Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:49

Azərbaycanlı seçki müşahidəçilərinin mərdimazarlığı…


Norveç parlamentinin binası
Norveç parlamentinin binası
Azərbaycandan olan QHT fəalı Ülvi İsmayıl Norveçin paytaxtı Oslodakı parlament seçkilərində müşahidəçilik edib. Amma Azərbaycandan Norveç Helsinki Komitəsinin xəttiylə bura gələn digər iki müşahidəçi kimi bütün gün ərzində heç bir dənə də olsun pozuntu aşkarlaya bilməyib. Ancaq onu çaşbaş salıb, heyrətə gətirən heç də seçkinin şəffaflığı və bu qədər təmizliyi deyil. Postsovet məkanından olan digər müşahidəçilər kimi Ülvi də burda insanların bir-birinə qarşı sadəlövhcəsinə etimad göstərməsindən heyrətlənir:

- Postsovet məkanından bura gələn müşahidəçilər hətta ittiham elədilər ki, «bu nədir, bizi ələ salırsız, bu qədər sadəlövhlük olar?». Amma doğrudan da burda hər şey, hər kəs uşaq kimidir. Hamı bilir ki, seçkini saxtalaşdırmaq olmaz, odur ki, heç kəs ağlından da keçirmir ki, seçkini saxtalaşdırmaq üçün nəsə bir istəyi olsun. Baxmayaraq ki, burda çox ciddi rəqabət var.

Ülvi İsmayıl
Norveçdə budəfəki parlament seçkilərində 15 partiya iştirak edir. Əsas rəqabət 8 böyük partiya arasındadır. Berqendə müşahidəçilik edən Vüqar Qocayev də bu rəqabəti nəzərə alıb, müşahidəçilik eləməyə gələndə pozuntu və ya saxtakarlıq hallarını aşkarlayacağına özünü hazırlayıbmış. Amma Azərbaycanda seçkiləri müşahidə eləmək sahəsində qazandığı təcrübənin dediyinə görə, burda heç nəyə faydası olmayıb:

- Azərbaycanla müqayisədə burda çox maraqlı, hətta inanılmaz şeylərlə rastlaşırıq. Burda heç kəsin ağlından da keçmir nəsə saxtakarlıq olsun. Hətta sual verəndə, onlara qəribə gəlir ki, «bu nə danışır, bu nəyə lazımdır axı?».

Ancaq, istər inanın-istərsə də yox, Azərbaycandan gələn seçki müşahidəçilərinin Norveç seçkilərinə faydası da dəyib. 2005-ci ildəki parlament seçkilərini müşahidə eləyən müşahidə missiyası budəfəkilərdən fərqli olaraq seçkidə bircə dənə də olsa, çatışmazlıq tapmışdılar. Norveç Helsinki Komitəsindən Berit Lindeman deyir ki, məhz o vaxt müşahidəçilərin aşkarladığı bu çatışmazlığı nəzərə alan Daxili İşlər Nazirliyi ötən il seçki qanunvericiliyinə dəyişiklik eləyib:

O vaxt müşahidəçilər hesabatlarında göstərmişdilər ki, səsverməyə gələnlərin kimliklərini təsdiq edən sənəd göstərməməsi təkrar səsvermə hallarına səbəb ola bilər. Bu hesabatdan sonra nazirlik qeydi diqqətə aldı və qanunu dəyişdirdi. Ona görə də indi biz seçkiyə gələndə şəxsiyyət vəsiqəmizi göstərməliyik.

Ümumilikdə Norveçdəki budəfəki seçkilərdə Rusiya, Belarus, Azərbaycan və Qazaxıstandan olan müşahidəçilər müşahidə edirlər. Berit Lindeman deyir ki, seçkilərlə bağlı problemləri olan ölkələrdən gələn müşahidəçilər saxtakarlıq və mümkün pozuntu yollarıyla bağlı çox təcrübəli olduqlarından, seçkiləri müşahidə işində çox faydalı olurlar.
XS
SM
MD
LG