Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:58

Buxenvald dəhşətləri azərbaycanlının gözüylə


Buxenvaldın barakları. Düşərgə azad olunan zaman çəkilən şəkil. 16 aprel 1945
Buxenvaldın barakları. Düşərgə azad olunan zaman çəkilən şəkil. 16 aprel 1945
Fransanın cənubunda - Nim şəhəri yaxınlığında yaşayan 88 yaşlı azərbaycanlı Məmməd Yusifov Buxenvald əsir düşərgəsində başına gələnləri AzadlıqRadiosuna danışır.

«Nə hamam, nə tualet? Belə şey yox idi. Əynimizdəki dustaq paltarı heç vaxt yuyulmurdu. Hamımızı bit basmışdı. Natəmizlik…

Buxenvalda gələndən il yarım sonra ilk dəfə olaraq bizi – bir qrup azərbaycanlını hamama apardılar. Dustaq geyimlərimizi çıxardıq, hamımızı saldılar bir hamama. Neçə vaxtdan bəri yoldaşlıq edirdik, amma hamamda bir-birimizi tanımırdıq - hamımız bir-birimizə oxşayırdıq - bir dəri, bir sümük…»

88 yaşlı Məmməd Yusifov əslən Ağdaş rayonundandır, 2-ci Dünya Müharibəsi qurtarandan bəri Fransanın Nim şəhəri yaxınlığında – gözdən-qulaqdan uzaq bir kənddə yaşayır. Əslində mən onunla evində görüşməyi planlaşdırmışdım…

Amma istəmədi, müsahibəni telefonla götürməli oldum.

ÖZÜNÜ XOŞBƏXT HİSS EDƏN ƏSİRLƏR…

«Bizə hər gün ancaq 150 qram çörək və bir boşqab sup verirdilər. Çuğundurdan bişirirdilər. Kiminsə boşqabından balaca bir kartof çıxanda həmin gün özünü xoşbəxt hiss edirdi…»

Məmməd Yusifov deyir ki, Buxenvaldda günü ən pis keçən sover əsirləri idi.

«Çünki Stalin əsirləri satqın sayırdı. Başqa millətlərin nümayəndələrinə, fransızlara, amerikanlara əlavə çörək gətirirdilər - bunu Qırmızı Xaç Komitəsi edirdi - onların halı ilə maraqlanırdılar.

Biz şikayət edirdik ki, bizə də kömək olunsun. Amma almanlar cavab verirdi ki, sizin hökumət deyir ki, onun əsiri yoxdu. O vaxt sovet hökumətinin öz əsgərlərinə münasibəti beləydi: əsgər ya vuruşmalıdı, ya da ölməli, o əsir düşə bilməz».

…Buxenvald nasistlərin yaratdığı ən böyük əsir düşərgələrindən biri olub. Almaniyanın Vaymar şəhəri yaxınlığında yerləşib.

Düşərgədən 250 min əsir keçib. Onların beşdə biri ya ağır əməkdən, xəstəlikdən ölüb, ya da edam edilib. Dustaqların əməyindən ya düşərgə kompleksinə daxil silah zavodlarında, ya yaxınlıqdakı ərazilərdə dəmiryol tikintisində, ya da başqa ağır işlərdə istifadə olunurdu.

Məmməd bəy deyir ki, dəmiryolu tikintisindən başqa alman dilini bildiyi üçün onu almanların şəxsi təsərrüfatlarında işləməyə də aparırmışlar. Əsir düşəndə çəkisi 72 kiloqram imiş, düşərgədə 52 kiloqrama enib.

…Nasistlər Buxenvald düşərgəsini tibbi eksperimentlər üçün də istifadə edib. Həkimlər məhbusları yatalağa yoluxdurub, bu xəstəliyə qarşı dərmanların effektivliyini yoxlayıblar. Baraklar basabas olduğu üçün xəstəlik tez yayılırdı. Belə eksperimentlər yüzlərlə əsirin həyatına son qoyub…

YERALTI «ÇARPAYILAR»

Həmsöhbətim danışır ki, o, Buxenvalda gələndə azərbaycanlıların sayı təxminən 380 nəfər imiş. Onu Fransadakı Rodez düşərgəsinə köçürəndə isə cəmi 150 nəfər qalıbmış.

«Yerin altında yatırdıq. Dərinliyi 50-60 santimetr, yaxud 1 metr olan çalalar qazmışdıq. Qəbir kimi. Səhər saat 8-də almanlar gəlib fışqırıq çalırdı. Dərhal həmin qəbirlərdən çıxmalı idik. Kim çıxmırdısa, onu tüfəngin qundağı ilə vururdular.

Bəziləri işləməkdən o qədər zəif düşürdü ki, çaladan zorla çıxırdı. Bəziləri isə qundaqla vurandan sonra da tərpənmirdi. Bunlar gecə yuxudaykən ölənlər idi. Gecə yağış yağanda yatdığımız çalaya palçıq da dolurdu…»

Məmməd bəy danışır ki, işin ağırlığı və xəstəliklər öz işini görürdü və bəzən bir gecədə 3-4 yoldaşlarını itirirdilər. Ölən olanda almanlar at arabası göndərirdi, dustaqlar adına «taçanka» deyirdi.

Buxenvaldda əsirlərin meytləri. Aprel 1945.
«Birimiz ölənin başından, o biri ayaqlarından tutub arabaya qoyurduq. Düşərgədən kənara aparıb böyük çalalara yerləşdirirdik. Həmin çalaları özümüzə qazdırırdılar. Sonra yenə də bizim aramızdan bir neçə nəfər seçib aparırdılar ki qəbrin üstünü torpaqlasınlar».

…Buxenvaldda edam edilənlərin çoxu yəhudilər və sovet əsirləri idi. Əsirləri ya asır, ya da güllələyirdilər. Bəzilərini saxta həkim otaqlarına aparır, «boyölçən»ə söykədir, sonra SS əsgəri əsirin peysəri hündürlüyündəki deşikdən tapanşa ilə atəş açıb onu öldürürdü…

«YƏHUDİLƏRİ YANDIRANDA TÜSTÜSÜNÜ BİZ DƏ GÖRÜRDÜK»

Məmməd Yusifov deyir ki, ilk dövrlərdə təxminən 150 azərbaycanlını da yəhudi bilib edam ediblər. Amma Almaniyadakı, Avstriyadakı azərbaycanlı icmalarının fəalları gəlib düşərgədə SS-çilərə izah ediblər ki, sünnət təkcə yəhudilərə aid bir əlamət deyil.

«Əsgər bəy, Süleyman bəy gəlirdilər. Biz sağ qalmağımıza görə onlara minnətdarıq».

Buxenvald və onun ətrafındakı kiçik düşərgələr böyük bir ərazidə yerləşirdi. Məmməd bəy danışır ki, yəhudiləri təxminən 2 kilometr uzaqlıqda yerləşən qaz kameralarında yandıranda tüstüsünü onlar da görürmüş.

ƏSİR DÜŞƏRGƏSİNDƏN NECƏ QAÇDI?

İlk dəfə telefonla danışanda dedi ki, həyat yoldaşı xəstədi, qonaq qəbul eləməyi çətin olacaq, on günə yenidən zəng edim. Onun telefon nömrəsini Parisdəki dostu, keçmiş əsir Qədir Süleymandan almışdım (Onunla söhbəti AzadlıqRadiosunun dinləyicilərinə iki ay qabaq təqdim etmişdik). Qədir bəydən dostunun həyat yoldaşının sağaldığını eşidib yenidən Məmməd bəyə telefon açdım. Amma yenə dolayısı ilə «yox» cavabı aldım.

Qədir bəy mənə onu da demişdi ki, dostu alman ordusunda döyüşən azərbaycanlı legionerlərin orkestrində tərcüməçi olub. Amma Məmməd bəy bunu təkzib elədi. Dedi ki, «legioner-filan» olmayıb. Sadəcə, 1943-cü ildə Buxenvalddan Fransadakı Rodez düşərgəsinə köçürülüb.

Buxenvald düşərgəsindəki əsir barakın qarşısında metal qabdab su içir.
Onu da qeyd edim ki, Rodezə alman ordusuyla əməkdaşlığa razı olmuş azərbaycanlıları da toplayırdılar. Məmməd bəy də etiraf edir ki, Rodez düşərgəsinə gətiriləndən sonra onlara verilən çörəyin çəkisi 250 qrama qaldırılıb, səhhətləri yaxşılaşıb.

«Mən məktəbdə alman dili keçmişdim, Buxenvalda da alman dilini əməlli-başlı öyrənmişdim. Ona görə almanların azərbaycanlı əsirlərlə ünsiyyət qurmasına kömək edirdim. Vəssalam. Amma mənim legionla heç bir əlaqəm olmayıb».

Məmməd bəy deyir ki, müharibənin sonuna yaxın almanlar Rodez düşərgəsinə yaxşı nəzarət edə bilmirdilər. Düşərgədən kənarda işləməyə aparılan əsirlər üç-üç, beş-beş qaçırdılar.

«1944-cü ilin axırında mən və iki azərbaycanlı yoldaşım düşərgədən qaçdıq. Gündüzlər gizlənib, gecələr yola çıxırdıq. Yol kənarına çıxıb əlimizi qaldırırdıq, kimsə bizi maşınına mindirib 30-40 kilometr aparırdı. Yolda evlərin qapısını döyüb çörək istəyirdik. Beləcə 250 kilometr yol qət elədik. Sonra mən yolda dostlarımdan ayrılıb Nimə getdim».

ONLARI MÜHAKİMƏ ETMƏYƏ HAQQIMIZ VARMI?

Telefon söhbətimiz təxminən yarım saat çəkdi. Düşərgə həyatından danışdığı yerdə birdən xəttin o başında əlavə səslər eşitdim və həmsöhbətim «yaxşı, mən yoruldum» - deyib sağollaşmağa başladı. Şəklini yollamağını xahiş etmək istəyirdim ki, sözüm ağzımda qaldı. Yenə «mən çox yoruldum, sağ olun» deyib dəstəyi asdı.

Daha ona zəng eləmədim…

Doğrusu, hələ keçən il bu vaxtlar ilk dəfə keçmiş əsirlə müsahibəyə yollananda da onun söhbətə könülsüz razı olmasına təəccüblənmişdim. Strasburq yaxınlığında Rozaym qəsəbəsində yaşayan Hüseyn Gözəllə razılaşmışdıq ki, Strasburqa çatan kimi ona zəng edəcəm və oğlu Hans Rozaymın dəmiryol stansiyasında qarşıma çıxacaq. Məmməd bəy kimi Hüseyn bəy də müharibənin bitməsindən 60 ildən çox vaxt keçsə də, ilk dəfə idi jurnalistlə ünsiyyətdə olurdu.

Amma Strasburqa çatandan sonra əvvəl özüm, sonra isə mənim xahişimlə bir taksi sürücüsü Hüseyn bəygilə təkrar-təkrar zəng etsək də, dəstəyi qaldıran olmadı. Yoluma davam edib Rozayma çatdım. Yenə zəng vurdum, yenə cavab verən olmadı. İki mindən çox ev olan qəsəbədə isə müsahibimi qarasına axtarmaq ağılsızlıq olardı.

Əlacsız qalıb Hüseyn bəyin telefon nömrəsini mənə verən Strasburqdakı azərbaycanlı icmasının rəhbəri Mustafa Alıncaya zəng vurdum, vəziyyəti danışıb xahiş etdim ki, mənə Hüseyn bəyin ünvanını da desin.

Beş dəqiqə stansiyada əsəbi halda var-gəl edəndən sonra SMS aldım: «Rü Braun küçəsi, 19». Soraqlaşa-soraqlaşa evi tapdım, zəngi sıxdım, qapı açılanda süfrədə qarpız yeyildiyini gördüm. Hüseyn bəy mənim onu necə tapdığıma çox təəccübləndi, hiss etdim ki, məni bir az da şübhəli baxışlarla süzür.

Dedi ki, mənim zəngimi çox gözləyiblər, sonra gəlməyəcəyimi düşünüblər. Telefon isə nə məşğul olub, nə də xətdən ayrılıb.

O vaxt mən bunu anlaşılmazlıq saymışdım, amma açığı bu hadisə mənə bir az qəribə də gəlmişdi…

İndi isə düşünürəm ki, bəlkə də Məmməd bəylə müsahibənin telefonla alınması daha yaxşı oldu.
XS
SM
MD
LG