Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:43

Rafiq Tağı "GƏNC QRAF KENTERBERİYSKİ" (Hekayə)


Yazıçı Rafiq Tağı
Yazıçı Rafiq Tağı
Drezden Rəsm qalereyasının Bakıdakı daimi ekspozisiyası estetik effektlə yanaşı, cinayətlərə də səbəb olurdu. İncəsənət muzeyində qətllər ard-arda düzülüb. Qətllərin bu ekspozisiya ilə bağlılığı şübhəsizdi.

Çünki başqa muzeylərdə sülh az qalır adamın gözünə girə, qulağını deşə. Muzeydə bir qətl də ekstremal hadisə sayılardısa, burada artıq üçü baş verib. "3" muzey miqyasında çox böyük rəqəmdi. Bura Olster məhəlləsi deyil ki.

Qətl sarıdan muzeydə "3"dən böyük rəqəmi təsəvvür etmək çətindi. Hər sonrakı qətl şok effektini qat-qat artırırdı.

Müəmmalar get-gedə çoxalırdı. Labirintdə də azdınsa, ordan çıxmaq müşkülə dönür. Birdən qəzetləri oxumaz deyə, bu barədə prezident də ayrıca məlumatlandırılmışdı. Kiçik dövlətdə bu vacibdi. Kiçik dövlət kənd kimidir; orada hamı hər şeyi bilməlidir. Üstəlik də, muzey prezidentin burnunun ucunda, onun sarayının beş addımlığında.

Fikir verməyib, muzeydəki qətl səsləri bəlkə qapı-pəncərələrini silkələyirmiş də. Prezident sarayının təhlükəsizlik tədbirləri elektronikayla gücləndirilmişdi. Quş quşluğuyla o əraziyə keçə bilməzdi. Nə qədər hündürdən uça, altdan vurub qanadlarını sındırardılar. Hər bir quş özlüyündə prezidentin həyatına təhlükə idi. Hətta sərçələr də.

Hər qətldən sonra ümid yaranırdı ki, inşallah, bəlkə də bununla ölüm-itim qurtardı. Hər qətl axırıncı güman edilirdi. Hərçənd ölənlərin təsadüfiliyi xof törədirdi. Belə çıxırdı da ki, muzeyə gələn istənilən adam fələyin badına gedə bilər. Bu qətllərin üstü açılana oxşamırdı. Kriminalistikada sirri-xudalıq biabırçılıqdı.

Soruşan gərək, muzeydə xidmətçi qadın niyə öldürülməlidir? Təmizliyə baxdığına görəmi? Onsuz onun üçün ən qiymətli rəsm də heç bir əhəmiyyət kəsb etmirdi. O, bir milyon dollarlıq rəsm əsərini asanlıqla çardağa tullayar da. Onun ölümü kimə gərək olub? Bəlkə də çaşaraq işini bitiriblər. Nağdı, onu kiminləsə qarışıq salıblar.

Düzdü, dünyanın hər hansı muzeyində səlahiyyətli adamın qətli gözləniləndi. Burda azman bir məntiq də var: qüdrətli rəsm əsərlərinin oğurlanması yalnız səlahiyyətli şəxslərin istək və iştirakı, onların katalizatorluğu ilə başa varır.

Di gəl, Bakı İncəsənət muzeyində rəhbərlik cağbacağ yerində durur. Hamının başı sağ, canı salamatdı. Bircəciyinin burnu da qanamayıb. Başlarından bir tük əskik deyil. Muzey direktoru qoz kimi, onun katibəsi fındıq kimi gəzir.

Amma gəl əyri oturub, düz danışaq, bu iş təsadüf olmaya da bilərdi. Əslində bu serial ölümlərin də öz məntiqi var. Sadəcə, həmin məntiq görünmür, əllə tutulmur. Bu təsadüf hökmən zərurətdən doğmuşdu. Fərziyyə dialektika qanunlarına uyğun qurularsa, cinayət daha tez və asan tapılar. Sonrakı qətllər bu əvvəlki ilə qətiyyən uyuşmurdu. Aralarında yüngül oxşarlıq ola, yenə dərd yarıdır. İkinci qurban tamaşaçı idi.

Özü də kim-kim - məsum bir qız, tələbə. Muzeydə tamaşaçının öldürülməsi dünyanın ən absurd işlərindən biridir. Rəsmin başındakı qovğaların tamaşaçıya nə dəxli var? Qızın atası cilov gəmirirdi.

Qabaqcadan deyirəm, deyir, qatil tapılmasa, burda daşı daş üstə qoymayacaq, hamını qırıb-çatacağam. İlk növbədə direktorun mitilini yerə sərəcəyinə söz verib. Müavinlər kəlmeyi-şəhadətlərini indidən oxusunlar. Onu başa salmaq olmur da ki, qatili tapmaq halva məsələ deyil, özü də bu, hüquq-mühafizə orqanlarının işidir. Qətldə sirr açılmırsa, deyir, deməli, onu açmağa qoymayanlar var.

Muzey direktoru niyə də göz bəbəyi kimi qorunmalıdır? Muzeyindəki rəsmlərin qiyməti ala buluddadırsa da, öz dərisi beş qəpiyə dəyməz. Hə, direktor qəbuluna gələn hər kəsi artıq potensial qatil sayır. Bu sarıdan doğmaca arvadı da istisna deyil. Ən çox şübhələndiyi də əslində elə odur. Evdəki hər mübahisədən sonra işdə onu öz qəbulunda gözləyir.

Əlində də tapança. Gələr və babax, təpəsinə bir güllə. İncəvara, hələlik gəlmirdi. Direktor son macal evdəki dığdığlara özü son qoyub. Bir növ, muzeydəki qətllər evdə sakitliyə, əmin-amanlığa səbəb olub. Cangüdənini katibəsinin yanında oturdur və cangüdən elə katibəni də, onun hesabına qoruyur. Cangüdənsə yerdə bir tək özünün, göydəsə, ola bilsin, bir Allahın hesabına sağ və salamatdır.

Qətlə yetirilən üçüncü şəxs muzeyin elmi işçisidir. Əlbəttə, bu ölümdə ziqiymət rəsmlərlə bağlılıq aramaq mümkündü və lazımdı. Özü də təpəsində saçı bir topa pambıq kimi ağarmış bu kişinin işi-peşəsi dəmşəkcəsinə özünü həmişəcavan sayması idi. Guya cavan olub kərəni kürə edəcək, ya alçaq dağları o yaradacaqdı. Yoxsa gözəl-göyçək arvadları, happ eləyib, diri-diri udacaq?

Ay inanan daşa dönsün. "İnsanda əsas ürək cavan olsun", - həmişə deyərdi. "Ürək cavan, başqa yerlər qoca?" - gülə-gülə ondan soruşardılar. "Ürək cavandısa, qalan yerlərdən qocalığı çıx!" - irişə-irişə onun da cavabı bu. Budur, indi həmin "həmişəcavan" bu dünyada yoxdu.

Onu sanki pişik aparmışdı. İş yoldaşlarından ailəsinə quru təsəllilər balalarının əlini çörəyə çatdırması idi. Guya balaların əli çörəyə çatdısa, artıq ölüb gedə də bilərsən. İlk növbədə onun qonum-qonşularından şübhələnmişdilər. Bəlkə onun yüksəlişinə paxıllıqları tutub? Prezident sarayı həndəvərində muzey direktorluğu ölkədə cəmi bir şəxsə qismət ola bilər. O da odur.

Hərçənd bu versiya düzgün qurulmamışdı. Yaxşı, tutalım, onu qonşuları öldürdü, bə əvvəlkiləri kim öldürüb? Bəlkə dədəmin dərdi öldürüb onları? Son versiyada qəti fantaziya yoxdu və hiss olunurdu ki, küt başlardan şədd eləyib. Axı, qonşuların muzey işindən nə başı çıxacaq?

Aralarında sorğu keçirsən, bəlkə "incəsənət" sözünün mənasını dəqiq bilməzlər də. Muzey onlar üçün qapalı-məchul bir dünyadır. Həm də cansız və darıxdırıcı, lüzumsuz bir yer. Məəttəl qalmalı işdi, muzeyə niyə gedirlər? Hansı tələbatla? Həm də qonşuları gəlib onun kabinetini yüz adamdan soruşub tapardılar.

Təkcə xadimənin adamları işin gedişiylə maraqlanmır, fəal müdaxiləni yersiz sayırdılar. Hara gəldi burun soxmaq yaramaz! Onunku buracanmış, deyir, qətlin günahını alın yazısının üstünə yıxırdılar. Alın yazısı tənbəl və məsuliyyətsiz adamların özünü təmizə çıxarmaq vasitəsidir. Açığı, onlar ölümlə barışmışdılar. Onsuz həyatda qalıb neyləyəcəkdi? Gic-gic yaşayırdı özü üçün.

Yaşamaqda nə məna var ki? Bəlkə onun ölümü kiməsə də lazım olub? Bu ölümlə dünyada bircə nəfərin işi düzəlibsə, buna da şükür. Həyatıyla bir kəsə yaxşılıq edə bilmirdisə, mağıl onu ölümüylə etdi. Ölümüyləcə kimisə irəli atdı. Bunu hətta şəhidlik kimi dəyərləndirmək də olar.

Qohumlar hər şeydə dövlətə arxayındılar. Vətəndaşın canı da dövlətindi, qanı da, hələ istəsən meyiti də. Qətlin araşdırılması dövlətin səlahiyyətindədir. Özfəaliyyət nəyə gərək? Ancaq maraqlıdır, qanunlar bu cinayətlərin yozumuna kifayət edəcəkdimi? Qatillər tapılarsa, istintaqçılarımızın fəaliyyəti beynəlxalq standartlara uyğun görsənəcək.

Tələbə qızın ailəsindəsə hələ də ovunmaq söhbəti yoxdu. Yas hədsiz təntənəli keçir, qəlbləri coşdurur, bu da dövlət əleyhinə işləmiş olurdu. Tabutu qırmızı örtüklü bu yas istintaqa əməllicə maneçilik törədirdi.

Valideynlər, həmçinin qohumlar müstəntiqlərlə olduqca sərt rəftar edir, qatillərə nifrətlərini onların üstünə tökürdülər. Arıqlarına - "ayaq üstə ölür", - deyirdilər, köklərinəsə - "yeyib şişib". "Kimdən şübhələnirsiniz?" - it uşağının sualına bax. "Sizdən!" Onlar qızın nişanlısını qaralamışdılar. Kriminalistikanın qanunlarını mexaniki surətdə ona tətbiq edirdilər.

Cinayətin axtarışını ən yaxın adamdan başlamalı. Narkoman deyildi? Qısqancdımı o? Görün, muzeydə qızı kimə qısqanarmışlar? Tablolaramı? Bəlkə o, "Gənc qraf Kenterberiyski" rəsminə çox baxıb?

Qrafda gözü olub? Bu fərziyyədə həqiqətə nisbi yaxınlıq vardı. Zərbə qızın boynundan (sol və yan səth) kəsici alətlə vurulub. Ancaq o gün və ondan əvvəl, ümumiyyətcə, muzeydə heç vaxt olmamış bir adam Drezden zalında qətli necə yerinə yetirə bilərdi? Eksponatlara nəzarət birəbeş artırılmışdı.

Üç qətlin üçü də ikicə rəsmin qarşı-qarşıya asıldığı xudmani bir zalda baş vermişdi. Suallar çoxdu. Əvvəla, bir zalda niyə cəmi iki eksponat olsun? Onları asanca aradan çıxarmaq, başlarını tez əkmək üçünmü? İkinci də, yoxsa zalda neofaşistlər gizlənib? II Dünya müharibəsində qənimət götürülmüş tabloları elə həmin müharibənin köhnəlmiş metodlarıyla geri qaytarmaq istəyirlər?

Mədəniyyət naziri şokdan təzə-təzə çıxırdı. Axı, qatil kim olsun? Gecə-gündüz baş sındırır, bir nəticəyə gəlib çıxa bilmir, get-gedə də dərddən arıqlayırdı. Karyerası təhlükədəydi. O, muzeyin direktoruna telefondaca qəzəblə əmr verdi: Drezden ekspozisiyasındakı, o cümlədən həmin kiçik zaldakı, rəsmlərin adbaad siyahısı ona göndərilsin! Baş üstə. Siyahını ondan da dövlət başçısı tələb edib.

Göz üstə. Gör ha, hamı istintaq işinə qurşanıb. Prezident də müstəntiqə çevrilib. Yaxşı, siyahıyla yara sağalacaqmı? Vay-vay, aylar becid ötür, ortadasa hələ heç bir şey yox. Caninin tapılması şansı get-gedə sıfıra enirdi. Düzdü, beş-altı adamı şübhəli şəxs qismində "Bayıl"a basmışdılar. Lakin ictimaiyyət bu işi aparanlara gülürdü. Açığı, bu gülüşdən prezidentə də pay düşür.

Günahsızları hədə-qorxu gücünə caniyə "döndərmək" insandan elə də böyük ağıl tələb etmir. Canilərin tapılmasına ayrılan vaxt işin mahiyyətiylə tutuşmurdu. İş çox, vaxt az. Proses tələm-tələsik qapadılarsa, ehtimal olunan təzə qətldən sonra müstəntiqin pişiyini ağaca dırmaşdırmazdılarmı? Dədəsini belinə sarıyar, onu ayaqlarından asardılar. Lakin onların özünə də əsl qatili tapmaq hava-su kimi vacibdi.

Bu, peşə hazırlığı baxımından da yaxşı bir təcrübə olardı. Kim bilir, bəlkə elə bu, erməni-daşnak terrorudur? Bunu terror adı ilə işıqlandırmaq üçün prezidentdən izn istəyənlər də oldu. Yaxşı fürsətdi. Ermənilərin boynuna nə qədər günah yıxsan, bir o qədər yaxşıdır. İncəsənət muzeyindəki qətllər informasiya müharibəsində əməllicə rol oynayardı.

Açılmamış bütün cinayətləri terror adıyla qapamaq da olar. Cinayətlər bu yolla "açılmış" sayılar. İctimaiyyət sakitləşər. Burda yeganə məqsəd cəmiyyətə bihuşdarı içirdib yatırtmaqdı. Kütlə dişlərini qıcayanda, adamın canına vəhşət oturur. Prezident az-maz müdrik olduğundan, "Tələsməyin, hələ ona baxarıq, - dedi. - İş açılmasa, hə, elə şeyə gedərik".

"İş açılmasa", - sözə bax! Sən demə, iş açılmaya da bilər. Ali kürsü sahibi də belə şeyi xəyalına və dilinə gətirirsə, müstəntiqə nə gəlib? Kefdi, heç də özünü həlak etməyə dəyməz. Ancaq prezidenti dərd içdən yeyir, qeyrət onu boğurdu. Prezidentdə qeyrət maraqlı faktdı. Axı, onun ölkəsində, pəncərəsindən qapısı görsənən muzeydə at oynadan kim ola? Hansı lotudu o? Qatil lotudusa da, prezidentin ehtimalına görə, mədəni bir insandı da. İncəsənətə yaxındır. Qətlləri sənət naminə, sənət əsəri uğrunda törədib. Bank yarmayıb ki?

Ən azı sənəti dəyərləndirmək qabiliyyətinə görə hələlik sağ olsun. Başqa sahədə bəlkə də ən islah adamdı. Onun məqsəd və məramı başadüşüləndi. Hər halda, "zülmət" insanlardan deyil.

Cani ilk növbədə Mədəniyyət Nazirliyi çərçivəsində axtarılmalıdır. Prezidentin son qərarı bu oldu. Deyən, dairə daralır, qapanırdı. İlğım yaxınlıqdaydı. Ancaq kaş nazirin bu işdə öz əli olmaya, prezident fikirləşirdi. Çünki o, hörmətini tutduğu, içindən SSRİ xalq artistləri çıxan bir nəsildəndi. Ona cəza verdirmək doğrudan-doğruya qəbahət olardı.

Yox, kim nə deyir desin, prezident insan adamdı. Ancaq mədəniyyət sahəsi də tək bir nazirdən ibarət deyil, axı. Bu strukturda nazirdən aşağı min cür vəzifə var. Həmin böyük vəzifə sahibləri dərhal göz altına alındılar. Hamısını bükəcəklər! Ot kimi biçəcəklər. Onlar bu əməlləriylə heç kimə də yox, prezidentin özünə sataşıblar. Özü də bərk.

Hə, ilkin araşdırmalar nə göstərir? Zalda iki rəsmdən biri "Gülən zəmi" adlanır, digərisə - "Gənc qraf Kenterberiyski". Müəllif hər ikisində naməlumdu. Güman, hər iki naməlum - elə bir rəssamdı. Bu, dərhal nəzərə çarpan talantın gücündən də bəlli olurdu. Zalda diqqəti daha çox cəlb edən cəhət üç qətlin üçünün də gənc qrafın portreti altında baş verməsi idi.

Bəlkə də dünya boslarından kimsə məhz həmin portretin oğurlanmasını sifariş verib. İşə bax, qətllərlə bağlı ancaq oğurluq yada düşür. Burda qətlin başqa motivləri yaramırdı. Məntiq nə söyləyir: kimsə rəsmi güdür və ona yaxınlaşan istənilən adamı oğru zənn edib, çataçat qətlə yetirir. Bu tablo ancaq onun öz sifarişçisinə çatmalıdır, di vəssalam. Qətllər mexaniki surətdə, robotcasına icra olunurdu.

Nədənsə, rəsmin oğurlanması məqamı da heç cür gəlib çatmırdı. Əksinə, qətllər həmin məqamı uzaqlaşdırırdı.

Oğurluğun taktikası bərbad qurulmuşdu. Tərtibdə zırramalıq vardı. Mahir saydığımız oğru əslində naşı, hətta naşı da yox, gicbəsər imiş. Bu qətllərdən sonra da bir iş görmək, ordan əsər çıxarmaq mümkün olardımı?

Muzey istintaqa bağlanmışdı. Rəsmlərin taleyi II Dünya müharibəsinin davamı kimi görsənirdi. Qətllər sanki alman ruhundan doğulmuşdu. İngilis familiyalı bu şüvərək gənc qraf xaraktercə göygöz bir prussiyalı idi.

Üzündən intiqam yağırdı. XVIII əsrdə yapılmış bu insanın Hitler zamanında faşist olduğu şəksizdi. XVIII əsrdə (lap XVI- XVII olsun) yaşayıbsa da, ruhən artıq faşistə çevrilmişdi. Lazım gəlsə, xalqın taleyi ilə bağlı terrorçu da olar. Ya bəlkə haçansa olub da. Bakının İncəsənət muzeyində qənimət kimi saxlanmasına - Drezdendən qız kimi qaçırılmasına dözmürdü. Təhqirdi bu! Qrafın gözlərindəki bu təhqir nişanələri II Dünya müharibəsindən sonra ortaya çıxmışdı.

Bu nadir eksponatda çöhrə zamanla bağlı dəyişilirdi. Belə bir rəsm əsəri heç vaxt heç yerdə görünməyib. Qraf bu bir neçə əsrdə dipdiri qalmışdı. Realist adamlar "eh" deyib, əllərini yellədir, "Nə qədər diri görsənərsə də, rəsmdə insan dirilə bilməz", - deyirdilər.

Qraf Kenterberiyski qorxunc bir məxluqa çevrilmişdi. Almaniyada iki əsr boyu bu əsər haqqında saysız-hesabsız məqalələr dərc olunub. Mübahisə və müzakirələr indi də gedir. Əsər Bakıdadırsa da. "Gənc qraf Kenterberiyski" Azərbaycanın halal malıdırsa da.

Getdikcə canlanan qraf haçansa bir vətəndaş kimi cəmiyyət içinə çıxmaq da istəyəcək. Bu barədə hələ XX əsrin 60-cı illərində yazmışdılar. Onda həmin sənətşünasları dəli hesab eləyib, "psixuşka"lara basdılar. Əvəzində Azərbaycana turist axını gücləndi. Azərbaycan bundan xeyli fayda götürdü. Almaniya həmin rəsm əsərinin geri alınması üçün SSRİ-yə dəfələrlə müraciət edibmiş. Qəti "yox" cavabı alıblar. Yəqin indi üsul və metodları dəyişilib.

Qraf Kenterberiyski Bakı İncəsənət muzeyində dustaq idi.

Təsvirdəki obrazı diri olan bu nadir eksponatın qiyməti ildırım sürətiylə artırdı. Beynəlxalq dəllallar qaraqışqırıq salmışdılar. Bəlkə elə qətllərdə məqsəd də rəsmin qiymətini göylərə qaldırmaqdı. Burada qətlə yetirilənin kimliyi əhəmiyyət kəsb etmir.

Əli, Vəli, ya Pirvəli olsun. Ölənlərin bir pişik qədər də dəyəri yoxdu. Qraf Kenterberiyski tarixi bir şəxsiyyət idi. Almaniyada onun həyatını tarixçilər öyrənirdilər. Bioqrafiyasının əsas nöqtələri artıq çoxdan bəllidir.

Onun nəsil şəcərəsinin bir ucu İngiltərəyə gedib çıxırdı. Həm də bu şəcərədə elə adamlar peyda olmuşdu ki, heç bir hüquqi əsas olmadan - II Dünya müharibəsinin faktiki nəticələri nəzərə alınmadan, rəsmə sahib çıxmaq istəyirdilər. Onu satın almaqdan tutmuş, digər bütün kriminal üsullara əl atırdılar. Amma budu- ey, alarsınız!

Qətlin üçü də məhz bu rəsmin altında baş vermişdi. Bu fakt hamının diqqətini özünə çəkirdi. Əhvalat ancaq qraf Kenterberiyskinin başında vaqe olurdu. Dövlət mühafizəsinə əlavə kimi rəsmi əlahiddə qoruyanlar onun gələcək oğrularıdır.

Hələlik muzeydə gizlin məskunlaşıblar. Həm də belə görsənirdi ki, bu qətlləri törədən adamdan savayı rəsmi heç kopoyoğlu oğurlaya bilməz. Gənc qraf kimi artıq qatil də müdhiş bir insan idi. Elə-belə qatillər nə çox.

Onlar müdhiş yox, bəzən hətta sevimli olur. Hə, bütün dünya ondan danışır. Min cür versiya irəli sürülürdü. Axı, o, muzeyin harasında gizlənmiş olar? Siçan deşiyi olsaydı, az qala oranı da axtaracaqdılar. Azərbaycanın hüquq-mühafizə işçilərinin də nüfuzu günbəgün aşağı düşməkdə. Xalq onların maaşını kəsməyi tələb edirdi. Xalqınkı da maaşdı; bir şey oldumu - cəza kimi ona əl atır.

Deməli, hər üç qətl kəsici alətlə törədilib. Güllədən istifadə olunmayıb. Hər dəfə rəsmin altında qan gölü görürdülərsə də, orada adicə bir qəmə də tapmırdılar. Zaldakı yeganə kəsici alət isə qrafın sağ əlindəki qılıncdı.

İntəhası, bu qılınc rəsmdəydi; cinayət faktı kimi yararsızdı. Onu maddi sübut saymaq sərsəmlik olardı. Qılınc tamaşaçının üzü bərabərində olan çəkmələrin yanındaca parıldayırdı. Qılıncın surəti par-par yanan çəkmələrə düşürdü. Qrafın qapqara çəkmələri hər şeyi güzgü kimi əks etdiyindən, ona baxıb saç daramaq da mümkündü.

Cürbəcür komissiyalar hər gün zala baxış keçirirdilər. Biri gedir, biri gəlir. Ayaq altda itmişdilər. Naməlum rəssamın çəkdiyi "Gənc qraf Kenterberiyski" rəsminin qiyməti kəllə-çarxa qalxmışdı. Onun satışından gələsi gəlir oğrunun və sifarişçinin yeddi arxadan dönəninə bəsdi. Əcəb bu mahir oğrunun sir-sifətini görmək ola. Əclaf gör necə plan qurub: əvvəl qiyməti artırmaq, sonra rəsmi oğurlamaq.

Müstəntiqlərdən biri portretdə təsvir olunan qrafın fiziki ölçülərini də protokola salmaq qərarına gəldi. Məsələn, boy-buxununu, burun-qulaqlarının uzunluğunu. Ehtiyat igidin yaraşığıdır, məhkəmədə hakim bu ölçüləri ondan soruşa bilərdi.

Onsuz lüzumsuz sayılası bu detallara görə niyə də danlaq yeyəsən! Amma görün, bürokratik yolla da cinayətlərin üstü açılar? Onu Drezden qalereyası zalına buraxdılar. Beşcə dəqiqə keçməmiş oradan ətürpədici qışqırtılar eşidildi.

Muzey işçiləri dörd bir yandan zala axışdı. Yerdə çabalayan müstəntiqin boynundan ətrafa qan fəvvarələri yüksəlir, tavan və divarlarda sürrealistlik xətlər cızılırdı. Ona yaxınlaşanın üz-gözü, pal-paltarı qana bələnirdi. Göydən yerə qan damcılayırdı.

"Vuran kimdi? - gələn-gələn də əyilib müstəntiqi istintaqa çəkir. - Tez de! Kimdi o?" Bu saat informasiya müstəntiqin həyatından qiymətli idi. Müstəntiq onsuz da ölür, onun xilası indilikdə ancaq formal olaraq, nəzəri cəhətcə mümkündü.

- Qraf özü... Şpaqasıyla... - axır bu sözləri onun dilindən sanki kəlbətinlə qopardılar.
- Bu nə danışır?
- O danışmır, sayıqlayır.
Gənc qraf Kenterberiyski özünü təmizə çıxarmaq niyyətində deyildi.

16 yanvar - 29 oktyabr 2003-cü il

XS
SM
MD
LG