Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 20:16

Alimlərin binası sökülür


10-bloklu binanın sentyabrın 14-dək boşaldılması tələb olunur
10-bloklu binanın sentyabrın 14-dək boşaldılması tələb olunur
«Heydər Əliyevin alman dili müəlliməsi, 93 yaşlı Sona xanım burda yaşayır. 85 yaşlı xalq şairimiz Balaş Azəroğlu da bu binada yaşayır. 85 yaşlı biologiya elmləri doktoru Həbibə xanım da bu binadadır…»

Həmin alimlərdən bir-iki yaş kiçik olan Səfər Cəfərov özü, sadaladığı adamlar və daha 100 ailə metronun «Elmlər Akademiyası» stansiyası ilə üzbəüz beş mərtəbəli binadan çıxarılırlar.

Yasamal rayon İcra Hakimiyyəti binanın boşaldılmasıyla bağlı sakinlərə xəbərdarlıq edib. Xəbərdarlıqda 10 bloklu binanın yaşayış üçün yarasız olduğu göstərilir və sentyabrın 14-dək boşaldılması tələb olunur. Qeyd olunur ki, xəbərdarlıq bitən günü binanın su, qaz və enerji təminatı dayandırılacaq.

Xəbərdarlıqda deyilir ki, sakinlər əmlakın daşınma xərclərini, altı aylıq kirayə haqqını «Kapitalbank»ın Yasamal filialındakı hesablarından götürə bilərlər.

Amma binanın sakinləri hesab edirlər ki, bu xəbərdarlıq və təklifə görə, özlərini alçaldılmış hesab edirlər. Elə bu baxımdan da heç yerə getmək fikrində deyillər.

«BİZİ KİRAYƏYƏ GÖNDƏRƏNLƏR ÖZLƏRİ KİRAYƏ QALA BİLƏRLƏRMİ?»

Bina sakinlərindən akademik Cəlal Allahverdiyev deyir ki, onlar bu yaşda gedib hardasa kirayə qalmaq fikrində deyillər:

Səfər Cəfərov
«Burda yaşayanların əksəriyyəti 60-70-80 yaşdan yuxarı olan adamlardır. Sərəncamı yazanlardan soruşuram: bu yaşda onlar özləri gedib kirayə qalarlarmı? Biz burdan heç yerə gedən deyilik. Biz bütün dünyaya xəbər verəcəyik. Bütün imkanlardan istifadə edəcəyik».

Sakinlərin sözlərinə görə, hələ 7-8 ay əvvəl onların yaşadığı binanın üç blokunu gecəykən boşaltsalar da, adamların hay-küyündən sonra səhəri gün evlərinə qayıdıblar.

Həmsöhbətlərimin dediyinə görə, onların yaşadığı binanın yerini hansısa sahibkara satmaq istəyirlər. Elə binanın qəzalı vəziyyətdə olması məsələsini də ona görə ortalığa atıblar.

Akademik Cəlal Allahverdiyev deyir ki, əgər bina doğurdan da qəzalıdırsa, sakinlərdən 4-5 nəfərini də komissiyanın tərkibinə daxil etsinlər və onlar da görsün ki, bina qəza vəziyyətindədir deyəndə nəyi nəzərdə tuturlar.

Sözügedən beş mərtəbəli, 10 bloklu yaşayış binası bir müddət əvvəl təmirə dayanıb. Hətta binanın bəzi yerlərində bərkitmə işləri aparılıb. Sakinlər deyirlər ki, hansısa səbəbdən birdən-birə iş dayanıb və onlara binanı tərk etmək xəbərdarlığı edilib.

Alimlər deyirlər ki, onlar müəyyən şərtlərlə binadan çıxa bilərlər, amma həmin şərtləri müzakirə edəcək səlahiyyətli adamı tapa bilmirlər:

Cəlal Allahverdiyev
«Mən də bu həyətin sakiniyəm. Cəlal müəllim öz təklifini verdi. Mən də deyirəm ki, ev və pul məsələsi müzakirə oluna bilər».

«ALİMLƏR ŞILTAQLIQ EDİRLƏR»

Yasamal Rayon İcra Hakimiyyəti isə köçürüləcək sakinlərin narazılığına və narahatlığına əsas görmür. İcra hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rafiq Məmmədovun dediyinə görə, qəzalı hesab edilən binanın yerində çöxmərtəbəli bina tikiləcək. İki ilə istifadəyə verilməsi planlaşdırılan bina tam hazır olandan sonra qəzalı binadan çıxarılan sakinlərə köhnə evlərinə uyğun mənzillər veriləcək.

R.Məmmədov deyir ki, bütün işlər Nazirlər Kabinetinin sərəncamına uyğun aparılır və otaqların sayına görə, onlara 600-700 manat aylıq kirayə pulu nəzərdə tutulub:

«Biz onları bayıra atmırıq, yaşadıqları əraziyə uyğun aylıq kirayə haqqı verilir, iki ildən də sonra yeni binada indiki mənzillərinin ümumi kvadratından 20 faiz artıq həcmdə mənzil veriləcək. Ordakı adamların hamısına tamamlama işləri başa çatmış pulsuz mənzillər veriləcək. Bu adamlar nə istəyirlər? Onların addımları şıltaqlıqdan başqa bir şey deyil».

Amma sakinlər hələlik icra hakimiyyətinin səsləndirdiyi vədlərə inanmaq istəmirlər. Onlar hesab edirlər ki, əgər bina Nazirlər Kabinetinin sərəncamıyla sökülürsə, burda icra hakimiyyətinin hansısa vəd verməsi yersizdir. Bina sakini Səfər Cəfərov deyir ki, indiyə qədər belə vədləri çox eşidiblər.
XS
SM
MD
LG