Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:50

««Nabucco» mübahisəli yataqlara görə ertələndi»


Robert M. Katler
Robert M. Katler
«Şəffaflığı həmişə artırmaq olar. Hökumət istəsə ölkədə çalışan şirkətlər üzərinə konkret şərtlər qoya bilər».

Bunu amerikalı alim Robert M. Katler deyir. O, Ottava şəhərində yerləşən Karleton Universitetinin Avropaşünaslıq, Rusiyaşünaslıq və Avrasiyaşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.

Bakıda səfərdə olan Dr. Robert M.Katler Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Koalisiyasında çıxış edib. Ondan Azərbaycanda xarici və yerli şirkətlərin nə dərəcədə şəffaf olduğunu soruşanda cavabı belə oldu:

- Ən yüksək səviyyədə siyasi iradə lazımdır. MSŞT ilə bağlanmış müqavilələrə hörmət qoyulmalıdır. Mənə seminarda dedilər ki, Dövlət Neft Şirkəti şəffaflıq hesabatını təqdim etmir, halbuki bunu etməlidir. Bunun yerinə yetirilməsini hökumət təmin etməlidir.

TÜRKMƏNİSTANDAN YENİ İDDİA

- Bu yaxınlarda Qazaxıstanın Aktau şəhərində Xəzər samiti keçirildi. Samitdən az sonra «Nabucco» konsorsiumu layihəylə bağlı işləri ertələdiyini elan etdi. Sizcə, bu təxirəsalmanın əsas səbəbləri nədir?

- Məncə, əsas səbəb Türkmənistanın mövqeyidir.

- Mübahisəli yataqları nəzərdə tutursuz?

- Bəli, hazırda bu mübahisə layihəni yubadır. Azərbaycanla Türkmənistanın münasibətləri kifayət qədər problemlidir və siyasi səviyyədə həll olunmalıdır. Mən ancaq məlum faktları sadalamaq istəyirəm. Türkmənistan «Kəpəz» yatağına iddia edir. İndi isə yeni iddia var. Türkmənistan ACG - Azəri-Çıraq-Günəşli yatağının bir hissəsinə iddia edir. Mətbuatda gedən məlumatlara görə, bu iddia Sovet dövrünə aid bir xəritəylə əsaslandırılır. Guya bu xəritədə sonuncu yatağın sərhədləri iki respublika arasında göstərilib. Dövlətlərin varislik qanununa görə, bu xəritənin beynəlxalq qanuna uyğun heç bir əsası yoxdur, dəniz dibinin istismar üçün bölünməsini nəzərə almaq lazımdır. Belə bir xəritə mövcud ola bilər, əgər mövcuddursa, sərgilənə bilər. Ancaq digər tərəfdən, belə məsələləri ancaq Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) çözə bilər. Hazırda nə Azərbaycan, nə də Türkmənistan bu məhkəməni tanıyır. BƏM-in hər hansı qərarının qüvvəyə minməsi üçün gərək hər iki ölkə onu tanısın. Prezident Qurbanqulu Berdimuhammedov bu yaxınlarda elan etdi ki, Beynəlxalq Arbitraj Məhkəməsinə gedəcək. Onun gedəcəyi yeganə instansiya Beynəlxalq Ədalət Məhkəməsidir, baxmayaraq ki, tərəflər bu məhkəməni tanımırlar.

- Yəni mübahisəli yataqlar məsələsinin məhkəmə yoluyla həllinin perspektivi yoxdur?


- Gərək həm Azərbaycan, həm də Türkmənistan məhkəmənin bu məsələdə səlahiyyətini tanısın. Hər iki ölkə elan etməsə ki, məhkəmənin qərarına əməl edəcəklər, məhkəmə bu işə baxmayacaq. İstənilən halda bu məsələ ancaq siyasi səviyyədə həll olunmalıdır. Əgər hüquqi həll olsa belə, onun yerinə yetirilməsi üçün siyasi qərar lazımdır.

«NABUCCO»NUN YUBANMASINDA AZƏRBAYCANIN ROLU

- «Nabucco»nun ertələnməsindən danışırdıq. Bəs Azərbaycanın tərəddüdlü mövqeyi bu layihəyə necə təsir eləyə bilər?


- Azərbaycan layihəni son mərhələdə qazla tam təmin etməyi nəzərdə tutmur. Azərbaycan gərək layihənin ilkin mərhələsində ona qaz versin, «Şahdəniz 2»dən. Ancaq əgər Rusiya «Şahdəniz 2»nin qazını tamamilə alsa, onda gərək «Şahdəniz 3»dən versin. Azərbaycanın mövqeyi həm də potensial tərəfdaşları - Rusiya (Rusiya «Nabucco»nun partnyoru deyil), Türkiyə və Avropa Birliyinin mövqeyindən asılıdır. Elə layihənin reallaşması da daha çox Türkiyə, AB və sonuncunun üzvlərindən asılıdır.

BİRİSİGÜN SÜLH SAZİŞİ İMZALANACAQ?

- Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət başçıları səviyyəsində bir neçə görüş keçirilib, oktyabrın əvvəlinə daha biri də planlaşdırılır. Münaqişənin həllində hər hansı irəliləyiş gözləyəkmi?


- Əvvəllər də çox eşitmişik ki, irəliləyiş var, birisigün saziş imzalanacaq. Ancaq bu baş verməyib. Bir dəfə Koçaryanın vaxtında bu, baş tuta bilərdi. Ancaq Ermənistan cəmiyyətində fikir ayrılıqlarını, hələ diasporanın təbliğatını demirəm, nəzərə alsaq, hakimiyyət üçün vahid mövqe ortaya qoymaq çox çətindir. Məsələn, Türkiyə-Ermənistan sərhəd məsələsində, 52 partiya toplaşıb məsələni müzakirə etdi ki, prezidentə Türkiyəylə yaxınlaşmanı realizə etmək üçün minimum siyasi səlahiyyət verilsin. Vəziyyət çox çətindir. Münaqişənin həllini görmək istəyirik, ancaq əvvəllər edilən bəyanatlar nəticə verməyib.

TÜRKİYƏ YA RUSİYA?

- Türkiyə-Ermənistan sərhəd məsələsi danışıqlara necə təsir edəcək?

- Mümkündür ki, iki ölkə arasında münasibətlərin bərpası münaqişənin həllinə təsir etsin. Ancaq təbii ki, Ermənistanın Rusiyadan asılılığını azalda bilsə.

- Rusiyanın bölgədəki nüfuzu necə?

-19, 20, və 21-ci əsrlərin təcrübəsi göstərir ki, Rusiya bölgədəki ölkələrə təsirini artırmaq üçün yerli münaqişələrdən istifadə etməkdən çəkinmir. Rusiya Minsk qrupunun həmsədridir. Mümkündür ki, Ermənistan «Nabucco»da iştirak etmək istəsin. BTC-ni yaradanların ilkin ideyası da bu kəməri Ermənistandan keçirmək idi. Ermənistanın «Nabucco»ya qoşulmağının mümkünlüyündən istifadə oluna bilər ki, Rusiyaya təzyiq olunsun və iqtisadi güzəştlər qazanılsın.
XS
SM
MD
LG