipə-sapa yatmaz Tamara gözəllikdə Məryəm anadan, ərköyünlükdə Misir sultanının qızından geri qalmazdı. Qızının ərköyünlüyü knyaza təsəlli verirdi; elə bil qız fağır anasına görə dünyadan, atasından öc alırdı.

Çox keçmədən Şeyx Sənanın göydən varlı, buluddan yumşaq könlündən Tamaranın tarlasına bərəkət yağacaqdı. Tamaranın gürcü kimi kefcil, müsəlman kimi qaynar, türk kimi qorxmaz bir oğlu olacaqdı. Uşağa knyazın adını qoyacaqdılar. Baba-nəvə həm adaş, həm qardaş olacaqdılar. Ola bilsin, bundan sonra knyaz İrakli içindəki zindanın sinir barmaqlığını qırıb suçunun dustaqlığından, günahına fəhləlik eləməkdən qurtulacaqdı, tutduğu iş belə gözəl sona vardığına görə özünü bağışlayacaqdı…

XXX

Bütün iş-gücünü atıb gün uzunu yalnız toy əl-ayağında olan knyazın səhərdən axşamacan quş kimi aşağı-yuxarı səkməsi, yaşının bu çağında yaşamağa yenidən belə tamah salması Tamaranın ürəyincə deyildi; atasının sevincində o, bir sövdəgər bicliyi, yaxşı malı ucuz alsa da, saydığı pulun çoxluğuyla mal yiyəsini də, qıraqdan baxanları da mat qoymağa çalışan alverçinin üzündəki tox üzüntüyə bənzər bir duyğunun qatışığını sezirdi, ancaq bu sezdiyinin nə olduğunu, atasının həvəslə pul saydığı bu alverdə nələr qazandığını Tamara anlamırdı. O bu günlər atasını hamıdan qəmli görmək istəyirdi, Tamaranın saydığı sayla knyazın yenidən dirçəlib dünyaya müştəri gözüylə baxan yaşı deyildi, dünyayla halallaşıb bir sınıq köç arabasına qalxan yaşıydı.
Toy günü yaxınlaşdıqca knyaz qızının ərköyünlüyü, dikbaşlığı yerə-göyə sığmırdı, atası bir yana dursun, qohum-qardaş, nökər-qaravaş da onun əlindən cana doymuşdu, nə istədiyni özgələr bir yana, özü də bilmirdi. İçindən kimsə onu toyu pozmağa çağırırdı, kimsə kəbinin ona bədbəxtlik gətirəcəyini, ərə getsə, Şeyx Sənanı itirəcəyini deyirdi. Siftə günlər Tamara başında dolanan o səsi şeytanın çağırışına bənzətmişdi, sonralar təkliyin ən şeytansız anlarında – otaq güncündə, çay qırağında, ağac altında, ay işığında dönə-dönə dinşəyib ürəyinin səsini tanımışdı. Könüldən niyə belə qanlı buyruq gəldiyini anlamasa da, yeddi illik ayrılığın hər gününü bayram eləyən ürək canın cana, qanın qana qarışmasına, yer üzündə palçıqdan yeni maya tutulmasına – bu iksirə, bu kimyaya xeyir-dua vermirdi.

Tamara könlünün yanılmadığını, istəsə belə yanıla bilməyəcəyini bilirdi; yanılmaq, aldanmaq az bilməklə çox bilməyin arasında baş verən işlərdi – könül bilmək-bilməmək nə olduğunu bilməz, könül bildiyini bilməmək qədər, bildiyini bilməyə ehtiyac duymamaq qədər çox bilər. Tamara da könlünün bildiyi qədər bilirdi, di gəl, bildiklərini anlamağa, duyduğunu ağlının dilinə çevirməyə çox çətinlik çəkirdi, oxuduğu kitablar, öyrəndiyi biliklər ona bu dilmanclığın yolunu göstərməmişdi. Ona görə ürəyindən gələn hər duyğu düyünçəsini götürüb Sənanın yanına gedirdi, şeyx bağlamanı açıb orda yazılanları tələsmədən oxuduqca Tamara içində baş verənlərə mat-mat qulaq asırdı, könlündə əsən yellərin havası onu yenidən vururdu, vurduqca gözəlliyi üzünə-gözünə çıxırdı. Neçə yol Şeyx Sənana yalvarıb bu yazının əlifbasını ona da öyrətməyi diləmişdisə də, hər yalvarışında şeyx onu yaxasından ehmalca qoparıb qıraq eləmişdi:
- Sənin gözəlliyin hər bilikdən dərindi, Xumar, - demişdi. – Mənim oxuyub-öyrənməyim sənin kimi gözəl olmaqdan ötrüdü.

İndi könlündən gələn bu qorxunc göstərişi, qan iyi verən fərmanı necə götürüb Şeyx Sənanın yanına getsin? Tutalım, şeyx fərmanı oxudu da bəyəndi, açmasını açdı, yozmasını yozdu, çıxış yolu göstərdi; bəs atası, qohum-qardaşı, yeddi il bundan qabaq üstündən keçib-getdiyi bunca Tiflis adamı – onlara nə desin, necə desin? Bu dünyada qabaqcadan qoyulmuş qaydalarla yaşamağa öyrəncəli adamları qayda pozuntusuna birtəhər alışdırmaq olardı, olmuşdu da; bəs onlarla bir şəhərdə, bir küçədə qaydasız yaşayanların varlığına bu adamlar dözərmi?..
Yeddi il bundan irəli knyaz qızı Tamaranın Bağdaddan Qafqaza din-təriqət yaymağa gəlmiş bir dərvişə qoşulub getmək istədiyini biləndə Tiflis ayağa durmuşdu. Xəlifənin hökmü göydəki quşa da çatdığından Şeyx Sənana güldən ağır söz deməyə kimsə urək eləməmişdisə də, şəhərin say-seçmə adamları bir-bir, iki-bir knyaz İraklinin qapısına yeriyib bu satqınlığın, dönüklüyün təkcə onun özünə yox, qohumuna-qardaşına, ölüsünə-dirisinə də necə ağır başa gələcəyini ona qandırmaq istəmişdilər. Heç nə deyilməsə də, knyaz ata qızının bir müsəlmana getməsinin ona nələr gözlətdiyini göz qabağına gətirə bilərdi: ən azından yaxın qohumlarını da götürüb Gürcüstandan biryolluq çıxacaqdı, evlərində bayquşlara, doğmalarının yatdığı qəbirlərdə goreşənlərə qonaqlıq veriləcəkdi.

Tiflisdə hamı Tamaraya gürcü soyunun ən sağlam toxumlarını gələcəyə daşıyası bir müqəddəs saxlanc kimi, məbəd kimi baxırdı; onun bətni Məryəm ananın boyu kimi ilahinin nuruyla dolacaqdı, o nurdan-işıqdan da gürcünün xilaskarı doğulacaqdı. Knyaz balaları, adlı-sanlı döyüşçülər, qoşun başçıları, çar evinin cavanları yatıb yuxularında özlərini o xilaskarın atası kimi görürdülər. Dikbaş, tərs Tamaranıın Məryəmə bənzəri az olsa da, onun gözəlliyinə tapınmağı kimsə əskiklik bilməzdi. Günün birində bu gözəlliyin bir kafir müsəlmanın, hərəmxana xoruzunun toruna düşməsi Tiflis xaçpərəstlərinin inamına əl aparmaq kimi bir işidi.

Ancaq şəhər adamı Şeyx Sənanı belə tanımaqda haqlı deyildi: otuz üç yaşı olsa da, şeyx evlənməmişdi, yer üzündə nə kişi, nə də qadın, nə dindar, nə də kafir qanı tökmüşdü, Qırmızı dənizdən Qara dənizə qədər dalğası vuran, min-min yolçusu olan, xəlifənin özünün də sayıb-çəkindiyi sufi təriqətinin başçısıydı, üstəlik, dedikləri, yaydıqları Məryəm oğlunun sözlərinə çox bənzəyirdi. Bu bənzərliyi hamıdan qabaq sezən də knyaz qızı Tamara olmuşdu. Başının qırx müridiylə Tiflisi küçə-küçə, qapı-qapı gəzən, meydanlarda moizələr söyləyən sarıyanız, alagöz, başdan-ayağa ağ geyinmiş şeyxin susanda İsa kimi dalğın, danışanda İsa kimi çılğın olduğunu qız ilk baxışdan duymuşdu, tay-tuşunu başına yığıb, onlara yağı gözüylə baxan kilsə qulluqçularının, İsa divanələrinin ağır basqısı altında təriqət yolçularını izləyən tünlüyə qoşulmuşdu.

Bağdad dərvişinin xütbələrinə uyub gedən qızı Şeyx Sənanı başının dəstəsiylə qonaq çağırmaq istəyəndə knyaz İrakli bundan çox da qorxuya düşməmişdi: birincisi, qəribi qonaqlamağa bu yerlərdə kimsə pis baxa bilməzdi; ikincisi, bu vurğunluğun ötəri olduğunu qoca knyaz yaxşı bilirdi – qızına özgə həyatın havası dəymişdi, çox keçmədən Tamara o adamların da bu adamlar kimi, bəlkə bunlardan da pis olduğunu görüb qınına çəkiləcəkdi. Ona görə də knyaz İrakli Tiflisin ən yüksək çinli keşişləriylə dostluğunu qorxa-qorxa qızının yadına salandan sonra onun qonaqlarının gözü üstə yeri olduğunu demişdi, ancaq:
- Qızım, müsəlmanlar bizim aldığımız nəfəsi də haram bilərlər, yediyimizi yeməzlər, içdiyimizi içməzlər. Sən onları nəylə doyuracaqsan?
- Mən də elə bunu bilmək istəyirəm.

Tamaranın tapşırığıyla qonaqların qarşısına yalnız donuz ətindən bişmiş yeməklər, içməyə də yalnız qırmızı çaxır qoyulmuşdu. Şeyx Sənan hamıdan qabaq əlini süfrəyə uzadanda knyaz qızı dillənmişdi:
- Görürsənmi, şeyx, özüm də bilmədən böyük yanlışa yol vermişəm. Mən müsəlmanların donuz əti yemədiyini, şərab içmədiyini bilmirdim.
- Ürəyini sıxma, xanım, - şeyxin ardınca müridlər də süfrəyə əl uzatmışdılar, - yemək, içmək bizim könlümüzü bulandırmaz, olsa-olsa, gövdəmizə vəlvələ salıb başımızı bədənimizə qatar.
- İndiyəcən sizlərdən donuz əti yeyən olubmu?
- Olmayıb.

- Bəs çaxır necə?
-İçməmişik.
- Müsəlman olduğunuza görəmi?
- Biz sufiyik, xanım, - Şeyx Sənan çaxırdan bir qurtum alıb demişdi, - bizim üçün din də, şəriət də keçilmiş yoldu. Bizim sıramızda yəhudiyə, xaçpərəstə də, kafirə, bütpərəstə də yer var.
- Bəs eləysə, halal əti haram ətdən, halal suyu haram sudan necə ayırırsız?
- Yaxşı havanı pis havadan, duru suyu çirkli sudan ayırdığımız kimi.
Bununla da Tamara Şeyx Sənanı, sufini, müsəlmanı yox, özünü sınaqdan çıxarmışdı; indi o, gedəcəyi yolu bu başından o başınacan görürdü:
- Doğrusu, şeyx, mən özüm də donuz əti yemərəm. Çaxırı da ömrümdə bir yol içmişəm, ondan da yadımda qalan baş ağrısı, ürək bulantısıdı.

Bunun ardınca ortalığa başqa yeməklər gəlmişdi…
Müsəlmanların knyaz İraklinin evində çaxır içib donuz əti yemələri bir göz qırpımındaca şəhərə yayılmışdı. Knyaz artıq keşiş dostlarının yanında öyünməyə də başlamışdı, ancaq sevinci boğazında qalmışdı. Tamara:
- Ata, mən Şeyx Sənana ərə getmək istəyirəm, - demişdi.

Knyaz İraklinin bədbəxtliyi qabaqcadan duymağa öyrəncəli sümükləri tufanın hənirini almışdısa da, bunca ağır işə düşəcəyini qoca heç unamazdı, belə dərin qorxunun iyini almaqdan ötrü knyaz yetərincə qorxaq deyildi. Onu daha çox son günlər Tamaranın kilsəyə getməməsi, atasının keşiş dostlarının bütün varlığında Şeyx Sənanın başmağındakı qədər inam olmadığını deməsi qorxudurdu: qız şeytanın çağırışına uyub dinindən dönsəydi, Tiflisin ortasında xaçpərəstləri İsadan üz çevirib Məhəmmədin qibləsinə üz tutmağa çağırsaydı, dalınca da Qafqazın ilk müsəlman qadını kimi xəlifənin xələt-baratı, möhürlü fərmanıyla təltif olunsaydı, knyaz özü də ondan üz çevirməli olacaqdı. İndi bundan da ağır bir dərdin qabağında əliyalın, boynubükük durmuş knyaz İraklinin bu dərdə yaltaqlanmaqdan, alçalıb-sınıb bu dərdi özündən iyrəndirməkdən özgə yolu qalmamışdı.
- Qızım, şeyx imanına düz adamdı. Çoxarvadlı müsəlmanın arasında indiyəcən evlənməyibsə, deməli, ev qurmaq, bala saxlamaq ondan ötrü imana bağlı məsələdi. Sən onun bu işlərə necə baxdığını öyrənmisənmi?

- Yox, öyrənməmişəm.
- Sənin ona ərə getmək istəyindən şeyxin də xəbəri varmı? O da səni almaq istəyirmi?
- Bilmirəm.
- Qızım, sən bu dərvişləri tanımırsan. Onlar bizim rahiblər kimi evlənməyə, doğub-törəməyə pis baxarlar…
- …Baxsınlar.
- Onların bütün ömrü çöllərdə, yollarda keçər. Nə evləri olar, nə ocaqları, nə əkinləri, nə biçinləri…
- …Olmasın.

Yolunu kəsən dərdin ona yazığı gəlməyəcəyini görən ata qırımını dəyişmişdi:
- İl on iki ay şəhər-şəhər, kənd-kənd, qapı-qapı gəzib dilənərlər. Əlləri, ayaqları həftələrlə su görməz, - dediyinə inanmasa da, onu qızından ayırmağa çalışan müsəlman tanrısına nifrəti knyaza güc vermişdi, - saqqallarında bit-birə, saçlarında hörümçək yuva qurar. Beləsi knyaz İraklinin qızını nəylə saxlayar? Necə baxar sənə?!
Tamara nə atasının dediklərindən ürpənmişdi, nə onun yalanını ağartmışdı, nə də qırımından ürkmüşdü. Eləcə tərs-tərs, dik-dik knyaz İraklinin gözünə baxıb:

- Mən özüm onun qulluğunda duraram, özüm baxaram ona! – demişdi.
Beləcə, səhəri gün Gəncə sarı yol almağa hazırlaşan, qırx say-seçmə müridlə qırx gündən bəri qaldığı karvansaranın borcunu verəndən sonra müridlərdən beşini səfər bazarlığına göndərən Şeyx Sənanın yolu Tiflisə gəldiyinin qırxıncı günü knyaz İraklinin qapısı arasında qalıb qırılmışdı. O axşam Bağdad dərvişi o qapıdan içəri adlayan kimi dünyada bütün yolların bu qapıya gəldiyini, bundan sonra getməli bir yer qalmadığını, yer üzündə hər körpənin bu qapıya gələn yola düşmək üçün dizinə güc verib dikəldiyini açıq-aydın anlamışdı…

XXX

Şeyx Sənanın Gəncə səfərini gündən-günə adlatması müridləri iynə üstündə oturtmuşdusa da, dil tərpədib bu gediş-qalışın niyəsini soruşmaq istəyən kimsə özünü mürşidin üzünə ağ olmuş sayardı. İllərlə gözlətsəydi, illərlə gözləyərdilər. Mürşidin könlündən keçəni sözsüz anlayan müridlər indi dolaşıb qalmışdılar: Şeyx Sənan indi nəsə özgə dildə danışırdı. Qırx say-seçmə müridin heç biri bu dili bilməsə də, toplaşıb bu kələfi bir yerdə çözmək ağıllarına gəlməzdi - mürşid olmayan yerdə onlar danışmırdılar, şeyxin süzgəcindən keçməyən sözü ortaya çıxarmırdılar, bir mürid o biriylə yalnız mürşid körpüsünün üstündə görüşürdü. İndi bu körpü onların gözü qabağındaca uçulub-dağılırdı. Şeyx Sənan gün çalmamış karvansaradan çıxıb Tiflisə qənşər dağlarda təkcə gəzib-dolanır, günorta özünü knyaz İraklinin qapısından içəri salıb bir də gecədən keçmiş karvansaraya yatmağa qayıdırdı. Müridlərlə danışmamağı bir yana, onları heç görmürdü də. Müridlər yolu itirmişdilər.
Müridlərin üzünə bağlansa da, Şeyx Sənanın üzünə qapı açılmaqdaydı – Tiflisin ayağında, knyaz İraklinin yurdunda Bağdad dərvişi dünyanın qapısını tapmışdı. Adamların Tanrını görmək üçün üz tutduğu yerlərdən çox-çox uzaq şəhərdə Şeyx Sənan Allahı tapmışdı.

İndiyəcən o, Allahı çox yerdə axtarmışdı: baxa-baxa böyüdüyü Türküstan dağlarının ucalığında, daşan çayın bulanıq sularında, ildırımı alışdıran alovun arxasında, yağışlı buludların tünlüyündə, quş qanadında, qurd yuvasında, at belində, dərə boğazında, göl dibində… Yeniyetməliyin tumurcuqlayan çağında təkbaşına axtarmaqdan dağları, meşələri ələk-vələk eləmişdi. Dağların quşqonmaz yerində, qartalların qonşuluğunda bir qaya üstə oturub səssizliyi uzun-uzadı dinşəmişdi, indicə Allahın onun dilsiz çağırışına hay verib üzündən örtüyü götürəcəyini, bütün varlığıyla ona görünəcəyini gözləmişdi. Qalın meşə içiylə gedə-gedə Allahın qarşıdakı kolun dalından necə qalxdığını, gülə-gülə qol açıb ona sarı gəldiyini gözünün qabağına gətirmişdi. Günbatan çağı qızaran buludun arxasından, gündüzlə gecənin arasından Allahın bir göz qırpımınca görünüb ona əl eləyəcəyini gözlərini qırpmadan nə qədər, nə qədər gözləmişdi…

Axtardığını Türküstanda tapmayıb dağdan düzə yenmişdi, karvanlara qoşulub səhralardan keçmişdi, Allahı Kəbədə, Qüdsdə, peyğəmbərlər yurdunda axtarmışdı; qara daşın başına dönə-dönə hərlənib peyğəmbərlər çıxan dağlara çıxmışdı, onlar içən sudan içib onlar udan havadan udmuşdu, yeməyib, yatmayıb, dünyanın sevincini, dincliyini canına haram eləyib Türküstanda tapmadığını Ərəbistanda axtarmışdı. Nə qara daş, nə göy daş, nə Kəbə, nə Tur dağı dillənmişdi. Onda o, yüz iyirmi dörd min yəhudiyə görünüb onlarla dostluq, qardaşlıq eləyən Allahdan ayrı-seçkilik saldığına görə bərk incimişdi, küsüb dünyanın paytaxtı Bağdada üz tutmuşdu.

Bağdad onu Kəbədə axtardığı Allahdan tez eşidib tez görmüşdü. Dünyanın ən böyük mədrəsəsinin qapıları üzünə taybatay açılmışdı. Elə burdaca Allahı axtarmağın yeni-yeni yollarını öyrənmişdi, elmin bütün qollarıyla Tanrıya kəmənd atıb bir tənliyin məchulunda, bir həndəsə çevrəsinin ortasında, rəsədxana qülləsində, həkimlərin iksirində Yaradanı yaxalamaq istəmişdi. Elmin yolu qurtaranda şairlərə yan almışdı, bir meyxana küncündəki azadlıqda, xaraba sarayların yoxluqdan yapılmış viranə otaqlarında axtarmışdı Allahı. Sonra min ildən qalma xarabalıq tozunu üstündən çırpıb dərvişlərə qoşulmuşdu, dünyanın ən böyük sufilərinin məclislərində oturub söhbətlərini dinləmişdi, təsəvvüf əhliylə kəlam əhlinin açdığı din-təriqət savaşında döyüşmüşdü, zindanlara düşmüşdü, neçə yol adamının, neçə təriqət şeyxinin dara çəkildiyini gözləriylə görmüşdü.

Sonda özü də uzun bir dərs almış, mənzil yormuş din mühəndisi kimi Tanrıya ayrıca yol çəkməyə başlamışdı, özünə bənzər duyub-düşünənləri başına yığıb yeni bir dərviş ocağı közərtmişdi. Tezliklə müridlərinin sayı minləri aşmışdı, xilafətin dörd yanında dayaqları qurulmuşdu, ocaqları qalanmışdı. Daha dərviş Sənan Allahı dağda-düzdə gəzmirdi, indi o, Tanrını sufilərin ürək yoldaşlığında, dərvişlərin könül qardaşlığında görürdü; daha ondan ötrü Allah göydən yerə fərman yazıb yollayan padşah deyildi, min-min çayın-bulağın axıb-töküldüyü dəniz kimiydi – o dənizdə bütün sular bir cür dadırdı. Bir gün dərviş qardaşların Şeyx Sənanın göstərdiyi səmtə axan könülləri sevgidən coşub yatağından çıxacaqdı, bir-birinə qovuşub o dənizi – Allahı yaradacaqdı…

Tiflisə gələnəcən Şeyx Sənan Allahın izinə düşdüyünə beləcə inanırdı.

İndi daha Şeyx Sənan Allahı sufilərin qovuşağında, yetkin könüllərin kəsişməsində, bir qabda əridilən kamillərin çevrildiyi məhlulda da axtarmırdı; indi o, axtardığını tapmışdı. Gürcü qızının bir sözüylə bədəndən oynayan ruhu beyninin qapılarını vurub taybatay açmışdı, hər açılan qapıdan dalğa-dalğa yerə, göyə, yerlə göyün arasına əsmişdi; əsdikcə dağın-daşın, atın-otun, ağacın-quşun da könlünü yerindən tərpətmişdi, hər tozdan, hər yarpaqdan, hər milçəkdən ruhuna cavab gəlmişdi; gəldikcə ruhu bir az da boy atıb böyümüşdü. Onda Şeyx Sənan könlündə bütün yaranmışların əslini-kökünü – onları yaradan duyğuları, o duyğuların boş qalmış yerini yara yeri kimi duyub, bütün yaranmışların öz ruhundan törədiyini beyninin bütün zərrələriylə qanmışdı. İndən belə onun işi könlündəki boş yerləri doldurmaq, ruhundan ayrılanları öz yurduna qaytarmaq, ürəyinin altındakı Allahı bu dünya yaranmamışdan qabaqkı hala, gücə gətirmək olmalıydı.

Bundan sonra Şeyx Sənanın müridlərlə görəcəyi iş, gedəcəyi yol qalmamışdı, daha yol yoldaşları onun ağır işdən yapışan ruhunu yerindən dəbərtmək gücündə deyildilər – knyaz İraklinin evinin damı, Tamaranın pəncərəsi bunu onlardan yaxşı bacarırdı. İndi nə yerin, nə göyün, nə dinin, nə təriqətin, nə elmin, nə kitabın gücünə sığan bir işi Tamaranın baxışları görürdü…

Knyaz İraklinin keşiş dostları, qohumları Tamaranın tərsliyinə, höcətinə dirənib durandan sonra knyaz qızını döndərib müsəlman eləməklə xəlifənin gözündə bir boy ucalmaq istəyən hiyləgər Bağdad dərvişinin qurğusunu puça çıxarmaq üçün ortaya şərt qoymuşdular: Şeyx Sənan islamdan dönüb boynundan xaç asmalı, adını dəyişməli, yeddi il knyaz İraklinin donuzunu otarmalıydı. Yalnız bundan sonra o, sınaqdan çıxmış sayılıb knyaz qızına tay ola bilərdi.

Tamara şərti götürüb keşişlərin başına çırpmağa macal tapmamış Şeyx Sənan şərt adıyla ona buyrulan zəhəri dibinəcən içmişdi. Gecədən keçmiş karvansaraya qayıdıb müridləri başına toplamışdı.
- Əzizlərim, gedin bütün müridlərə, cəmi Məhəmməd hümmətinə çatdırın: şeyxiniz bir gürcü qızının eşqinə dinindən dönüb tərsa oldu, boynundan xaç açdı, - demişdi. – İndən belə mənim adım gürcü Simon, işim-peşəm donuz otarmaq olacaq.

Onları yarı yolda qoyan mürşidin o tilsimdən ayılıb yola gələcəyini müridlər hələ bir neçə ay da gözləmişdilər, ancaq daha nə Şeyx Sənan dillənmişdi, nə də müridlər onun demədiklərini anlaya bilmişdilər. Şeyxin gündən-günə uzaqlaşdığını görən otuz doqquz dərviş bir payız səhəri heybəsində yavan çörək palçıqlı yola düzəlib, əzilmiş ordunun tör-tökuntüsü kimi qəmli-qəmli, sınıq-sınıq, gözünün yaşını ətəyinə silə-silə dumanda-çiskində əriyib itmişdi. Qırxıncı mürid Tiflisdə qalmışdı, gürcü çaxırının dadını biləndən özgə cənnət axtarmaqdan daşınmışdı.

Müridləri Şeyx Sənanın boynundan xaç asması yox, mürşidin geriyə addım atması, dinlərdən sonra gələn ən saf dini – tezliklə bütün yer üzünə yayılıb bəşərin tək dininə-inancına çevriləcək sufiliyi hansısa dinin pərəstişdən doymayan acgöz bütlərinə, quruca nəfəsi də bəndələrə sələmiylə borc verib minnət qoyan allahına dəyişməsi incitmişdi. Bir müsəlmanın, xaçpərəstin, yəhudinin, ya bütpərəstin sufiliyə gəlməsi çox görünmüşdüsə də, bir sufinin xirqəsini soyunub din-şəriət bayrağına büküldüyünü hələ görən olmamışdı.

Müridlər dərdləriylə birgə yolların palçığını da daşıya-daşıya bu görəcəyin üstündə baş sındırmaqdaykən Şeyx Sənan yenicə tapdığı Tanrısını bəsləyirdi. Boynundan asılan gümüş xaç onun başını əlindəki çomaqdan artıq qatmırdı, adının dəyişməsi onu hər həftənin sonu təzələnən paltarından artıq dəyişməmişdi. Sabah ertə Tamaranın baxışından diksinən ruhu oyanıb başından dünyaya qapı açırdı, könlünün yerlə-göylə bazarlığı başlanırdı. Gürcü Simon donuzlarını qabağına qatıb Kürün o tayına adlayırdı, Tiflisə qənşər dağların yamacına səpələnən donuzları güdə-güdə gün uzunu düşünürdü, axşam bütün gedənlər yuvasına dönəndə heyvanları yerbəyer eləyib donuz damının yanındakı hücrəsinə çəkilirdi, gündüz düşündüklərini gecə kağıza köçürürdü. Bir səhər, bir də axşam Tamarayla bağda görüşürdü; qız soruşur, Şeyx Sənan danışırdı, qız ondan sufiliyi, Allaha aşiq olmağı, o da qızın işığında dünyanı sevgiylə geri almağı, Allah olmağı öyrənirdi.

Belə yaşayış Şeyx Sənanın tam ürəyincəydi. Daha keşişlərin də köpü yatmışdı. Gürcü Simonun sevgisi Qafqazda dilə düşmüşdü. Tiflisdə hamı onun adını biliyin, gözəlliyin, düzlüyün adı kimi çəkirdi. Şeyx Sənan qızların arzusuna, xanımların dərdinə, kişilərin güvənc yerinə dönmüşdü, yuxusu qarışan, fikri dolaşan, canına cin-şeytan daraşan, ağlı bərkə ilişən onun üstünə qaçırdı. İndi knyaz İrakli də gələcək kürəkəniylə öyünürdü. Çobanlığının üçüncü ilində knyaz ona daha sınaqdan çıxdığını, indən belə şərti pozub toyu tezləşdirsələr, kimsənin onları qınamayacağını eşitdirmişdisə də, şeyx onun ağzından vurub, verdiyi sözü bazara çıxarmadığını, əhdini pozmayacağını demişdi. Knyaz onu hücrəsindən evə köçürmək istəyəndə də dirənib, «ora dünyanın paytaxtıdı, hücrəmlə işin olmasın» söyləmişdi…

İndi, yeddi ilin tamamına yeddi gün qalmış çomağına söykənib, knyaz İraklinin mülkünə daşınan yükləri Kürün o tayındakı yamacdan izlədikcə öz işini sona yetirmək üçün ona hələ neçə belə yeddi illərin gərək olduğunu hesablayırdı. Onun ruhu dünyanı qabığından çıxarıb varlığın yaxasını düymə-düymə açmaqdan ötrü hələ nə qədər işləməli, nə qədər güc yığmalıydı! Yalnız o günün o saatında Şeyx Sənan Tamaranın ruhunu öz ruhuna gəlin köçürə bilərdi.

Düz bir həftədən sonra dünya daha onun görüşünə gəlməyəcəkdi. Bu görüşdən Şeyx Sənan kimi dünya da hallanırdı, həm onun, həm də bunun ruhu üzünə çıxırdı. Şeyx Sənanın gövdəsinin hər düyünündə, yarpağında, tumurcuğunda könlü səltənət qurub dünyanın da ürəyinə əl aparırdı, dünyanın da ruhunu bu səltənətə daşıyırdı. Min-min illər öz içində dustaqlıq çəkən daşlar da bu görüşdən qurtuluş umurdu.

Bir həftə sonra Şeyx Sənan knyaz libası geyib Tiflisin adlı-sanlı kişilərinə qoşulacaqdı, bəlkə də gürcü çarı özü onun görüşünə gələcəkdi. Başından dünyaya açılan qapı biryolluq bağlanacaqdı, beyninin zərrələri daha onun qayğısını-dərdini, qazancını-itkisini, gəlirini-çıxarını hesablamaq üçün oyanacaqdı. Şeyx Sənanın Tiflisdən başlanan allahlıq yolu dünyanın heç bir böyük yoluna calanmamış Tiflisin dar döngələrindən birindəcə azıb-itib qırılacaqdı.

Bir zaman knyaz İraklinin Tamaranın anasıyla cinayət törətdiyi evdən yenə qan iyi gələcəkdi. Knyaz Simonun gözəl arvadı, toxumluq uşaqları olacaqdı. Ancaq hər sabah onu qəflət yuxusundan oyadan Xumarı Şeyx Sənan bir də görməyəcəkdi…
Axşam Tamara onun hücrəsinə gəlmədi. Yalnız dan üzü gözlərində acıqlı bir dərd bağın ayağında görünüb Şeyx Sənanı səslədi. O gözlər səhərin bu günahsız çağında qorxudan-ürküdən başqa nəsə oyada bilməzdi.
- Niyə belə qayğılısan, Xumar, - Şeyx Sənan onun dərdinə yoluxmamaq üçün bu səhər özü özünü yuxudan oyatmalıydı, - beş-altı gün sonra toyu çalınası qız beləmi sevinir?
- Canımda səksəkə var, şeyx, - tərsliyindən, ərköyünlüyündən bir xal qalmayan səsi titrəyirdi, - ürəyim bu toyun bizə xoşbəxtlik gətirməyəcəyini bağıra-bağıra deyir.
- Sən indi xoşbəxt deyilsənmi, Xumar?
- Xoşbəxtəm, şeyx, çox xoşbəxtəm. Həm də bu xoşbəxtliyi bir ayrı xoşbəxtliyə dəyişmək istəmirəm.

- Dünyada ayrı xoşbəxtlik olmur, knyaz qızı, xoşbəxtlik bir cür olur. Ancaq bədbəxtliyin min üzü var. Səni də hamı kimi bədbəxt olmaq qorxudur, görürəm.
- Yeddi il gözlədiyim toy qapımı kəsdirəndə canımı üzən bu qorxunun adı nədi? Hansı bədbəxtlikdi məni qorxudan – mən bu bədbəxtliyi tanımıram.
- Yer üzündə insanın iki qorxusu var – bir ayrılıq, bir də ölüm qorxusu. Bəlkə anandan qalma taleyin xofu basır səni?
- Ölümdən qorxmuram, şeyx. Mən özümü ölməmək üçün yox, sənə sağ yetişmək üçün qoruyuram. Yeddi ilin bu başına mənim bircə qorxum salamat gəlib çıxıb – səni itirməkdən qorxuram.

- Qorxu varsa, mərəz də var…
- Mərəzimi bilmək istəyirəm.
- Mərəzin qədim mərəzdi: insan xoşbəxt olmaq üçün zamanı ötüb keçməyə tələsir, elə bu vaxt ayılıb özünü zamanın torunda görür. Sən də bütün sevənlər kimi toyuna dünyanın axıb gələcəyini gözləyirdin, ayın, günün, ulduzların başına dolanmasını, yerin, göyün şahidlik eləməsini istəyirdin…
- … İstəyirdim.
- İndi baxıb görürsən sənin ürəyinin bayramı göydə uçan quşların tükünü də tərpətmir, adamlar dinməz-söyləməz yükünü çəkir, dağlar da necə durmuşdusa, eləcə durub baxır.
- Doğrudu, şeyx, mən toyumuzu dünyanın çal-çağırlı sonu kimi xəyalıma gətirirdim.
- Bilirsənmi sənin bu toyun o toya niyə bənzəmir? Dünya sənə toy eləməyə hazır deyil. Bundan ötrü mən dünyanın üstündə hələ çox işləməliyəm, çox… Tələssək, biz də bir-birimizi itirəcəyik.
- Anlamıram, şeyx, hansı itkidən danışırsan. Ölümmü olacaq, ayrılıqmı?

- Ölüm də olacaq, ayrılıq da. Bu toy dediyin məhsul bayramından sonra atımızı bir örüşdə, bir otlaqda qoşa hörükləyəcəyik. Biz də hamı kimi örüşümüzü otarıb qurudandan sonra acından, ya toxundan yıxılıb öləcəyik. Mənim atım sənin atının qanını tökəcək, aramızdan qan axacaq – söylə görüm, qan üstündə xoşbəxtlik qurularmı? Uşaqlarımız, nəvə-nəticəmiz olacaq, toxumumuz dünyanı tutacaq, kökümüz hər yerə kök atacaq. Törəməmiz nə qədər artıb çoxalacaqsa, aramızdakı divar bir o qədər hündür, qalın olacaq.
- Deyirlər, övlad ata-ananı bir-birinə daha möhkəm bağlayar…
- Yalan sözdü! Övlad bədənin artımıdı – bir bədəni deşib çıxa bilmiriksə, yüz-yüz, min-min bədənin üstündən necə aşıb bir-birimizi görəcəyik? Bədənimiz böyüdükcə ölümümüz də böyüyəcək, qorxumuz da, itkimiz də.

- Bu yeddi ildə ölümü yadıma salmamışam, sinirlərim qorxunun dadını unutmuşdu. Ancaq indi canımdakı qorxunun iyini alıb ölüm başıma dolanır. Acından, ya toxundan ölməyin nə fərqi var, şeyx, mən ölümü duymadan yaşamaq istəyirəm. İstəyirəm ölüm mənim vücudumda qonmağa yer tapmasın. İstəyirəm aramızdakı divarı son kərpicinə, bünövrəsinə kimi söküb ataq. Bir yol göstər, şeyx.
- Yalançı toyu dağıtmalıyıq!
- Necə dağıdaq toyu? Adamlara nə deyək? Atamı necə inandıraq?
- Bilmirəm, Xumar, bilmirəm.
- Toyu haçanacan yubadaq?
- Dünyanın sonunacan.

Danışdılar. Əl-ələ verib qaçmaq üçün toran qovuşana Kürün o tayında görüşməyi sözləşdilər. İstəsəydilər, hamını aldadıb inandırar, «Şeyx Sənan kitaba baxıb toyu qaranlıq görüb» deyərdilər. Ancaq demədilər. Yalan onlara xoşbəxtlik gətirməzdi, Allah olmaq istəyən Şeyx Sənanı falçı, cadugər kimi tanıyardılar. Onsuz da bu gedişat haçansa bitməliydi. Şeyx Sənanla Tamara sevginin beşiyindən onsuz da düşməliydi…
O yaz gecəsi onlar Kürdən güneyə doğru yeddi dağ aşmalıydılar. Yeddinci dağın ətəyində, qalın meşə içində Tanrı adına bakirə qızlar bəsləyən bir monastır vardı – Şeyx Sənan dan üzü Tamaranı monastıra tapşırıb, böyük toya hazırlaşmaq üçün Bağdad sarı yol almalıydı…
Monastır adı gələndə Tamara sözündən qaçmaq istədi:

- Onlar həyatdan iyrənirlər, şeyx, - dedi, - mən onlarla bir yerdə qala bilmərəm.
- Sən nə həyatdan, nə də özündən iyrənəcəksən. Dağlarla, ağaclarla baş-başa məni gözləyəcəksən.
Sonra Şeyx Sənan örüşdən mal qaytaran çoban dostunun ovcuna qızıl pul basıb, Kürü adlayan kimi Tiflisə hay salmağı, Simonla Tamaranın toran qovuşanda əl-ələ verib çaya atıldığını car çəkməyi tapşırdı…

XXX

Tiflisdən yeddi dağ aralı monastırda Tamara Şeyx Sənanı bu günəcən gözləyir. O vaxtdan neçə-neçə nəsil dəyişib, yer neçə lay gətirib, göy neçə qat bağlayıb, gürcü çarlığı neçə yol yıxılıb-qalxıb, Tiflis əldən-ələ keçib, knyaz İraklinin sümüyü də çürüyüb… Tamaranın fələyin bu işlərindən xəbəri yoxdu. O, Şeyx Sənanı gözləyir.
Şeyx Sənan böyük toyun hazırlığını bu günəcən başa çatdıra bilməyib. İndiyəcən gəzmədiyi yer qalmayıb, Bağdaddan Səmərqəndə, Səmərqənddən Təbrizə, Təbrizdən İstanbula, İstanbuldan Parisə, ordan da Amerikaya köçüb.

Eşitdiyimə görə, bu yaxınlarda Tiflisə qayıdacaq. Yeddi dağ aşıb Tamaraya baş çəkəcək. Ancaq bu gəlişdə də toy olmayacaq – dünya hələ hazır deyil. Şeyx Sənan bu dünyanın üstündə hələ çox işləməlidi, çox…
Bir gün, əlbəttə, bu iş sona varacaq. Şeyx Sənan Tamaranı monastırdan çıxarıb ruhuna gəlin gətirəcək. Böyük məclis qurulacaq. Yerlə göy o kəbinə şahidlik eləyəcək, dünya o məclisə qonaq gələcək. O toyda bütün dünya bir yerdə deyib-gülüb bir yerdə qəmlənəcək. Ağaclar çiçəklərə əl çalacaq, milçəklə fil qol-boyun oynayacaq, qurd quzunun sağlığına içəcək.

Tamaranın gözlədiyi, Şeyx Sənanın hazırlıq gördüyü toy, bax, o gün olacaq. Dağların şam kimi yanıb dənizlərin güzgü tutacağı toy. Knyaz İraklinin yuxusunda belə görmədiyi bir toy…

Gəncə, 25 fevral 2006
XS
SM
MD
LG