Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:31

Azər Qaraçənli: «Dilimizdə dəyişiklik var, islahat yoxdur»


Azər Qaraçənli
Azər Qaraçənli
AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Dilin inkişafında medianın rolu» mövzusu müzakirə olunub. «Media forum» portalının rəhbəri Azər Qaraçənli məsələ ilə bağlı fikirlərini bildirib:

- Belə təəssürat yaranıb ki, Azərbaycanda itifadədə olan dil ya heç cür dəyişmir, ya da pis tərəfə dəyişir. Danışıq dili haqda isə ümumiyyətlə «proqnozis letalis» fikirləri yaranıb. Bu belədirmi?

- Dilimizin vəziyyəti hazırda çox acınacaqlıdır. Yazılı və danışıq dilini nəzərdə tuturam. Rəsmi dili kənara qoyuram, bu başqa məsələdir. Mediada informasiyaların yazılışına və oxunuşuna, ofis və küçələrdə insanların bir-birilə danışığına fikir verəndə adamın öz dilinə bir az yazığı gəlir.

Danışıq dili deyəndə, mən ancaq şəhər dilini nəzərdə tuturam. Şəhər danışıq dilini bizdə rus və ingilis dilləri bərbad vəziyyətə salıb. Burada fərqə varmaq lazımdır. Kimsə rusdillidir, inglisillidir, məcburdu həmin dillərdən istifadə etsin. Bir də var bunu qəsdən, bilərəkdən edənlər. Ən ağrılı məsələ budur.

- Niyə belə olur?

- Bu, çox qəliz sualdır. Bir məqama fikir verməliyik ki, 3 dildən danışırıq – Anadolu türkcəsi, rus və ingilis dillərindən. Türkiyə, Rusiya, daha çox ABŞ, nəinki Britaniya, Azərbaycan üçün fövqəldövlətlərdir. Psixoloji olaraq onların imperiyası təəssüratı altındayıq. İmperiyadan faktiki ayrılsaq da, hansısa məqamda yenidən onlara meyillənmişik. Bu siyasi tariximizdə də özünü biruzə verib.

Dil əxlaq və təfəkkürlə birbaşa bağlıdır. Sual çıxır ki, əxlaqi və psixoloji problem həllini tapmayaraq dil təmizlənə bilərmi? Saf qaynağına qayıda bilərmi? Dilimiz əxlaqımız və təfəkkürümüz dəyişəndən sonra təmizlənə bilər. Birini digərindən kənar həll etmək çox çətindir.

- Bəs iradə?

- Siyasi hakimiyyət faktoru da var. Əbülfəz Elçibəy president olanda və sonrakı dövrdə dilə münasibət fərqlidir. Düzdür, bunu başqa cür də yozmaq olar ki, nə daha birincidir. Məncə, yüksək vəzifəli məmurların danışıq tərzi, intonasiyası «kübar danışıq tərzi»nin mövcudluğunu göstərir. Bu danışıq tərzində rus sözləri əsas yer tutur. Hansısa ifadələri rus intonasiyası ilə demək bir növ Sovet dövründəki «kübar ədaları»nı xatırladıb hökmranlıq edir. Belə deyək, «kübar danışıq ədası» var. Bununla da, elitaya bağlılığını hiss etdirmək istəyi görünür. Qəsdən belə danışanlar xəyalən elita üzvü kimi özünü qələmə verir.

Ancaq rusdilli azərbaycanlı olmaq problem deyil. Problem danışanın qəsdən özünü rusdilli göstərməsidir. Bu özünügöstərmənin kökü daha ağrılı məsələlərlə bağlıdır. Rusdilli olmaq daha çox psixologiya və tarixlə, rusdilli özünügöstərmə isə əxlaqla bağlıdır. Sonuncuları isə hər yerdə görürük – dayancaqda, avtobus və metro içində və sair.

- Sizcə dilin düzəlməsinə nə mane olur – cəmiyyətin mühafizəkarlığı, yoxsa həddindən artıq dəyişkənliyi?

- Qafqazda dil mənasında azərbaycanlılar daha çevikdilər, nəinki gürcü və ermənilər. Rusca başqalarından daha səlis danışırıq. Təfəkkürümüz plastik və liberaldır. Bu, çox müsbət cəhətdir.
Dəyişikliyə gəlincə isə, onun ancaq müsbət tərəfini islahat adlandırmaq olar. Qüsurlu tərəfi isə islahat deyil. Dilimizdə dəyişiklik var, islahat yoxdur. Bu prosess keçən əsrin 80-ci illərin sonundan başladı. Son 20 ildə dilimizə yeni sözlər gəlib. Hətta rəsmi dildə belə «özəl», «vurğulamaq» sözləri işlədilir.

- Əgər dili canlı orqanizm kimi qəbul etsək, onu inkişafı üçün hansı mühit lazımdır?

- Şübhəsiz, əxlaqi faktorlar. Ən birinci, onun tərbiyəsini pozmaq olmaz. Başqa dili ondan üstün saymaq olmaz. Bu yanaşma dili öldürən, korlayan üsuldur. Əsas məsələlərdən daha biri – dili qoruyan adamların cəmiyyətdə söz sahibi olmasıdır. Nə qədər ziyalı təbəqə sıxışdırılırsa, ictimai fikir formalaşdıra bilmirsə, o qədər də dilin korlanma dərəcəsi çoxalır. Dili yaşadan xalqdır.
XS
SM
MD
LG