Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:22

Adlı, adsız sənətkarlar…


Zeynəb Xanlarovanın 2006-cı ildə AzadlıqRadiosuna müsahibəsi
Zeynəb Xanlarovanın 2006-cı ildə AzadlıqRadiosuna müsahibəsi
«Elə bil bazardan alma-armud almağa gedirlər indiki xalq artistləri. Alverə dönüb hər şey. Müğənni deyir ki, axşam mənə xalq artisti adı verəcəklər. Niyə? Çünki bilir ki, verib və verdiyinin qiymətində də almalıdır. Bu sənət deyil. Ancaq bizim xəbərimiz olmurdu adları, o titulları alanda».

ƏDALƏTSİZ QAYDADA VERİLƏN ADLAR

Bu fikri SSRİ xalq artisti Zeynəb Xanlarova 2006-cı ildə AzadlıqRadiosunun «Tanınmışlar» verilişinə deyib. Bu söhbəti bizim yadımıza Milli Məclisin oktyabrın 30-da keçirilən iclasında deputat İqbal Ağazadənin çıxışı saldı.

Millət vəkili iddia edir ki, Azərbaycanda sənətkarlara adların verilməsi ədalətsiz qaydada həyata keçirilir. Deyir indi səhnədə yarım saatlıq xidməti olmayanlara da «xalq artisti» adı verilir. Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, canlı korifey Zeynəb Xanlarova da xalq artistidir, bu gün efirə buraxılası heç bir keyfiyyəti olmayanlar da:

«Biz bir neçə deputat Mədəniyyət və turizm nazirinə, eləcə də onun müavininə bu məsələ ilə bağlı rəsmi məktub da göndərmişik. Muğam sənətində 60 ildir külüng çalan Süleyman Abdulayev heç əməkdar artist də deyil. Dəfələrlə müraciət olunmasına baxmayaraq ona fəxri ad verilmir. Amma bu şit mahnıları ilə camaatı bezdirənlərin adlarını yazıb aparıb prezidentin masası üzərinə qoyurlar. Bu işi hansısa formada qaydasına salmaq lazımdır ki, Azərbaycanda sənəti, sənətkarı doğru-dürüst qiymətləndirmək olsun. Nə etsin, indi Zeynəb xanım xalq artisti adından imtina etsin ki, o da xalq artistidir, sənəti bəlli olmayanlar da?..»

Deputat hesab edir ki, ya bu məsələni nizamlayan bir şura olmalıdır, ya da bütün adlar ümumiyyətlə ləğv edilməlidir.

YEKUN QƏRAR PREZİDENTİN SƏLAHİYYƏTİNDƏDİR


Mədəniyyət və turizm nazirliyinin sözçüsü İntiqam Hümbətov isə deyilənlərlə razılaşmır. O bildirir ki, sözügedən adlar Azərbaycan mədəniyyəti və incəsənətində xidməti olan şəxslərə verilir. O ki, qaldı təqdimata:

«Azərbaycan dövlətinin tədbirlərində, mədəniyyət tədbirlərində iştirak edən, mədəniyyət, incəsənət sahəsində, kollektivlərdə çalışan insanlar müxtəlif adlarla, mükafatlarla təltif olunur. Təqdimatları digər aidiyyatlı qurumlar – məsələn, musiqi, incəsənətlə, sənətlə bağlı olan yaradıcı ittifaqlardan da verilə bilər bu cür təkliflər. Ancaq hər halda bu təqdimatları Mədəniyyət və turizm nazirliyi ümumiləşdirir».

Fəxri adların əleyhinə olan kulturoloq Toğrul Cuvarlı bildirir ki, indi yenidən adların verilməsi vüsət alıb
İntiqam Hümbətov əlavə edir ki, yekun qərar prezidentin səlahiyyətindədir və o sərəncamı imzalamayana qədər kimin hansı ada layiq görüldüyynü heç kim bilmir.

AXTARIB SÜLEYMAN ABDULLAYEVİ TAPDIQ

Dedi sovetlər dönəmində - 1969-cu ildə İstanbulda keçirilən beynəlxalq müsabiqədə Muğam üçlüyündə birinci yeri tutub. Müstəqillik dövründə isə Həsən Bəy Zərdabi adına dünya azərbaycanlıları xeyriyyə cəmiyyəti onu «Qızıl səs» döş nişanına layiq bilib.

Prezident təqaüdçüsüdür. Həmçinin Heydər Əliyev fondunun təqaüdünü alır. Fəxri adı isə doğrudan da yoxdur. Və bunun dalınca düşməyi də xoşlamır:

«Gərək adı verələr də… Gedib istəməyəcəksən ki. Verməsələr də sağ olsunlar. Gərək aşağıdakılar yada salalar ki, onlar da bilsin. Onların təqsiri yoxdur».

Süleyman Abdullayev deyir ki, 40 ildir xalqın ona verdiyi «Dədə Süleyman» adı xalq artisti adından artıqdır.

FƏXRİ ADLAR LAZIMDIRMI?

Azərbaycanda xüsusən ədəbiyyat, incəsənət sahələrində fəxri adların verilməsi məsələsinə də münasibət birmənalı deyil. Fəxri ad daşıdığı halda bu adların ləğv olunmasını zəruri sayanlar da var, adı olub, yaxud olmayıb belə titulların qalmasını təkid edənlər də.

Fəxri adların ümumiyyətlə əleyhinə olan kulturoloq Toğrul Cuvarlı isə bildirir ki, bir ara bu proses ləngimişdi. İndi yenidən adların verilməsi vüsət alıb. Ancaq əgər bu ənənə varsa, cəmiyyət həll eləməlidir ad kimə verilsin. Məsələn, Süleyman Abdullayevə həqiqətən də «Xalq Artisti» adı verə bilərdilər:

«Yəqin ki, özü çalışmayıb. Və cəmiyyət öz növbəsində çalışmayıb ki, həqiqət qələbə çalsın. O, yaxşı müğənnidir».

Toğrul Cuvarlı hesab edir ki, həqiqi sənətkarlara ad verilməsində cəmiyyət maraqlıdırsa yığıncaqlar keçirməlidir, məqalələr yazılmalıdır. Amma istedadlı adamın özünün də ad dalınca qaçması gülünc olar.
XS
SM
MD
LG