Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 03:37

Fəxri Uğurlu "FƏRHADIN XOSROVU ÖLDÜRMƏSİ" (Hekayə)


Dünya onun içindən çölünə çıxmamışdı. Hələ nə iç vardı, nə çöl, nə aşağı, nə yuxarı, nə az vardı, nə də çox, nə səs vardı, nə boyaq. Yaranmamışların bir adı, bir rəngi, bir dadı vardı - nə adı, nə rəngi, nə dadı vardı. Yer göydən, çiçək otdan, quş buluddan, it atdan, erkək dişidən, qadın kişidən hələ ayrılmamışdı.

Onda o, bir sapa dönüb özündən dünya toxudu. Toxuduqca üzündən astar, astarından üz yarandı, üz astardan, astar üzdən ayrıldı. Dağlardan qala qurdu – dağa sığmadı, dənizlərdə güzgüləndi – üzünü əyri gördü. Onu göstərməkdən ötrü göy üzü dolub boşaldı, hava soyuyub isindi, çiçəklər min rəngə düşdü, ağaclar budaq atdı, yarpaq uzatdı – yenə onun şəklinə çərçivə tapılmadı. Onu görməkdən ötrü atlar quyruğunacan, fillər xortumunacan uzandı – görə bilmədilər. Yükünü dəvəyə yüklədi – dəvənin beli əyildi. Bir qadın ürəyinə bükülüb çadırını dikəltdi, qadın tel uzatdı, döş çıxartdı, canında bir özgə cana yer saldı – yenə onu sığışdıra bilmədi.

Sonda bir kişi başına yığılıb sağa-sola, aşağı-yuxarı sinir atdı, hər sinir bir kəmənd olub dünyanın boğazına keçdi, suyundan-torpağından, daşından-duzundan daşıyıb-gətirib ona özünə bənzər bir daxma qurdu. Daxmasının içi-çölü suvanandan, qapı-pəncərəsi qoyulub damı küləşlənəndən sonra bəzənib-düzənib, içindən çıxan dünyanın içinə getdi.

Hər axan su, yağan yağış, kişnəyən at, oxuyan quş, hər dağ, hər düz, hər dərə ona doğma gəlirdi. Özüylə üz-üzə durub özünü yada salırdı. Yada salıb tanıdıqca gözü gördüklərini qucaqlayıb ürəyindən içəri ötürmək istəyirdi, di gəl, aralığa nəsə girirdi, hava suya, su daşa, daş torpağa dirənib dururdu. İndən belə işi-gücü aralıqdan bu bəndi, bu bərəni götürmək olacaqdı…

XXX

Bir gün tanımadığı yerdə özünə çox bənzəyən tanımadığı bir canlı gördü. O canlının gözəlliyini ac ürəyinə yedirdib içindəki boşluğu doldurmaq üçün irəli yeriyib ona bərk-bərk sarıldı, onu ətindən-sümüyündən keçirib içində əritmək üçün bərk-bərk özünə sıxdı. İki baş, dörd ayaq oldular. O bunun içindəki aclığı doyurmaqdansa bu onun içindəki boşluğu doldurdu, onu öz içində əritməkdənsə özü əriyib onun içinə axdı, axdığına peşman oldu, özündən də, o canlıdan da iyrənib bir qırağa çəkildi.
İyrənə-iyrənə iyrənməyə öyrəncəli olub daha iyrənmədi. İyrənib öz canından arvadının canına qovduğu can üstünə diri qayıtdı, onun iyrənməyindən üçüncü, dördüncü, beşinci… adam yarandı. İndi təkcə arvadını yox, uşaqlarını da bağrına basıb ürəyinə yedirtmək istəyirdi; ət ətə, sümük sümüyə dirəndikcə uşaqlar ağrıdan ağlayıb analarının üstünə qaçırdılar, anaları onları iki döşünün arasında yumşaq-yumşaq sığallayıb kiridirdi.
Uşaqları böyüdükcə bir-birinin qanına susayırdılar. İki oğlu bir qızının üstündə dava saldı, bir oğlu o birini öldürdü. Ölən oğlunu bərk-bərk qucaqlayanda onun qabaqkı kimi inciyib ağlamadığına sevindisə də, oğlunun bu uçuq daxmada olmadığını anlayanda təpəsindən tüstü qalxıb qalan oğluyla qızını başının dumanında azdırdı.

XXX

Arvadı da uşaqlarla getmişdi. Onları axtarıb tapanda külfəti əməlli-başlı böyümüşdü, bir bölük nəvəsi vardı. Nəvələrini görəndə nə təhər sevindisə, lap kiçiyini bərk-bərk köksünə sıxıb öpə-öpə öldürdü. Arvadı, oğlu, qızı birləşib onu öz əliylə dikəltdiyi dağın ətəyindən, öz əliylə bitirdiyi ağacın altından qovdular.
Beləcə, içindən çıxan dünyanı geri qaytarmaqdaykən dünya ondan bir az da uzaqlaşdı: köklü daşlar torpaqdan aralanıb çapıldı, ağaclar qırılıb yandırıldı, çiçəklər dərildi, quşlar vuruldu, ceyranlar ovlandı, atlar minildi… İndi daha nəvələrin ona qayıdan yolu oğlundan-qızından, oğlunun-qızının yolu arvadından keçirdi. Nəvələr böyüyüb artdıqca yol bir az da haçalanıb itəcəkdi, törəmələri ondan bir az da uzaqlaşıb gedəcəkdi.
Öz içindən çıxartdığı, öz əliylə qurduğu dünya əlindən gedirdi. Bu dünyanı kim geriyə döndərəcəkdi? Tutalım, sağ qalanlar anasının bətninə, anasının boyundan atasının belinə qayıtmağa yol tapdı, bəs ölən uşağı, vurulan quşu, kəsilən ağacı kim yaradıb yaradanına qaytaracaqdı?..

Yaranan yaranmışa qənim olmuşdu – at otu, canavar atı, qurd canavarı yeyirdi. Yaranan yaradanın evini dağıdırdı – daş adam başı yarırdı, su adam boğurdu, ilan adam çalırdı, ayı adam basırdı. Kim bu düşmənçiliyə son qoyub yarananı yaranmışa, yaranmışı yaradana dost eləyəcəkdi, kim onları bir qazanda əridib adsız, boyaqsız, dadsız bir məhlula çevirəcəkdi?..

XXX

Dünya sözünə baxmayıb üzünə qayıtdığından, yaxşılığa atdığı hər addımı pisə çıxardığından o, dünyadan küsüb göyə ən yaxın yerə – dağlara çəkildi. Dağlarda o, dünyaya gendən baxmağı öyrəndi; gendən baxanda dünya daha yaxşı görünürdü, uzaqdan dünyayla danışmaq da, sevişmək də asan olurdu. Yaxın gedəndə qaya da, ağac da, çay da ona boz üz göstərib güc gəlirdi, uzaqdan qayalar, ağaclar, çaylar ona öz ürəyinin cizgiləri kimi doğma görükürdü. Yaxından baxıb görəndə adamlar da hərəsi bir boy-biçimdə, hərəsi bir əməldəydi, uzaqdan nə kimsənin boyu boydan, nə əməli əməldən seçilirdi, uzaqdan hər kəs ayrıca yox, hamı birlikdə görükürdü.
Düz qırx il o, dağdan düzə yenmədi. Dağlarda o, canında iki can dolaşdığını anlamağa başladı, daxmasının bir küncünə çəkilmiş Tanrısıyla tapışdı, Tanrısının üzünə qapı açdı. Ruhuna bədənini minib dünya səfərinə çıxmağı, bədəninə ruhunu gəzdirməyi öyrətdi. Düz qırx ilin tamamında dağdan düşdü – tək getmişdi, qoşa qayıtdı. Törəməsi artıb-çoxalıb ağır ellərdən olmuşdu. Onu tanıyıb itkin babalarının başına toplaşdılar. Hamı onu «dədə» deyin çağırmağa başladı – dədənin əlini öpüb göz üstünə qoydular, dədəni məclislərin başında oturtdular, dədədən öyüd istədilər.

Bundan sonra gündüzləri törəməsinin içində, gecələri dağda-daşda keçirməyə başladı. Gecə dünya ayı-ulduzuyla birgə daha bütöv, daha aydın görünürdü. Dağlardan boylananda ayrı ellər–obalar, yüz yerdə yüz comalaq, yüz adam yığnağı görürdüsə də, öz yurduna dönəndə ayrı el də, oba da dağların o üzündə, dənizlərin o tayında qalırdı. Gecələr öz-özünə, gündüzlər də özgələrlə danışırdı. Gecə özunü dünyanın yiyəsi, gündüz də bir ağır elin atası tək tuturdu. Gecə gəzib gördüklərini gündüz özgədən eşitdiyi nağıl kimi balalarına danışırdı.

XXX

Bir gecə o yenə atını minib dünyanı gəzməyə çıxanda böyük bir qasırğanın, özüylə görünməmiş tufan gətirən ucsuz-bucaqsız qapqara buludun yerə yan aldığını gördü. Yerdə oyaq bir el, oba, bir adam qalmamışdı, hamı yatırdı. Yatanları oyadıb sel ağzından almaq üçün atdan düşüb dan üzü özünü obasına yetirdi. Kökünü-köməcini şirin yuxudan qaldırıb onlara göydən gələn bəladan soraq verdi, törəməsinə su üzündə yeriməyin yolunu öyrətdi.
Yağış yağıb dərələri, çuxurları doldurdu, çölün-düzün ayıbını suyla örtüb ağacları, dağları da batırdı. Çox balıqlar bu daşqında boğulub suyun üzünə çıxdı. Yerdə, göydə sudan başqa sığınmağa, yıxılmağa, tutmağa bir yer qalmadı.

O, gözü uzaqlarda bir quru yer gəzə-gəzə su üstüylə tələsmədən gedirdi – tələsməli, tələsik çatmalı bir yer qalmamışdı. Törəməsi dədənin su üzündə açdığı cığıra düşüb uzun bir kəndir kimi dalınca sürünürdü. Birdən qonşu obalara xəbər göndərmədiyi, başı törəməsini qurtarmağa qarışdığından onları bada verdiyi yadına düşdü, yadına düşən kimi iki əllə başına qapaz salıb yaralı aslan səsiylə bağırdı, ürəyi neçə yerdən çat verib qana bulaşdı. Onda ayağı suyun üzündə durmayıb büdrədi, su onu göz qırpımında udub dibinə çəkdi. Bir böyük balıq uzaqdan qan iyi alıb özünü yetirdi, bir gölməçə su qarışıq onu qarnına axıtdı. Balığın qarnı ucu-bucağı görünməyən bataqlığa bənzəyirdi.

Onda o, Tanrısından kömək istədi. Su üzündə büdrəyəndə atdan yıxılan Tanrısı haya çatıb atının belinə atıldı. Ürəyi yerinə qayıdan kimi gövdəsi işıqlandı, ürəyinin işığı qorxunu yuyub aparıb balığın qarnını nura boyadı. Balıq qarnındakının nə dadını, nə çəkisini duydu, elə udduğu kimi də onu qarnından çıxarıb su altından yenicə boy göstərən bir dağın palçıqlı başına atdı.

XXX

Su üzündə bu dağ başından özgə bir yer olmadığından, danışmağa, görüşüb ayrılmağa kimsə qalmadığından bu dağ onun həm görüş, həm ayrılıq yeri oldu. Ruh bədəndən, bədən ruhdan ayrılıb yerlə göy kimi üz-üzə, qarşı-qarşıya durdu.
- Sənin baş-gözünə döyməyinin məni atdan salmaqdan başqa faydası olmadı, - ruh qəzəbləndi.
- Mən sənin buyruğunu yerinə yetirməyib yalnız öz nəslimə qurtuluş yolu göstərdiyimə görə, adamları doğmalara-yadlara böldüyümə görə özümü cəzalandırmaq istəyirdim, - bədən başını aşağı saldı.
- Sənin özünə cəza vermək haqqın yoxdu! Səni yalnız mən cəzalandıra bilərəm, - Tanrı dedi.
- Sən mənə hansı cəzanı vermək istəyirsən? - bəndə soruşdu.
- Mən səni öldürmək istəyirəm.
- Eləysə buyruq ver, özümü sulara qərq eləyim.
- Yox, bu ölüm sənin qələbən olar. Mən səndə sənliyi öldürüb səni səndən qurtarmaq istəyirəm.
- Demək, sənin əlində ölmək mənim qurtuluşumdu?
- Hə, bu sənin də, mənim də qurtuluşum olacaq.

XXX

Bu ayrılıb görüşmənin görüş, yoxsa ayrılıq olduğunu o bilmirdi. Su dağlardan, düzlərdən çəkiləndə, dərələr boşalanda o da dağlardan düşüb, su altından çıxmış yurduna baş çəkdi. Başından tük, canından can əskilməyən törəməsinin yurdu abad elədiyini görəndə əyilib torpağı öpdü:
- İndən belə bu torpaq müqəddəsdi, - dedi.
Uşaq-böyük, qarı-qoca ona baxıb alnını yerə söykədi, onun ayağını öpüb:
- Kökümüzü kəsilməkdən qoruyan dədəmiz də müqəddəsdi, - dedilər.

Hər qapıda, hər evdə ona heykəl qoydular, heykəlinin önündə baş endirib, diz çöküb sitayişə durdular.

XXX

Özüylə görüşdən ötrü darıxanda yenə dağlara çəkildi. Yenə də qoşalaşıb ruhuyla bədəninə, bədəniylə ruhuna qıraqdan baxdı. Ruh bədəni göydən yerə, bədən ruhu yerdən göyə salamladı.
- Bu nə işdi, özünə heykəl yapdırıb sitayiş elətdirirsən? – Tanrı qəzəblə soruşdu.- Bilmirsənmi, dünyada sitayişə layiq olan yalnız mənəm?! Sənin bircə dəyərin varsa, o da mənim evim-eşiyim olub ayağıma döşənməyindi. Bu tamah karxanasını, şeytan xarabasını mənəm abad eləyən – bilirsənmi?! Mənsiz sən bir qum topası, ya bir ağac kötüyüsən.
- Onlar mənə sənin elçin olduğuma görə tapınırlar. Onlar mənim surətimə baxıb səni görürlər.
- Onlar sənə baxıb öz babalarını görürlər, onlara ətdən-sümükdən qala qurub sonra da o qalanı yaxşıca qoruyan dədələrinə tapınırlar. Mənə onların yox, sənin sitayişin gərəkdi. De görüm, təslim olursan?
- Mən onsuz da sənin əlindəyəm.

- İndi mənim əlimdəsən, doğrudu. Ancaq səhər açılanda yenə öz obana gedib öz oyununu oynayacaqsan. İstəyirəm sən gecə də, gündüz də mənim işimi görəsən – sənə bundan layiqli cəza tapılmaz. Başa düşürsən, məni yamsılamağını, ya mənə qul olmağını istəmirəm – məni yamsılayanda da, mənə qul olanda da sən öz işini görürsən.
- İndi mən sənin hansı işini görə bilərəm? – bəndə soruşdu.
- Get, o bütləri yıx, uçurt!
O, yatmış kəndin küçələrini, qapılarını bir-bir gəzib adına qoyulan heykəlləri taxtından yerə saldı, daşa çəkilən cizgilərini pozuq-pozuq eləyib surətini daşların çilik-çilik olmuş yaddaşından sildi. Törəmələri səsə qalxıb, ortalıqda dəli kimi vurnuxan dədələrinə mat-mat baxdılar. Dədələri külüngünü bayraq kimi qaldırıb var səsiylə bağırdı:
- Yalnız Allaha inanın, təkcə ona tapının! Qalan bütün inamlar inamsızlıqdan başqa bir şey deyil. Qalan hər cür sitayiş kafirlikdi! Yer üzündə müqəddəs torpaq yoxdu, müqəddəs ruh var! Daşın, torpağın da ruhu müqəddəsdi...

XXX

Səhəri gün el dədənin yatağı başına yığıldı. Onun oyanmağını, oyanarsa, danışıb-danışmayacağını, danışarsa, nə deyəcəyini ürəkləri əsə-əsə gözlədilər.
O, yatağından qalxıb işığa çıxanda nəsə baş verdiyni anladı, gecə olanları yorğun-yorğun yada salmağa çalışdı. Axşam çoxlu şərab içmiş adam kimi başı çatlayırdı. Yaşamaqdan elə bezmişdi, su içmək, nəfəs almaq da istəmirdi.

Törəmələri onu diri görəndə sevincək əl-ayağına döşəndilər:
- Biz sənin hansı sözündən çıxmışıq, dədə, bizə niyə acığın tutub? – dedilər. – Göstər bizə Allahını, biz sənin müqəddəs bildiyin ruha tapınmaq istəyirik, - dedilər.
O, qolunu qorxa-qorxa qaldırıb titrəyən barmağını uzaqlardan bozaran dağa tuşutdu. Sonra üzü dağa sarı dizüstə yerə çöküb alnını torpağa qoydu, ruhuna alqış eləyib dua oxudu, şirin canını Tanrıya qurban dedi. El böyüklü-kiçikli o baxdığı yerə baxıb dədə çökdüyü torpağa əyildi, hamı onun özüylə görüşə getdiyi dağı sitayişə durdu. El bir ağızdan onun ruhuna dua-səna göndərdi.
- İndən belə o dağ sizin qibləniz olacaq, - dedi, - diləyinizi o dağdan diləyin, Allahı da o qocaman dağda axtarın…

XXX

Gecə yenə özünü danlayırdı:
- Sən onlara öz ruhunun səmtini yox, hər kəsə öz ürəyinin yerini göstərməliydin, hər kəsi öz könlünü dinşəməyə çağırmalıydın.
- Mən onlara səni tanıtdım, - bədən suçlu-suçlu altdan yuxarı baxdı, - mən öz nəslimi sənə sitayişə gətirdim. Quruca gövdəmlə yox, köküm-köməcimlə, qol-budağımla sənə tapınmağa gəldim.
- Axı demişdim sənə, - ruhun qəzəbi göydə alışıb söndü, - mənə kölə sitayişi gərək deyil. Sənin qul ehtirasın ömründən vergi verib qalan ömrü arxayın xərcləməyi güdür. Mənə tapınmağın bircə yolu var – mənim yükümü çəkmək, özünü unudub məni yaşamaq, mənim kimi düşünüb mənim kimi danışmaq. Mənim yükümü çəkən can öz yükündən azad olar, mənim sözümü danışan dil söz yükündən qurtular.
- Mən təkcə gecələr yox, gündüzlər də sənə qulluq göstərmək istəyirəm. Ancaq nədənsə sən mənim gündüz gördüyüm işləri bəyənmirsən.
- Doğrudu, sən gecələr cilovunu mənə tapşırırsan. Gündüzlər də, özün dediyin kimi, mənə qulluq göstərməyə çalışırsan. Elə qulluq göstərməklə də özünü məndən ayırırsan. Bu qulluğun, bu sitayişin mənə heç bir faydası yoxdu. Gerçəkdən mənə işləmək istəyirsənsə, öz adından gördüyün bütün işləri qırağa qoymalısan.

- Axı mənim öz ömrüm, öz yaşayışım da var. Mən o ömrü yaşamasam, ölərəm.
- Onsuz da öləcəksən. Necə yaşanır yaşansın, sən yaşadığın ömrün özgə sonluğu yoxdu.
- Bilirəm, di gəl, bilsəm də, inanmaq istəmirəm. Ona görə də mənə ölüm gətirən hamıdan, hər şeydən qorunmağa çalışıram.
- Məndən də?
- Səndən də.
- Sən bir ölümdən qaçanda başqa ölümə yan alırsan – bundan xəbərin varmı?
- Hara getdiyimi bilməsəm də, nədən qaçdığımı bilirəm. Mənim biliyim bura qədər bilməyə çatır.
- Gəl mən sənə öz canında gizlənən sirləri açım, sənə yerin dibindən soraq verim, səni göyün qatlarına qaldırım. Ancaq bir şərtim var: gərək səninlə əhd bağlayaq.

- Sən dünyanı yaradanda biz əhd bağlamadıqmı?
- Yox, ona mən əhd demərəm. O gün yaranış yox, ayrılıq günüydü, canımdan dünyaların ayrılıb getdiyi gün. Yaratmaq o gündən sonra başlandı – indi mən gedənlərimi geri qaytarıb özümdən Allah yaratmaq istəyirəm. İstəyirəm səni də özümə çağırım, istəyirəm bu qoşalıq aradan götürülsün, bu ayrılıq aramızdan silinsin, ikilikdə bir olaq, yenə bir olaq.
- Şərtini de, əhdini ver, gözümüzlə möhürləyək.
- Sən məndən eşitdiklərini öz elinə-obana, öz soyuna necə eşitmisənsə, elə də çatdıracaqsan. Mən də səni dünyalarda gəzdirib sənə ölümsüz həyatı göstərəcəm, ölməməyin sirrini deyəcəm sənə. Ondan sonra sən heç vaxt heç nədən qorxmayacaqsan. Mənə təslim olduqca sən səni sən eləyən qanunların zəncirini qırıb mənim kimi yaşayacaqsan…

Əhd bağlandı. Tanrıdan ayələr gəldi, bəndə bu ayələri öz dilinə çevirib əzbərlədi. O, ruhuyla göydən yerə, bədəniylə yerdən göyə baxırdı, ruhuyla danışıb bədəniylə eşidirdi, ancaq özünün göydənmi yerə, yerdənmi göyə baxdığını, danışan, yoxsa eşidən olduğunu bilmirdi.

XXX

Beləcə o, bədənin ruha, yaranmışın yaradana, şeytanın Allaha təslimindən din yaratdı. Ayələri yaddaşına köçürüb elinə-obasına, törəməsinin içinə qayıtdı. Şəhərin küçə-bazarında onun ayələrini avazla oxuyan carçılar göründü. Sözdən hamıya pay tutuldu. Sözə heykəl qoydular, heykəlin üstündə türbə tikdilər, söz böyüyüb türbəyə sığmayanda türbəni söküb yerində böyük saray ucaltdılar, qüllələr dikəltdilər, dədənin dağ başından daşıyıb gətirdiyi Tanrı kəlamlarının göydən gəldiyini kimsə unutmasın deyə ayələri qüllədən oxudular. Sözdən kitab bağlayıb o kitabı uşaqdan böyüyəcən hamıya oxutdular. Bundan sonra söz qoşub kitab bağlamaq yasaq olundu – sözün yiyəsi Tanrı, mirzəsi də dədəydi.

Kitabı onun törəməsinə əzbərlədəndən sonra özgə ölkələrə də göndərdilər. Yad ölkənin adamları kitabı geri qaytarıb «bizim dilimiz də, dinimiz də, kitabımız da var» dedilər. Onun nəvələri bunu dədəni də, dədənin soyunu da yer üzündə öz elçisi sayıb onlara güvənən Tanrıya meydan oxumaq kimi qarşıladılar. Yaraqlanıb-yasaqlanıb dədənin gəzdirdiyi Tanrı bayrağı altında yad ölkənin üstünə yeridilər. Yoldan o, qonşu ölkəyə çapar, carçı yolladı:

- Mən sizi Tanrı nemətiylə doyurmağa gəlirəm!
Qonşu ölkənin aclıq çəkən adamları nemət adını eşitcək sakitləşib onun qılıncının qabağına qalxan vermədilər…

XXX

Gecə Tanrı bəndənin başında ildırım kimi çaxdı:
- Ay şeytan yuvası, ay iblis tələsi, sən o qafillərə nemət boyun olmamışdan onlara ruhu bədəndən ayırmağı öyrədəydin! Onlar ürəklərində yatan xəzinədən xəbərsizdilər – sən onlara xəzinənin yerini göstərəydin! Onları birliyə çağırmamışdan gərək ayırıb qoşalaşdırıb hər kəsi özüylə üz-üzə qoyaydın – o bədbəxtlər hələ də bir gövdədə iki can gəzdirdiklərini bilmirlər. İndi nə bilsinlər sən onları kimlə birləşməyə, kimə təslim olmağa çağırırsan? Sən onlara öz dilini necə qandıracaqsan, ac qarınları sözlə necə doyuracaqsan?
- Mən sənin sözlərini onlara da olduğu tək çatdıracam. Mən onlara az yeyib tez doymağın yolunu öyrədəcəm. Ac qarınları sənin dininlə doyurub dünyanı sənin çörəyinlə bəsləyəcəm. Qoy sənin adın heç vaxt dildən düşməsin!
- Sən indi də məni yamsılayırsan. Məni yamsılamaq mənə işləmək deyil, mənə şərik çıxmaqdı. Sən kimsən mənim adımdan qarın doyurub dünya bəsləyəsən! Məndən qarına yol getmir, mən qarın işinə qarışmıram.
- Mən onların qarnını doyurandan sonra ürəklərini sənin dininlə mayalandıracam. Onda onlar sənin sözünü yaxşı eşidəcəklər.

- Sən onları heç vaxt doyura bilməzsən. Onları aclıq da öldürəcək, toxluq da. Dünyanın işinə qarışmaq sənə qalmayıb, hər kəs bir tikə çörəyi sənsiz də tapıb yeyər. Sən bir təpənin bu üzündən o üzünü görmürsən, dünyanın dərdini necə görə bilərsən? Dünyanın dərdini yalnız mən görüb mən çəkə bilərəm, çünki onu mən yaratmışam, onun hər tozuna məni bir tel bağlayır. Sən mənə şərik çıxa bilməzsən! Mənim buyurduğumdan qıraq iş görən kimi sən özünü mənə qarşı qoyursan. Görürəm, bu yazıqları da öz Allahına tapındırmaq istəyirsən, ancaq unutma: başqasının Allahına tapınan kəs allahlı olmaz! Hər kəs öz Tanrısının əlindən tutub dikələr, hər kəs öz Allahının qanadında ucalar. Başqası yalnız adamın Tanrısını oyada bilər. Hər bir kitab hələ yazılmamış kitabları, deyilməmiş sözləri oyatmaq üçündü.
- Mən onlara səni tanıtmaq istədim…
- Sən onlara özlərini tanımağı öyrət!

XXX

Sonra aradan ayrılıq götürüldü. Bəndə son damla qanına, sinirlərinin ucunacan Tanrısına təslim oldu, bədən tükündən dırnağınacan ruhun gücüylə dolub öz gücünü, çəkisini, qoxusunu, ağrısını, qorxusunu itirdi, bir quru yarpağa dönüb yerdən üzüldü. Aldığı ölkə, yaşadığı dünya kiçilib toz boyda olub gözündən itdi. Dünyalar əsgər kimi cərgələnib önündən keçdi. Bilmədi özüdü dünyanı gəzən, yoxsa dünyalar özü qaranlığı yara-yara diyirlənib onun ayağına gəlir. Demə, onun düşərgə saldığı yer dünyanın paytaxtıymış, bütün dünya gözünü ora dikib ordan nicat gözləyirmiş…

Qan damarda donmuşdu, nəfəs gedib-gəlmirdi. Bədəndə ruhu danışdıra bilən nə vardısa, hamısı oyağıdı – göz görürdü, səs çıxırdı, dil danışırdı. Ancaq buna nə görmək, nə danışmaq demək olardı – göz dünyanın sonundan asılan son çırağı da görürdü, səs dünyaya səssiz-ünsüz dalğa kimi yayılırdı, söz mənzilə fikir kimi çatırdı. Qalan hər şey susurdu – bədən ölmüşdü.

Ancaq ölüb-ölmədiyini düşünmək onun ağlına belə gəlmirdi, çünki bədən ölüm duyğusunun dadını – ölüm qorxusunu unutmuşdu. Bədəndə ölüm də donub qalmışdı, öldürmək ölümün yadından çıxmışdı. Min illər də keçsəydi, bədən bu yaşda, bu başda, bu biçimdə qalasıydı. Daha onun beyninə bədənindən nə bir istək, nə bir göstəriş gəlirdi. İndi onun başında bircə fikir dolaşırdı:
- Mən Tanrıyam, mən ölməzəm, mən varam, mən olasıyam… Bütün dünya məndən gedib, mənə də qayıdacaq… Mən dünyanın yiyəsiyəm… Mən Tanrıyam…

Bu fikir dünyaların ruhundan keçib özgə ürəyinin səsi, özgə sözü kimi üstünə qayıdırdı:
- Sən Tanrısan, sən ölməzsən, sən varsan, sən olacaqsan… Biz hamımız sənə qayıdacağıq… Sən bizim görüş yerimiz, sən bizim yiyəmizsən… Sən yox içində tək varsan… Sən Tanrısan…

XXX

Səhər o, yeni doğulan çağa kimi çığırıb yuxudan dünyaya düşdü. Nəfəsinin yolu birdən açılanda, qanı qəfil dalğalanıb başına vuranda bədəni ağır yükə düşdü, qorxusu üstünə qayıtdı, köklü ağac kimi yerə dəyib üz-gözünü əzdi. Əlləri, ayaqları qıc olub əsdi, gözləri çevrildi, ağzından köpük daşlandı. Qıc olmuş əl-ayağıyla ruhunu itələyib özündən uzaqlaşdırmaq istəyirdi, Allahdan qorxduğundan Allahını içindən eşiyə atmaq istəyirdi.
Nəvələri tökülüşüb onu çox çətinliklə özünə qaytardılar. Ayılanda qızarmış gözlərini bərəldib bir müddət hamınıın üzünə key-key baxdı, sonra harda olduğunu anlayıb başını yastığa, bədənini dincə qoydu. Yuxuya gedənə qədər nəvələrinə ruhundan bir göz qırpımı ayrı düşən gövdəsinin qatlarında gördüyü cəhənnəmdən danışdı. Danışdıqca əsim-əsim əsirdi, indi də Allahından bir ayrı cür qorxurdu.

Nağılını bitirib, allahsız bədəndə alışıb-yanan cəhənnəm odunun hisinə bulaşmış törəməsini hədələmək üçün dikəldi:
- Kim mənim Allahımdan üz çevirmək istəsə, cəhənnəmə öz ayağıyla gedəcək,- dedi.
Nəvələri ona qulaq asdıqca titrəyirdilər. Onların bu halı dədələrinin bayaqkı halına çox bənzəyirdi…

XXX

Gecə yenə dağ başında özüylə üz-üzə durdu.
- Sən neyləmək istəyirdin, - Tanrı soruşdu, - məni özündən qovmağa çalışırdın?
- Elədi, - bəndə utana-utana boynuna aldı, - dünən gecəki gəzintidən sonra sənə nifrət elədim. Sən məni az qala öldürmüşdün!
- Ancaq gəzinti zamanı qorxmurdun...
- Qorxmurdum, çünki özümdə deyildim.
- Bəs indi necə, qorxursan?
- İndi də qorxmuram, ancaq gündüz qorxurdum. Səndən qorxurdum. Səni əlimlə, ayağımla itələyib özümdən qıraq eləmək istəyirdim.
- Bilirsənmi, mənim səndən getməyim sənin ölümün deməkdi?

- İndi bilirəm, ancaq onda bilmirdim. Bilsəydim, öz ölümümə çalışmazdım.
- Gülməlidi, ölümdən qorxub məni özündən uzaq eləmək istəyirsən, ancaq bununla ölümə getdiyini qanmırsan. İndi gəl baş çıxart görüm, sən ölümdən qorunursan, yoxsa ona can atırsan?.. Yazıq, sən özün haqda necə də az bilirsən! Mən olmasam, bu dünyada necə baş girləyərsən?!
- Mənim hər istəyim məni ölümə dartır – indi, sənin yanında bunu bilirəm. Ancaq başqa yolum da yoxdu…
- Mən sənə ən ağrısız, ən gözəl ölümü göstərdim. İndi özün seç.

- Doğrudu, mən heç bir torpaq oğlunun yuxusunda belə görməyəcəyi xoşbəxtliyə yetişdim. Mən ölümsüz həyat gördüm, o həyatı bu canımla yaşadım, daddım. Ancaq mən sənin verdiyin ölümə öz xoşumla yaxın dura bilmərəm. Mən qıraqdan gələn ölümə can vermək istəmirəm, mən öz ölümümlə ölmək istəyirəm. Çalış məni özbaşına buraxma.
- De görüm, mən neyləyim, necə eləyim, sən məni özün biləsən, mənimlə öz aranda sərhəd saxlamayasan?
- Məni uçurt, yenə göylərə qaldır. Qoy o diri həyatı bir də görüm. Qoy içim yenə də səninlə dolsun, ölümün əli üstümdən bir an çəkilsin. Qoy mən bu uçuşda çat-çat olub sənin əynindən çıxım, toz-toz olub qaranlıq göyə dağılım. Sonra sən o tozu göydən süpürüb yoxluğu yox elə. Qoy sənə yenə də öz varın qalsın. Amin!

XXX

Yenicə alınmış ölkənin adamları acından milçək kimi qırılırdılar. İl quraqlıq keçmişdi, torpaq çörək verməmişdi. Onun törəməsi qapı-qapı gəzib, acından köpük qusan, qarnını qucaqlayan adamlara az yeyib tox yaşamaq dərsi verirdi – demə, insan tamahından kəsə-kəsə, iştahının ağzına daş basa-basa bu dunyadan alacağını azaldıb öynəsini bir dənlə, bir xurmayla da yola verə bilərmiş. Onlar aclığın yolunu belə kəsmək istəyirdilər. Acından yarımcan adamlar son güclərini toplayıb onları qapıdan qovurdular:
- Siz bizə çörək boyun olmuşdunuz, - deyirdilər, - indi də acından könüllü ölmək yolu göstərirsiz.
Beləcə, onlar qıraqdan gələn ölümə könüllü can verməyib, qapılarını insan donunda döyən ölümü daşlayıb söyüb qovurdular. Sonra hərə öz damının altına çəkilib başını öz ölümünün dizinə qoyurdu, hər kəs canını öz ölümünə tapşırmaq istəyirdi…

XXX

Aclıq çəkən ölkənin adamlarından biri gecə onun daxmasını fəryadıyla titrətdi. Bu zaman o, könlünün istəyini başında sözə çevirib əliylə o sözlərin şəklini kağıza çəkirdi. Kişi onun qədəmləri dəyən torpağı öpüb ayağının tozunu gözünün yaşıyla yudu:
- Ya peyğəmbər, səni deyib gəlmişəm, - dedi. – Yeddi balamın dördü acından ölüb, üçü də can üstədi. Dərdin çoxluğundan aclıq da mənə kar eləmir, mənim dərdimin yanında acından ölmək toy-bayramdı. Kömək elə, ya peyğəmbər, balalarımı səndən istəyirəm! Bizə çörək ver, ya peyğəmbər!
- Qulaq as, oğlum, - o, dərddən çökmüş adamı yerdən qaldırdı, - çörəklə aclığa dərman olunmaz. İnsan çörəklə doymaz, Tanrı sözüylə doyar. Aclığın əlacı çörək olsaydı, çörək tapan ölməzdi, dünyada bu qədər ölüm-itim də olmazdı.
Bundan sonra dərd yiyəsinə üç ayə bağışladı:
- Bu ayələri balalarına oxuyarsan. Qoy onların yatmış ruhu oyansın. Qoy onların Allahı onlara kömək olsun! – dedi…

XXX

Sonrakı gecə ac uşaqların atası yenə onun qapısını kəsdirib fəryadıyla divarını çatlatdı:
- Mən sənin ayələrini balalarımın qulağına oxudum, ya peyğəmbər, dediklərini son sözünəcən onların beyninə yeritdim. Ancaq sənin sözlərin onlara kömək olmadı, körpəmin biri də əldən getdi, ya peyğəmbər. Səni and verirəm öz Allahına, bizə kömək ol, bizə çörək ver, ya peyğəmbər!
O, yerindən durub dərdli adama yenə iki ayə bağışladı:
- Oğlum, tamah kimi, qorxu kimi aclıq da, xəstəlik də gövdənin gücü, bədənin yarağıdı. Biz o yarağı onun sağ əlindən alıb sol əlinə verməklə bədənin həmləsindən qoruna bilmərik. Şeytanın basqısından bizi yalnız Tanrımız qoruya bilər. Bu ayələri balalarına dönə-dönə oxu. Qoy Tanrı sözü onların ruhuna təpər versin…

XXX

Səhəri dərd yiyəsi onu süfrə başında, çörək üstə yaxaladı:
- Körpəmin biri də canını tapşırdı, ya peyğəmbər. Yeddi balamın yeddincisini ölümdən özün qurtar. Qoyma köküm kəsilsin, ya peyğəmbər, bizə çörək ver!
Tikə onun boğazına ilişib qaldı, gözünün yaşı saqqalında dən-dən durdu. Qulluqçuya tapşırdı, evində dişə dəyən nə vardısa, hamısından yekə bir bağlama tutdu, kömək diləyən kişiyə özü də qoşulub, acından ölən uşağın hayına çatdı…

XXX

Gecə yenə özünü danlayırdı:

- Sənə deməmişəmmi, sevgisiz mərhəmət olmur? Deməmişəmmi, məndən gəlməyən kömək kömək deyil, acizlikdi, özünə divan tutmaq, özünü talamaqdı, mənim vermədiym çörək çörək deyil, zəhərdi?! Deməmişəmmi, özünü mənə tapşırmayınca dinclik tapmayacaqsan? Deməmişəmmi?!..

Gəncə, 30 mart 2006
XS
SM
MD
LG