Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Türkiyədə vaxtından əvvəl seçki ehtimalı güclənir


«Kürd layihəsi» Ərdoğan hökumətinin reytinqinin aşağı düşməsinə səbəb olub
«Kürd layihəsi» Ərdoğan hökumətinin reytinqinin aşağı düşməsinə səbəb olub
Son illər keçirilən parlament və bələdiyyə seçkilərinin nəticələrini doğru şəkildə proqnozlaşdıran «A&G» ictimai rəy sorğusu şirkəti Ərdoğan hökumətinin 2010-cu ilin baharında və ya payızında vaxtından əvvəl seçkiyə gedə biləcəyini iddia edir.

Gələn ilin yazında erkən seçki ehtimalının yüksək, payızında isə daha yüksək olduğuna diqqəti cəlb edən şirkətin sahibi Adil Gür, erkən seçki üçün şərtləri aşağıdakı faktorların yaratdığını deyir:

İQTİSADİ GÖSTƏRİCİLƏR PİSLƏŞİR

1. «Kürd layihəsi» Ərdoğan hökumətinin reytinqinin aşağı düşməsinə səbəb olub. Baş nazirin bu məsələnin həlli ilə bağlı konstitusiya dəyişikliyi etməyi düşünmədiklərini açıqlaması da layihənin seçkidən sonraya saxlandığını göstərən önəmli işarədir. Bu layihə gündəliyə gələndən sonra hökumətin reytinqinə zərbə vurduğuna görə AKP «kürd layihəsi»ndə daha çox riskə girmək istəməyib, bu işi növbəti seçkidən sonraya buraxmaq istəyir.

2. Hökuməti erkən seçkiyə getməyə vadar edən ikinci əsas faktor - iqtisadi göstəricilərin növbəti 2 ildə indikindən daha yaxşı olmayacağıdır. Ölkədəki işsizlik bunun konkret örnəyidir. Buna görə də hökumət, iqtisadi göstəricilər daha da pisləşmədən erkən seçkiyə getməyi məqsədəuyğun sayacaq.

3. Müxalifətin seçkiyə hazır olmaması hökumətin vaxtından əvvəl seçkiyə getməsində önəmli rol oynayacaq. Hazırda seçkiyə hazır yeganə partiya AKP-dir. Vilayət təşkilatlarının konfranslarını keçirib qurultaya hazırlaşan MHP müəyyən dərəcədə hazır olsa da, ana müxalifətdəki CHP-nin erkən seçki keçiriləcəyinə inanmaması iqtidar partiyasını vaxtından əvvəl «basqın seçki» keçirməyə həvəsləndirir. AKP oktyabrın 3-də keçirəcəyi qurultayında partiyanı erkən seçkiyə aparacaq kadrları rəhbərliyə gətirəcək. Siyasi arenaya çıxmağa hazırlaşan digər müxalifət partiyaları isə, hələlik, qurulma mərhələsindədirlər.

4. Uzun müddətdən bəri Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparan Ərdoğan hökuməti 7-8 oktyabrda İstanbulda Fonddan 15-20 milyard dollar kredit alıb bundan daxili borcların ödənməsində istifadə edərsə, bazarda dolaşan pul böhranının təsirlərinin hiss edilməsini yumşaldacaq. Bu da vaxtından əvvəl keçiriləcək seçkidə AKP üçün müsbət faktor sayıla bilər.

«SEÇKİDƏN ÇOX SÜRPRİZ NƏTİCƏLƏR ÇIXA BİLƏR»

5. Seçki vaxtından əvvəl və ya vaxtında keçirilsə də, AKP önəmli dərəcədə səs itirəcək. Gür bunun səbəbini belə izah edir: «Artıq seçicilər AKP-yə əsəbləşmə nöqtəsinə gəliblər. Əslində, seçicilər 2008-ci ilin yanvar ayından etibarən AKP-dən şikayət etməyə başlamışdılar. O vaxt qlobal böhrandan söhbət getmirdi. Seçicilərin iqtisadiyyatla bağlı şikayətlərinin 2008-ci ilin əvvəlindən başlamasına baxmayaraq, AKP xalqın gündəliyində önəmli yer tutmayan baş örtüsü, konstitusiya maddələrinin dəyişdirilməsi və s. məsələlərlə məşğul oldu. 2008-ci ilin 29 iyulunda Konstitusiya Məhkəməsi AKP-yə ağır pul cəzası verdi. AKP son aylarda «kürd layihəsi»ni gündəliyə gətirdi. Seçicilər, onların gündəlik iqtisadi problemlərinə demək olar ki, vaxt ayırmayan AKP-yə qarşı əsəbi vəziyyətə gəliblər və buna görə də erkən və ya vaxtında keçiriləcək seçkidən çox sürpriz nəticələr çıxa bilər».

Türkiyədə parlament və bələdiyyə seçkiləri 5 ildən bir keçirilirdi. AKP hökumətinin 2007-ci ilin oktyabrında referendumla etdiyi konstitusiya dəyişikliyindən sonra parlament seçkilərinin 4 ildən bir keçirilməsi qərarlaşdırılıb.

Növbəti parlament seçkisinin normal vaxtı 2011-ci ilin iyul ayıdır. Ancaq ölkədəki siyasi vəziyyətə görə iqtidar partiyasının vaxtından əvvəl seçkiyə getmə təcrübəsi də türk seçicilərinə yaxşı tanışdır.

Belə ki, 1980-ci il hərbi çevrilişindən sonra siyasi yasaqlı durumuna düşən Süleyman Dəmirəl, Bülent Ecevit, Alparslan Türkeş və Nəcməttin Ərbakanın siyasətə qayıda bilmələri üçün 1987-ci ilin oktyabrında referendum keçirən Türqut Özal, xalqın bu siyasətçilərə müsbət səs verəcəyini hiss edən kimi, referendumun nəticələri elan ediləndən bir neçə saat sonra erkən «basqın seçki»yə getməyi qərarlaşdırmışdı. Bununla lideri olduğu Ana Vatan Partiyasının tək başına iqtidarını gücləndirmişdi. O vaxtdan bəri vaxtından əvvəl seçkiyə gedən iqtidar partiyalarının hamısı müxalifətə düşüb və ya parlamentdən kənarda qalıb.
XS
SM
MD
LG