Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:09

«Dövlət orqanları korrupsiyaya daha çox qurşanıb»


2008-ci ildə bir sıra qanunlara dəyişikliklər edib. Ancaq anti-korrusiya tədbirlərinin həyata keçirilməsi səmərəli deyil.
2008-ci ildə bir sıra qanunlara dəyişikliklər edib. Ancaq anti-korrusiya tədbirlərinin həyata keçirilməsi səmərəli deyil.
«Korrupsiya Azərbaycanda ciddi problemdir. Vəziyyəti qanunvericilik sahəsində yaxşılaşdırmaq cəhdləri isə işə keçəndə iflasa uğrayır. Çünki korrupsiya ilə mübarizə aparmağa cavabdeh dövlət agentlikləri elə korrupsiyaya ən çox qurşanmış orqanlardan sayılır». Bu fikir «Freedom House» təşkilatının hesabatının Azərbaycanda korrupsiyayla bağlı hissəsində vurğulanır.

Hesabatda deyilir ki, hökumət 2007-2011-ci illər üçün şəffaflığın artırılması və korrupsiyayla mübarizəyə dair milli strategiya qəbul edib. 2008-ci ildə bir sıra qanunlara dəyişikliklər edib. Ancaq anti-korrusiya tədbirlərinin həyata keçirilməsi səmərəli deyil.

ƏN ÇOX ŞİKAYƏTLƏR DÖVLƏT QURUMLARINDAN GƏLİR

Dövlət orqanlarının ən çox korrupsiyalaşmış qurumlar adlandırılmasını Korrupsiya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov təsadüfi saymır. Çünki onların hazırladığı hesabatlarda da ən çox şikayətlər dövlət qurumlarından gəlir:

«Bizə daxil olan şikayət və ərizələrdə də yerli dövlət orqanlarında baş verən korrupsiya hallarından camaatın şikayəti daha çoxdur. Ünvanlı sosial yardımların alınmasında, əlillik dərəcələrinin verilməsində, təhsil, səhiyyə sistemi, mənzil istismar sahələri, yerli icra hakimiyyətlərindən şikayətlər çoxdur».

«SİZDƏN RÜŞVƏT İSTƏYİRLƏR, RÜŞVƏT VERMƏYİN, BİZƏ ZƏNG EDİN...»

Bakıda nəqliyyatda və dayanacaqlarda bu elanı çox görmək olar. Müəllif Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan nümayəndəliyidir. Nümayəndəliyin icraçı direktoru Rəna Səfərəliyeva deyir ki, elanlar effektlidir, onlara müraciət edənlərin sayı ildən ilə çoxalır. Rəna Səfərəliyeva da şikayətlərin daha çox dövlət qurumlarından olduğunu deyir:

«Bizim Hüquqi Məsləhət üzrə layihəmiz 2005-ci ilin martından həyata keçirilir. Bu vaxta qədər bizə 19 907 müraciət olub. Müraciətlərdən 2804-ü yazılı şikayətdir. Şikayətlərin də 70 faizi həll olunub. Ən çox şikayət olunan yerlər isə polis, məhkəmə sistemi, bələdiyyələr və yerli icra hakimiyyətləriylə bağlıdır. İkinci qrup şikayətlər isə Təhsil Nazirliyi və Əmək və Sosial Müdafiə Nazirliyindəndir».

«Freedom House» təşkilatının hesabatında o da deyilir ki, korrupsiyayla bağlı aşağı səviyyədə ictimai müqavimət hiss olunsa da, müraciətlərin çoxu anonim olur. Söhbət etdiyim bir qrup Bakı sakini də korrupsiyadan yana-yana danışdı:

«Hər yerdə rüşvət istəyirlər, xəstəxanada, məktəbdə, hər yerdə;

Mən özüm təhsil sahəsində korrupsiyayla rastlaşmışam, ancaq şikayət etməyin faydası yoxdur;

Rüşvət azalmaqdansa, çoxalır;

Rüşvətsiz hansı iş həll olunur ki, hara gedirsən pul istəyirlər;

Rüşvət bizdə az qala əbədi bir şeyə çevrilib, nə vaxt təngidəcəklər, onu bilmirik…»

Hökumət orqanları isə korrupsiyayla uğurla mübarizə apardıqlarını bildirirlər. 2004-cü ildə Azərbaycanda «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun qəbul edilib və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya ara-sıra korrupsiyayla bağlı həbslər haqqında məlumatlar da yayır. Həmin məlumatlarda deyilir ki, indiyə qədər vətəndaşlardan olan şikayətlər əsasən səhiyyə, təhsil, yerli özünüidarəetmə orqanlarının fəaliyyətiylə bağlıdır.

Məsələn, ötən il vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, qulluq mövqeyindən istifadə etməklə dövlət əmlakını talamaya görə 121 nəfər haqqında 70 cinayət işinin araşdırmaları yekunlaşdırılıb. Məlumatı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yayıb.
XS
SM
MD
LG