Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:38

Polis döyəni yox, döyüləni həbs edib


«Avqustun 4-də Nəqliyyat Nazirliyinin «Yolları Mühafizə Xidməti» əməkdaşları Xaçmaz sakini Mehman Əmirquliyevin daşla yüklənmiş «Kamaz» markalı maşınını saxlayıblar, özünü isə qəddarlıqla döyüb pulunu və mobil telefonunu alıblar».

«HEÇ BİR TƏDBİR GÖRÜLMÜR»

Mehman Əmirquliyevin vəkili Hafiz Ələsgərov belə deyir. O bildirir ki, döyüləndən sonra Mehman Əmirquliyev Xaçmazın mərkəzi xəstəxanasına müraciət edib. Ağır kəllə-beyin travması aldığını həkimlər təsdiq edib. Döyülməsiylə bağlı polisə müraciət edəndə isə özünü həbs ediblər. Ona qarşı Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb. Hazırda Şüvəlan təcridxanasında saxlanılır.

Hafiz Ələsgərov
Mehman Əmirquliyevin döyülməsini yoldan keçən sürücülər telefona çəkiblər. Vəkil deyir ki, bu görüntülər də daxil olmaqla prokurorluq orqanlarına göndərdikləri başqa sübutlara və vəsatətlərə baxılmır:

«Əldə etdiyimiz videogörüntünü də, hadisəni görən əlavə şahidlərin ifadələrini də təqdim etmişəm. Heç bir tədbir görülmür. Baş Prokurorluqda qəbullarda olmuşam, faydası yoxdur. Adam bir aydır ki, günahsız və qanunsuz həbsdə saxlanır».

«DÖYÜLƏN QARDAŞIM OLA-OLA ONU HƏBS ELƏDİLƏR»


Mehmanın qardaşı Ələsgər Əmirquliyev isə onu döyənlərin əvəzinə qardaşının həbs olunmasından heyrətlənib:

«Nə qədər yerlərə şikayət etmişəm, cavab verən yoxdur. Belə də iş olar, döyülən qardaşım ola-ola onu həbs elədilər».

Hüquqşünas, Demokratiyanın Müdafiəsi Fondunun prezidenti Vidadi İsgəndərov isə deyir ki,
Ələsgər Əmirquliyev
sürücüyə qarşı bu hərəkət qanun pozuntusu olmaqla cinayət tərkibi yaradır:

«Heç yol polisinin sürücünü təqib etmək hüququ yoxdur. O ki qala hansısa qurum əməkdaşının. Əgər onların səlahiyyəti varsa, sürücünün hansısa qanunsuz hərəkətindən yalnız yol polisinə məlumat verə bilərlər».

DEPUTAT MƏSƏLƏ İLƏ BAĞLI SORĞU GÖNDƏRƏCƏK

Millət vəkili Pənah Hüseyn isə deyir ki, əvvəllər də bu qurumun fəaliyyətiylə bağlı sürücülər ona şikayət edib. Ona görə də bu işlə bağlı prezidentə və Baş prokurora deputat sorğusu göndərəcək:

Vidadi İsgəndərov
«Əgər sürücü hansısa qanunu pozubsa, buna cavabdehdir. Bu, başqa məsələdir. Ancaq qrup halında birləşib insanların döyülməsi onu göstərir ki, xərac yığmaq, göz qorxutmaq üçün tapşırıq verilib. Bu məsələni Milli Məclisdə qaldıracağam, ondan əvvəlsə prezidentə və Baş prokurora müraciət edəcəyəm».

«MAŞINLARIMIZIN NÖMRƏSİNİ AÇIRLAR, 150 MANAT İSTƏYİRLƏR»

Söhbət etdiyim sürücülər də Nəqliyyat Nazirliyi əməkdaşlarının onların hüquqlarını pozduqlarından yana-yana danışırlar:

Pənah Hüseyn
- Dəfələrlə olub ki, maşınımızın nömrəsini açıblar. 100-150 manat verib almışıq. Olmaz axı belə. Biz də adamıq.

- Sumqayıt yolunda dayanan maşınların hamısını saxlayırlar. Saxlayan kimi də pul istəyirlər. Yük daşımaq qanunsuzdursa, bunu desinlər. Deyirlər hər reysdən 25-30 manat verməlisiz.

- Maşınlarımızın nömrəsini açırlar, 150 manat istəyirlər. Deyirlər, hara istəyirsiz şikayət edin, arxamızda duranlar böyük adamlardır .

«GÜNAHKAR CƏZALANDIRILACAQ»

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə sürücü Mehman Əmirquliyevin döyülməsiylə bağlı bunları dedi:

«Nazirliyin rəsmi mövqeyi budur ki, bu, çox təəssüfləndirici haldır. Sürücü qanuna məhəl qoymayıbsa, o buna görə məsuliyyət daşıyır. Ancaq bunun həlli məhkəmə yoluyla olmalıdır. Əgər doğrudan da bu hadisə baş veribsə, araşdırılacaq, günahkar cəzalandırılacaq. Nazirliyin rəsmi mövqeyi budur ki, heç bir sürücünü təqib etmək lazım deyil. Belə bir hadisə olubsa, bu o demək deyil ki, bu, bizim iş metodumuzdur. Bu, istisnadır».

Günün sonunda vəkil Hafiz Ələsgərov bildirdi ki, Mehman Əmirquliyevi döyənlər haqqında vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb.

HƏMÇİNİN OXU:

Sürücünü döyən Nəqliyyat Nazirliyi əməkdaşlarına cinayət işi açıldı
XS
SM
MD
LG