Nehrəm kəndində dükanların sökülməsi, 7 noyabr 2007
Həm beynəlxalq konvensiyalar, həm də ölkə Konstitusiyasında təsbit olunan mülkiyyət toxunulmazlığı hüququ gerçəkdə Azərbaycanda necə qorunur?
Xüsusi mülkiyyət doğurdan da toxunulmazdırmı?
AzadlıqRadiosu və «İnternyus-Azərbaycan»ın birgə layihəsi «Hər kəsin haqqı var»ın bu həftəki mövzusu hər kəsin mülkiyyət toxunulmazlığı haqqıdır.
SAHİBKARLIĞA BAŞLAMAQ BİR DƏRDDİRSƏ, BAŞLAYIB DAVAM ETDİRMƏK...
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə son hesabatında deyilir ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün şərtlər ağırdır. Qurum bunu inhisarçılıq və şəffaflığın olmaması ilə əlaqələndirirdi. Sahibkarlığa başlamaq bir dərddirsə, başlayıb davam etdirmək başqa məsələdir. Son 3 ildə sahibkarların hüquq pozuntusundan xəbərdar olmaq üçünsə, beynəlxalq hesabatlara gərək yoxdur, bunun üçün yerli mediaya göz atmaq yetərlidir.
Elə başlayaq Yasamal rayonu Şərifzadə küçəsindəki «Yeni Yasamal ət bazarı»nın sökülməsindən. Hadisə 2007-ci ilin martında baş verib. Səbəb bazar ərazisində yerləşən 37 köşkün sanitariya qaydalarına cavab verməməsi idi. Bazarda çalışanlar İTV qarşısında aksiyaya cəhd etsələr də, polis müdaxiləsi ilə üzləşiblər.
Bu hadisədən 2 ay sonra isə digər söküntü işləri «Əzizbəyov» metrosu yaxınlığındakı dükan sahiblərinin başında çatladı. Sahibkarlardan Elman Abbasovun həm bərbər köşkü, həm də kiçik dükanı var idi: «İçində müştərinin saçını kəsdiyim yerdə, ən birinci mənim dükanımı uçurtdular. Müştəri qarışıq qaçdıq bayıra, bütün avadanlıqlarım içəridə qaldı. Mənə dəyən ziyanı kim ödəyəcək? 10 min manat da borcum var. Kredit götürmüşəm, indi tutub atacaqlar məni içəri».
Nizami Rayon İcra Hakimiyyətindən bildirirlər ki, «Əzizbəyov» metrosunun yaxınlığındakı obyektlərin sökülməsi həmin ərazidə yolun genişləndirilməsi, yeni yol ötürücüsünün quraşdırılması ilə bağlıdır. Bir müddət əvvəl Energetika və Sənaye naziri Natiq Əliyev demişdi ki, Heydər Əliyev prospektindəki bütün obyektlər söküləcək, sənaye obyektləri şəhər kənarına köçürüləcək.
Əmlakları dağıdılan sahibkarlar heç də tikintiyə qarşı deyillər. Onların şikayəti odur ki, bu haqda onlara niyə vaxtında xəbərdarlıq edilməyib, niyə onları başqa yerə köçürmək haqda təklif olmayıb: «Bizə xəbərdarlıq etmədən iki saat ərzində karantin zona kimi, sanki burda hansısa bir xəstəlik var, traktorları gətirib sökdülər».
HAQQI YOLUNDA ÖZÜNÜ YANDIRANLAR DA VAR
Azərbaycanda hüquqlarını qanunla müdafiə edə bilməyən sahibkarlar arasında özünü yandıranlar da var. Bu hadisələrdən biri 2009-cu ilin iyun ayında, digəri isə bir neçə gün öncə baş verib. Bu hadisələrdən birində Yasin Əliyev sahibi olduğu gözəllik salonunun sökülməsinə etiraz olaraq özünü yandırmışdı. Bu haqda sahibkarın oğlu Vüsal Əliyev AzadlıqRadiosuna danışıb: «Şəhər hakimiyyəti «kupça» istədi, gətirdik göstərdik, dedi ki, sökülməyəcək. Sonra da sökdülər, pul verilməmişdi axı, ona görə».
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Yasin Əliyevin gözəllik salonunu ərazidəki avtomobil yolunu genişləndirmək üçün söküblər.
«QANUNSUZ OBYEKTLƏRİN SÖKÜLMƏSİNƏ GÖRƏ DÖVLƏTİ QINAMAQ OLMAZ»
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən Rəfael Cəbrayılov isə iddia edir ki, bu gün dövlətin mülkiyyət hüququ ilə bağlı çox mükəmməl qanunvericilik bazası var: «Qanunda mülkiyyət hüququnun məhdudlaşdırılması halları göstərilir. Bu hüquq məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı ilə məhdudlaşdırıla bilər. Bir də ki, dövlət ehtiyacları üçün mülkiyyət satın alına bilər. Əvvəl qanunun müvafiq maddəsində həm də ictimai ehtiyaclar üçün qeyd olunurdu və bu ifadənin düzgün anlaşılmaması ucbatından çoxunun mülkiyyət hüququ pozulurdu. Amma son referendum dəyişikliyindən sonra biz həmin ifadəni qanundan çıxardıq».
Rəfael Cəbrayılov onu da deyir ki, hazırda Azərbaycanda transmilli layihələrin həyata keçirilməsi, qaz, neft, dəmiryol xətlərinin çəkilməsi, yolların genişləndirilməsi heç kimə sirr deyil: «Bütün bunlar bu və ya digər şəkildə mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Amma bu məsələlərə fərdi yanaşmaq lazımdır. Yasamaldakı ət bazarı ilə bağlı isə onu deyə bilərəm ki, oradakı köşklərin böyük əksəriyyəti qanunsuz idi. Bu cür obyektlərin sökülməsinə görə, dövlət siyasətinin bu şəkildə qınanması düzgün deyil».
BİR TORPAQ SAHƏSİNİN BİR NEÇƏ SAHİBİ
Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyindən Vidadi İskəndərov da Azərbaycanda mülkiyyət hüququ ilə bağlı mükəmməl qanunvericiliyin olması ilə razılaşır. Amma: «Qanun var, amma söhbət qanunların icrasından gedir. Əgər qanunların icrası dürüst yerinə yetirilmirsə, onda kimdir günahkar? İcra hakimiyyəti, polis orqanları və qanunsuz tikililərə görə cavab verən müvafiq icra strukturları görmürlər ki, nə qədər köşklər qanunsuz tikilir. İnsanların hüququnu kökündən qorumağa başlamaq lazımdır. Əgər tikinti qanunsuz yerdə gedirsə, öncədən icazə verilməməlidir».
Vidadi İskəndərov iddia edir ki, Azərbaycanda, xüsusən də bölgələrdə hətta elə hallar var ki, eyni torpaq sahəsinə görə bir neçə vətəndaşa mülkiyyət hüququnu təsdiq edən sənəd verilib.
«HEYDƏR ƏLİYEVİN HEYKƏLİNİ QOYACAQLAR DEYƏ OBYEKTİMİ SÖKDÜLƏR»
Azərbaycanda şəxsi mülkiyyət hüququ necə qorunur? Bu suala müxtəlif cavablar var. Misal üçün hüquqşünas Sadiq Bağırov deyir ki, Azərbaycanda vətəndaşların mülkiyyət hüquqlarını qoruyacaq qanunvericilik bazası mükəmməl deyil. Elə bu səbəbdən də insanların mülkiyyət hüququnun pozulması Azərbaycanda adi hal alıb. O, mülkiyyəti əlindən alınan sahibkarın hüquqlarını qoruyan zaman buna bir daha əmin olub. Sadiq Bağırov deyir ki, onun hüquqlarını müdafiə etdiyi sahibkar Elman Manafova Siyəzən rayon İcra Hakimiyyətinin keçmiş başçısının sərəncamıyla icra hakimiyyəti yaxınlığında torpaq sahəsi verilib və o da həmin ərazidə özünə kafe və mağaza tikib. Amma bir müddət sonra həmin ərazidə Heydər Əliyevin büstünün ucaldılacağı bildirilib və heç bir kompensasiya verilmədən ərazi sahibkarın əlindən alınıb.
Sahibkar Elman Manafov deyir ki, qanuni sənədləri olan torpağının əlindən alınmasından xeyli vaxt keçsə də, nə ona alternativ yer verilir, nə də kompensasiya kimi istədiyi 50 min manat pul. Sahibkarın mülkiyyət hüququnun pozulmasıyla bağlı ölkə məhkəmələrinə etdiyi müraciətlər də müsbət nəticə verməyib. Belə ki, bütün məhkəmə instansiyaları icra hakimiyyəti başçısının xeyrinə qərar çıxarıb:
«Mənim obyektim var. 1994-cü ildə tikmişəm, icra hakimiyyətinin 50 metrliyindədir. Apellyasiya da olub, Ali Məhkəmə də, hamısı icra hakimiyyətinin xeyrinə qərar çıxardı. Sərəncamım da var. Dedilər, guya sənədlər saxtadır. Amma ekspertiza sənədlərin qaydasında olduğunu təsdiqlədi. Dedilər, burda ulu öndərin heykəlini qoyuruq və sonra da obyekti sökdülər. Amma indiyə qədər nə heykəl qoyulub, nə də ayrı yer və kompensasiya verilib».
Sahibkar deyir ki, başqa bir torpaq sahəsilə təmin olunmasıyla bağlı Apellyasiya Məhkəməsinin tövsiyəsinə uyğun olaraq bələdiyyə ona məktub da göndərib. Amma buna da əməl olunmayıb: «Əvvəl dedilər daş verəcəyik, sement verəcəyik. Apellyasiya Məhkəməsinin tövsiyəsini nəzərə alaraq bələdiyyə mənə başqa yer verilməcəyilə bağlı sənəd də verib. O sənəd məndədir. Amma indiyə qədər mənə nə yer verilib, nə də kompensasiya».
«QANUNVERİCİLİYİN MÜKƏMMƏL OLMAMASI SAHİBKARI MÜDAFİƏSİZ QOYUB»
Heç cür mülkiyyət hüququnu bərpa edə bilməyən sahibkar sonda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Artıq iş icraata da götürülüb.
Onun vəkili Sadiq Bağırov deyir ki, bu nümunədə elə qanunvericiliyin mükəmməl olmaması sahibkarı müdafiəsiz qoyub. Hüquqşünas deyir ki, əslində, icra başçısının sərəncamı sahibkara mülkiyyət hüququ verib. Sadiq Bağırov deyir ki, qanunvericilikdə boşluq ordadır ki, vətəndaş sərəncamla torpaq sahəsini alandan sonra onu Daşınmaz Əmlakın Dövlət Reyestrində öz adına qeydiyyata aldırmalıdır. İndiyə qədər sərəncamla verilən torpaqların 70 faizə qədərinin Dövlət Reyestrində qeydiyyata alınmadığını deyən hüquqşünas, mülkiyyət hüququ ilə bağlı ən ciddi problemin də burdan meydana çıxdığını deyir:
«Dövlət o şəxslərin mülkiyyət hüququnu tanıyır ki, onların mülkiyyəti dövlət reyestrində qeydə alınsın. Əslində, qanun da bunu deyir. Amma dövlət nəzərə almır ki, mülkiyyət hüququnun yaranması üçün icra hakimiyyətinin sərəncamı artıq əsasdır».
Sadiq Bağırov deyir ki, qanunvericilikdəki boşluq ondadır ki, orda göstərilmir ki, sərəncam veriləndən sonra neçə gün müddətinə vətəndaş mülkiyyətin dövlət reyestrində qeydiyyatına alınması üçün müraciət etməlidir. Amma buna baxmayaraq, hüquqşünas deyir ki, mülkiyyətin dövlət reyestrində qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq əgər sərəncam varsa, artıq Avropa Məhkəməsi vətəndaşın mülkiyyət hüququnun olmasını tanıyır: «Bu baxımdan biz əminik ki, Avropa Məhkəməsi deyəcək ki, bu adamın mülkiyyət hüququ var, baxmayaraq ki, həmin mülkiyyət dövlət reyestrində qeydə alınmayıb».
«ƏSAS PROBLEM MƏHKƏMƏLƏRİN MÜSTƏQİL OLMAMASI VƏ MƏMUR ÖZBAŞINALIĞIDIR»
Hüquqşünas İntiqam Əliyevsə vətəndaşların hüququnun qorunmasıyla bağlı qanunvericiliyin mükəmməl olmamasını mülkiyyət hüququnun pozulmasına əsas görmür. O hesab edir ki, Azərbaycanın indiki qanunvericilik bazası insanların mülkiyyət hüququnun qorunması üçün yetərlidir. Hüquqşünasa görə, Azərbaycanda əsas problem məhkəmələrin müstəqil olmaması və məmur özbaşınalığının geniş yayılmasıdır: «Əgər Azərbaycanda qanunlara hörmətlə yanaşılsa və normal məhkəmələr olsa, vətəndaşların mülkiyyət hüquqlarını qorumaq üçün yetərincə imkanları var. Əgər qanunlarda hansısa problem varsa belə, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını imzalayıb və həmin konvensiya bu sahədə yetərli təminatçıdır».
İntiqam Əliyev deyir ki, mülkiyyət hüququyla bağlı Azərbaycandakı problem əsasən praktikanın və bir də pis idarəçiliyin problemidir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən Rəfael Cəbrayılov isə razılaşmır ki, əgər sahibkarın icra hakimiyyəti yaxınlığındakı köşkü sökülürsə, bu, qanundakı boşluqdan irəli gəlir.
Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyindən Vidadi İskəndərov isə problemin həllini həm də vətəndaşların hüquqi maarifləndirilməsində görür.